Tövbədə yol verilən xətalar – 1-ci hissə

Tövbə edərkən yol verilən xətaları öyrənin ki, tövbənizdə qüsurlar olmasın

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Tövbədə yol verilən xətalar

1. Tövbəni gecikdirmək.

Bəzi insanlar xətasını başa düşür, günah etdiyini bilir, lakin tövbəni gecikdirir, onu sonraya saxlayır. Düşünür ki, evləndikdən, universiteti bitirdikdən ya yaşlanandıqdan sonra tövbə edər. Lakin, bu böyük xətadır. Günahdan dərhal tövbə etmək fərzdir. Dəlil gəlmədikcə Allahın və Rəsulunun əmrləri dərhal yerinə yetirilməli, gecikdirilməməlidir. Və tövbəni gecikdirmək öz-özlüyündə bir günahdır və onun özünün başqa bir tövbəyə ehtiyacı vardır.

İbnul Qayyim (Allah ona rəhm etsin) buyurur ki, günahdan sonra dərhal tövbəyə tələsmək fərzdir və tövbəni gecikdirmək caiz deyildir. Çünki insanın tövbəni gecikdirməsi özü-özlüyündə bir asilikdir. İnsan günahdan tövbə edərsə, üzərində başqa bir tövbə qalar – tövbəni gecikdirdiyinə görə tövbə etməsi. Əksər hallarda bu məsələ tövbə edənlərin ağlına gəlmir. Belə ki, əgər insan səhər günah işləyib, tövbəsini isə axşam edirsə, tövbəni axşama qədər gecikdirdiyinə görə də tövbə etməlidir.

Bir çox insan elə düşünür ki, tövbə etdikdən sonra üzərində heç nə qalmır. Lakin tövbəni gecikdirdiyinə görə onun üzərində tövbə etmək qalmışdır. Məhz bu səbəbdən qul tövbəni tezləşdirməli, günahı işlədikdən dərhal sonra tövbə etməlidir.
Əks halda günahlar onun qəlbini qaplayar, Allah onun qəlbini möhürləyər və o tövbəyə müvəffəq olmaz.
Və ya ölüm onu günahında israr etdiyi, davamlı günah etdiyi halda yaxalaya bilər.

İnsanın günahdan dərhal sonra tövbəni tərk etməsi, tövbəni vaxtında etməməsi tövbənin çətinləşməsinə gətirib çıxarmaqla yanaşı digər günahların edilməsinə də yol açır.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Mömin kəs bir günah işlədikdə, qəlbində qara bir nöqtə yaranar. Əgər həmin günahdan əl çəkib tövbə edər və Allahdan bağışlanma diləyərsə, qəlbi cilalanar. Yox əgər günahlarına davam edərsə, qara nöqtə də çoxalar və bütün qəlbini bürüyər. Bu isə Allah Təalanın Quranda qeyd etdiyi haldır: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır” (Tirmizi 3334. Şeyx Albani hədisin həsən olduğunu bildirmişdir, bax Sahihut Tərğib 2469

2. İnsanın bilmədiyi günahlardan tövbə etməkdə qəflətə yol verməsi.

Bu məsələ bir çox insanları düşündürmür. İnsan bildiyi, xatırladığı günahlardan tövbə edir, lakin bundan başqa günahlarının olduğunu zənn etmir – bu da tövbədə yol verilən xətalardandır. İnsanın qafil olduğu çoxlu sayda gizli günahları vardır. Odur ki, insan bildiyi və bilmədiyi, xatırladığı və xatırlamadığı günahlardan tövbə etməlidir. Çünki bilmədiyimiz və xatırlamadığımız günahlar, bildiyimiz və xatırladığımız günahlardan daha çoxdur.

İbnul Qayyim (Allah ona rəhm etsin Allah ona rəhm etsin) buyurur ki, bundan insanı yalnız bildiyi və bilmədiyi günahlardan dolayı etdiyi ümumi tövbə qurtarır. Çünki insanın bilmədiyi günahlar, bildiyi günahlardan daha çoxdur. İnsanın elm öyrənməyə imkanı varsa, öyrənməmək, bilməmək onu məsuliyyətdən, hesaba çəkilməkdən azad etmir.

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) Əbu Bəkrə (Allah ondan razı qalsın) demişdi: “Bu ümmətdə şirk, qarışqanın ayaq izlərindən daha gizlidir. Sənə elə bir şey deyim ki, onu etsən, səndən azını da çoxunu da uzaqlaşdırar? De: “Allahım, bildiyim halda sənə şərik qoşmaqdan sənə sığınıram və bilmədiyim şeyə görə də səndən bağışlanma diləyirəm.” (Səhih Ədəb əl-Mufrad, Əl-Əlbəni 551)

Digər hədisdə Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) təşəhhüdün sonunda, salamdan əvvəl bu duanı etdiyi rəvayət olunur: “Allahım, etdiyim və etmədiyim günahlardan, gizlədiyim və aşkara çıxardığım, məndən daha yaxşı bildiyin günahlardan bağışlanma diləyirəm.” (Səhih Ədəb Mufrad, Əl-Əlbəni 532) Bu haqda başqa dualar da varid olub.

Bəzi insanlar yalnız haramların – adam öldürməyin, içki içməyin, faiz yeməyin günah olduğunu düşünür və digər məsələlərdə, məsələn haqların qorunmasının, vaciblərin tərk edilməsinin günah olduğunu bilmirlər. İnsanın bu cür əməllərin günah olduğunu bilməsi, o insanın ən azı tövbə etməsinə səbəb olur.

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur ki, tövbənin əvvəli elm – bilməkdir.

İnsan günahın günah olduğunu bilməlidir ki, ondan dolayı tövbə etsin. İnsanın həkimə getmək üçün xəstə olduğunu bilməsi lazım olduğu kimi, tövbə etməsi, bağışalnma diləməsi, qarşı tərəfdən halallıq alması üçün etdiyi əməlin günah olduğunu bilməsi lazımdır. Çünki bunu bilməyən insan öz azğınlığına davam edir.

3. Günaha qayıtmaq qorxusu ilə tövbəni tərk etmək də tövbədə yol verilən xətalardandır.

Bəzi insanlar tövbə etmək istəyir, lakin ikinci dəfə o günaha qayıtmaq qorxusu ilə tövbəyə tələsmir.

İnsan tövbəyə tələsməlidir, çünki ola bilsin o tövbəni pozmazdan əvvəl onu ölüm yaxalasın və o tövbə üzərində getsin. Həmçinin insan Rəbbi haqqında zənnini gözəlləşdirməli və bilməlidir ki, əgər ixlasla Allaha yönələrsə, Allah da ona tərəf yönələcəkdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Uca Allah buyurdu: “Mən qulumun barəmdəki zənni yanındayam. Mənə dua etdikdə, Mən onun yanında oluram” (Buxari, “Ədəbul-Mufrad, 616).

İnsan tövbə etdikdən sonra yenidən günaha düşərsə, yenə tövbə etməlidir. İnsanın günaha qayıtmaq qorxusunu bəhanə edərək tövbə etməməsi bu məsələdə yol verilən xətalardandır. Əbu Hureyrə (Allah ondan razı qalsın) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Uca və Böyük olan Rəbbindən belə buyurdu: “Allahın qullarından biri günah edib sonra da: “Allahım! Mən günah etdim, günahımı bağışla!” dedi. Pak və Uca olan Allah: “Qulum günah etdi! Günahı bağışlayan və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!” deyə buyurdu. Sonra o qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə günah edərək: “Allahım! Mən günah etdim, günahımı bağışla!” dedi. Pak və Uca olan Allah: “Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!” deyə buyurdu. Sonra o qul) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: “Allahım! Mən günah etdim, günahımı bağışla!” dedi. Pak və Uca olan Allah: “Qulum günah etdi! Günahı bağışlayan və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!” Üç dəfə: “Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər” (Səhih İbn Hibbən 622) Bu o demək deyil ki, insan istədiyi günahı edə bilər, bu o deməkdir ki, insan səmimi tövbə etdikdən sonra yenə şeytana uyaraq günah işləyər, lakin günahdan dərhal sonra peşman olub tövbə edərsə, Allah onu bağışlayar. Lakin unutmayaq ki, bir məsələ də var ki, insan tövbəyə müvəffəq olmaya da bilər.

4. İnsanların tənəsindən qorxaraq tövbəni tərk etmək.

Bəzi insanların nəfsi onları tövbəyə yönəldir, lakin digər insanların tənəsindən, qınağından, doğru yolda olduğu üçün ona ediləcək ittihamlardan qorxaraq tövbəni tərk edir. İnsanlardan olan qorxunu, Allah qorxusundan necə üstün tutmaq olar? İnsanların fikrini haqdan necə üstün tutmaq olar? Axı Allah Təala qorxulmağa daha layiqdir.

Həmçinin insan bilməlidir ki, ona atılan ittihamlar, vurulan tənələr, edilən qınaqlar imtahandır. İnsanın haqq yolda doğru, yoxsa yalançı olduğu sınanılır. İnsan başlanğıcda möhkəm olar, səbr edərsə, daha sonra bu imtahan onun üçün asanlaşar. İnsan tövbəsində sadiq, davamlı olarsa, vaxtı ikən ona eyib tutanlar onu ucaldır, bəzən hətta ondan nümunə götürürlər. Həmçinin insan bilməlidir ki, o, qəbirə tək girəcək və Rəbbinin hüzurunda da tək dayanacaq. Onu tənbəlləşdirən, haqq yoldan yayındıran insanların sözü ona nə dünyada, nə də Axirətdə fayda verməyəcək.

Bu mövzunun toplanmasında Muhəmməd bin İbrahim əl-Həməd`in “ət-Təubətu Vazıfətul Umur” adlı kitabından istifadə olunub

Ardı var inşəAllah…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    28.04. 2024
    NamazVaxt
    Sübh03:57
    Günəş05:44
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:33
    İşa21:03
    Namaza yeni başlayıram

Son əlavə olunanlar