Əshabı Kəhf mağarası haradadır?

Bu kimi yerlərin müqəddəsləşdirilməsinə heç bir ehtiyac yoxdur və bu işlər həm bidətdir, həm də şirkə aparan bir yoldur. Şirk isə İslam dinində ən böyük günahdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

1 – Əshabı Kəhf mağarasının yerləşdiyi yer haqda çoxlu versiyalar irəli sürülmüşdür. Məlum olduğu kimi Qurani-Kərimdə də “əl-Kəhf” surəsi var və orada Allaha iman etmiş bir qrup gəncin düşmənlərdən qorunmaq üçün sığındıqları və 300 ildən çox bir müddətdə qaldıqları bir mağaradan bəhs edilir. Həmin mağaranın yeri haqqında müxtəlif iddialar, fikirləri irəli sürülməsi isə bir çox insanları çaşdırır. Görəsən “əl-Kəhf” mağarası, həmin hadisənin baş verdiyi həqiqi yer haradadır? Bəziləri həmin mağaranın Türkiyədəki Tarsus şəhərində, bəziləri İordaniyadakı “Amman” yaxınlığında, bəziləri Yunanıstanda, bəziləri Romadakı “Katakomb” sərdabəsində, bəziləri İraqın “Nineva” şəhərində, bəziləri Azərbaycanın “Naxçıvan” ərazisində və s. kimi yerlərdə olduğunu iddia ediblər. Hətta, bu mağaranın Qüdsdə olduğunu iddia edənlər də var. Müxtəlif ölkələrin müxtəlif yerlərində bir çox “Əshabul Kəhf” adlı mağaralar var və öz məntəqələrində çox məşhur yerlər hesab olunurlar. Hər ölkədə də iddia edirlər ki, əsil mağara onlardadır. Şəkk yoxdur ki, bu mağaranın tarixi, həqiqi məkanı yalnız bir yerdədir.

Bir çox elm əhli kəhf mağarasının Türkiyənin “Tarsus” şəhərində olduğunu bildiriblər, o zaman həmin şəhərin adı “Efsus” adlanıb. Bu haqda “Məsəlikul-Əbsar və Məmlikul-Əmsar” adlı kitabın 2-ci cildində (1/27) Türkiyədəki “Efsus” mağarasına işarət edilib.

İkinci məşhur yer isə İordaniya ərazisində “Amman” yaxınlığında yerləşən “Raqim” mağarasıdır. Bu mağara da çox qədim bir mağaradır. Adı da məhz Qurani-Kərimdəki “Əshabur-Raqim” sözündən götürülüb. Bəzi alimlər hətta bu yerin mağaranın həqiqi yeri olduğunu düşünürlər. Şərqşünas Klarmon Cano da mağaranın həqiqi yerinin burada olduğunu düşünür.

Həm Türkiyə, həm də İordaniya ərazisində yerləşən mağaralar mənbələrdə çox işarət edilən yerlər olduğu üçün həqiqətə daha yaxın iddialar olsa da, biz daha doğru görüşün təkidlə bu mağaranın yerini dəqiq bilməyi iddia etməyin doğru olmadığını bildiririk. Həqiqətən də “əl-Kəhf” mağarasının yerini daha dəqiq Allah bilir. Çünki, bu tipli və eyni adlı mağaraların sayı kifayət qədər çoxdur və bəziləri bir neçə əsr öncədən mövcuddur. Eyniadlı məkanların çoxluğu, üzərindən də əsrlər keçməsi tarixçiləri də daha çətin duruma salır. Üstəlik də bəzi mağaraların daha öncədən tarixdə inşa edilməsinin məlum olması, sonradan qazıntılar və ya sadəcə tarixi tapıntı yoluyla tapılan bəzi eyniadlı mağaralarda isə daha qəribə əlamətlərin olması da bu ixtilafı daha da dərinləşdirir. Məsələn İordaniyanın Amman şəhəri yaxınlığında yerləşən mağara qazıntılar zamanı 1963-cü ildə tapılsa da, əlamətləri bir çox mağaralardan seçilir. Orada Kəhf sahiblərinin böyük heykəlləri də tapılmışdı. Araşdırmaçı doktor Məhəmməd Hişam ən-Nəsan qeyd etmişdir ki, 40-a yaxın ölkədə “Əshabı Kəhf” adlı mağaralarının olduğu iddia edilir. Bu isə az bir say deyildir.

2“Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir”. (Kəhf. 19).

قَالُوا۟ رَبُّكُمۡ أَعۡلَمُ بِمَا لَبِثۡتُمۡ

Onların mağarada dəqiq nə qədər qaldıqlarını bildiyi kimi, hansı yerdə qaldıqlarını da daha dəqiq Allah bilir. Sadəcə daha çox qaynaqlar Türkiyə və İordaniya ərazisinə işarət edir. Yenə də deyirik ki, mağaranın daha dəqiq yerini yalnız Allah bilir. Baxmayaraq ki, adı sadalanan yerlərdən Türkiyə və İordaniya ərazisindəki yerlər həqiqətə daha yaxındır. Ölkəmizdəki Naxçıvan ərazisində yerləşən mağara üzərindəki yazının lövhəsi miladi təqvimlə 1776-cı ilə gedib çıxır. Şükrulla Xan Kəngərlinin əmrilə ilə qeyd olunan tarixdə bu mağaradakı tarixi lövhə memar Məhəmməd Xətib Naxçıvani (Molla Mustafanın oğlu) tərəfindən yazılıb hazırlanmışdır. Digər mağaralardakı tarixi izlərin qədimliyi, istər də bu mağaralara işarət edən mənbələr Naxçıvana deyil, qeyd olunan mağaraların yer olaraq bu iddiaya daha yaxın olduğunu göstərir. Yenə də mağaranın dəqiq yeri haqda söz demək çox çətindir.

3 – Bu kimi yerlərin ziyarətinə gəldikdə isə elə yerlərə tarixi ekskursiya niyyəti ilə ziyarət edilə bilər, lakin, gedib o yerləri müqəddəsləşdirmək olmaz, o yerlərdə Allaha şərik qoşmaq olmaz. Şəriətimizə görə şərii ziyarət məqsədilə hansısa məscidi uzaq məsafədən çıxıb xüsusi şəkildə ziyarət etmək, o yerin ziyarətini xüsusiləşdirmək olmaz, bu, yalnız üç məscid üçün icazəlidir. Məkkə, Mədinə və Qüds şəhərlərindəki üç məscid üçün keçərlidir. Əbu Hureyrədən rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Yalnız üç məscidə ziyarət üçün sıx səfər edilir: mənim bu (Mədinədəki) məscidim, (Məkkədəki) Məscidül-Haram məscidi və (Qüdsdəki) Məscidül-Əqsa”. (Səhihi Müslim. 1397; Səhih əl-Buxari. 1189).

Bu hədisdən elə anlaşımalı deyil ki, bu üç məsciddən başqasına tez-tez getmək olmaz. Hədisdə qəsd olunan məna:
1 – Bu hədis üç məscidin xüsusi fəzilətinə dəlalət edir.
2 – Bu hədis bu üç məscidin hörmətli yerlər olmasına dəlildir.
3 – İbadət məqsədilə bu üç məsciddən başqasına xüsusi ibadət niyyətilə uzaqdan səfərlər edilmir. Kiminsə öz evinə yaxın məscidlərə gündəlik namazları qılmaq üçün xüsusi olaraq getməsi də bura aid deyil. Çünki, məscidlərdə namaz qılmaq tələb olunan haldır. Yalnız üç məscid vardır ki, o məscidlər haqqında xüsusi fəzilət gəlib, hətta bu məscidlərdə namaz qılmağın savabının digər məscidlərdə qılınan namazlardan qat-qat artıq olması haqda da səhih, mötəbər hədislərin olduğunu xatırlasaq, bu məscidlərin nə üçün təkidlə digər məscidlərdən fərqli olduğunu anlamış olarıq. Məkkə məscidində bir namaz 100.000 namaza bərabərdir, Mədinə məscidində 1000 namaza, Qüdsdə isə 500 namaza, bir rəvayətdə isə 250 namaza bərabərdir.

4“əl-Kəhf” surəsi və bu surədəki Kəhf əhlinin hekayəsindən necə faydalana bilərik? Bu surədəki “Mağara əhlinin” hekayəsini oxuduğumuz zaman mağarada illərlə yatmış imanlı gənclərin Allaha təvəkkülündən faydalanmaq, dinə sarılmaq, zəlalət və günah mühitindən uzaqlaşmaq kimi çox mühüm faydalar əldə edə bilərik. Lakin, təəssüflər olsun ki, bəziləri bu kimi faydaları çıxarmaq əvəzinə, belə mağaraları şirk mərkəzinə çevirirlər, o yerlərdən mədəd, yardım umurlar. Uca Allah buyurur:

إِنَّهُمۡ فِتۡیَةٌ ءَامَنُوا۟ بِرَبِّهِمۡ وَزِدۡنَـٰهُمۡ هُدى

“Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq”. (əl-Kəhf. 13).

Bu kimi yerlərin müqəddəsləşdirilməsinə heç bir ehtiyac yoxdur və bu işlər həm bidətdir, həm də şirkə aparan bir yoldur. Şirk isə İslam dinində ən böyük günahdır.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    27.04. 2024
    NamazVaxt
    Sübh03:59
    Günəş05:45
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:32
    İşa21:02
    Namaza yeni başlayıram

Son əlavə olunanlar