Kərbəla hadisəsinin qısa tarixi və matəm bidətinin yaranması barədə 

«Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi?» (Fətır, 8)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Məhərrəm ayının «Aşura» adıyla bilinən onuncu günü Uca Allah Hüseyn ibn Əli ibn Əbu Talibi (radıyəllahu ənhu) şəhidlik məqamı ilə şərəfləndirmişdir. Bu hadisə hicrətin 61-ci ilində baş vermişdir. Onun bu şəhadəti dərəcəsinin yüksəlməsi hesab olunur. O və qardaşı Həsən (radıyəllahu ənhumə) Cənnət cavanlarının ağasıdırlar. (Tirmizi, 5/321) Yüksək dərəcələr bəlalarla qazanılır. Necə ki, Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) soruşduqda ki, ən şiddətli bəla kimlərin başına gəlir? – cavabında buyurmuşdur: «Peyğəmbərlər, sonra salehlər, sonra onlara daha çox bənzəyənlər, sonra onlara daha çox bənzəyənlər.» (Əhməd, «Musnəd», 1/172; Sunən əd-Dərimi, 2/320 və ibn Sunən ibn Məcəh, 2/1334)

Həsən və Hüseyn İslamın izzətli zamanlarında izzət və hörmət içində böyümüşdülər. Müsəlmanlar da bu iki gəncin şanını yüksək tutur və onlara böyük hörmətlə yanaşırdılar. Peyğəmbər (salləllahu aleyhi va səlləm) dünyasını dəyişdikdə onların yaşları az idi. Onlardan öncə də əhli beytdən Əli ibn Əbu Talib (radıyəllahu ənhu) şəhid edilmişdi. Biz bu yazıda Hüseynin qətlindən və sonradan bu yas və matəmin necə bidətə çevrilməsindən danışacağıq. Hüseynin qətlindən sonra bir çox fitnələr baş verdi, necə ki, Osmanın (radıyəllahu ənhumə) qətlindən sonra çoxlu fitnələr baş vermişdi. Bu qətllər indiyə qədər ümmətdə parçalanma və dərin bir problemə yol açmışdır.

O vaxt ki, Abdur-Rahmən ibn Mulcəm Əli ibn Əbu Talibi (radıyəllahu ənhu) qətl etdi, səhabələr Həsən ibn Əliyə beyət etdilər. Hansı ki, onun haqqında Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdu: «Həqiqətən də mənim bu oğlum (yəni, nəvəm) seyyiddir və Allah onun vasitəsilə müsəlmanlardan olan iki böyük dəstənin arasını düzəldəcəkdir.» (Səhih əl-Buxari, Fəthul-Bəri, Kitəbus-Sulh, 2704)

O da az bir müddət sonra hakimiyyətdən geri çəkilir və hakimiyyəti Müaviyəyə (Allah ondan razı olsun) verir. Beləcə ortada yaranmış fitnə yatır. Bundan sonra çox keçmədən o dünyasını dəyişir və Kufə əhlindən Hüseynə (Allah ondan razı olsun) çoxlu məktublar gəlməyə başladı. Məktub yazanların içində doğma əmisi oğlu Muslim ibn Aqil də vardı. Bu məktubların əsas məzmunu onu Kufəyə dəvət etmək və Kufəyə gəldiyi təqdirdə ona tabe olacaq kifayət qədər tərəfdar olduğu və ona dəstək olacaqlarından arxayınlıq yaratmaq idi. Lakin, həqiqət isə belə deyildi. İmam Hüseynə gələn çoxlu məktublarda sadəcə onu buna inandırmaq qayəsi var idi. Lakin, ona məktub yazanlar ona verdikləri vədi yerinə yetirməyib onu pis vəziyyətdə qoydular. Necə ki, həmin Kufə əhli bundan əvvəl də onun atası Əli ibn Əbu Talibə xəyanət etmişdilər. Hüseynə həmin şəxslərə aldanmaması üçün Hüseyni sevənlərdən dövrün ziyalılarından, səhabə və tabeinlərdən ona xeyli nəsihət edənlər oldu. Onlardan ən birincisi elə qardaşı Muhəmməd ibnil-Hənəfiyyə idi. Həmçinin, Abdullah ibn Abbas, ibn Ömər, Əbu Səid əl-Xudri, Cabir ibn Abdullah kimi səhabələr, həmçinin, Abdullah ibniz-Zubeyr, Ömər ibnil-Haris, əl-Əhnəf ibnil-Qeys, Yəzid ibnil-Əsam, Abdullah ibn Cəfər ibn Əbu Talib, Məkkənin valisi Amr ibn Səid ibnil-As, Əbu Vaqid əl-Leysi və s. tabeinlər və tanınmış şəxslər Hüseynə Kufəyə getməməyi nəsihət etdilər. Lakin, Hüseynə Kufədən gələn məktublar və parlaq vədlər o qədər çox idi ki, onlar imam Hüseyni vədlərinə inandıra bilmişdilər.

O vaxt ki, İmam Hüseyn (radıyəllahu ənhu) Məkkədən Kufəyə tərəf yola çıxmağa qərar verdi, sonra vəziyyətin dəyişdiyini və təkləndiyini gördü ona verilən vədlərin yalan olduğununun şahidi oldu. Ona yardım edəcəklərini, onu dəstəkləyəcəyini vəd verən şəxslər onu yardımsız qoydular. Xüsusən də Kufəyə yaxın yerə çatdığı zaman əmisi oğlu Muslim ibn Aqil və Hə’ni ibn Urvanın qətli xəbərini eşitdikdən sonra Kufə əhli vədinə xilaf çıxdı, yardım etməkdən boyun qaçırdılar. O, öz yoldaşlarına bu barədə xəbər verdikdə yolda ikən ona qoşulmaq üçün Kufədən gələnlər geri qayıtdılar, beləcə onun yanında Məkkədən onunla birgə yola çıxanlar qaldılar. İmam Hüseyn (radıyəllahu ənhu) bu vəziyyəti görüb onunla birgə gələnləri də geri qayıtmağa razı salmağa çalışdı. Lakin, Aqil oğulları onu dinləməyib Kufəyə gedərək qətlə yetirilən ibn Aqilin qisasını almağı qarşılarına məqsəd qoydular.
Beləcə, Hüseyn «Kərbəla» adlı yerdə İraq ordusu ilə üzbəüz gəlməli olur. Lakin, artıq Hüseynin əvvəlki mövqeyində dəyişiklik yaranmışdı. Əvvəlki mövqeyi Yezidə beyət etməmək və Kufə əhlinin yanına gedib onların beyətini almaq idisə, bu vəziyyətdə İraq ordusuna üç seçim vermişdi.

Birincisi, ya onu Məkkəyə qayıtması üçün buraxmaları,
İkincisi, ya ona sərhəddə çəkilib Allah yolunda hər hansı bir müsəlmanın döyüşdüyü kimi döyüşməyə icazə vermələri,
Üçüncüsü, ya da Dəməşqə Yezidin yanına gedib özüylə Yezid arasındakı ixtilafı həll etməsi üçün onu buraxmalarını təklif etdi.

Bu təkliflər bir növ Hüseynin əvvəlki mövqeyindən dönməsi və hakimə qarşı çıxmaq fikrindən daşındığının göstəricisi idi.

Beləcə, ordu komandiri Ömər ibn Sə`d də sevinib artıq problemin həll olacağını zənn etdi. Sonra Ubeydullah ibn Ziyada Hüseynin təkliflərini xəbər verdi. Lakin, Ubeydullah ibn Ziyad buna qarşı çıxır və komandirinə Hüseynin yalnız ya öz hökmünə tabe etdirməyi, ya da Hüseynlə döyüşməyi əmr edir. Ubeydullah ibn Ziyad isə bütün bu əmrləri Yezidin Hüseyni Kufəyə sağ-salamat gətirmək əmrinə müxalif olaraq etmişdi. Yezid Hüseynin öldürülməsini əmr etməmişdi. Tarixi rəvayətlər də Yezidin öz komandirinə bəddua etməsi, ağlaması və onu əmrini yerinə yetirməyib sağ-salamat yanına gətirmədiyi üçün şiddətlə danlamasını göstərir. Sonra isə bu məqalədə olduqca müxtəsər danışdığımız hadisələrdən sonra «Kərbəla faciəsi» baş verir və imam Hüseynin yanındakıların əksəriyyəti də onun əhlindən və dostlarından ibarət idi. Onlar qətlə yetirilirlər və bu böyük faciə tarixə ən amansız faciələrdən biri kimi düşür.

Əhli Sünnənin Hüseynin qətlinə münasibəti

Heç bir şəkk yoxdur ki, Hüseynin qətli onun üçün bir şəhadət idi və o məzlum və şəhid olaraq qətl edilmişdi. Əhli Sünnənin görüşünü müxtəsər şəkildə Şeyxul-İslam ibn Teymiyyə «Minhəc əs-Sünnə» kitabında bəyan edərək demişdir: «Əhli Sünnə bu barədə deyir: Hüseyn məzlum və şəhid olaraq qətl edilmişdir. Onu öldürənlər zalım və həddi aşanlar idilər. Peyğəmbərin camaata müxalif olanla (red: beyət olunmuş hakimə qarşı çıxanla) döyüşməyi əmr etməsi haqqında olan hədisləri buna aid deyil. Çünki, O, – Allah ondan razı olsun – öldürülməmişdən öncə camaata müxalif olmadı və yalnız vətəninə və ya sərhəddə və ya Yezidin yanına camaata daxil olaraq qayıtmağı tələb etmişdi. O, ümməti parçalamaq istəmirdi. Onun bu etdiyi tələbləri ondan aşağı bir insan etsəydi, onun tələbinə qarşılıq vermək vacib olardı. Bəs Hüseynin tələbinə qarşılıq vermək necə?! Əgər bu tələbi Hüseyndən başqası etsəydi, o şəxsin həbs olunması və tutulması icazəli olmazdı, qaldı ki, əsir götürülsün və ya öldürülsün.» (İbn Teymiyyə, Minhəcus-Sunnə, 4/585-586)

Məqalədə əsas məqsəd matəm, yas saxlamaq bidətindən bəhs etmək olduğu üçün ümmətin faciəsi hesab olunan Kərbəla faciəsinə qısa da olsa toxunmaya bilməzdik.

Aşura günü yaranan matəm, yas saxlamaq bidəti barədə

Kərbəla hadisəsi İslam ümmətində böyük bir parçalanmaya səbəb olması, çoxlu ağır nəticələrə gətirib çıxardığı kimi, hissiyyata dalmaqdan yaranan bəzi bidətlərin də ortaya çıxmasına səbəb oldu. Ümməti kədərə qərq edən bu hadisəni bidətlərlə qeyd etmək isə qətiyyən yolverilməzdir.

Şeyxulislam İbn Teymiyyə (rahiməhullah) demişdir:

«Beləcə Hüseynin (radıyəllahu ənhu) qətli səbəbilə şeytan insanlara iki bidəti çıxarmış oldu:

1) Aşura günü hüzünə qərq olmaq və
2) (Ölü üçün) nalə çəkmək (fəğan qoparmaq) ki, bunu özünü vurmaq, qışqırmaq, ağlamaq, susuz qalmaq, mərsiyələr qoşmaqla edir, sələfləri söyməyə və lənət etməyə aparıb çıxaran işlər görür, (İmam Hüseynin qətlində) günahı olmayan kimsəni də günahkarlara calayırlar. Bunu o dərəcəyə çatdırırlar ki, hətta, ilk İslamı qəbul edənləri də söyür, onun (radıyəllahu ənhu) vəfatı ilə əlaqəli olan əksəriyyəti yalan olan xəbərləri oxuyurlar;

Bunu ortaya çıxaran kimsənin məqsədi ümmət arasında fitnə və təfriqəçilik qapısını açmaq idi.
Halbuki, bu əməlləri etmək müsəlmanların ittifaqı ilə nə vacibdir, nə də müstəhəbdir! Əksinə, keçmişdə baş verən müsibətlərə görə matəm (yas) saxlamaq və fəqan (ah-nalə) qoparmaq bidəti Allah və Elçisinin ən böyük haram etdiyi əməllərdəndir.»

(Minhəcus-Sunnə ən-Nəbəviyyə, İbn Teymiyyə, 2/322-323)

Bu, Allahın şəriətinə zidd bir əməldir. Allah və Rəsulunun müsibət vaxtı edilməsi gərəkən əmri – əgər yeni baş vermişdirsə – bu yalnız səbr etmək və əcrini Allahdan gözləməkdir. Necə ki, Uca Allah buyurmuşdur: «Səbr edənləri müjdələ. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.» (əl-Bəqara, 155-157)

Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Üzünə döyən, sinəsini (paltarını) cıran, cahiliyyə çağırışı edən kimsə bizdən deyildir.» (Sahihul- Buxari, 1294)

Həmçinin, buyurmuşdur: «Mən (müsibət vaxtı) hay şüvən salan, saçını yolan və paltarını cıran kəsdən uzağam.» (Sahihu Muslim, 2/110)

Həmçinin, buyurmuşdur: «(Ölüsü üçün ağlayıb) Səsini yüksəldən (hay şüvən salan) kimsə əgər ölmədən öncə tövbə etməzsə, Qiyamət günü ona (şiddətli istidə) ərimiş misdən köynək geyindirilər və ona üzərində yaralar olan qalxan verilər.» (Sahihu Muslim, Cənəiz, 2/644)

Muslimdə gələn hədisdə deyilir: «Elə bir müsəlman yoxdur ki, başına bir müsibət gəldiyi zaman: «innə lilləhi və innə ileyhi raciun, Allahummə əcirni fi musiybəti va əxlif ləhu xeyran minhə» (Biz Allaha məxsusuq və Allaha da qayıdacağıq. Allahım! Bu müsibət sayəsində məni mükafatlandır və mənə ondan daha xeyirlisini ver!) – desin, Allah da onu müsibətinə görə mükafatlandırmasın və ona ondan daha xeyirlisini verməsin.» (Sahihu Muslim, 2/632-633)

Həmçinin, Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Ümmətimdə cahiliyyət əməllərindən dörd əməl vardır ki, onu tərk etməyəcəklər: əsil-nəcabətiylə öyünmək, nəsəblərə tənə etmək, ulduzlardan yağış istəmək və ölü üzərində qışqırıb hayşivən qoparmaq.» (Sahihu Muslim, 2/644)

Beləcə şeytan insanları Aşura günündə də azdıraraq bu günü matəm elan etməyə, yas saxlamaq bidətinə salmışdır ki, insanlar bu günlərdə sinə vurur, kəskin alətlə bədənindən qan çıxarır, hüzünlü qəsidələr oxuyur, çoxusu yalan olan xəbərləri rəvayət edir, düşmənçiliyi, təəssübkeşliyi artıran söhbətlər edir, günahı olan kimsələrə günahı olmayanları da qatıb onları söyür, bəziləri isə səhabələrə belə lənət oxuyurlar.

Bu günlərdə Məhərrəm ayını hüzn, kədər, xurafat və batillərlə qarşılayır, taxtadan tabut düzəldir, bəziləri hətta Hüseynin kəsilmiş başını təmsil edən kuklalar düzəldir, bəziləri də daşınan tabutun ətrafını rəngli kağızlarla bəzəyib buna “Hüseynin tabutu” və ya “Kərbəla qəbiri” deyirlər. Orada iki qəbir düzəldirlər. Buna da “təziyə” ismi verirlər. Uşaqlara da yaşıl və ya qırmızı paltar geyindirir, onları “Hüseynin füqərası” adlandırırlar.

Bu günlərdə şadlıq mərasimləri keçirmirlər, bəziləri ət yemirlər, hətta, toy belə etmirlər.

İnsanlar yollara çıxıb “ya Hüseyn” deyə qışqırır, sinələrinə vurur, zəncirlərlə kürəklərinə və bədənlərinə vurur, qan çıxarır, mərsiyələr oxuyur, bəzi yerlərdə dəf çalınır, qəsidələr deyilir, qara bayraqlar qaldırılır, bayraqlara əl sürülür və bərəkət umurlar, etiqad edirlər ki, bununla xəstələnməkdən qorunacaqlar və ömürləri uzanacaq. Bəziləri isə qara parçalardan kəsib niyyət edir, onu qollarına bağlayırlar və o parça qolundan qırılacağı təqdirdə işlərinin düzələcəyinə inanırlar.

Bəzi ölkələrdə isə Aşura gecəsindən çölə çıxır, yolları dövrə vurur, günəş batana az qalmış evlərinə qayıdırlar. Bəziləri isə günəş batana yaxın daşıdıqları tabutu basdırıb evlərinə qayıdırlar. Bəzi vaizlər də bu günlər moizə edib Hüseynin fəzilətlərindən danışır, Müaviə və başqa səhabələrə lənət oxuyurlar.

Bəziləri də bu günlərdə xüsusi yeməklər hazırlayır, «imam ehsanı» adıyla paylayırlar.

Qırx gün beləcə yas saxlayır, aşuradan qırx gün sonra “Ərbəin” (Qırx) adlandırdıqları günü bayram edir, pul yığır və buna xüsusi yeməklər alıb insanları da yeməyə dəvət edirlər.

Bu bidətlər hindistanda, Pakistanda, İran, İraq və Bəhreyn kimi ölkələrdə edilir. (Bax, “Təhzirul-Musliminə anil ibtidəi vəl-bidəi fid-din”, 280-281)

Bir çoxları bu bidətləri Allaha yaxınlaşmaq və il ərzində etdikləri günahları yumaq məqsədilə edirlər, halbuki, bilmirlər ki, bu əməllər Allahın rəhmətindən qovulmaq və uzaqlaşmaqla nəticələnə bilər.

Uca Allah necə də doğru söyləmişdir:

«Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi?» (Fatir, 8)

«De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.» (əl-Kəhf, 103-104)

Dəyərli müsəlmanlar! İmam Hüseyni sevmək üçün insanın özünə zülm etməsinə ehtiyac yoxdur. Əksinə, onlar kimi Qurana və Sünnəyə sarılmaq lazımdır.

Sonda Allahdan istəyirik ki, bizi İmam Hüseyni sevənlərdən etdiyi kimi, başqa səhabələri də sevənlərdən, onları etmədikləri əməllərə görə ittiham etməyənlərdən etsin və bizi bidətlərin bütün növlərindən uzaq etsin!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    25.04. 2024
    NamazVaxt
    Sübh04:03
    Günəş05:48
    Zöhr12:39
    Əsr16:27
    Məğrib19:30
    İşa21:00
    Namaza yeni başlayıram

Son əlavə olunanlar