Dünyada bir qərib kimi ol…

“Dünyada sanki bir qərib yaxud da bir müsafir kimi ol!”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Abdullah ibn Ömər (radıyəllahu ənhu) deyir: «Bir dəfə Allah Rəsulu (salləllahu aleyhi va səlləm) çiynimdən tutaraq belə dedi: “Dünyada sanki bir qərib yaxud da bir müsafir kimi ol!”».

Abdullah ibn Ömər belə deyərdi: “Sabaha çıxdığında axşamı gözləmə, axşama çıxdığında isə sabahı gözləmə. Sağlam ikən xəstəliyin üçün, həyatda ikən ölümün üçün tədbir al” (Buxari, 6416).

Hədisdən çıxan faydalar:

• Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) nəsihətindən öncə Abdullah ibn Ömərin çiyinlərindən tutdu. Bu hərəkət isə qarşısındakı şəxsə verdiyi dəyərin, söyləyəcəyi sözün isə önəminin göstəricisidir.

• Qərib, öz yurdundan uzaqda olan mənasındadır. Yolçu da yaxın mənada olsa da, aralarında fərq vardır. Qərib kimsə bir müddət olduğu yerdə özünə tanış tapa bilər. Lakin, yolçu isə bundan da məhrumdur.

• Allah Rəsulu (salləllahu aleyhi va səlləm) ibn Ömərə bir qərib, bir yolçu kimi olmasını nəsihət edərkən, dünyaya və insanlara çox bağlanmamağı, yaşadığı dünyanı özünə daimi vətən kimi götürməməsini tövsiyyə etmişdir. Bir qərib və ya yolçu kimi olan bir kimsənin digərlərinə qarşı həsədi, kin-küdurəti, düşmənçiliyi, pis düşüncə və davranışları olmaz.
Eyni zamanda belə olan halda, mömin bu dünyaya əməl diyarı kimi baxmalı, axirəti üçün bu dünyada azuqə yığmalıdır.

• Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) ona verdiyi tövsiyyəni nəql etdikdən sonra ibn Ömərin dedikləri öz tövsiyyələridir. Sabaha çıxdığında axşamı, axşama çıxdığında sabahı gözləməməməkdə məqsəd, səhərin işini axşama, axşamın işini isə səhərə buraxmamaqdır. Çünki, insan nə zaman öləcəyini, əcəlinin nə vaxt yetişəcəyini bilmir. Elə isə insan özünü bitməyən arzuların içinə salmamalı, gələcəyə dair boş xəyallar qurmamalıdır. İçərisində olduğu zamanı dəyərləndirməlidir. Çünki, möminin hər bir anı qənimətdir, mömin isə bu qəniməti layiqincə qiymətləndirməlidir.

• Sağlamlıq və əmin-amanlıq içərisində olan həyat uca Allahdan bir nemətdir. Bu nemətin qədri isə yaxşı bilinməli, dəyər verilməlidir. Necə ki, Buxarinin Abdullah ibn Abbasdan (radıyəllahu ənhumə) rəvayət etdiyi hədisdə Allah Rəsulu (salləllahu aleyhi va səlləm) belə demişdir: “İki nemət vardır ki, insanların çoxu bu nemətdən qafildirlər: sağlamlıq və boş vaxt”  (Buxari, 6412).

• İnsan xəstələndiyində sağlam halındakı kimi olmur. Məşğul olduğu zaman isə boş vaxtındakı kimi olmur. İnsan ömrünü Allaha itaətdə, ibadətdə, xeyirli əməl üzərində keçirərkən bu halın heç də onda daimi, sabit qalacağına ümid bəsləməməli, nə zamansa bu halın xəstəliklə müvəqqəti, yaxud ölümü ilə əbədi kəsiləcəyi düşüncəsi ilə yaşamalıdır. İnsanın ölümü onun həyatı kimi bir gerçəkdir və bu gerçəklik də nə vaxtsa reallaşacaqdır. Belə isə, insan həyatda olduğu müddətcə ölümü üçün hazırlıq görməli, bu dünyada ikən axirəti üçün fayda verən yollar axtarmalı və onları həyata geçirməlidir.

Şəkk yoxdur ki, Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hər dediyi hədisdə böyük mənalar və müsəlmanların özləri üçün çıxaracağı bir çox faydalar vardır. Məhz bu hədis də onlardandır. Bu hədisdən çıxan faydalar isə aşağıdakılardır:

1. Hədis Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) Abdullah ibn Öməri çox istədiyinin dəlillərindən biridir.
2. Hər bir işi öz vaxtında və öz saatında görmək möminin əsas prinsipi olmalıdır.
3. Mömin dünyaya aşırı dərəcədə meyl etməməli, həddən çox bağlanmamalıdır.
4. İnsan tükənməz arzuların, boş xəyalların əsiri olmamalıdır.
5. Allaha olan itaəti artırmaq üçün hər anı, sihhəti, sağlamlığı və həyatı qənimət bilib layiqincə istifadə etməlidir.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    27.04. 2024
    NamazVaxt
    Sübh03:59
    Günəş05:45
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:32
    İşa21:02
    Namaza yeni başlayıram

Son əlavə olunanlar