Peyğəmbərin ölüm yatağında kağız və qələm istəməsi şübhəsinə cavab

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Peyğəmbərin (salləllahu aleyhi va səlləm) ölümündən öncə kağız və qələm tələb edib yazı yazmaq istəməsi doğurdan da baş versə də, bəzi tayfalar bu hadisənin mahiyyətini öz istəklərinə uyğun dəyişmək istəmişlər. Bu dəfəki yazımızda – Allahın izniylə – bu məsələnin həqiqi mahiyyətini aşkara çıxardaraq bu məsələdə əhli sünnə olaraq hansı mövqedə olmağın gərəkdiyini bəyan edəcəyik.

Gəlin əvvəlcə bu hədisin Buxari və Muslimdəki ləfzini oxuyaq. İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) xəstə yatağında ikən onun yanında (səhabələrdən) bəzi kimsələr var idi. Ömər ibnil-Xəttab da orada onların arasında idi. Peyğəmbər buyurdu: «Gəlin sizə elə bir yazı yazım ki, ondan sonra yolunuzu azmayasınız.» Ömər dedi: Peyğəmbərə ağrının şiddəti üstün gəlib, sizin içinizdə Quran vardır və bizə Allahın kitabı bəs edər. Sonra ev əhli ixtilaf edərək mübahisə etdilər. Onlardan bəziləri dedilər ki, yaxınlaşın, qoy peyğəmbər sizə yolunuzu azdırmayacaq bir kitab yazsın. Onlardan bəziləri isə Ömərin dediyini dedilər. O zaman ki, səs-küy və ixtilafı çoxaltdılar peyğəmbər onlara dedi: «(Hamınız) gedin yanımdan.»

Ubeydullah dedi: İbn Abbas belə deyirdi: «Peyğəmbərin yazı yazmasına maneə törədən əsas problem oradakıların ixtilaf etmələri və çox danışmaları olmuşdu.»

(Buxari, 6932; Muslim, 1637)

Birincisi: Peyğəmbər yeni bir vəhy və ya vəhydən insanlara çatdırmadığı bir şey və yaxud da insanların dinində ehtiyacı olan bir şəriət məsələsini yazmaq üçün onlardan qələm və vərəq istəməmişdi. Sonra isə baş verənlərə görə yazmaq fikrindən daşındı. Buna dəlil isə bu məsələlərdir:

A) Bu hadisə xamis günü (həftənin 4-cü günü) baş vermişdi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) isə isneyn günü (həftənin 1-ci günü) vəfat etmişdi. Yəni, bu hadisədən dörd gün sonra. Bu müddət ərzində başqalarına yazı yazmaq üçün müraciət edə bilərdi. O zaman ki, bunu etmədi, bilindi ki, bu vəhydən olan bir xəbər deyildi ki, peyğəmbər bu xəbəri gizlətsin.

B) Artıq Uca Allah peyğəmbərini ona göndərilən vəhyi təbliğ etdiyi üçün tərifləmişdi. Allah bu ümmətə dinin kamil olması və nemətini tamamlanmasını bəxş etmişdi. Amma, demək ki, “peyğəmbərin yazmadığı yazı ümmətin ehtiyacı olduğu ümumi dindən sayılır” bu söz peyğəmbəri öz peyğəmbərliyini yerinə yetirməməkdə ittiham etməkdir. Həmçinin, bu sözdə Allahın qullarına göndərdiyi dinin kamil edilməsi və onlara olan nemətin tamamlanması barədə vəhyinin inkar edilməsi vardır.

Şeyxulislam ibn Teymiyyə demişdir:

«Bu yazının yazılması Allahın peyğəmbərinə vacib etdiyi və ya həmin vaxtda təbliğ etməsini istədiyi bir şey deyildi. Əgər belə olsaydı, Peyğəmbər ona əmr edilmiş bir əmri icra etməyi tərk etməzdi.»

(“Minhəcus-Sunnə”, 6/315-316)

O həmçinin demişdir: «Belə bir yazını şəkkə düşənin şəkkinə görə tərk etmək olmaz. Əgər bu yazı yazılması və bəyan edilməsi vacib olan bir məsələ olsaydı, peyğəmbər bunu edər və heç kimin sözünə qulaq asmazdı. Çünki, o Allaha ən çox itaət edən insan idi. Buradan da görünür ki, bu yazı vacib olmadığı üçün peyğəmbər bu yazını yazmağı tərk edib. Həm də o yazı həmin vaxtda yazılması dinin vacib olan məsələsi olmamışdır. Çünki, əgər vacib olsaydı, o bunu edərdi.» (Minhəcus-Sunnə, 6/12)

C) Bu söylənilənləri dəstəkləyən məsələlərdən biri də orada olan səhabələrin peyğəmbəri anlamaqda ixtilaf etmələri və bu məsələnin həqiqi mənasını anlamaq üçün dayanmalarıdır. Əgər onlar peyğəmbəri tam anlasaydılar, dərhal onun dediyini yerinə yetirməyə tələsərdilər. Artıq səhabələrdən varid olub ki, onlar sadəcə peyğəmbərin namazda ayaqqabısını çıxardığını gördükləri üçün peyğəmbər bunu onlara əmr etməsə belə onlar dərhal ayaqqabılarını çıxarmışdılar. Məgər bu cür səviyyədə olan böyük insanlar vəhy olduğunu dəqiq bildikləri bir əməli tərk edərdilərmi? Haşa, onlar bundan uzaqdırlar. Ona görə də bəziləri vərəq və qələm gətirmişdilər. Necə ki, peyğəmbər onlardan bunu istəmişdi. Bəziləri peyğəmbərin bunu ağrının şiddətindən dolayı dediyini, bəziləri isə onun hansısa bir yaxşı əmələ irşad edəcəyini zənn edərək (onu narahat etmək istəməyərək) bundan imtina etmişdilər.

Qurtubi demişdir: Amma: «Gəlin sizə bir yazı yazım ki, məndən sonra yolunuzu azmayasınız» sözünə gəldikdə, heç şəkk yoxdur ki, burada «gəlin» sözü əmr və istəkdir. Bu söz orada olanların hamısına ünvanlanıb. Bu sözə əməl etmək əgər vacib olsaydı, onu eşidən və orada olan hər kəsə ona əməl etməyə tələsmək lazım olardı. Xüsusilə də, bu kəlamda «məndən sonra yolunuzu azmayasınız» ifadəsi var. Lakin, Ömərə və onunla olan tayfaya bu zahir olur ki, bu kəlam vacibliyə deyil, daha yaxşı olana yönəltməyə dəlalət edir. Bununla bərabər Quranda Allah bütün (xeyirli) şeylərə yönəltmiş və buyurmuşdur: «(Quran) hər şey üçün bir izahdır.» (ən-Nəhl, 89) Bununla yanaşı peyğəmbərin içində olduğu bir ağrılı hal var idi ki, onun çətinliyə və ağır hala qatlanmasını xoş görmədilər. Beləcə, onlara zahir oldu ki, belə halda yazı yazmasa yaxşıdır. Digər bir tayfa isə zahiri duruma görə problemin aradan qalxması və ziyadə izah olması üçün yazının yazılmasını istəmişdi. Kaş ki, bu baş verərdi. Lakin, qəddərallahu və məə şəə ə fəalə (Allahın qədəri baş tutdu və Allah istədiyini edir). Buna baxmayaraq, birinci tayfa qınanılmır, çünki, peyğəmbər nə onlara qarşı sərt davranmadı, nə də onları məzəmmət etmədi. Əksinə, orada olan hər kəsə (hər iki rəydə olanlara) dedi ki: Məni tərk edin. Üzərində olduğum hal daha xeyirlidir.»

(əl-Mufhimu kimə əşkələ min təlxisi kitəəbi Muslim, 18/15)

Hafiz İbn Həcər demişdir: «əl-Məziri dedi: Peyğəmbərin onlara belə bir əmr verməsi ilə səhabələrin ixtilaf etməsinin icazəli olması bəzən əmrlərin vaciblikdən çıxmasına dəlil olduqda baş verir ki, burada da bu əmrin mütləq şəkildə yerinə yetirilməsi gərəkən bir əmr olmamasına dəlalət edən dəlil var idi. Əksinə, məsələ ixtiyari (seçimlə bağlı) idi. Ona görə də onların seçimləri fərqli oldu. Ömər də ona aydın olan qərinəyə (dəlilə) əsasən bunu Peyğəmbərin qəti şəkildə əmr etmədiyini düşünərək belə bir yazının yazılmasından imtina etmişdi.»

(İbn Həcər, “Fəthul-Bari”, 8/133-134)

İkincisi: Peyğəmbərin yazı yazmaq istəməsi, sonra bunu tərk etməsi ya nəsx (silinmiş) olunmuş bir vəhyə görə, ya da yazını tərk etməyin məsləhətdən olduğunu göstərən bir ictihada görə idi.

İmam Nəvəvi (salləllahu aleyhi va səlləm) demişdir: «Peyğəmbər ən birinci yazı yazmağın məsləhətdən olduğu ona zahir olduqda yazı yazmaq istədi və ya ona bu vəhy olundu, sonra isə ona məsləhətin yazı yazmağı tərk etməsi zahir oldu və ya bu əməli tərk etməsi vəhy olundu və ya bu birinci məsələ qüvvədən düşdü (nəsx olundu).» (ən-Nəvəvi, Şərhu Muslim, 11/90)

Bu mənada sözü Hafiz İbn Həcər də Məziridən nəql etmişdir. (bax: İbn Həcər, Fəthul-Bəri, 8/134)

Üçüncüsü: Bəziləri iddia edirlər ki, peyğəmbər özündən sonra xilafəti Əli İbn Əbu Talibə (Allah ondan razı olsun) vəsiyyət etmişdi. Görəsən, onlar bu kağız və qələm hadisəsini niyə belə şişirdir və bu hadisə üzərindən niyə belə oyun (fitnə) qururlar?! Bəs ola bilməzdimi ki, bu kağız və qələm məsələsində peyğəmbər özündən sonra xəlifə kimi elə Əbu Bəkrin özünü xəlifə təyin etmək istəsin?!

Şeyxülislam ibn Teymiyyə demişdir:

«Kim zənn edersə ki, bu yazı Əli İbn Əbu Talibin (Allah ondan razı olsun) xilafəti barədə idi o insan insanların ümumuna görə, sünnə və şiə alimlərinə görə də azmışdır. Əhli Sünnə alimlərinə görə: onlar Əbu Bəkrin digər xəlifələrdən fəzilətli olmasında və onun onlardan önə çəkilməsində ittifaq etmişlər. Şiələrə gəldikdə isə, onlardan Əlinin xilafətə daha haqlı olduğunu deyənlər belə deyirlər: «Artıq onun imamətinə bundan daha əvvəl açıq-aydın bilinən bir dəlil vardır. Bu zaman hansısa yazının yazılmasına ehtiyac qalmır.» (Minhəc əs-Sunnə ən-Nəbəviyyə, 6/11)

Daha mötəbər (səhih, sağlam) isnadla peyğəmbərdən sabit olmuşdur ki, peyğəmbər Əbu Bəkri özündən sonra xəlifə təyin etmək istəmişdir. Sonra isə bu məsələni tərk etmiş və onsuz da müsəlmanların Əbu Bəkrin başqasının xəlifə olmasına razı olmayacaqlarını deyir. Aişədən (radıyəllahu ənhə) rəvayət olunur ki, o dedi: «Peygəmbər xəstə yatağında ikən dedi:

Yanıma atan Əbu Bəkri və qardaşını çağır, hətta bir kitab (yazı) yazım. Mən qorxuram ki, kimsə təmənna etsin və ya desin ki: mən (xəlifə olmaq üçün) daha üstünəm. Allah və möminlər isə yalnız Əbu Bəkri (xəlifə görmək) istəyir.» (Muslim, no: 2387; 4/1857)

Bu hədis açıq aydın Əbu Bəkrin Peyğəmbər tərəfindən xəlifə təyin edilməsinə dəlildir. Həmçinin, Peyğəmbərin xəstə olduğu günlərdə Əbu Bəkrin Peyğəmbər tərəfindən namaza imam təyin edilməsi, hər dəfə müsəlmanlara namazı Əbu Bəkrin qıldırması da onun xəlifə olacağına açıq aydın işarə idi. Peyğəmbərin bu əmrinin mənasını səhabələr çox gözəl bilirdilər. Bilirdilər ki, namazı yalnız peyğəmbərin canişini qıldıra bilər.

Ona görə də bizim dərdimiz kimin xəlifə olub olmayacağı deyil. Artıq hədisdə də deyildiyi kimi Allah və möminlər peyğəmbərdən sonra birinci xəlifənin Əbu Bəkr olmasını istədi, Allah bunu qədərdən etdi və insanlara bu (Əbu Bəkrə aid) xilafəti yaşatdı.

Dördüncü: Səhabələrdən bəzilərinin bəzi məsələlərdə peygəmbərin sözünü dəqiqləşdirmələri onların peyğəmbərə və şəriətə tabeçiliyinə ziyan vermir. Çünki, onlar (səhabələr) bəzi məsələləri dəqiqləşdirməklə Allahdan konkret, təkidlə deyilmiş bir ayəni, hökmü gözləyirdilər. Qəti bir hökm olduqda isə o hökmü tətbiq etməkdə tələsirdilər.

Nəvəvi (Allah ona rəhmət etsin) dedi: Xəttabi demişdir:

«Peyğəmbərin səhabələri bəzi məsələlərdə ondan qəti əmr gəlmədikdə bunu dəqiqləşdirirdilər. Necə ki, Hudeybiyyə (sülhü) günü ondan məsələni (peyğəmbərin qərarındakı qətiliyini) və Qureyşlə onun arasındakı sülh razılaşması yazısını dəqiqləşdirmişdilər. Amma, əgər Peyğəmbər hansısa bir məsələdə qəti bir qərar verərsə, onlardan heç kim bir də məsələni dəqiqləşdirməzdi.»

(ən-Nəvəvi, Şərhu Muslim, 11/91)

Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) demişdir:

«Səhabələr bəzi məsələlərdə peygəmbərdən o məsələlərdə əti bir əmr olmadıqda (həmin məsələni soruşub) onu dəqiqləşdirirdilər. Qəti bir əmr olduqda isə birbaşa tabe olardılar.»

(İbn Həcər, Fəthul-Bari, 1/1/209)

Beşincisi: Bəzi rəvayətlərdə Ömərin (Allah ondan razı olsun) «Allahın kitabı bizə bəsdir» deməsi peyğəmbəri qəsd etməklə olmamışdır, bu xitab onun «yazıya gərək yoxdur» rəyini dedikdə etiraz edənlərə xitabən dediyi söz idi. O cümlədən də peyğəmbərin sağlığında peygəmbərin əmrinə əsasən hədislər Quranla qarışmasın deyə yazılmırdı.

İmam Nəvəvi demişdir: Ömərin «bizə Allahın kitabı bəsdir» deməsi peyğəmbərin əmrinə qarşı deyil, onunla mübahisə edən kimsəyə dediyi söz idi.

(ən-Nəvəvi, Şərhu Muslim, 11/93)

Altıncısı: Alimlər Ömərin (Allah ondan razı olsun) vərəq gətirilib yazı yazılmasına qarşı çıxmasına bəzi izahlar vermişlər, bunlardan:

A) Peyğəmbərin belə xəstə bir vəziyyətdə yazı yazmaqla məşğul olmaqla narahat olacağını düşünərək ona acıması, şəfqət göstərməsi. Bununla da peyğəmbərə əziyyət toxunacağını düşünməsi ki, ona görə də belə demişdi:
«Həqiqətən də peyğəmbərin (salləllahu aleyhi va səlləm) ağrısı şiddətlənmişdir.»

B) Münafiqlərin və qəlbində xəstəlik olanların o yazı barədə tənə etməsindən və o yazını nəql edənlər barəsində şəkk-şübhə salmasından, onlara və ədalətlərinə tənə etmələrindən ehtiyat etməsi.

C) Peyğəmbərin onların gücü çatmayacağı bir şeyləri yazacağından, beləcə onların gücləri çatmayıb müxalif olmalarından ehtiyat etməsi. O, ümmət üçün ən yaxşı olanın bu məsələlərdə ictihad genişliyində, hikmətlə yanaşmaqda, haqqı tələb etməkdə olduğunu düşünürdü. Beləcə, həm haqqa uyğun olan, həm də xətaya düşənin savab qazanacağını düşünürdü.

(Bax, Dələilun-Nubuvvə, 7/184; əş-Şifə bi-Tarifi Hüquq əl-Mustafə, Qadı İyad, 2/194; Sərhu Müslim, Nəvəvi, 11/94; Fəthul-Bəri, 1/209)

Yeddincisi: Bir çox alimlərə görə Ömərin etdiyi əməli peyğəmbərin (salləllahu aleyhi va səlləm) inkar etməməsi və yazı yazmamaqla razılaşması Ömərin əməlini doğrulamaq və onun rəyini üstün görməkdən sayılır. Çünki, həmin hadisə ilə peyğəmbərin vəfatı arasında dörd gün var idi. Peyğəmbər isə son anına kimi ağılı başında idi və idrakını itirməmişdi. Əgər Ömər yanlış bir şey etsəydi, peyğəmbər bunu həmin günlərdən birində vəfatından öncə inkar edə bilərdi. Halbuki, belə bir xəbər mövcud deyildir. Onu da qeyd edək ki, bir neçə məsələlər vardır ki, Ömər (radıyəllahu ənhu) Quran ayəsi nazil olmamışdan həmin hökmü arzulamış, sonra ayə nazil olduqdan sonra Ömərin rəyinin Allahın ayəsilə doğrulanması, təsdiqləməsi baş vermişdir.

İbn Mərdəveyh Mucahidin belə dediyini rəvayət edir: «Ömər bir rəydə olurdusa, Quran ayəsi nazil olur və onu təsdiqləyirdi.» Məsələn; Bəzi alimlər Ömərin görüşlərindən Quran ayəsilə təsdiqlənənləri iyirmiyə qədər çatdırmışlar. Bu görüşlərdən ən məşhuru dörd görüşdür; mövzunu uzatmadan qısa şəkildə qeyd edək, ətraflı məlumat üçün təfsir kitablarına müraciət edə bilərsiniz. Bu görüşlərin Quran ayəsilə təsdiqlənənlərindən:

1) İbrahim məqamının namazgah edilməsi,
2) Hicabın fərz olması,
3) İçkinin haram edilməsi,
4) Bədr əsirlərinin hökmü. – və s. qeyd etmək olar.

Bu qeyd edilən yazı məsələsində də peyğəmbərin Öməri inkar etməməsi, o cümlədən də bu hadisədən sonra dörd gün yaşaması müddətində bu barədə danışmaması da Ömərin rəyinin doğruluğunu göstərir. Çünki, peyğəmbərin ümmətinə haqqı bəyan etmədən bu dünyadan köçməsini iddia etməyin özü bir küfr sayılır. Allahdan istəyirəm ki, bizə haqqı haqq olaraq, batili də batil kimi göstərsin! Uca Allah İslamın ilk böyük şəxsiyyətlərini sevməyi və təqdir etməyi nəsib etsin!

Va Salləllahummə alə nəbiyyinə Muhəmməd və alə əlini va sahbihi əcməin!

İstifadə edilmiş mənbələr:

1) Qurani-Kərim.
2) Səhih əl-Buxari.
3) Səhih əl-Muslim.
4) Minhəcus-Sunnə ən-Nəbəviyyə, İbn Teymiyyə.
5) əl-Qurtubi, əl-Mufhimu limə əşkələ min təlxisi kitəəbi Müslim.
6) Dələilun-Nubuvvə.
7) əş-Şifə bi-Tarifi Hüquq əl-Mustafə, Qadı İyad.

Topladı və tərtib etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:52
    Günəş05:40
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:37
    İşa21:07
    Namaza yeni başlayıram

Son əlavə olunanlar