“Hədislər ağıla ziddir” – şübhəsinə cavab!

Əsl budur ki, Peyğəmbərdən ﷺ sabit olan hər bir şey ağıla və fitrətə uyğundur. Mümkün deyil ki, sağlam hədis sağlam ağıla hansısa bir halda müxalif olsun.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

“Hədislər ağıla ziddir” – şübhəsinə cavab!

Bəzi hədis inkarçıları belə deyirlər: “Hədislər ağıla ziddir.” Belə olan halda biz necə onunla əməl edə bilərik?

Bu şübhənin cavabı: Bu məqamda yenə cavabdan əvvəl digər şübhəyə cavabdakı sualları veririk. “Hədislərin ağıla zidd olması” iddiasını edən bununla bütün hədisləri qəsd edir, yoxsa, az bir qism hədisləri? Yoxsa, yalnız mənasını birbaşa anlaya bilmədiyi hədisləri bu qavrama daxil edir? Bu iddianı edən sağlam, səhih hədisləri qəsd edir? Yoxsa, uydurma hədisləri? Görəsən bu iddianı edən şəxsin hədis elmindəki təcrübəsi hansı səviyyədədir?

Əgər bunu deyən bütün hədisləri qəsd edirsə, demək ki, o şəxsin öz ağılında problem var. Əgər uydurma hədisləri qəsd edirsə, elə uydurma hədisləri biz də qəbul etmirik. Alimlər tarix boyu uydurma hədisləri bəyan ediblər. Əgər söhbət zəif hədislərdən gedirsə, bununla da əməl olunmur, lakin bunda bu mövzumuzda kifayət etməyəcək uzun təfsilat və izah var. Əgər səhih, sağlam, mötəbər hədisləri qəsd edirsə, o hədislərin ki, peyğəmbərə gedib çatması sağlam və mötəbər elmi yolla isbat olunursa, o zaman deyirik:

Əsl budur ki, Peyğəmbərdən ﷺ sabit olan hər bir şey ağıla və fitrətə uyğundur. Mümkün deyil ki, sağlam hədis sağlam ağıla hansısa bir halda müxalif olsun. Sadəcə bu kimlərinsə hədisə yanaşma metoduna əsasən elə görünə bilər.

Məsələ burasındadır ki, bəzən Peyğəmbər ﷺ hədisində ağılları heyrətləndirəcək bir şeydən xəbər verir ki, ağıl öz zəifliyindən və acizliyindən bu xəbəri doğru qavraya bilmir. Lakin, bu xəbəri araşdırdıqda görürsən ki, bu xəbər heç də ağılın mümkünsüz hesab etdiyi və qəbul etmədiyi bir şey deyildir.

Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

«Peyğəmbərdən ﷺ gəlmiş hər bir (sabit) xəbər haqdır və bir-birini təsdiqləyir. Bu, həm də yaradılmışların fitrətinə uyğundur…İnsanlarda olan ağıl və fitrət aydın ağıla, sağlam məqsədə, doğru fitrətə nə də peyğəmbərdən sabit olan sağlam nəqlə (rəvayətə) müxalif deyildir. Bu, sadəcə kiminsə zənninə görə müxalif görünə bilər. Kim batil nəqlləri (rəvayətləri) təsdiqləyər və ya bu (sağlam) nəqllərdən lazım olmayan mənanı anlayar, ya da nəyinsə əqli məsələlərdən olduğuna zənn edərək buna etiqad edərsə, bu əqliyyat yox cəhliyyatdır. (red: yəni, bu ağıldan yox, cahillikdəndir) ya da bu özündən qəribə yol ixtira etməkdir ki, bu da bir müsibətdir. Əgər bu sağlam bir nəqlə zidd olarsa, belədir, əks təqdirdə (sağlam, mötəbər rəvayət olmazsa) açıq-aydın ağıla, ya da sağlam kəşfə zidd olar. O fikirləşər ki, bu rəvayət peyğəmbərin dediyidir, əslində isə bu onun adından uydurulmuşdur (mötəbər rəvayətlər isə belə deyildir). Ya da bəzən (mötəbər) rəvayətdəki hansısa bir sözü götürüb öz ağlından çıxardığı hansısa batil mənaya yozur. Əslində isə bu söz onun qəsd etdiyi mənaya dəlalət etmir.» (ər-Risələ əl-Arşiyyə, səh 35)

Həmçinin, o demişdir: «Açıq-aydın ağıla müxalif olan şey batildir. Quranda, Sünnədə və icmada isə batil yoxdur. Lakin, bu məsdərlərdə bəzi ləfzlər vardır ki, onu bəzi insanlar başa düşmürlər. Ya da bu ləfzləri batil mənalara yozurlar. Elə müsibət də onlardandır. Quran və Sünnədən deyil.» (Məcmuul-Fətəva, 11/490)

İbnul-Qeyyim demişdir: «Elçilər – Allahın onlara salavatı və salamı olsun – ağılların mümkünsüz hesab etdiyi və qətiyyən mümkün olmayacaq şeyləri xəbər verməmişlər. Əksinə, onların xəbərləri iki qismdir:

Birincisi: O xəbərlər ki, ağıllar və fitrətlər o xəbərlərin doğruluğuna şahidlik edir.

İkincisi: Ağıllarını mücərrəd olaraq anlaya bilmədiyi şeylər. Necə ki, bərzəx aləminin və axirətin təfsilatı barədə gələn qeybi xəbərlər, savabın və cəzanın təfsilatları vardır. Bunlar barədə verilən xəbərlər heç də ağıllara görə mümkünsüz deyildir. Hər bir xəbər ki, ağılla mümkünsüz olduğu zənn edilir, bu xəbərlər iki haldan kənara çıxmır: Ya o xəbər sahibinə nisbət olunan yalandır, ya da xəbəri qəbul edən ağıl fəsadlı anlamışdır. Bu isə xəyali bir şübhə sayılır. Bu şübhəyə düşən elə bilir ki, düşündüyü xəyal ağıllı və aydın fikirdir.»

(Kitab ər-Ruh, səh 62; Savaiqil- Mursələ, 3/829-830)

Bizim mövzumuz uydurma hədislər barədə deyil, Quranilərin inkar etdiyi səhih hədislərdir ki, guya onlar bu hədislərin ağılla uyğun gəlmədiyini deyirlər. Halbuki, səhih hədisdən onların anlamadığı bəziləri ağıllarının zəifliyindən və acizliyindəndir. Çünki, yuxarıdakı nəqllərdə də qeyd olundu ki, Allahın elçiləri ağılların anlamaqda çətinlik çəkdiyi xəbərləri verə bilərlər. Bu o demək deyil ki, həmin xəbər doğru deyildir. Eləcə də Quranilərin Qiyamətin əlamətləri barədə olan səhih hədisləri inkar etmələri heç də bunun ağılla uyğun gəlmədiyi üçün deyil, onlar hədisləri mötəbər məsdər görmədikləri üçün bu xəbərləri inkar etmişlər. Yoxsa, Quranda da bu qəbildən ağılların tam dəqiqliklə təsəvvür edə bilmədiyi xəbərlər vardır. Lakin, onların ağıl barədə qoyduqları qaydaları ümumən batildir. Çünki, hədisləri bu qayda ilə inkar edən Quranilər sabah eyni qayda ilə Qurana da şəkk edə bilərlər. Şəkk edirlər də. Çünki, onlardan bəziləri isə, xüsusən də müasir dövrümüzdə olanları guya ateistlərə rədd vermək üçün “ağılın qəbul etmədiyi, ağıla zidd olan səhih hədislər” anlayışını irəli sürürlər və bu minvalla yüzlərlə hədisləri inkar edirlər. Halbuki, onlardan əvvəl hədis alimləri batil və uydurma hədisləri bəyan etmişlər. Bu yeni Quranilər isə şəriətdə elementar şeyləri bilmədikləri halda alimlərin yolunu tərk edib naqis ağıllarını hədislər üzərində hakim təyin etmişlər. Ona görə də onların bu batil qaydası əslində onları daha betər bəlalara sürükləyir. Qəlblərində ayaqlarını dində sabit saxlayacaq kifayət qədər elementar bilgiləri olmayan Quranilər guya şəriəti müdafiə etmək adıyla özləri də bilmədən şəriəti inkar edirlər. Onların ağıl barədə qoyduqları bu batil qayda nə vaxtsa onların dindən çıxmalarına da gətirib çıxara bilər. Uca Allah buyurmuşdur:

«Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.» (Nisa, 115)

Quranilərin və başqalarının ayədə qeyd olunan kimi bu “ağılı şəriətdən önə çəkmək” yolu ayədə peyğəmbərə qarşı çıxmaq və möminlərin yolundan başqa yolla getmək ifadəsilə bütün İslamın Məhəmməd peyğəmbərin ﷺ funksiyasının və missiyasının ancaq öz dövrünə aid olmasını deyənləri də öz məfhumuna almış olur.

Həmçinin, insan qeybi məsələləri öz ağılı ilə yozsa, yəni, vəhyə tabe olmadan qeybi yozsa, bu gün hədislərdəki qeybi xəbərləri inkar edirsə, sabah da Qurandakı qeybi xəbərləri inkar edə bilər. Çünki, ağıllar müxtəlifdir. Ola bilsin ki, sən bir şeyi qəbul edəsən, başqası qəbul etməsin və ya bunun əksi olsun. O zaman müxtəlif olan ağılları necə Quran və sünnəyə hökm verən (meyar) təyin etmək olar? İslam şəriəti ağıla yüksək yer vermişdir, bir çox ayələrdə «məgər düşünmürlərmi?», «ola bilsin ki, düşünəsiniz», «bunda ağıl sahibləri üçün ibrətlər vardır» və s. ağıl və düşünmək barədə danışılmışdır.

İslam dini ağıla yüksək dəyər versə də ağılı hər şeydə həqiqət meyarı etməmişdir. Çünki, ağıl kainatdakı hər şeyi dərk edə bilmir.

Ona görə də insan ağıla əsaslanmaqda həddini aşmaqdan çəkinməli və şəriətdə bir şeyi anlamadığı təqdirdə bilənlərə müraciət etməlidir. Hər bir şeydə həddi aşmaq zərərlidir. Necə ki, su öz miqdarında faydalı olsa da, selə və sunamiyə döndüyü zaman böyük zərərlər verir. Eləcə də hər şeydə orta ölçülü olmamaq fəsad verir. İnsanın ağılı qocalanda zəifləyir, bəzən gənc ikən doğru mövqe tutmaqdan yayınır, bəzən insan hislərinə qapanıb qəzəbləndiyi zaman ağılı ilə deyil, emosiyaları, hisləri ilə hökm vermiş olur. Ona görə də şəriət bu naqislikləri nəzərə alaraq ağıla lazımi qiyməti versə də, ağılı bizə ilk məsdər etməmiş, nə də Quran və sünnədən önə çəkməmişdir.

Allah hüccət qaldırmaqda ağılla nəqli cəm edib. Nəqli səhih dəlillər ağıla necə zidd ola bilər ki, məxluqlara ikisiylə birgə hüccət qaldırılıb?! Məsələn, Allah Quranda həm əqli, həm də nəqli dəlili bu ayədə cəm etmişdir:

«Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”» (Mulk, 10)

Ayədəki, «dinləmək» (eşitmək) nəqli dəlilləri eşitməyə dəlalət edir ki, onlar nəqli dəlilləri inkar etdilər. «Anlmamaq» isə ağıl etmək, düşünmək, başa düşmək anlamındadır ki, onlar mötəbər nəqli dəlilləri ağılları ilə düzgün qəbul etmədikləri üçün, bunun ağıla zidd olduğunu iddia edib inkar etdikləri üçün cəhənnəm sakinləri olacaqlar.

Başqa bir ayədə də Allah ağıl ilə nəqli dəlili bir arada qeyd etmiş və buyurmuşdur: «Onların qəlbləri var, onunla anlamazlar.» bir cümlə sonra isə buyurur: «qulaqları var, onunla eşitməzlər.» (əl-Əraf, 179)

Nəql (nəqli dəlillər) Allahın nazil etdiyidir, ağıl da məxluqdur. inkar edənlərin iddia etdiyi kimi “şəriət ağıla müxalifdir” sözüylə razılaşmaq o deməkdir ki, haşa, guya Allah ağılda nə olduğunu bilmir və bilmir ki, ağılı ona müxalif olan bir şeylə muxatib edib, ya da ki, demək istəyir ki, Allah ağılda nə var olduğunu bilir, sadəcə olaraq bəyanının naqis olduğuna görə və yaxud qəsdinin pis olduğuna görə ağılı elə şeylə muxatib edib ki, ağıla zidd olsun. Bundan da belə çıxır ki, kim desə ki səhih hədislər ağıla ziddir, o şəxs Allaha tənə etmiş olur. Bu tənə ya Allahın elminə, ya qəsdinə ya da bəyanına edilmişdir.

Quranilərin bəziləri din düşmənlərinin tənqidinə məruz qalmış bəzi məşhur tarixi hadisələr barədə olan səhih və mötəbər hədisləri də İslamı guya “təmizə çıxartmaq” adıyla inkar etmişlər. Gəlin qeyd olunan məsələyə bəzi misallar çəkək:

BİRİNCİ MİSAL: Buxaridə varid olmuş “uraniyyin” hədisi (bax: Səhih əl-Buxari, 3018), müsəlman çobanları qətl edən iki şəxsin cəza olaraq şiddətli ölüm cəzasına düçar olmalarını inkar etmələri kimi. Halbuki, bu hədis barədə şübhəyə cavab çox sadədir. Hədis isə səhihdir. Çünki, ağıl da bunu təsdiqləyir ki, həmin şəxslərin peyğəmbəri ﷺaldatmaları, onun etibarını qazanıb sonra iki çobanı öldürmələrinin gunahı adi olmalı deyildi. Peyğəmbər ﷺ onların mədələrindəki ağrıdan müalicə olunmaları üçün həmin çobanların yanına dəvə südü və sidiyi içmək üçün göndərmişdi. Onlar isə dəvanı içib şəfa tapdıqdan sonra çobanları işgəncə ilə öldürmüşdülər. Şübhəsiz ki, bir peyğəmbərə ﷺvə müsəlmanlara qarşı böyük bir xəyanətin cəzası şiddətli bir cəza olmalıydı. Həmçinin, onlar artıq peyğəmbərə ﷺ qarşı döyüşən «muharib» hökmünü almışdılar. Quranilər isə bu mənanı başa düşmək yerinə həmin hədisi inkar etmiş, İslamda sanki, xəyanətkarlara cəza verilə bilməzmiş kimi özləri məntiqsizlik və ağılsızlıq yolunu seçmişlər. Yəni, hədis həm səhihdir, həm də sağlam ağıla da zidd deyil. Deməli, problem hədisdə deyil, “quranilərin” ağılındadır. Qaldı ki, dəvə südü və sidiyinin qatılıb içilməsinin dərman kimi istifadəsinə bunun bəzi xəstəliklərin müalicəsində necə faydalı olması barədə qədim və müasir alim və həkimlərdən çoxlu nəqllər etmək olar ki, bu mövzuda bu nəqlləri edib söhbəti uzatmaq istəmirik.

İKİNCİ MİSAL: Peyğəmbər ﷺ bir hədisində qoyun saxlanılan yerdə namazın icazəli olduğunu bildirmiş, amma, dəvə saxlanılan yerdə isə namaz qılmağı qadağan etmişdir.

Hədis belədir: «Qoyun tövləsində namaz qıla bilərsiniz, dəvə tövləsində isə namaz qılmayın. Çünki, o şeytanlardan yaranmışdır.» (Sünən İbn Macəh, 769; səhihdir)

Hədisin mənası isə: Burada məşhur olan mənaya görə o demək deyil ki, dəvə həqiqi mənada şeytanlardan yaranmışdır. Bunun mənası odur ki, dəvə əti yemək insanda kin-küdurətli (nifrət dolu) şeytani qüvvə əmələ gətirir. Qidalanan (insan) isə qidalanılana (əti yeyilən dəvəyə) bənzədilmişdir. Çünki, dəvə elə yaradılmışdır ki, o, nifrət və əziyyət etməkdə cinlərə bənzəyir. Ona görə də onun ətini yedikdə dəsnamaz almaq lazımdır. Onun tövləsində də namaz qılmaq qadağan edilmişdir.» (bax: Məcmuul-Fətəva, İbn Teymiyyə, (21/10; 20/523) və Haşiyətu İbn Abidin, 1/380)

ÜÇÜNCÜ MİSAL: Buna da peyğəmbərin möcüzələrini və bu barədə olan səhih hədisləri misal gətirmək olar. Biz Allah peyğəmbərinin möcüzələrinə iman gətirmişik. Məlumdur ki, Quranda peyğəmbərlərin möcüzələri var. Peyğəmbərin ﷺ hədislərdəki möcüzələrini inkar edənlər gərək onda Qurandakı digər möcüzələrini də inkar etsinlər. Məgər bu möcüzələrin hamısı Allah tərəfindən deyilmi? Hədislərdə Məhəmməd peyğəmbərin ﷺ merac səfərini (peyğəmbərin səmaya yüksəlməsini) inkar edənlər, onda Qurandakı digər peyğəmbər ﷺ möcüzələrini də inkar etməyə məcburdurlar. “Quranilər” Məhəmməd peyğəmbərin göyə yüksəlməsini inkar edirlərsə, onda İsa peyğəmbərin də ən-Nisa 158-də qeyd edilən göyə yüksəlməsini inkar etməlidirlər. Allah həmin ayədə belə buyurur: «Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır.» (ən-Nisa, 158)

“Quranilər” möcüzələrin Allah tərəfindən olduğunu qəbul edirlərsə, onda mötəbər hədislərlə Quranı fərqləndirib eyni qəbildən olan möcüzələri inkar etməli deyillər. Əgər mötəbər hədislərdəki möcüzələri “ağıla uyğun deyil” bəhanəsilə inkar edirlərsə, onda ən birinci Quranda keçən «İsanın quş düzəldərək onu üfləyib uçurmasını, Allahın iznilə ölüləri diriltməsini, Musanın ilana çevrilən əsasını, Salehin qayadan dəvə çıxarmasını və s. kimi bir çox möcüzələri də gərək inkar etsinlər. Amma, əslində isə ağıl bunların heç birini inkar etmir. Çünki, bu boyda böyük kainatı Yaradan Allah balaca bir əsanı ilana çevirməyə də Qadirdir. Ona görə də fironun sehrbazları onu (Musanın möcüzəsini) dərhal etdilər. Çünki, onlar bunun Allahdan olduğunu başa düşdülər.

Möcüzə isə: «Başqa insanların edə bilmədiyi və yalnız peyğəmbərlərə Allah tərəfindən verilmiş, ilahi qüvvə olmadan ərsəyə gəlməyən xüsusi qeyri-adi bir haldır ki, bu bir peyğəmbərin sadiqliyinə və Allah tərəfindən göndərilməsinə dəlalət edir.» (Bax, əl-Ənvar fi Şəməilin-Nəbiyyil-Muxtar, 1/29)

Deməli, möcüzəni Allahın yardımı olmadan bir peyğəmbər edə bilməz. Ona görə də bu qeyri-adi hal, ağılları heyrətləndirən möcüzə bir peyğəmbərin sadiqliyinə dəlalət etməlidir. Yəni, bu məsələdə insanın zəif ağlına və aciz idrakına tabe olunsaydı, onda ilahidən gələn şəriət olmazdı.

İnsanın əzaları məhdud gücə malik olduğu kimi insanın ağılı və idrakı da məhdud gücə malikdir. Göz bir neçə yüz metrdən o yanı görmür, qulaq bir neçə yüz metrdən o yanı, bəzən isə bir neçə on metr məsafədən o yanı eşitmir. Qol bir neçə kq-dan artıq yük qaldıra bilmir. Ağıl və idrak da belədir. İnsan bəzi şeyləri dərk edə bilmir. İnsan idrakının fövqündə olan böyük məsələlər var ki, insan idrakı onu dərk etməyə, qavramaya bilər. Kainatda insanların əsrlərdir axtardığı və hələ də dərk edə bilmədikləri məsələlər çoxdur. Bunu həm müsəlman alimlər, həm də qeyri müsəlman alimlər təsdiqləmişlər. Deməli, ağıl hər məsələdə meyar deyil. Əgər ağıl hər məsələdə meyar deyilsə, onda insan dərk etmədiyi qeyb aləmi, axirət dünyası, Allahın varlığı, möcüzələr və s. kimi çoxlu məsələlərdə öz ağılı və idrakını meyar edə bilməz. İnsanın ağılının kainatı dərk etməsinin məhdud olmasını qeyri müsəlman alimləri də təsdiqləyiblər. Ona görə də Kant və başqaları əslində “təcrübi elm mədrəsəsini” bir məsdər kimi irəli sürərkən bunu insan ağılının kainatdakı həqiqətləri anlamaqda məhdud və qüsurlu olduğundan dolayı məqbul hesab etmişdilər.

Seyyid Sabiq demişdir: «Bəşər övladının ağılı nə qədər zəka, güc və idrak qazansa da varlıqların həqiqətini dərk etməkdə olduqca qüsurlu və acizdir. Bu ağıl insan vücudunu, psixologiyasını tanımaqda tanımaqda acizdir. Belə ki, bu məsələ elmdə və fəlsəfədə ən qəliz mövzulardan biri olaraq qalmaqdadır. İnsan işığın həqiqətini bilməkdən acizdir. İşıq isə ən aydın və ən aşkarda olan bir şeydir. İnsan maddənin və onun təşkil olunduğu zərrələrin həqiqətini bilməkdən acizdir. Maddə isə insanda ən sabit mövcud şeydir. Beləliklə, elm kainatın və təbiətin bir çox həqiqətləri qarşısında aciz durumda qalaraq son sözü deməyi bacarmır.» (Naqd Usul əl-Aqlaniyyin, 2/42)

Quranilərin inkar etdikləri digər səhih, mötəbər hadislərin də düzgün əqli izahları vardır. Lakin, onlar insan ağılında naqislik olduğunu, bəzi şeylərin hikmətini insanın dərhal bilmədiyini, hətta, insanın bəzi məlumatları ümumiyyətlə qavraya bilmədiyindən qafil qalaraq dərhal anlamadıqları məlumatları inkar etmişlər. Quranilər itaət sözünün mənasını da öyrənməlidirlər. Məsələn; Quranda «Allaha və Elçisinə itaət edin» deyildiyi zaman deyilmədi ki, “Allaha və sonra ağlınıza” itaət edin və ya deyilmədi ki, Allaha itaət edin, peyğəmbərə isə “ürəyiniz istəyəndə” itaət edin. Həmçinin, deyilmədi ki, Allaha itaət edin peyğəmbərə isə ağlınız anlamayan şeylərdə itaət etməyin. Quranda belə bir şey yoxdur. Bu üslub nəfsinə və havasına tabe olanların üslubudur. Uca Allah buyurur: «Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!» (əl-Kəhf, 28) Başqa ayədə buyurur: «Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar.» (Sad, 26)

Allahdan istəyirəm ki, bizi nəfslərimizin şərrindən qorusun və bizi bir an belə nəfsimizlə baş-başa qoymasın.

İstifadə edilmiş mənbələr:

● Qurani-Kərim.
● Səhih əl-Buxari.
● Sünən ət-Tirmizi.
● Sunən əd-Dərimi.
● Sunəni ibn Macəh.
● Sunən İmam Əhməd.
● Sunəni Əbu Davud.
● Hucciyyətus-Sunnə.
● Sunən əd-Darəqutni.
● Cəmiu Bəyən əl-Elm.
● Haşiyətu İbn Abidin.
● Səvaiqul-Mursələh.
● Kitəb-ər-Ruh, İbnul-Qeyyim.
● İbn Sadın «Tabaqat» əsəri.
● İbn Salah, «Ulum əl-Hədis».
● Şərhu Müslim, İmam Nəvəvi.
● əl-Beyhəqinin «əl-Mərifə» əsəri.
● Savaiq əl-Mursələ, İbnul-Qeyyim.
● Bağdadinin «Təqyidul-İlm» əsəri.
● əl-Mədxəl ilə dələilin-Nubuvvət.
● əl-Quraniyyun və şubuhətuhum.
● ət-Təbəri, «Cəmiul-Bəyən» Ə. Şakir.
● Məcmuul-Fətəva, İbn Teymiyyə.
● İbn Kəsir, «Təfsirul-Quranil-Azim».
● əs-Sədi, «Teysirul-Kərimur-Rahmən.»
● Fəthul-Bari bişərhi Sahih əl-Buxari.
● ər-Risələ əl-Arşiyyə, İbn Teymiyyə.
● Məkənət Sunnətun-Nəbəviyyə. Umar.
● «Xizənətul-Ədəb», Xətib əl-Bağdadi,
● «Şərhu Divanil-Həməsə» əl-Mərzuqi.
● əl-Ənvar fi Şəməilin-Nəbiyyil-Muxtar.
● «Təfsirul-Quranil-Kərim» İbnul-Qeyyim.
● əs-Sunnətu və Məkənətuhə fit-Təşrii əl-İsləmi, dr. Mustafa əs-Sibəi.
● əl-Quraniyyun, nəşə’uhum, aqaiduhum, ədillətuhum, Ali Muhəmməd Zeynu.
● Dirasəət fil-hədis ən-Nəbəvi va tarixi tədvinuhu, Muhəmməd əl-Əazami.
● əl-Hədis Huccətun binəfsihi fil-Aqaidi vəl-Əhkam, şeyx Albani.
● Hucciyyətul-Hədisun-Nəbəvi, Muhəmməd İsmayıl əs-Sələfi, 2007.
● əs-Sunnətu, Hucciyyətuhə va Məkənətuhə fil-İsləm var-Raddu alə Munkiriyhə, Muhəmməd Loğman. 1989.
● Naqd Usul əl-Aqlaniyyin, Süleyman əl-Xuraşi.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    01.05. 2024
    NamazVaxt
    Sübh03:52
    Günəş05:40
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:37
    İşa21:07
    Namaza yeni başlayıram

Son əlavə olunanlar