“Hədislər Qurana ziddir” şübhəsinə cavab!

«Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.» (ən-Nəhl, 44)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Şübhə belədir: Hədislər Qurana ziddir. Ona görə də Quranla kifayətlənmək lazımdır.

Bu şübhənin cavabı: İslam ümməti ittifaq etmişlər ki, əgər hədis səhih (sağlam) motəbər olarsa, Qurana heç vaxt müxalif ola bilməz. Çünki, hədisi-şərif Quranın bəyanı və izahıdır. Uca Allah Quranı izah və bəyan etməyi öz peyğəmbərinə ﷺ əmr etmişdir: «Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.» (ən-Nəhl, 44)
Bu bəyan da Allahdan olan vəhy ilə olmuşdur ki, bu vəhyə tabe olan izah mötəbər hədislər yolu ilə baş vermişdir. Belə bir izah isə Qurana müxalif ola bilməz. O baxımdan ki, hər ikisi də Allah tərəfindəndir.

Peyğəmbərin ﷺ bəyanı, izahı həm Quran ayələrini oxumaq, həm də onun vəhyə tabe olan sözləriylə izah edilməsi yoluyla ola bilər. Peyğəmbərin ﷺ müstəqil məsdər şəklində gələn sünnəsində Quranın ümumi ayələrinin, qaranlıq qalan, tam aydın olmayan mənalarının izahı vardır. Bu hökmlər və bu mənalar qətiyyən Qurana müxalif ola bilməz.

● Hədislərin Qurana zidd olduğunu deyənlərə deyirik ki, siz hədislərin Qurana zidd olduğunu dedikdə hədislərin hamısını qəsd edirsiniz? Yoxsa, az bir qismini? Həmçinin, deyirik: Siz bununla səhih və mötəbər hədisləri qəsd edirsiniz? Yoxsa, bizim də uydurma və zəif olaraq qəbul etdiyimiz hədisləri?

1) Əgər uydurma və ya olduqca zəif hədisləri deyirsinizsə, biz də bu hədislərlə əməl etmirik. Halbuki, insanlardan sizə aldananlar əsasən uydurma hədislərin mövcudluğuna görə sizə aldanıblar. Lakin, onların hədis elmindən xəbərləri olsaydı, Allahın sünnəni böyük alimlər vasitəsilə necə qorumasından xəbərləri olaydı, uydurma hədisləri və hədis uydurmaçılarını elə ən birinci böyük hədis alimlərimizin bəyan etdiklərini, Quranilərin bu sahədə heç bir əməyinin olmadığını bilsəydilər, bu üç məsələni anlayardılar:

a) Hədis alimlərinin dinin, şəriətin qorunmasında olan əziyyətlərinin və qeyrətlərinin “dırnaqarası” din qeyrəti çəkənlərlə müqayisə oluna bilməyəcəyini,

b) Şəriətin xurafatlardan qorunmasında, ümumiyyətlə İslam dininin təhriflərdən qorunmasında sünnə alimlərinin böyük məqamının olduğunu,

c) İslam tarixində Quranilik hərəkatının dinə zərər və yalnız təhriflər gətirdiyini, şəriəti inkar etdiyini, hədis inkarçılığı ilə başlayıb sonda Quranı belə inkar edən yüzlərlə insanlar yetişdirdiyini, hətta, sonda dindən çıxan mürtədlər ordusunun yaranmasından başqa bir işə yaramadığını, zaman-zaman İslam düşmənləri tərəfindən müsəlmanları zəiflətmək məqsədilə istifadə olunduqlarını anlayardılar.

2) Yox əgər siz səhih və mötəbər hədislərin Qurana zidd olduğunu deyirsinizsə, onda gəlin bu məsələyə ümumən bir neçə apektdən yanaşaq:

Birincisi: Qəsdlərin müxtəlifliyi; Quranilər müxtəlif firqələri ilə, bəziləri hədisləri tam inkar etmiş, bəziləri bir qismini, bəziləri «əhəd» (tək bir səhabədən rəvayət olunmuş) hədisləri, bəziləri isə iddia etdiklərinə görə ağıllarına uyğun gəlməyən hədisləri inkar etmişlər. Ona görə də bu tayfaların “hədislər Qurana ziddir” dedikdə qəsdləri müxtəlifdir. Bəziləri isə bəzi haramların Quranda olmadığını bəhanə gətirərək həmin mötəbər, səhih hədisləri inkar etmişlər. Çünki, səhih sünnənin İslamın məsdəri olduğunu qəbul etməmişlər.

Məsələn; Bəzi böyük günahlar Quranda yoxdur. Biz bu günahları hədislər vasitəsilə tanımışıq. Heç bir ağıl sahibi müsəlman bu günahların qadağan əməl və haram olmasını inkar etməmişdir. Bu günahlardan;

1) Kişilərin özünü qadınlara bənzətməsi və qadınların özünü kişilərə bənzətməsi.
2) Ayaqyolunda üzərini təmiz saxlamayaraq nəcasətə bulaşdırmaq.
3) Qədəri inkar etmək.
4) Mömini söyməyin onu öldürmək kimi böyük günah olması.
5) Yas yerində hay-şivən salıb üz-gözünü cıraraq ağlamaq, bu yolla qədərə etiraz etmək.
6) Qonşuya əziyyət vermək.
7) Bu dünyada kişilərin qızıl taxması və ipək paltar geyinməsi.
8) Allahın sevimli qullarını söymək, onlara əziyyət etmək.
9) Üzürsüz yerə cümə namazını və camaat namazını tərk etməkdə davamlı olmaq, bu işdə israr etmək və s.

(Qeyd: İmam Zəhəbinin «əl-Kəbəir» kitabında qeyd etdiyi böyük günahların arasında bu sadaladığımız günahları görə bilərsiniz)

Görəsən, Quranilər Qurani-Kərimdə olmayan bu günahlardan hansını qəbul edirlər? Xüsusilə də, onların özünü kişilərə oxşadan qadınlar barədə mövqeyi bizə maraqlıdır! Axı bu böyük günah Quranda qeyd olunmayıb. Qeyd edək ki, söhbət əxlaqsızlıq etməkdən deyil, sadəcə özünü qadınlara oxşatmaqdan gedir. Quranda olmayan bu günahı görəsən Quranilər qəbul edəcəklərmi?! Yoxsa, hədisi bir yana qoyub “etməsə yaxşıdır” və ya “öz işidir, özü bilər” deməklə kifayətlənəcəklər?! Çox maraqlıdır!

İkincisi: Mənası dərhal anlaşılmayan hədislər; Biz «Hədislərin ağıla zidd olması» iddiası və ya şübhəsinə cavab verərkən az bir qism hədislərdən danışmışdıq ki, insan onu dərhal anlamaya bilər. Lakin, alimlərin izahına baxdıqda elm verilmiş şəxslərin şərhini bildikdə problemin aradan qalxdığının şahidi oluruq. Quranla müxalif olduğu iddia olunan hədislərin bir qismini elə bu hədislər əhatə edir. Buna bir misal verək, özü də “ölkəmizdəki Quranilərin ağlına zidd gələn bir hədisə” gəlin nəzər yetirək; hədis belədir; «Meyyit yaxınlarının onun üçün ağlamasına görə əzab olunar.» (Buxari) Bir ləfzdə isə: «Bəzi ağlamasına görə əzab olunar.» -deyə varid olmuşdur. Quranilər deyirlər ki, bu hədis bu ayəyə ziddir: «Heç bir günahkar başqasının günahını daşımaz.» (Ənam, 164) biz bunu necə anlamalıyıq?

Bu şübhənin cavabı belədir: Bu hədisi imam Buxari (Allah ona rəhmət etsin) rəvayət edib və elə özü qısa şəkildə bunu şərh edərək deyib: إذا كان من سنته «Əgər bu onun öz yolundan olarsa» yəni, yaxınlarının onun ölümündən sonra ona ağlamasını özü istəyərsə və tələb edrəsə.

Bir də burda ağlamaq dedikdə üz-göz cırmaq olan ağlamaq nəzərdə tutulur. Bu barədə qadağa var. Normal ağlamaqdan fərqli olaraq, ölü üçün üz-göz cırıb ah-nalə qopararaq ağlamaq bir növ Allahın qədərinə qarşı çıxmaq hökmündədir. Bu da böyük günahlardan sayılır. Əgər ölü vəsiyyət etsə ki, «mənim üçün belə və filan cürə ağlayın» onda o da əziyyət çəkəcəkdir. Çünki, bu zaman meyyit sağ ikən bu günahı vəsiyyət etməklə özü bu günaha səbəb olmuş sayılır. Alimlərin bu hədis barədə dedikləri və anladıqları məna da elə budur. Quranilər isə bu hədisi anlayışlarının darlığıdan dolayı başa düşməmiş və bu hədisin Qurana müxalif olduğunu iddia etmişlər.

Üçüncüsü: Bəzi hədislər var ki, nəsx və mənsux məsələsinə aiddir. Yəni, bir ayənin hökmünün ya Quran ayəsi, ya da hansısa mötəbər hədis vasitəsilə hökmünün yeni bir hökmlə özü də peyğəmbərin ﷺ sağlığında ikən əvəz olunmasının qeyd olunduğu hədislər. Quranilər bu hədisləri də qəbul etmirlər. Təbii ki, onlar şəriəti bilmədiklərindən dolayı Allahın bu ayəsini də anlaya bilməmişlər: «Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?» (əl-Bəqara, 106) Biz etiqad edirik ki, bu dəyişdirilmə həm hədis, həm də quranın başqa bir ayəsi yoluyla baş verə bilər. Lakin, biz istər Quranın Quranla nəsx olunduğunu, istər də hədislərin digər hədislərlə nəsx olunduğundan danışsaq da onlar ümumiyyətlə bu elmdən qafil qalır və bu elmə əhəmiyyət vermirlər. Ancaq onlara öz ziddiyyətli məntiqləri və müxtəlif cür düşüncədə olan ağılları lazımdır. Quranın hədislərlə nəsx olunması məsələsi elm əhli arasında ixtilaflı olsa da, Quranın Quran ayələri, hədislərin isə hədislər vasitəsilə nəsx olunması sabitdir. Biz bu kiçik araşdırmada hədislərin digər hədislər yoluyla nəsx edilməsindən danışacağıq. Lakin, gəlin ilk öncə Quran ayələrinin nəsxinin üç növünü qeyd edək.

Quran ayəsinin nəsx olunmasının (hökmdən, qüvvədən düşməsinin) üç növü vardır:

1) Ayənin tilavətinin də, hökmünün də silinməsi (qüvvədən düşməsi).
2) Ayənin tilavətinin qalması, hökmünün nəsx edilməsi (qüvvədən düşməsi).
3) Ayənin hökmünün qalması, tilavətinin nəsx edilməsi (qüvvədən düşməsi).

Birinciyə dəlil; Muslimin Aişədən rəvayət etdiyi hədis dəlildir. Həmin hədis süd qohumluğunun əvvəl on dəfə süd əmizdirməni gərəkdiyini, sonradan isə bu ədədin beş dəfəyə düşdüyünü qeyd edir. Beş dəfəyə düşdükdən sonra isə ayənin həm tilavətinin, həm də hökmünün nəsx olunduğu qeyd olunur.

İkinciyə dəlil; Ərindən boşanmış qadının «gözləmə müddəti»nin üç heyz müddəti olması barədə olan ayənin hökmü kimi. Sonra bu hökmdən əri ilə yaxınlıq etmədən boşanmış qadın, heyzdən tam kəsilmiş qadın, heyz olmadan boşanmış qadın və hamilə qadının hökmü istisna olaraq nəsx olundu. (Bax, Təbərinin təfsiri, səh 501; 4668)

Üçüncüyə dəlil: Yaşlı kişi və yaşlı qadının zina etdikləri təqdirdə daşqalaq edilmələrini əmr edən ayə; Bu ayə əvvəllər Quranda olmuş, sonra tilavəti silinsə də, hökmü qalmışdır. (Bax, Sünən əl-Beyhəqi, 16911; Sahihi ibn Hibban, 4428; Hakimin «əl-Mustədrək» əsəri, 8068)

Peyğəmbər ﷺ özü daşqalaq etmiş və ondan sonra da onun raşidi xəlifələri (Allah onlardan razı olsun) daşqalaq etmişlər.

Quranilər hansısa bir hökmün hədis vasitəsilə, yəni, peyğəmbərin ﷺ sözüylə Allah tərəfindən dəyişdirilə biləcəyini anlamamış, qəbul etməmiş, həmin hədislərin isə «hökmdən düşmüş» azsaylı ayələrlə uyğun gəlmədiyini və nəticədə Qurana müxalif olduğunu iddia etmişlər. Quranilərə tövsiyəmiz nəsx və mənsux məsələləri ilə əlaqədar bəzi faydalı kitabları oxumağı tövsiyə edirik ki, hətta, bu şübhədən də qurtula bilsinlər. Bu kitablardan:

1) Zuhrinin «ən-Nəsix vəl-Mənsux va Tənzilil-Quran» əsəri. (124h.vəf)
2) Qatadənin «ən-Nəsix vəl-Mənsux» əsəri. (117 h.vəf)
3) əl-Qasim ibnis-Sələmin «ən-Nəsix vəl-Mənsux» əsəri. (224 h.vəf)
4) Nəhhəsin «ən-Nəsix vəl-Mənsux» əsəri. (338 h.vəf)
5) Muqrinin «ən-Nəsix vəl-Mənsux» əsəri. (410 h.vəf)
6) İbn Həzmin «ən-Nəsix vəl-Mənsux» əsəri. (456 h.vəf)
7) Əbu Bəkr Zeynud-Din əl-Həmədaninin «əl-İtibar fin-Nəsixi vəl-Mənsuxi minəl-Əəsər» əsəri. (584 h.vəf)
8) Əbul-Fərəc əl-Covzinin « əl-Musaffə bi-Əkuffi əhlir-Rusuxi min ilmin-Nəsixi vəl-Mənsuxi» əsəri. (597 h.vəf)
9) Mər’i əl-Məqdisinin «Qaləidil-Mərcən fi Bəyəni ən-Nəsix vəl-Mənsux» əsəri. (1033 h.vəf)
10) Şeyx Muhəmməd əl-Əmin əş-Şinqitinin «Bəyənin-Nəsix vəl-Mənsux min Əyiz-Zikril-Həkim» kitabı. (1393 h.vəf)

Artıq yuxarıda qeyd etdik ki, hədisin Quran ayəsini «nəsx etməsi» (yəni, hökmdən, qüvvədən salması) alimlər arasında ixtilaflı olsa da, hədisin hədisi nəsx etməsi (hökmdən salması) isə sabit bir məsələdir. Biz burada nəsxin hər iki növünə misallar çəkərək mövzunu uzatmaq istəmirik. (Baxmayaraq ki, artıq bəzi misallar çəkdik) Bunun qeyd edilməsində əsas məqsəd budur ki, əgər bir hədis digər hədisi qüvvədən sala bilirsə, bu qüvvədən düşən hədisin isnadına xələl deyil. Çünki, əgər hədis qüvvədən düşərsə, digər səhih bir hədis möminlərə rahatlıq və ya başqa baxımdan yeni hökmü gətirərsə, bu o demək deyil ki, birinci hökmün rəvayət olunduğu hədis uydurmadır, təbii ki, bu zaman hər iki hədisin isnadı mötəbər, sağlam, səhih olmalıdır.

Birinci misal: Məsələn; İslamın ilk dönəmində namazlar iki rükət qılınırdı, sonradan rükətlərin sayının dəyişildiyini rəvayət edən hədis və ya əvvəllər iki rükət olduğunu xəbər verən hədisləri özümüzdən zəifləşdirə bilmərik. Çünki, isnadı mötəbərdirsə, burada fərq birinci hökmün qüvvədən düşməsi, yəni, nəsx edilərək ikinci hökmlə əvəz edilməsidir. Əgər kimsə bu məsələni başa düşməsə, deyə bilməz ki, birinci və ya ikinci hədis uydurmadır və ya zəifdir. Çünki, o birinci bizə hədis elminin qaydalarına əsasən bu hədislərdən hansınınsa uydurma olmasını isbat etməlidir. Əgər bunu edə bilmirsə, anlamalıdır ki, burada nəsx (qüvvədən düşmə, hökmü silinmə) var.

İslamın ilk dövrlərində namazın yalnız iki rükət qılınması, sonra isə rükətlərin fərqli formaya düşməklə üç dörd rükətli namazların da olmasının nəsx yoluyla olduğunu qəbul etməmişlər. Ümumiyyətlə, Quranilərin dünyada mövcud olan firqələri namazın rükət sayları və qılınış forması barədə ən azı beş rəy irəli sürərək ixtilaf etmişlər.

İkinci misal: Yaxud da Sahihi-Muslimdə Əbu Hureyrədən rəvayət olunan «Odda bişirilmiş yeməkləri yedikdən sonra dəsnamaz alın» əmrini verən hədisin peyğəmbərin ﷺ son qərarı ilə ləğv edilməsini misal gətirirlər. Birinci hədis Cabirin hədisi ilə nəsx edilmişdir. Bəzi alimlər isə bu hədisləri cəm edərək odda bişirilmiş qidalardan yedikdən sonra dəsnamaz almağın vacib deyil, bəyənilən olmasını qeyd etmişlər. Doğru olan bu iki mənadır. Lakin, bəzilərinin görüşünə görə burada qəsd olunan «dəstəmaz» mənasında işlədilən «vudu» sözündə lüğəvi mənanın qəsd edilməsini, yəni, ağızınızı və əllərinizi yuyun – mənasının çox uzaq məna olmasını alimlər bəyan etmişlər. Səhabələrdən bəziləri də ilk öncə bu hədislərə əməl edirdilər. Çünki, onlardan bəziləri sonradan bu hökmün aradan qalxmasını bilmirdilər.

İmam Nəvəvi (Allah ona rəhmət etsin) də bu barədə demişdir:

«İslamın ilk dönəmində qeyd etdiyimiz (odda bişirilmiş şeyləri yedikdən sonra dəstəmaz almaq) ixtilaf var idi. Sonra alimlər icma etdilər ki, odda bişirilmiş şeyləri yedikdən sonra dəstəmaz almaq vacib deyil.» (Şərhu Müslim, 4/266)

Üçüncü misal: Əli İbn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət olunan «Xeybər günü siğə nigahının və əhilləşdirilmiş uzunqulaq ətinin qadağan edilməsi» barədə olan hədis; Bundan əvvəl isə bu şeylər icazəli idi. Bu barədə olan hədislər icazə və qadağan arasında olduğu üçün son hökm əsas götürüldükdə icazənin nəsx (hökmün silinməsi) edilməsi aydın olur. Peyğəmbərin ﷺ son halı bu şeylərin qadağası üzərində olmuşdur. Ona görə də biz bu məsələnin uzun təfsilatına getmədən məsələnin nəsx tərəfini qeyd etməklə kifayətlənirik.

Hədislərin hədisləri nəsx etməsi, hökmdən salmasına çox misallar çəkmək olar.

Onlar hədislərin birinin digərini nəsx edib qüvvədən salması barədə, xüsusən də ilk hökmlə son hökmü bilməmələri ucbatından həmin hədisləri bir-birinə zidd hesab etmişlər.
Gəlin, bura kimi dediklərimizi ixtisar edək:

Quranilərin “hədislər Qurana ziddir” demələri əsasən bu məsələlər üzərində dövr edir: Qəsdlərinin müxtəlif olması, mənasını dərhal anlamaya bilmədikləri hədisləri hərəsinin öz ağlına görə yozması, nəsix (hökmdən salan) və mənsux (hökmdən salınmış) məsələsi. Buna əlavə olaraq isə quranilərin İslam alimlərinin zahiri ilk andan ziddiyyətli görünən hədisləri cəm etmək və tərcih (üstün çıxartma) etmək üslubunu bilməmələrini əlavə etmək olar.

Dördüncüsü: Sünnənin (hədislərin) Quranla əlaqəsi üç növdür:

1) Hədislər Quranda gələni təsdiq edir.

a) Qurandakı bəzi günah əməllərin haram olmasının təsdiqi kimi; içki, faiz, qumar, zina kimi əməllər.

b) Qurandakı gözəl və pis əxlaqların təsdiqi kimi; gözəl söz söyləmək, təvazökarlıq etmək, valideynə, qonum-qonşuya yaxşılıq, sədəqə vermək, pis söz söyləməkdən uzaq durmaq, nəmmamlıqdan, qeybətdən, lağlağıdan, təkəbbürlükdən və s. uzaq durmaq kimi onlarla əməlləri buna misal çəkmək olar.

c) Hədislərin Qurandakı namaz, oruc, zəkat, həcc və başqa əməllərin ümumi təsdiqləyicisi olması misalı. Bununla yanaşı hədislər bu əməllərin təfsilatını da verir.

2) Hədislər Quranda gələni təfsir edir, açıqlayır, ümumi gəlmiş hökmü xüsusiləşdirir və s.

Məsələn; Qurani-Kərimdə: «Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan uzaq olun və pak olmayınca onlara yaxınlaşmayın» (əl-Bəqərə, 222) Yəhudilər qadınlara heyz vaxtı yaxınlaşmırdılar, bəziləri qadınları otaqdan belə çıxarır, ümumiyyətlə yaxın durmurdular, bir yerdə yemək yemir və s. bu cür tərk edirdilər. Peyğəmbərdən ﷺ bu barədə soruşulduqda cinsi əlaqədən başqa bütün yaxınlıqlara icazə verərək bu ayənin mənasını müsəlmanlara öz sözü, hədisi vasitəsilə izah etmiş oldu. Beləcə ayədəki «yaxınlaşmamaq» sözü ümmətə aydın oldu və ümmət qadınları heyz vaxtı yəhudilər kimi tərk etmədi.

Həmçinin, Quranda qənimət barədə ümumi danışılsa da, xüsusi məna ifadə edərək (döyüş meydanında) öldürülən düşməndən ələ keçilirən qənimətin düşməni öldürən şəxsin özünə aid olmasının bəyanını hədislərin bu xüsusi izahına aid etmək olar.

Miras haqqında Quranda qaranlıq qalan, qeyd olunmayan qohumların mirasdan payları və ya mirasa aid toxunulmayan məsələlərin hədislərdə ətraflı izahı və s. mövzuların hədislərdə əhatəli şəkildə qeyd olunması da hədislərin Quranın ümumi hökmlərini xüsusi izah edərək xüsusi təfsilat verməsinə aid etmək olar.

3) Hədislər Quranda gəlməyən bir şeyi (hökmü və ya xəbəri) bəyan və ya təfsir edir.

a) Siğənin və uzunqulaq ətinin haram olması kimi.
b) Homoseksualların şəriətdəki cəzası kimi.
c) Qızıl və ipəyin kişilərə bu dünyada haram olması kimi.
d) Qadınların özlərini kişilərə, kişilərin də qadınlara bənzətməsinin böyük günahlardan olmasının bəyanı və s. onlarla əmr və qadağalar.
e) Qadının əmisinin və dayısının onun məhrəmlərindən olması kimi. (Məhrəmlərin bəyan edildiyi ayədə bu məsələ yoxdur)
f) Süd qohumluğu ilə məhrəm olan hər kəsin nəsəblə də məhrəm olması.
g) Malı girov qoymağın icazəli olması.
h) Babanın mirasının hökmü.
i) Heyzli qadına oruc və namazın qadağan olması.
j) Ramazanın səhəri yoldaşıyla yaxınlıq edənə kəffarənin vacib olması və s.

İbn Qeyyim (Allah ona rəhm etsin) bu üç növü təfsilatı ilə zikr edəndən, Qurandan ziyadə hədislərdə qəsd olunan mənaları misallarla qeyd etməzdən əvvəl demişdir:

“Və bu üç qismdən heç birini rədd etmək caiz deyildir…” (İ’ləmul-muvaqiin, 2/323).

Onu da qeyd edək ki, bəzi əməllərin Quranda pisləndiyi yer alsa da onlara verilməsi gərəkən şəri cəza hədislərdə gəlmişdir. Məsələn; homoseksualların şəriətdəki cəzası Quranda deyil, hədislərdə gəlmişdir. Ona görə də Quran hədislərlə, hədislər də Quranla tamamlanır. Bu iki məsdər İslamın əsas iki məsdərdir. Ona görə də Muhəmməd Peyğəmbər ﷺ buyurmuşdur: «Mənə Quran və onun misli (hədislər) verilmişdir.» (hədisi Əbu Davud, Tirmizi, ibn Macəh və Darimi rəvayət etmişlər)

Həmçinin, Hakimin Əbu Hureyrədən rəvayətində Peyğəmbər ﷺ belə buyurmuşdur: «Sizə iki şeyi tərk edirəm ki, bunlardan sonra yolunuzu azmazsınız: «Allahın kitabı və Peyğəmbərin sünnəsi» (əl-Mustədrək, əl-Elm, 1/93; Bu rəvayətdən öncə isə məsdərdə İbn Abbasın bu hədisə şahidliyi var; Həmçinin, İbn Abdil-Bərr də bunu rəvayət etmişdir.)

Bütün bu izahlardan ağılı başında olan hər bir müsəlman onu dərk edir ki, sünnə Quranın izahıdır. Sünnəni inkar etmək İslamın iki böyük məsdərindən birini inkar etmək və küfrdür. Nəticədə sünnə Qurana müxalif deyildir, onun bəyanı və izahıdır.

İstifadə olunmuş mənbələr:

1) Qurani-Kərim.
2) Səhih əl-Buxari, Muhəmməd İsmail əl-Buxari.
3) Sunəni Əbi Davud, Əbu Davud əs-Sicistani.
4) Səhih əl-Muslim, Müslim ibnil-Həccəc ən-Niysaburi.
5) Əl-İtibar fin-Nəsixi vəl-Mənsuxi minəl-Əəsər, Əbu Bəkr əl-Həmədani.
6) Əs-Sunnətu, Hucciyyətuhə va Məkənətuhə fil-İsləm var-Raddu alə Munkiriyhə, Muhəmməd Loğman əs-Sələfi.
7) Şərhu Muslim, imam Nəvəvi.
8) İləmul-Muvaqqiin, İbnul-Qeyyim.
9) İbn Kəsirin «əl-Kəbəir» kitabı.
10) Şərhu Sahihi Müslim, İmam Nəvəvi.
11) İbn Kəsirin «təfsirul-Quranil-Azim» kitabı.
12) İbn Cərir ət-Təbərinin Qurani Kərimi təfsiri.
13) Hakimin «əl-Mustədrək» əsəri.
14) əs-Sunnətu, Hucciyyətul-Hədis va Məkənətuhə fil-İsləm, Muhəmməd Loğman əs-Sələfi.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:52
    Günəş05:40
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:37
    İşa21:07
    Namaza yeni başlayıram

Son əlavə olunanlar