Allah niyə bəzi insanların duasını qəbul etmir?

Doğru sual isə belə qoyulmalıdır: «Görəsən mənim duamın qəbul olunmasına mane olan səbəb nədir?»

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Birincisi; Allah imtahan edir və lakin O imtahan olunmur. Sınağa çəkir, sınağa çəkilmir. O kəs ki, Allahı imtahan etmək üçün Allahdan istəyir (dua edir) artıq Allahın əmrinə müxalif olmuşdur, belə bir halda o necə duasının qəbul olunmasını istəyir?

İkincisi; Allah bir çox insanların duasını qəbul etmişdir. Bu, həm özümüzdə, həm də başqalarında şahidi olduğumuz bir məsələdir.

Doğru sual isə belə qoyulmalıdır: «Görəsən mənim duamın qəbul olunmasına mane olan səbəb nədir?»

Bu, insanı öz nəfsinə qayıtmağa, öz gizli xətalarını axtarmağa, öz halını düzəltməyə, Allaha yaxınlaşmaqda daha çox çalışmağa gətirib çıxarır ki, bununla da Allahın bizim üçün seçdiyinin bizim özümüz üçün seçdiyimizdən daha xeyirli olmasına qane oluruq.

Üçüncüsü; Bizim Yaradanın olması barədə qəti əqli dəlillərimiz var ki, bu dəlillər Onun Hikmətinin və Elminin kamilliyinə dəlalət edir. Ona görə də bəzi insanların duasının qəbul olunmaması bu qüvvətli dəlillərlə qarşı-qarşıya gəldiyi zaman, ağıllı insanlara gərəkir ki, daha qüvvətli olanı önə çəksinlər, problemə dözüm göstərsinlər və məsələni daha aydın hüccətə görə anlasınlar. Bu məsələ fitri və mövcud olan bir şeydir.

Dördüncüsü: Duaya cavabın gecikməsindəki hikməti axtarmaq;

Çünki, insanın elminin məhdud olması insanın fikirlərinin və təmənnalarının məhdud olmasına gətirib çıxarır. O cümlədən, neçə-neçə dualarımız var ki, qəbul olmasına mane olunmuş, lakin, sonradan bunun bizim üçün xeyirli olan tərəfi aydın olmuşdur.

Qul bilməlidir ki, duanın qəbul olunması bir neçə növdür. Ya Allah qulun duasına qarşılıq verərək onun istəyini həqiqətə çevirər, ya o dua vasitəsilə ondan bir şərri uzaqlaşdırar, ya da onu Qiyamət günü Allaha daha çox ehtiyacı olduğu günə saxlayar. Həqiqətən də insan gələcək barədə nəyin daha xeyirli olduğunu tam bilmir.

Beşincisi; İbnul-Qayyim (rahiməhullah) demişdir:

«Dua və sığınmalar silah kimidir. Silah da onunla vurana görə silahdır, yalnız silah olmasına görə deyil. O vaxt ki, silah tam və problemsiz olur, o silahın istifadəçisi də qüvvətli (işini bilən) olarsa, maneə aradan qalxarsa, bu zaman həmin silah düşməni sarsıdar. Nə vaxt ki, bu üç şeydən biri olmazsa, (silahın) təsiri ortadan qalxar.» (“Dərd və Dəva” kitabı, səh. 26)

Altıncısı: Bu məsələdən danışıldığı zaman bu məsələyə aid bütün dəlillər gətirilməli və dəlillərin bəzisinə baxıb, bəzisini tərk etməməliyik. Necə ki, Allah buyurmuşdur: «Mənə dua edin, Mən də sizin duanızı qəbul edim.» Həmçinin, O buyurmuşdur: «Biz sizi mütləq sınağa çəkəcəyik.» Hər kim ki, ayədəki «dua» sözünün anlamında Allahın bəşər övladını sınağa çəkmək sünnəsinə son qoymağı istəyərsə, artıq o, bəzi dəlilləri götürmüş, bəzi dəlilləri isə tərk etmişdir.

O cümlədən, səhih bir hədisdə gəlmişdir ki, «Sizdən biri tələsmədikcə onun duasına cavab verilər. Sizdən biri (tələsərək) deyər ki, dua etdim, duam qəbul olunmadı.» (Buxari, Muslim)

Bu dəlil də duanın qəbul olması şərti üçün mühüm bir məsələni bəyan edir ki, o da tələsməməkdir.

Yeddincisi: Bəzi insanlar haram yeyir, haram içir, haram geyinir, sonra da deyir ki, “mənim duam qəbul olunmadı”. Ümumiyyətlə, haram yemək duanın qəbul olunmasına maneələrdən biridir. Hədislərdən birində Peyğəmbər (Allahın Ona salavatı və sslamı olsun) buyurmuşdur:

«Bir kəs (Haqq yolunda) uzun səfərə çıxar, saçları dağılmış, toza torpağa batmış bir halda əllərini səmaya uzadaraq: Ya Rəbbi, ya Rəbbi! deyə dua edər. Halbuki, yediyi haram, içdiyi haram, geydiyi haram (xülasə) özü haramla qidalanmış olarsa, belə bir kəsin duası necə qəbul edilər?»

(Muslim, Zəkat, 19; Tirmizi, Təfsir, 3; Əhməd ibni Hənbəl, 2/328)

İnsan dua etdikdə haram, günah, günaha təşviq və ya mümkünsüz bir şey də istəməli deyil.

Həmçinin, günahlara dalmaq, asiliklər etmək də duanın qəbul olmasına maneələrdən biridir.

Həmçinin, qulun qəlbinin zəif olması və onun Allaha yönəlməsinin zəif olması da duanın qəbul olunmasına meneə olan səbəblərdəndir.

Lakin, ateistlərin duanın qəbul olmamasını Allahın inkar edilməsinə səbəb kimi göstərmək iddialarına gəldikdə onlara deyirik ki: «Əgər fərz etsəniz ki, Uca Allah duanı qəbul etmir – bu heç də Allahın olmaması anlamına gəlmir!»

Biz artıq duanın qəbul olunmamasının səbəblərindən və hikmətlərindən danışdıq. Odur ki, insan duasının qəbul olmaması halında birinci baxmalıdır ki, Allahla özü arasında olan əlaqəyə (duanın qəbul olunmasına) günahlar və s. ilə bir xələl gətiribmi? Sonra hikmətlərə və başqa səbəblərə baxmalıdır. Bir insanın duasının qəbul olunmadığı üçün birbaşa Allahı ittiham etməsi və bu məsələlərə diqqət yetirməməsi o şəxsin haqdan uzaqlaşmasına və Allah haqqında pis zənninə dəlalət edir. Belə pis haldan Allaha sığınırıq!

Hazırladı:  Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar