Kainat necə yaranıb?

Hər şeyin Yaradanı olan Uca Allahın adıyla!

Hər şeyin Yaradanı olan Uca Allahın adıyla!

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Kainatın yaranması barədə söhbət əslində çox geniş mövzudur. Bu barədə olan fərziyyələrin hamısı əsasən iki məsələ üzərində dövr edir. Ya kainat əvvəldən var idi, ya da sonradan yarandı. Bu iki məsələdə kainatın yaş fərqi elə də önəmli deyil. Çünki, bunların hamısı ehtimallardır. Lakin, əsas məsələ istər kainat “əvvəldən var idi, istər sonradan yarandı” dedikdə əsas hədəf onu yaradanın olub olmaması məsələsinə bağlıdır ki, bu barədə müzakirələr də bu məqsədə xidmət etməlidir.

Kainatın yaranması haqda danışası olsaq, əsas altı yeddi ehtimal üzərində dayanmalı olacağıq. Gəlin bu ehtimalları bir-bir qeyd edək və müxtəsər təhlil edək. Bu təhlili isə İslam dininin Üsuli-Fiqh elminə əsasən “əs-Səbru vət-Təqsim” qaydasına görə edəcəyik. Yəni, kainatın yaranması barədə olan ehtimalları bir araya yığdıqdan sonra fasid ehtimalları rədd edib, doğru ehtimalı qəbul edəcəyik. Gəlin başlayaq ehtimalları qeyd etməyə:

1. Əzəli kainat,
2. “Heç nəyin” yaratdığı kainat,
3. Özü-özünü yaradan kainat,
4. Təbiət qanunlarının yaratdığı kainat,
5. Təsadüfən yaranan kainat,
6. Müxtəlif kainatlar nəzəriyyəsi,
7. Allahın yaratdığı kainat.

1) Əzəli Kainat; Bu o deməkdir ki, kainat əvvəl də mövcud id, indi də var. Yəni, kainat həmişə mövcud olmuşdur və onun yaranma başlanğıcı yoxdur. Ateistlər son bir iki əsrdə bu mövzunu müzakirə edirlər. Lakin, bu mümkün ehtimal deyildir. Çünki, hər şey, hətta tətbiqi (təcrübi) elmlər belə ona dəlalət edir ki, kainat sonradan yaradılmışdır. Əgər Astronomiya elminə baxsaq, astronomlar deyirlər ki, ulduzların yaranma və ölüm tarixi vardır. Əgər Geologiya elminə baxsaq, onlar daşların, qayaların, dağların yaşlarını təxmin edir və deyirlər ki, filan ərazi neçə yüz min il öncə əmələ gəlib. Bu isə o deməkdir ki, kainat əzəli deyil. Gözlə gördüyümüz məxluqlar da yaşayır və ölürlər. Bu barədə dəlillər çoxdur. İstilik dinamikasının ikinci qanunu da bunun dəlillərindəndir. Ona görə də ateistlərdən bəziləri bu qanunu inkar etməyə çalışırlar. Eynşteyn deyir ki, bu qanun qanunların atasıdır. İstilik dinamikasının ikinci qanunu (entropy). Bu qanun enerjidən xəbər verir. Avtomatik yayılma məsələsi var burda. Götürək bir neçə içində su olan stəkanda çernelin yayılması prossesini ki, bu avtomatik şəkildə baş verir. Təsəvvür edin, dörd stəkan şəkli var, hər birində suya biri digərindən daha çox yayılmışdır. Sonuncu stəkanda isə yayılma prossesi tam baş vermiş və stəkandakı suyun hər yerinə yayılmışdır. Buna yayılma prossesinin ölməsi deyilir. Yəni, çernil stəkandakı suyun hər yerinə yayıldığı üçün artıq yayılma prossesi dayanmışdır. Birinci şəkildəki stəkanda çernil yoxdur. İkinci şəkildə çernil artıq stəkana tökülmüşdür. Üçüncü şəkildəki stəkanda isə artıq çernil stəkanın əksər hissəsinə yayılmışdır. Dördüncü şəkildə isə çernil stəkandakı suyun hər yerinə yayılmışdır. Buna «eyniləşmə» deyilir. “Enerji” də belədir. Məsələn; evin bir otağını, oradakı temperaturu götürək, orada enerji yayılır və otaqdakı istilik eyniləşir. Otaqda istiliyin eyniləşməsindən sonra bu prosses dayanır, yəni, ölür. Bu qanun deyir ki, kainatdakı enerji yayılır. Çəkdiyimiz stəkan misalındakı çox yayılma misalı kimi. İndi də enerji yayılmaqdadır. Əgər kainat əzəli olsaydı, yəni, kainatın başlanğıcı olmasaydı, onda kainat dördüncü stəkandakı suyun məsəli kimi olardı, yəni, istilik kainatda hər yerə yayılar və kainat ölərdi. Çünki, bu qanuna görə enerji ölümün yayıldığı kimi yayılır.

Burada «Big bang» (böyük partlayış) məsələsi var. Bunu iddia edənlər deyirlər ki, kainat kiçik bir nöqtədə baş verən partlayışdan sonra yaranmışdır. Antoni Flo adlı 50 ildən çox ateist olmuş şəxs ömrünün sonuna yaxın “kainatın yaradıcısı var” adlı kitab yazmışdır. Kitabın əvvəlində deyir ki: «Etiraf etmək insanı rahatlaşdırır. Mən də etiraf edirəm ki, «Big Bang» nəzəriyyəsi ateistləri pis vəziyyətə salmışdır. Çünki, bu səmavi dinlərin daim iddia etdiyi bir şeyi müdafiə etmişdir. Bu da kainatın yoxdan yaranması anlamına gəlir.»

İndi isə gəlin bir sual verək. Görəsən, bu nəzəriyyə (Big bang – Böyük partlayış nəzəriyyəsi – yüz faiz doğrudurmu? Xeyr. Hətta, buna inanan keçmiş ateist Antoni Flo belə bunu yüz faiz təsdiqləmir, lakin, ən yaxın nəzəriyyə kimi qəbul edirdi. Hətta, fizik ateistlərdən olan Steven Vainberq – onun «Böyük partlayışdan əvvəlki üç dəqiqə» adlı kitabı var – belə böyük partlayışa tam şəkildə inanmırdı. Çünki, o ateist idi. Buna rəğmən o deyirdi ki, bu ən yaxın nəzəriyyədir. Hətta, bir çoxlarımızın tanıdığı məşhur fizik Steven Hoking «Zamanın daha qısa tarixi» adlı kitabı vardır. Hətta, o belə demirdi ki, “bu nəzəriyyə yüz faiz doğrudur”. Ona görə bir çox nəzəriyyələr yox olana kimi zəifləyir və sıradan çıxır, bu elmdə bilinən bir şeydir. Bir nəzəriyyə gəlir, doğru bilinir. Bir müddət sonra digər nəzəriyyə gəlib həmin nəzəriyyəni alt-üst edir. İndi «Big bang» nəzəriyyəsi barədə də bəzi suallar ortaya çıxır. Deməli, partlayış xaos törədir, nizam-intizam törətmir. Onda bu nəzəriyyə necə doğru ola bilər? Bu suala cavab verə bilmirlər.

Həmçinin, onlar deyirlər ki, bu prossesdə nə baş verdiyini nə fizika, nə riyaziyyat qanunları ilə izah etmək mümkün deyil. Bu da “möcüzədir”. Ateistlər möcüzələrə inanmasalar da özləri «Big bang» möcüzəsinə inanmış durumdadırlar. Deməli, bu nəzəriyyədə çatışmazlıq var.

Başqa bir çatışmazlıq isə belədir; Götürək mənfi və müsbət elektronları. Fiziklərə görə sabit olan budur ki, enerji maddəni ərsəyə gətirir. Eynşteyn deyir ki, maddə kütləsi enerji yaradır ki, bu da işıq sürəti kvadratında ortaya çıxır. Atom bombasının izahı da bu fikirdə var.

Deməli, big bang müdafiəçiləri deyirlər ki, böyük partlayışdan sonra istilik yarandı və bu mühitdəki enerjidən ilk olaraq elektronlar ortaya çıxdı. Ona görə isbat etməyə çalışdılar ki, enerji elektronları meydana gətirir, lakin, eyni vaxtda əks elektron da meydana gətirir. Deməli, əgər bu iki elektron bitişik olsa, biri digərini partladır. Beləcə «qama şöləsi» yaranır. Əgər bu iddia doğru olsaydı, onda bütün elektronlar bir-birini partladardı və kainat yaranmazdı. Bunu izah edə bilməmələri onları çaşqınlığa və heyrətə salır. Ona görə də onlar təxminlər etməyə başladılar. Rus fiziklərindən biri təxmin edir ki, elektronlar əks elektronlardan bir qədər böyük formada ortaya çıxmışdı. Bu da özü həcmində olan əks elektronu məhv etmiş, artıq qalan hissələrdən isə kainat yaranmışdır. Sual veririk ki, buna dəlil nədir?

Xülasə, deyirlər ki, birinci zərrəciklər yarandı. Sonra protonlar əmələ gəldi, sonra neytronlar əmələ gəldi, sonra isə hidrogen formalaşdı. Hidrogenin formulu asandır. Lakin, burada daha bir sual yaranır ki, necə oldu ki, neytronla proton bir araya gəldi? Hətta, bu kiçik zərrələrin öz qanunları var, bu necə əmələ gəldi? Hidrogendən sonra helium əmələ gəldi. Burada da bir sual yaranır. Necə oldu ki, helium karbona çevrildi? Çünki, onlar bu ardıcıllığın ərsəyə gəldiyini, sonra da digər maddələrin yarandığını iddia edirlər. Necə oldu ki, helium karbona çevrildi? Bu mümkün deyil. Çünki, burada çox dəqiq prosseslər getməli idi, o qədər dəqiq ki, bunun baş verməsi mümkün deyil. Ona görə deyilir ki, əgər partlayışın ilk dəqiqələrində ilk partlayışın sürəti digərindən bir az artıq olardısa, onda kainat məhv olardı. Əgər bu sürət az olardısa, yenə kainat bir-birinə girərdi. Ona görə də böyük partlayışla əlaqədar suallar çoxdur.

Həmçinin, bu böyük partlayış sıfır zamanda baş verməli idi ki, bu da doğru deyil. Yəni, zaman başlamadan öncə özü “heç nə” olan bir şeyin varlığı mümkün deyil.

Həmçinin, «Big bang» nəzəriyyəsindən belə anlaşılır ki, kainatı ehtiva edən maddə və enerji kainat yarandıqdan sonra kainatın mövcud olduğu zaman boyunca sabitdir. Lakin, bu nəzəriyyəyə əsasən kainat “heç nədən” yaranmışdır. Böyük partlayışın ilk anında maddənin və enerjinin sabitliyi qanunu bircə dəfəlik pozulmuşdur, sonra yenidən kainatın tarixi boyunca davam etmişdir. Bu fikir də naqis fikirdir.

Big bang nəzəriyyəsinə elmi etirazlar və tənqidlər çoxdur. Sonuncunu qeyd etməklə kifayətlənirik. O da bu nəzəriyyənin Quranda Allahın yer üzünü altı gündə yaratmasına müxalif olmasıdır.

George Smoot deyirdi: «Heç bir şəkk yoxdur ki, big bang (Böyük partlayış) nəzəriyyəsi kainatın yoxdan yaranması hadisəsi və fikiri olaraq dini fikirə bənzəyir.» (Time: Witness to the Birth of the Universe, Newyork, 2007. p: 17)

George Smoot’un bu sözləri bu nəzəriyyənin dini fikiri yalnız bir aspektdən dəstəklədiyinə görə deyilmişdir. O da kainatın əzəli olmaması və bir başlanğıcının olmasıdır. Yoxsa, Big bang nəzəriyyəsi elə də dinə uyğun bir nəzəriyyə deyildir. Lakin, bu nəzəriyyə dünyanın yaranmasını təsdiqləyir. Bu isə bir çox ateistlərin xoşuna gəlmir. Ona görə də bu məsələni anlayan ateistlər başqa nəzəriyyələri daha üstün tuturlar. «Big bang» nəzəriyyəsinin ən böyük yanlışı isə bu fərziyyənin, yəni, kainatın yaranması ilə nəticələnən “böyük partlayışın” Allah olmadan baş verməsini müdafiə etməkdir. Göründüyü kimi ateistlər dini fikirləri bir qədər fərqli formada da təqdim etməklə nəzəriyyələr irəli sürməkdən və bu nəzəriyyələri təbliğ etməkdən çəkinmirlər. Əsas məqsəd isə Allahı inkar etməkdir. Hətta, «Big bang» nəzəriyyəsi “yoxdan yaranmanı” qəbul etdiyi üçün din alimləri demişlər ki, təkcə yoxdan var olmanı qəbul etmək Allahın varlığına dəlil kimi bəs edir. Çünki, yaranma varsa, Yaradan da mütləq olmalıdır. Kainatda heç bir şey səbəbsiz baş vermir. Hər bir əsər də öz sahibinə dəlalət edir. Hər bir hərəkət də o hərəkəti edənə işarə edir.

O zaman sual verilsə ki, kainat əzəlidirmi? Cavab: Xeyr, əzəli deyil. Yaradılmış bir şey əzəli ola bilməz.

2) “Heç nəyin ərsəyə gətirdiyi kainat”; Bu ehtimala gəldikdə isə bu olduqca bəsit və əsassız bir ehtimaldır. Qayda budur ki, bir şeydə bir vəsf yoxdursa, o şey başqasına da onu (o vəfsi) verə bilmir. Məsələn; elmi olmayan başqalarına özündə olmayan elmi öyrədə bilmədiyi kimi, əslən mövcud olmayan bir şey bir anda kainatı da yarada bilməz.

3) Özü-özünü yaradan kainat; Bu da mümkün deyil. Çünki, heç nə olan (mövcud olmayan) bir şey varlığa səbəb ola bilməz. Belə bir şey nə özünü, nə də başqasını yarada bilməz.

4) Təbiət qanunlarının yaratdığı kainat; Bu mövzuya da ateistlər çox diqqət çəkirlər. Steven Hoking kimi bir alim görürsən ki, qəribə bir fikir söyləyir. Nə deyir? Deyir insanlar əvvəl etiqad edirdilər ki, Allah yağış yağdırır. Biz isə bu dövrdə kəşf etmişik ki, buxarlanma olur, sonra yağış yağır. Bu cür fiziklər çoxdur. Deyirlər ki, artıq kainatın nizamını bilirik. Bizim yaradana ehtiyacımız yoxdur. Bu söz qəribədir. Yəni, tutalım ki, səndə hansısa bir alət var. Sən o alətin işləmə mexanizmini öyrəndinsə, bu o deməkdir ki, o aləti düzəldən yoxdur? Bu sözü hətta, uşaqlar belə qəbul etməzlər.

Təbii ki, bu ehtimallardan danışarkən “təbiətin yaratdığı kainat” ifadəsindən məqsəd “təbiət qanunlarıdır”, təbiətin özü deyil. “Təbiətin özü” desək onda yuxarıdakı “özü-özünü yaradan kainat” və ya “heç nəyin yaratdığı kainat” ehtimalları da bura daxil olardı.

İslam alimlərindən ibnul-Qeyyim demişdir: «Təbiət – ərəbcə (فعيلة) “fəi’lətun” vəznindədir. Yəni, üzərində iş görülən, təsirə məruz qalan. Bu isə fa’ilə (فاعل), yəni, ona təsir edənə, onun üzərində iş görənə ehtiyac yaradır. Üzərində iş görülən bir şey isə mütləq şəkildə yaradılmış olmalıdır.» (Səid əl-Qahtaninin mühazirəsindən alıntı)

Təbiət qanunları öz-özünə yaranmır ki! Bu o demək deyil ki, təbiət qanunları özü-özünə yaranır. Onun mütləq yaradıcısı olmalıdır. Götürək hamımızın bildiyi maşını. Kimsə desə ki, maşının işləmək mexanizmini bilirəmsə, onu kimin istehsal etdiyini bilmək lazım deyil. Onda maşın alanda baxma kim istehsal edib, get ən tez xarab olan maşını al ki, onu düzəldən şirkəti tanımasam da olar. Adi bir uşaq sual versə ki, bu maşını kim düzəldib? Onda sən o uşağa deyəcəksən ki, bu maşının işləmə mexanizmini bilirəm deyə onu düzəldənə ehtiyac yoxdur? Bu nə məntiqdir? Onda uşaq sənə deyəcək ki, mən bu maşını kim düzəldib deyirəm, sən isə onun necə işləməyindən danışırsan! Baxın, buna görə də ateizm elmə ziddir. Təbiətin qanunlarını bilmək onu düzəldən olmadığı anlamına gəlmir. Bunu iddia etmək elmə zidd danışmaqdır.

Müasir elm sübut edir ki, kainatdakı qanunlar dəqiq və nizamlıdır. Təbiətdə kainatın sabit qanunları vardır. Əgər bu qanunlar bir qədər doğru çalışmasa zərrələr zərər görər və bu kainatda böyük pozuntulara yol açar. Günəş bir qədər dünyaya yaxın olsa, yer üzündəki bütün canlılar istidən həlak olar. Günəş bir qədər az yer üzündən uzaqlaşarsa, yer üzündə soyuqdan canlılar həlak olar. Bütün bunlar bizə yer üzünü qoruyan bir yaradanın olduğundan və kainatın dəqiq planlamasından xəbər verir. İnsan qəlbinin döyüntüləri həddən artıq çox və ya az olduqda insan vücudunda problemlər yaranır. İnsanın bədən temperaturu müəyyən həddi keçdikdə insan həyati təhlükə ilə üzləşir. Əgər kainatdakı və dünyadakı dəqiq qanunlar olmasaydı, tibdə, kimyada, fizikada və başqa elmlərdə alimlər qanunlar qoya bilməzdilər. Əgər kainatda nizamsızlıq olsaydı, bu qanunlar qoyulmazdı. Məsələ aydındır, ona görə də deyirik ki, elmdə bu qanunların qoyulması Yaradanın mövcud olduğuna dəlalət edir. Əgər təbiətdə bu cür qanunlar olmasaydı, hər şey qarışıq, kor-koranə və xaos içində olsaydı, onda kimsə çıxıb Yaradanın olmadığını iddia edə bilərdi. Görəsən, təbiətdəki sabit qanunlar nəyə dəlalət edir? Bundan daha böyük sual isə budur ki, bu qanunları kim qoymuşdur?! Mümkün deyil ki, qanun özü-özünü yaratsın!

Təbiət qanunları və “təbiət yaratdı” demək barədə bu məqaləmizi də oxumağı tövsiyə edirik: Təbiətin yaratdıqları yoxsa Allahın yaratdığı təbiət

Məqalənin tam adı belədir: «Təbiətin yaratdıqları? Yoxsa, Allahın yaratdıqları?».

5) Təsadüfən yaranan kainat; “Təsadüfən yaranan kainat” ehtimalı və ya fərziyyəsi hədəfsiz kainat anlamını verir. Ateistlərin marağını ifadə edən təsadüfi yaranma həm varlığın mənasızlığına, həm də hədəfsiz, qayəsiz bir kainat anlamına gəlir. Ateistlər Allahın yaratması həqiqətini inkar etmək üçün bu yola da baş vurmuşlar. Təsadüfün mənasını isə bir misalla izah edək; Heç gözlənilmədən və planlaşdırmadan iki dost qəfildən üzbəüz gəlirlər… Bu, təsadüf adlanır. Onların qarşılaşmaq məqsədləri yox idi. Lakin, bu baş verdi. Bu kainatdakı mexanizmin təsadüfən bu qədər dəqiq çalışmasını heç bir ağıllı insan deyə bilməz. Təsadüf özüylə nizam-intizam gətirə bilməzdi.

Bir çox alimlər həyatın təsadüfən yaranmasının nə qədər elmi olub olmamasını araşdırmaq istəmişlər. Britaniyalı astronom Freid Hoyle Super Computerdən istifadə edərək məzun tələbələrin yardımıyla amibiya proteinlərinin təsadüfən yarana biləcəyi ehtimalı hesablanmışdır. Hansı ki, bu ehtimal həyatın ən bəsit formalarından biridir. Beləcə o iki min proteini sayır və bu proteinlərinin təsadüfən zahir olacağı ehtimalı hesablamağa səy göstərir. Sonda bu nəticəyə gəlir ki, bu amibiya proteinlərinin təsadüfən zahir olma ehtimalı 10.000 və yanında qırx min sıfır ədədi olan yazılması mümkün olmayan rəqəmdən yalnız bir ehtimalda mümkün ola bilər. Riyazi cəhətdən isə yanında 50-dən artıq sıfır olan 10 rəqəmi ilə verilən bütün ehtimallar mümkünsüz hesab olunur. Bu qədər böyük sıfırları olan rəqəm ehtimalında isə bu sadəcə xəyali bir şeydir.

(Bax: Sun’ul-Mutqin dilələt əl-Fiziyə alə Vucudil-Xaliq, Mustafa Nasr Qadih, səh 229, ixtisarla)

Assergon Timeblaton demişdir: «Görəsən qəribə deyilmi ki, kainatın heç bir qayə olmadan təsadüfən yarandığını iddia edənlərin özləri hər şeydə bir qayə, məqsəd axtarmaqda olduqca xəyalpərəst (ifratçı) insanlar olurlar!»
(Shrouds of the Night, Newyork, 2008, Springer, p: 373)

“Təsadüf” həm də Darvinin “təkamül” nəzəriyyəsinin söykəndiyi əsaslardandır. Darvinist ateistlər deyirlər ki, təsadüf xalis təsadüf deyil, zəruri təsadüfdür. Onlar təkcə təsadüfdən deyil, təbii seçmədən və zəruri təsadüfdən danışırlar. Biz desək ki, daşı atdın təsadüfən belə oldu, elə oldu, onlar deyəcəklər ki, hərəkətsiz əşyalarda təsadüfdən danışmırıq. Lakin, həqiqətdə bu özünü doğrultmur. Məsələn götürək buludları; buludların hərəkəti bizə görə təsadüf görünə bilər. Lakin, bu hərəkət Allahın təbiətə verdiyi qanunlar çərçivəsində hərəkət edir. Yəni, adətən buludlar müəyyən hündürlükdə hərəkət edir. Yağışın yağması üçün də müəyyən bulud kütləsinin cəmləşməsi, su buxarlanması prossesi zəruridir. Bizə dağınıq və təsadüfi görünən təbiət prossesləri əslində təbiətdəki qanunlardan kənara çıxmır. Deməli, bu təsadüfi deyildir.

Darvin deyirdi ki, ilk yaranış bir hüceyrədən olub və bu hüceyrə kortəbii şəkildə özü-özünü parçalamağa cəhd edib. Cəhd edib və bacarıb. “O zaman uğurlu cəhd qalır, uğursuz cəhd məhv olur” deyir və beləcə özünü buna inandırmağa çalışırdı. Daha böyük problem isə odur ki, guya bu hüceyrədən müxtəlif canlılar əmələ gəldi, canlılar çoxaldı və daim şəkildən şəkilə düşdü. Lakin, Darvinin dediyi ara keçid formalarının birinin də isbatı yoxdur. Əgər canlılar bir-birindən yaransaydı, burada ara keçid forması olardı. Bu isə Darvinizmin nəzəriyyəsini çökdürən məqamdır. Üstəlik, Darvin deyir bu hüceyrədən kiçik su canlısı yaranır, o da balığa çevrilir. Bu çevrilmə isə milyonlarla cəhdlərdən sonra alınır. Bunu belə ifadə edir ki, hətta, sözü daha inandırıcı olsun. Sonra balıq bir müddət sonra quruya çıxır və orda yaşamağa çalışır.

Burda da bir sual yaranır ki, balığın agciyərləri suda yaranıb, yoxsa, quruda? Əgər suda yaransa, o öləcəkdir. Yox, əgər quruda yaransa, balıq gözləsə ki, quruda ağciyəri yaransın, yenə suyun xaricində balıq öləcəkdi. Ona görə də burda artıq “möcüzəyə ehtiyac var” deyirlər. Bu nəzəriyyə doğrudursa, niyə yüzlərlə suallar qarşısında aciz qalır? Niyə möcüzəyə inanmayan ateist darvinistlər öz işlərinə yaradıqda möcüzəyə inanırlar? Sizcə bunda da bir ziddiyyət yoxdurmu? Deməli, bu kiçik hüceyrədən 35 milyondan çox canlı və növlər ortaya çıxdı. Bitki və ağaclar da bunun kimi formadan formaya keçdi deyə iddia olunur. Bax budur təkamül nəzəriyyəsi.

Darvinin özü belə bu nəzəriyyəyə inanmamışdır. Darvinin təkamül nəzəriyyəsinin 1972-ci ildə Amerika məktəblərində tədrisi dayanmışdır. Ateist Şimali Koreya ölkəsi isə 2012-ci ildə rəsmi qərar verərək bu nəzəriyyənin tədrisini dayandırır və elan edir ki, Darvinizm elmi əsaslara uyğun olmayan bir nəzəriyyədir. Təsəvvür edin artıq ateistlər belə bu nəzəriyyəyə etimad etmirlər. Xəbərin doğruluğuna şahidlik etmək üçün bu linkə baxa bilərsiniz:

https://www.nature.com/news/south-korea-surrenders-to-creationist-demands-1.10773?fbclid=IwAR1E89PIz8OefUu6H4zFNEqp2gcT_UsIRSD5UIcP1Aud5pMjEMG9K_UWiQ4

6) Çoxlu kainatlar nəzəriyyəsi (The Multiverse theory); Bu barədə müasir ateistlər çox danışırlar. İlahi yaradılışı inkar etmək üçün hər yola əl atırlar. Steven Hoking və Riçard Dawinks də bu nəzəriyyəni irəli sürən ateistlərdən olmuşlar. Çoxlu kainatlar nəzəriyyəsi fərziyyə və xəyal olmaqdan o yana keçmir. Bu nəzəriyyəni dəstəkləyənlər milyardlarla kainatın olduğunu deyirlər. Həyatın başqa yerlərdə də olduğunu deyirlər. Lakin, hələlik ki, elmi cəhətdən yalnız bizim kainatda həyatın olduğu isbat edilmişdir. (Söhbət dünyadan deyil, kainatdan gedir). Həmçinin, Riyaziyyat elmi də belə bir kainatın (milyardlarla) olmasının mümkünsüzlüyünə dəlalət edir. Milyardlarla kainatın mümkünlüyünü irəli sürənlərə bu kainatların necə yaranması barədə sual verilsə, sonra da bunlardan hansının əsas olduğu soruşulsa, cavab maraqlı olacaqdır. Bundan çətin suallar da bu iddianı və ya xəyalı edənlərə verilə bilər. Baxmayaraq ki, onlar kainatı Allahın yaratması kimi ən məntiqli cavab ilə bu ziddiyyətlərdən və cavabsız ehtimallardan qurtula bilərdilər.

Bu isə fəlsəfə, fərziyyə, xəyal olmaqla yanaşı, elmə də, riyaziyyata da ziddir. Hansı ki, ateizmi dəstəkləmək üçün elm iddiasında olanlar beləcə hər yola əl atır və elmdən kənara çıxmaq bahasına olsa belə, məntiqdən kənar olsa belə yenə də müxtəlif fərziyyələr irəli sürməyə vadar olurlar.

Ona görə də Edvard R.Harrison deyirdi: «Kainatın dəqiq bir nizamda olması onun ilk andan ilahi yaradılışa tabe olmasına dəlildir. O zaman özün seç: ya kor təsadüf ki, burada çoxlu kainatların olmasını lazımlı edir. Ya da yalnız bir kainatın olmasını lazımlı edən bir yaradılış!» (Masks of the Universe, Harrison, 1985. pages: 252-263)

Digər alimlərdən William Stoeger, Allan Sandage, Sir Artur Eddington, John Polkinghorne, Charles H. Townes, Lucretius, Gerard Schroder, Paul Davies, Isaac Nyuton, George Ellis, John A. Russell, Gerard Schroder və başqaları “çoxlu kainatlar” nəzəriyyəsini şiddətlə tənqid etmişlər. Bu barədə daha ətraflı Cordan Leydnerin “Yaradana iman və elm” kitabına baxa bilərsiniz.

7) Allahın yaratdığı kainat; Bütün bu ehtimallardan sonra yalnız bir ehtimal qalır ki, o da kainatı Allahın yaratmasıdır. Biz müsəlmanlar da buna inanırıq və zərrə qədər də şəkk də etmirik! Allah kainatı altı gündə yaratmışdır. Dünyanın yaradılışı da bu müddətin içində baş vermişdir. Allah Quranda buyurur: «Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.» (Əraf, 54)

Uca Allah biz insanları yer üzünün canişini etmək istəmişdir. əl-Bəqərə surəsi 30-cu ayədə də buna işarə edilmişdir. Lakin, Allah yer üzünün canişini etmək istədiyi insanların Ona inanan bir toplum olmasını (bax: Nur, 55) istəmişdir. Əgər Allah bu dünyada bizə Özünü göstərmək istəsəydi, onda bizim inanmaqla inanmamaq arasında imtahana tabe olmağımızın bir mənası qalmazdı. Eyni zamanda Allah biz insanlara bu yaratdığı kainatda və bizim öz yaradılışımızda dəlilləri göstərəcəyini bildirmiş və buyurmuşdur: «Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik.» (Fussilət, 53) Bu ayədə Allah bizə həm yaratdığı kainatda, həm də insanın öz yaradılışında Allahın kəlamının, Allahın yolunun haqq olmasına dəlillər olduğunu bizə xəbər verir. Sadəcə insan bu dəlilləri görməyi bacarmalıdır. Görmək istəməyən insan isə bəhanə axtaracaq və görməyəcəkdir. Sonra isə Allah şübhə edənlər barədə növbəti ayədə deyir: «Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir.» (Fussilət, 54) Şübhə edənlər isə möcüzə görsələr belə inanmazlar. Necə ki, əvvəlki inanmayanlar peyğəmbərləri onlara möcüzə göstərdikləri halda gözləri görə-görə o möcüzələri “sehr” adlandırırlar.

Allah Quranda buyurur: «O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi.» (İbrahim, 32-33)

Əgər diqqət yetirsək, Allah bizə Quranda bu yaratdıqları ilə necə öz diqqətini və riayətini göstərir, hətta, biz bu aləmdəki nemətlərdən zövq alaq və bunu Yaradan barədə düşünək! Bu iki ayədə Allah;

Yeri və göyü yoxdan yaratdığını, günəşi və ayı bizim yaşayışımıza uyğun tabe etdirdiyinə (günəş bir az yerə yaxın olsa, və ya bir az uzaq olsa, hər iki halda yer üzündə canlılar məhv olar, lakin, bu baş vermir), bizə gecənin sükunətindəki və gündüzün aktivliyindəki faydaları verdiyini, səmadan bizə su endirdiyini, yer üzündə bizim üçün müxtəlif bitkilər çıxardığını, yer üzündə bizə çayları və digər təbii sərvətləri verdiyini, hətta, əllərimizlə düzəltdiyimiz gəmilərin onun izniylə dənizlərdə suyun üzərində getdiyini, təbiətdə olan ilahi qanunları Onun izniylə öyrənə biləcəyimizə işarə edir. Bütün bunlar həqiqəti axtaran ağıl sahibləri üçündür ki, Allah insanın kainatdakı müdhiş gözəlliklərə baxıb öz Yaradanı barədə düşünməsini istəyir. Ona görə də O başqa Quran ayəsində belə buyurur:

«Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!» (Ali İmran, 190-191)

Bu ayədə Allah yerin və göyün yaradılması barədə doğru düşünənləri ağıllı adamlar adlandırır. Yəni, bunu ağıllı adamlar başa düşə bilir.

İsak Nyuton deyirdi: «Allah hər şeyin sayını da, çəkisini də, nisbətini də yaratmışdır.» (A Dictionary of Scientific quotations, 1991, Oxford, Taylor Fransis, p, 182)

William Phillips deyirdi: «Mən Allaha inanıram. Həqiqətdə elə bir ilaha inanıram ki, o kainatı idarə edir.» (http://novelists.net – p: 19)

James P. Joule deyirdi: «Aydındır ki, kainatdakı nizamı qoruyan şey Allahın sərbəst İradəsidir.» (James Prescott, Coule and the Consept of Energy, p: 142)

Owen Gigerich deyirdi: «Mən o təbiət kitabını təsdiqləyirəm ki, o kitab bizi kainatı bir hədəflə Yaradan Allaha və kainata dizayn verən Allaha yönəldir. Mən inanıram ki, mənim buna inanmağım bir alim kimi dəyərimə təsir etmir.» (Good’s Universe, Owen Gigerich, 2006, p: 79)

İstifadə edilmiş ədəbiyyat:

1. Qurani-Kərim.

2. Əl-İmən bil-Xaliq vəl-İlm, (Yaradana və Elmə iman) Cordan Leydner. (Məşhur alimlərin sözlərindən mötəbər iqtibaslar).

3. Əs-Sun’ul-Mutqin, Dilələətul-Fi’ziyə alə Vucudil-Xaliq. (Möhtəşəm yaradılış, Yaradanın varlığına fizikadan dəlillər), müəllif: Mustafa Nasr Qadiyh.

4. Keyfə bədə’əl-Xalq, dr. Amr Şərif, (Yaradılış necə başladı, dr. Amr Şərif)

5. Əvhəm əl-İlhəd əl-İlmi, həl tətəa’radu əl-Kuşufəət əl-İlmiyyə məal-İmən bil-Xaliq, (Elmi ateizm xəyalları: Görəsən Yaradana inanmaqla elmi kəşflər ziddiyyət təşkil edirmi? Müəllif: prof. Muhəmməd Bəəsil ət-Ta’i).

6. Video mühazirə: Ateizmlə bağlı məsələlər, (2014) dr. Səid ibn Hüseyn əl-Qahtani.

Topladı və tərtib etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.04. 2024
    NamazVaxt
    Sübh03:56
    Günəş05:42
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:34
    İşa21:04
    Namaza yeni başlayıram

Son əlavə olunanlar