Ramazana hazırlıq – 1-ci hissə

“Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır”. (Fətır, 6)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Usəmə ibn Zeyddən rəvayət olunan hədisdə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə deyir: “Ey Allahın Rəsulu, mən səni Şaban ayında oruc tutduğun kimi (və ya Şaban ayındakı qədər çox oruc tutduğun kimi) oruc tutan heç vaxt görmədim”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə cavabında buyurdu: “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də sevirəm ki, mənim əməllərim mən oruc olduğum halda qalxsın”. (Əhməd. Şeyx Albani hədisi səhih adlandırmışdır)

Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm də Ramazana hazırlıq baxımından bu ayda oruc tutardı. Çünki bu cür xeyir mövsümlərinə yaxınlaşdıqca şeytan insanı tənbəlləşdirir və ona vəsvəsələr edir ki, “Tərk etdiklərinin əvəzini Ramazanda çıxarsan… Ramazanda daha çox ibadət edərsən.”. Ramazan ayı girdikdən sonra isə insan artıq o aydakı xeyirləri əldə edə bilmir. Ramazan ayına heç bir xeyir əldə etmədən, girdiyi kimi çıxır. Səbəb də insanın tənbəllik düyününü açmaması olur. Buna görə Ramazanın bərəkətini əldə etmək istəyən, Allahın məğfirətini qazanmaq istəyən Şaban ayından artıq hazırlığa başlamalıdır.

İman əhli qətiyyətli olmalı, Allahla əhdlərini möhkəmləndirməli və daha çox çalışmalıdır. İndidən çalışmalıdır ki, Ramazan ayındakı xeyirlərə müvəffəq ola bilsin. Ömür sürətlə ötüb keçdiyi kimi, bu ilki Ramazan ayı da beləcə ötüb keçəcək və insan bu fürsətdən istifadə etmədiyinə görə peşmançılıq çəkəcəkdir. Sonrakı peşmançılıq isə insana fayda verməz. Uca Allah buyurur: “O gün insan törətdiklərini xatırlayacaqdır.” (ən-Nəziət, 35)

Lakin o gün xatırlamağın faydası olmayacaq və insan “kaş ki, mən həyatım üçün əməl edəydim” deyəcək. Dünya həyatı da bir həyatdır, lakin Qiyamət günü insan dünya həyatını həyat adlandırmayacaq. Həqiqi həyat Axirət olduğu üçün insan “kaş ki, mən əsl həyatım üçün əməl edəydim” deyəcək. Ona görə insanın nicatı ömrünü səmərəli istifadə etməkdədir. Ömür insanı Cənnətə aparan bir nemətdir və bu barədə insan Qiyamət günü soruşulacaqdır. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Qiyamət günü insan bu 4 şey barəsində soruşulmayınca yerindən tərpənməz: ömrünü nəyə sərf etdiyi, cavanlığını necə keçirtdiyi, malını necə qazandığı və nəyə xərclədiyi və bildiyi elmdən nəyə əməl etdiyi barəsində.” (Şeyx Albani hədisi “Həsən li-Ğayrihi” adlandırmışdır, bax: “Sahihut Tərğib vat Tərhib”, 1/127)

İnsan ömrünü faydalı keçirərsə, bu onun üçün ən böyük nemət sayılar. Ona görə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Bu iki nemət; sağlamlıq və boş vaxtdır.” (Buxari, 1, 60). Hədisdə gələnəs-Sıhhətu kəliməsi – sağlamlıq, “əl-Fərağ” kəliməsi isə – boş vaxt deməkdir. “Ğabn” isə ərəbcə insanın şiddətlə aldanmasına deyilir. Bunların ikisi cəm olunarsa, insan əməlləri baxımından ziyana uğrayanlardan olar.

Bununla yanaşı Allahın bu ümmətə olan nemətindəndir ki, elə fəzilətli günlər, gecələr təyin etmişdir ki, insan o günlərdən istifadə edərsə, əvvəlki ümmətlərdən uzun ömür sürmüş insanların qazandığından daha çox savablar əldə edə bilər. Qədr gecəsi haqqında Quranda deyilir ki: “Qədr gecəsi min aydan xeyirlidir.” (əl-Qadr, 3) Bu isə 83 ilin ibadətinə bərabərdir. İnsan 30-40 il boyunca Qədr gecəsini yaxalayarsa, 2000-3000 il yaşamış kimi sayılar. Nuh Peyğəmbər min il və ya min ildən artıq yaşayıb. Bu ümmətin yaşı haqqında isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “Ümmətimin yaşı 60 və 70 arası olacaqdır. 70-i aşanlar da az olacaqdır.” (Səhih İbn Məcə)

Buradan da ömrün nə qədər əhəmiyyətli bir nemət olması ortaya çıxır. Ağıl sahibi insan bu fürsətdən istifadə etməlidir. İnsan orta hesabla 24 saatının 7 saatını yuxuya, 8 saatını iş vaxtına, 2 saatını yola, 1 saatını telefona, 1 saat yarım yeməyə, 1 saat ehtiyaclarını ödəməsinə, 1 saat istirahətə, 1 saat dostları ilə oturmağa ayırır və 22 saatını beləcə keçirir. İnsan gün ərzində 5 dəqiqəsini xeyirə və ya düzgün olmayan bir işə sərf edərsə, 70 il ərzində bu 3 ay edir. Həmçinin bir saatını faydalı keçirər və ya zay edərsə, 70 ildə sanki 3 ilini zay etmişdir. Sərf edilən bu saatlara baxdıqda görürük ki, 22 saat 70 ildə 66 il edir. Deməli əgər insanın Qədərinə 70 il yaşamaq yazılıbsa, 70 ildən ona qalan 4 il olur. Bu 4 ilə onun namaz qılması, qohumlarını ziyarət etməsi və digər xeyirli işlər aiddir. Buradan da vaxtın nə qədər mühüm olması üzə çıxır. Vaxtın düzgün idarə olunması üçün tövsiyyə olunur ki, insan vaxtını zay etmək əvəzinə, əvəzləsin, məsələn yuxu saatını azaltsın, yola, telefona sərf etdiyi vaxtı azaltsın.

İnsan xatırlamalıdır ki, ölüm hər an gələ bilər. Lakin hər kəsin öləcəyini bilməsinə rəğmən, insanlar ölümü uzaq görürlər. Şeytan insana vəsvəsələr verir ki, “hələ vaxt var.. sonra edərsən.. sonra çalışarsan…” və beləcə ölümü insana unutdurur. Odur ki, “sonra”, şeytanın ən böyük qoşunlarından sayılır. Müdriklər deyir ki, “Sonra”, müflislərin sərmayəsidir” – “sonra edərəm, sonra başlayaram..” və s. kimi bəhanələr.

Şaban ayında insanın üzərinə düşən əsas vəzifələrdən biri şeytanın bu hiylələrinə qarşı müəyyən yollara baş vurmasıdır: Allaha təvəkkül etməsi, qarşısına hədəf qoyması (bağışlanma hədəfi), xeyirli işlərə girdiyi zaman işin sonundan qorxmaması. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Şabanı bütövlükdə və yaxud az bir qismi istisna olmaqla çoxunu oruc tutardı. Və möminlər də Peyğəmbəri (salləllahu aleyhi və səlləm) nümunə götürərək oruc tutmağa çalışmalıdırlar. İnsan oruc tutduğu zaman onun hazırlığına mane olan vəsvəsələr gəlir, şeytan ona “sonra” sözünü təlqin edir – “Şaban ayını oruc tutsan, zəifləyəcəksən, sonra Ramazan orucunu yaxşı tuta bilməyəcəksən, hazırlaşa bilməyəcəksən” və s. İnsan çalışmalıdır ki, bu vəsvəsələrə məhəl qoymasın. Çünki oruc tutmaqla insan daha çox xeyirlər əldə edir. Şeytan bütün bu vəsvəsələrlə insanı qorxudur ki, onu xeyirdən çəkindirsin və hər bir maneə ilə gəlir ki, insan ibadətə yönəlməsin. Çünki şeytan üçün ən ağır şeylərdən biri Adəm övladının itaətə yönəlməsi, Ramazan ayına hazırlaşmasıdır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gün ərzində nə qədər işləri olurdu, o, yaxşılığı əmr edir, pislikdən çəkindirir, ümmətin işləri ilə məşğul olur, lakin buna rəğmən oruc tuturdu, çünki Allaha təvəkkül edirdi.

Şeytanın vəsvəsələrinin qarşısını alan səbəblərdən biri insanın ibadətə yönəldikdən sonra Allaha təvəkkül etməsidir. İnsan Allaha təvəkkül edərsə, ibadətlər ona ağır gəlməz. Buna görə insan xeyirə müvəffəq olmaq istəyirsə, Allaha təvəkkül etməli, qarşısına hədəf qoymalı və ona çatmalıdır (hədəf – Allahın onu bağışlaması, məğfirətə nail olmasıdır). İnsan bilməlidir ki məğfirət, bağışlanma qarşısında onun sərf etdiyi səylər, çalışdığı şeylər böyük əməl sayılmır. İnsan nə qədər Allaha yönələrsə, Ona təvəkkül edərsə, Allah onu qoruyar, ona yardım edər, ona kifayət edər. Necə ki, əz-Zumər surəsinin 36-cı ayəsində Uca Allah buyurur: “Məgər Allah Öz quluna kifayət deyilmi?” Bəli, Allaha öz quluna kifayət edən, ona yardım edən, çətinlikdən çıxarandır. Lakin bu, qulun qulluğundan, ibadətindən asılıdır. İnsan qulluğunu, ibadətini artırmaqla düşünməməlidir ki, işi çətinləşir, əksinə bununla Allahın o insana bir o qədər də yardımı gəlir.

İnsan xeyir əməllərə yönəlməli və bu işdə pis aqibətdən qorxmalıdır. Çünki xeyirli işlərin aqibəti yaxşı olur, bu da Allahın əlindədir. Allah ibadət, itaət qapısını insan üçün açıbsa, ona gedən yolları da insan üçün asanlaşdırır və ona yardım edir. Musa və Harun (əleyhuməssələm) Allahın əmrində olduqlarına görə bir növ Firon tərəfindən onlara üz verəcək pis aqibətdən qorxdular: “Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”.(Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!” (Ta Hə, 45-46) – yəni, Allahın əmrində olduqları üçün Allahın yardımı da, Allah da onlarla bərabər idi. Ona görə insan yaxşı əmələ başlayarkən şeytanın maneələrinə məhəl qoymamalı və bilməlidir ki, Allah ona bu əməldə yardım edəcəkdir.

Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) Rəbbindən rəvayət etdiyi bir hədisdə buyurmuşdur ki, “Uca Allah: “Qulum Mənə bir qarış yaxınlaşarsa, Mən ona bir arşın yaxınlaşaram. O, Mənə bir arşın yaxınlaşarsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyə-yeriyə gələrsə, Mən ona tərəf yüyürərək gedərəm”- buyurdu.” (Buxari). Bunu bildikdən sonra insan yəqin üzərində olmalıdır ki, əgər o Allaha doğru yönələrsə, Allah ona daha çox yönələr, ona yardım edər, gücləndirər, onu müvəffəq edər.

İnsan xatırlamalıdır ki, Allaha nə qədər yaxınlaşarsa, Allahın yardımı da ona yaxın olar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecəni ibadətdə keçirər, gündüz isə xeyli işlər görərdi. Yəni, insan maneələri aşmaq üçün çalışmalı, boş oturmamalıdır. İnsan çalışdıqca, şeytana qarşı vuruşduqca, o maneələri aşa bilər. Çünki Allah buyurur: “Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik” (əl-Ənkəbut, 69). Şaban ayı da çalışmaq üçün bir fürsətdir. İnsanın cəhdi, iradəsi nə qədər güclü olarsa, şeytana, nəfsi istəyinə qarşı bir o qədər güclü vuruşar və bilər, ki Allahın yardımı yaxındır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) İbn Abbasa tövsiyəsində deyir ki, “Allahı qoru, Allah da səni qorusun”. Məlumdur ki, Allahın qorunmağa ehtiyacı yoxdur və burada nəzərdə tutulan odur ki, insan Allahın qadağalarından çəkinərək, Onun hədlərini aşmayaraq Allahı qorumalıdır ki, Allah da onu qorusun. Burada 2 cür qoruma var: birincisi Allah insanın dünyasını, malını, ailəsini qoruyar, ikincisi isə onun dinini qoruyar, onu iman üzərində sabit edər ən mühümü isə ölüm anında ona yardım edər. Allah Subhənəhu və Təala Muhəmməd surəsi 7-ci ayədə buyurur: “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər”. Deməli, yardımın gəlməsi qulun Allahın əhkamlarını yerinə yetirməsinə bağlıdır. İnsan Allahın əhkamlarını nə qədər yerinə yetirərsə, yardım da bir o qədər gələr. Yox əgər yerinə yetirməzsə, yardım gəlməz. Çünki Allah burada şərt qoyur: “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz” – nəticə etibarilə insan dini əhkamları tətbiq etməzsə, Allahın yardımı da gəlməz.

Şeytanla müharibə artıq başlayıb, insan bu müharibəyə hazırlaşmalı və möhkəm olmalıdır. Çünki Allah Təala Fətir surəsi 6-cı ayədə buyurur: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır”.

Deməli Şaban ayı hazırlıq üçün böyük bir fürsətdir. İnsanın qafil olduğu əməlin savabı, əcri də böyük olur. Məsələn insanlar gecə yuxuda olduğuna görə gecə namazının savabı böyükdür. Gecə namazı fərz namazlardan sonra nafilələr içində ən əfzəl namazdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanlar bu aydan qafil olduğu və əməllər Allaha qaldırıldığı üçün oruc tutduğunu deyir. İnsan öz əməllərinin yaxşı hal üzərində qaldırlmasına müvəffəq olmağa çalışmalıdır. Bu ay ilin sonu olduğu üçün deyilir ki, Şaban ayı Axirət təqviminə əsasən sanki sonuncu, Ramazan ayı isə növbəti ilin birinci ayıdır. İnsan çalışmalıdır ki, ilin sonunu yaxşı əməllərlə, tövbə ilə bitirsin, növbəti ilin əvvəlinə isə yeni səhifə açaraq başlasın.

Bu yazının yazılmasında Muhəmməd əd-Dubeysi`nin “Həlul Mu`mini fi Şə`bən” adlı kitabından istifadə edildi

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    28.04. 2024
    NamazVaxt
    Sübh03:57
    Günəş05:44
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:33
    İşa21:03
    Namaza yeni başlayıram

Son əlavə olunanlar