Mədinənin fəziləti, orada qalmağın və oranı ziyarət etməyin ədəbləri 

Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Həqiqətən də ilanın öz yuvasına sığındığı kimi iman da Mədinəyə sığınar.» (Buxari, 1876; Muslim, 374)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Mədinə şəhəri «Taybətət-Tayyibə» (Yaxşıların yaxşısı), vəhyin nazil olduğu, Cəbrailin Allah Elçisinə (salləllahu aleyhi va səlləm) vəhyi gətirdiyi yerdir.

Mədinə hədisdə «Mə’razul-imən» adlanıb. (Yəni, imanın qayıtdığı və sabit qaldığı yer)

Mədinə mühacir və ənsarların görüşdüyü yerdir. (Mühacirlər: Məkkədən Mədinəyə köç edən səhabilər, Ənsarlar: isə Mədinə əhlindən olub mühacirlərə arxa-dayaq olan, yardım edən səhabələrdir)

Mədinə müsəlmanların hicrət və sığınacaq yeri olmuşdur. Bu şəhər müsəlmanların ilk paytaxtı olmuşdur. İslama dəvət də bu şəhərdən yayılmışdır.

Peyğəmbər buraya köçmüş, ömrünün son illərini burada yaşamış və burada da vəfat etmişdir.

Bu mübarək şəhəri Allah şərəfli, fəzilətli etmiş və Məkkədən sonra ən xeyirli yer etmişdir.

Mədinənin fəzilətlərindən:

Allah Məkkəni haram, əminamanlıq etdiyi kimi, Mədinəni də haram, (toxunulmaz) əminamanlıq yurdu etmişdir. Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «İbrahim Məkkəni haram (toxunulmaz) (elan) etdiyi kimi, mən də Mədinəni haram (toxunulmaz) (elan) etdim.» (Muslim, 3317)

Allah bu iki şəhəri haram etmişdir ki, bu xüsusiyyət Məkkə və Mədinəyə aiddir. Əqsa məscidi barəsində isə fəzilət varid olmuşdur. Üç məscidin fəziləti barədə Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Yalnız üç məscidə (evdən) ziyarət məqsədilə çıxmaq olar; Məscidul-Haram, mənim bu məscidim və əl-Əqsa məscidi.» (Buxari, 1188; Muslim, 3384)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Mən Mədinənin iki dağı arasını haram (toxunulmaz) elan etdim, burada ağac kəsmək və ov etmək qadağandır.» (Muslim, 3318)

«Haram» deyildikdə isə Məkkə və Mədinədə sərhəd sayılan müəyyən bir ərazi nəzərdə tutulur.

Mədinənin fəzilətlərindən Peyğəmbər (salləllahu aleyhi va səlləm) Mədinəni «Taabə»«Tayyibə» adlandırmışdır.

Həmçinin, Mədinənin fəzilətlərindən:

İmanın Mədinəyə qayıtması (sığınması); Necə ki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Həqiqətən də ilanın öz yuvasına sığındığı kimi iman da Mədinəyə sığınar.» (Buxari, 1876; Muslim, 374)

Bunun mənası odur ki, iman Mədinəyə tərəf istiqamət alar və orada olar, müsəlmanlar isə Mədinəni istəyər və onu önə çəkərlər. Bu da onların Allahın haram ərazi etdiyi bu mübarək yeri sevmələrinə və imanlarına görədir.

Həmçinin, Mədinənin fəzilətlərindən:

Peyğəmbər (salləllahu aleyhi va səlləm) Mədinənin istisinə (havasına) və sıxıntısına (yaşayış çətinliyinə) səbr etməyə rəğbətləndirərək demişdir: «Mədinə onlar üçün daha xeyirlidir, kaş ki, bunu biləydilər.» Bu sözü o kəslər haqqında demişdi ki, onlar Mədinədən başqa rahatlıq, bol ruzi və çoxlu mal olan yerlərə köçmək istəmişdilər, bu zaman onlara deyir ki: «Mədinə onlar üçün daha xeyirlidir, kaş ki, bunu biləydilər. Hər kim Mədinəni xoşuna gəlmədiyi üçün tərk edərsə, Allah ondan daha xeyirlisiylə (yerini) əvəz edər. Hər kim də Mədinənin (havasının) istisinə və (yaşayış) sıxıntısına səbr edərsə, mən Qiyamət günü ona şəfaətçi və ya şahid olaram.» (Muslim, 3318)

Bu hədis Mədinənin fəzilətinə dəlalət edir. Həmçinin, oranın sıxıntısına, istisinə (havasına) və yaşayış çətinliyinə dözməyə – əgər kiminsə başına gələrsə – səbr etməyin fəzilətinə dəlalət edir. Həm də gərək buna görə insan özünü oradan başqa yerə köçərək rahatlıq və bol ruzi axtarmağına təhrik etməsin. Əksinə, o gərək orada başına gələnə səbr etsin ki, bu səbrə görə Uca və Nöqsansız olan Allahdan böyük əcr və savab vəd edilmişdir.

Həmçinin, Mədinənin fəzilətlərindən;

Peyğəmbər (salləllahu aleyhi va səlləm) bu şəhərin bərəkətli olması üçün dua edərək demişdir: «Allahım, bizim məhsulumuza bərəkət ver, bizim şəhərimizə bərəkət ver, saamıza (ölçü vahidi) bərəkət ver, muddumuza (ölçü vahidi) bərəkət ver.» (Muslim, 3334)

Həmçinin, Mədinənin fəzilətlərindən: Oraya taun xəstəliyi və dəccal daxil olmayacaqdır. Bu barədə Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Mədinənin yollarında mələklər vardır. Oraya nə taun xəstəliyi, nə də dəccal daxil ola bilməyəcək.» (Buxari, 1880; Muslim, 3350)

Mədinənin fəziləti barədə hədislər olduqca çoxdur.

Bu şəhərdə peyğəmbərin tikdiyi məscid vardır ki, bu məscid dünyada ziyarət məqsədi ilə səfər ediləsi üç məsciddən biridir. Bu barədə Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Yalnız üç məscid üçün səfər etmək olar. Məscidul-Haram (Kəbə məscidi), mənim bu məscidim (yəni, Peyğəmbər məscidi) və əl-Əqsa məscidi.» (Buxari və Muslim)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) özü Mədinədəki Peyğəmbər məscidində namaz qılmağın böyük savabının olduğunu bildirərək demişdir: «Kəbə məscidi istisna olmaqla, mənim bu məscidimdə qılınan bir namaz başqa məscidlərdə qılınan min namazdan xeyirlidir.» (Buxari, 1190; Muslim, 3375)

Mədinədə ziyarət edilməsi müstəhəb olan ikinci məscid «Quba» məscididir. Quba məscidinin öz məqamı və fəziləti vardır. İlk günündən təqva üzərinə tikilmişdir. Quba məscidində namaz qılmağın fəziləti barəsində Peyğəmbərin sözünə və əməlinə dəlalət edən dəlillər var.

Əməlinə gəldikdə Abdullah ibn Ömər (radıyəllahu ənhu) demişdir: «Allah Elçisi – salləllahu aleyhi və səlləm – hər şənbə günü piyada və ya minikdə Quba məscidinə gələr və orada iki rükət namaz qılardı.» (Buxari, 119; Muslim, 3390)

Sözünə gəldikdə isə Səhl ibn Huneyfdən (radıyəllahu ənhu) rəvayət olunur ki, o dedi: Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurdu: «Hər kim evində təmizlənib sonra Quba məscidinə gələr və orada namaz qılarsa, bu ona Ümrə ziyarətinin savabını qazandırar.» (İbn Macə, 1412 və başqaları)

Peyğəmbərin sünnəsində Mədinədəki məscidlərdən bu iki məsciddən (Peyğəmbər məscidi və Quba məscidi) başqa məscidin fəziləti barədə bir dəlil gəlməmişdir.

Amma, Mədinədə qalmaqla əlaqəli ədəblərə gəldikdə:

Hər kimə ki, bu mübarək Mədinə şəhərində yaşamaq, qalmaq nəsib olmuşdursa, o insan gərək bu əzəmətli neməti hiss etməyə çalışsın, bu nemətə görə Allaha şükür etsin, bu fəzlə və lütfə görə Ona həmd etsin.

BU ƏDƏBLƏRDƏN BƏZİLƏRİNİ QEYD EDƏK

Birincisi: Müsəlmanın bu şəhəri fəzilətinə görə və Peyğəmbərin bu şəhəri sevdiyinə görə sevməsi;

Buxari «Səhih»ində Ənəsdən rəvayət edir ki, «Peyğəmbər (salləllahu aleyhi va səlləm) səfərdən qayıtdığı zaman Mədinənin divarlarına baxar və miniyini sürətləndirərdi. Əgər minik üzərində olardısa, Mədinəni sevdiyindən dolayı onu hərəkətə gətirərdi.»

İkincisi: Müsəlman çalışmalıdır ki, bu şəhərdə olduğu müddətdə Allahın əmri üzərində sabitqədəm olsun, Allaha və Elçisinə itaətə sarılsın, bidət və günahlara düşməkdən şiddətlə çəkinsin. Çünki, bu şəhərdə yaxşı əməllər etməyin şəni böyükdür. Bidət və günahlar etməyin də təhlükəsi böyükdür.

Üçüncüsü: Müsəlman bu şəhərdə axirət ticarətindən (savab əməllərdən) bacardıqca çox edib qat-qat çox savab qazanmağa həris olmalıdır. Bu savaba Peyğəmbərin məscidində namaz qılmaqla nail ola bilər. Hədisdə belə gəlib: «Mənim bu məscidimdə namaz qılmaq başqa məscidlərdə qılınan min namazdan xeyirlidir.» (əl-Buxari)

Dördüncüsü: Müsəlmanın bu mübarək Mədinə şəhərində xeyirdə gözəl örnək olmağa çalışması; Çünki, o elə bir şəhərdədir ki, haqqın nuru oradan yayılmış və İslahatkar dəvətçilər buradan dünyanın müxtəlif yerlərinə yola düşmüşlər.

Beşincisi: Müsəlman Mədinədə olduqda xatırlamalıdır ki, o «Tayyibə» torpağındadır – (red- Mədinənin adlarındandır) ora vəhyin nazil olduğu, imanın qayıtdığı və Peyğəmbərlə onun səhabələrinin gəzib-dolandığı yerlərdir ki, müsəlman gərək onların hərəkətlərinə müxalif olmaqdan çəkinsin.

Altıncısı: Mədinədə qalmağa Allahın müvəffəq etdiyi kimsə orada bidətə yol verməkdən və ya bir bidətçiyə sığınacaq verməkdən çəkinməlidir ki, lənətə düçar olmasın. Çünki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Mədinə haramdır (toxunulmazdır). Hər kim orada bir bidət edər və ya bidətçiyə sığınacaq verərsə, onun üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun….» (Buxari, Muslim)

Yeddincisi: Mədinədə ağac kəsməmək və ya ov etməmək; Bu barədə hədislər var, birini qeyd edək; Səd ibn Əbi Vaqqas’dan gələn hədisdə deyir: Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurdu: «Mən Mədinənin iki dağı arasında ağac kəsməyi və ov etməyi haramlaşdırıram.» (Muslim)

Səkkizincisi: Müsəlmanın burada onun başına gələcək sıxıntıya, yaşayış çətinliyinə və ya bəlaya səbr etməsi; Bu barədə Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Mədinənin sıxıntısına və yaşamının çətinliyinə dözən elə bir kimsə yoxdur ki, Qiyamət günü ona şəfaətçi və ya şahid olmayım.» (Muslim)

Doqquzuncusu: Mədinə əhlinə əziyyət verməkdən çəkinmək; Çünki, müsəlmanlara hər yerdə əziyyət vermək haramdır. Lakin, müqəddəs şəhərdə daha şiddətli və daha haramdır. Səd ibn Əbi Vəqqasdan (radıyəllahu ənhu) rəvayət olunur ki, o dedi: Eşitdim ki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurdu: «Mədinə əhlinə qarşı hiylə işlədən elə bir kimsə yoxdur ki, duzun suda əridiyi kimi əriməsin.» (əl-Buxari)

Onuncusu: Həmçinin, bu şəhərdə yaşamaq nəsib olmuş kimsə özünün Mədinə sakini olmasıyla (arxayınlaşıb) aldanmamalı və deməli deyil ki: mən Mədinə sakiniyəm, mən xeyir içindəyəm. Çünki, insan sadəcə bir sakin olduqda, bununla yanaşı saleh əməli, Allaha və Elçisinə itaətdə sabitqədəmliyi və günahlardan uzaqlığı olmazsa, bunun bir faydası olmaz, əksinə, bu onun özünə zərər olar.

On birincisi: Müsəlman hiss etməlidir ki, o elə bir şəhərdədir ki, oradan (dəvətin) nuru, faydalı elm dünyaya yayılmışdır, beləcə Allaha bəsirət üzərində yönələcəyi faydalı şəri elm öyrənməyə çalışmalı və başqalarını da bu xeyrə bəsirət üzərində dəvət etməlidir. Xüsusən də əgər bu elm tələbi Peyğəmbər məscidində olarsa. Bu barədə hədisi Əbu Hureyrə (radıyəllahu ənhu) rəvayət edib deyir ki: O Allah Elçisinin (salləllahu aleyhi va səlləm) belə dediyini eşitdi: «Kim bizim bu məscidimizə daxil olub xeyir öyrənər və ya xeyir öyrədərsə, o kimsə (savabda) Allah yolunda cihad edən kimsə kimi olar. Kim bundan başqa məqsədlə daxil olarsa, o sanki, özünə aid olmayan bir şeyə baxan kimsə kimi olar.» (Əhməd, ibn Macəh)

Amma Mədinədə ziyarət edilməsi müstəhəb olan yerlər isə beş yerdir:

Peyğəmbər məscidi, Quba məscidi, Peyğəmbər və iki xəlifəsinin qəbri, Bəqi qəbirstanlığı və Uhud şəhidlərinin qəbirstanlığı.

Bu beş yerdən başqa yerlərin ziyarətini xüsusiləşdirməyə isə şəri cəhətdən dəlil yoxdur. Bəzi insanlar bu yerlərə gəldikdən sonra bəzi yerlərə əllərini sürtüb bərəkət umur, qəbir və ya məscid divarlarına əl sürtür, bunun bərəkət gətirəcəyinə inanırlar ki, bu batil inancdır və belə etmək qadağandır. Bəzi insanlar isə qəbirlərdən kömək istəyir ki, bu da şirkdir. Bəzi insanlar qəbirlərin yanında əllərini namazdaymış kimi qoyurlar ki, bu da batil bir əməldir, çünki, zəlillik və ibadətə aid huşu yalnız Allah qarşısında olmalıdır. Bəzi insanlar isə hansısa qəbiri təvaf etmək istəyir ki, bu da şirkdir və haram əməldir. Həmçinin, Peyğəmbərin qəbri yanında səsi qaldırmaq da icazəli deyil. Həmçinin, uzaq məsafədən qəbirə tərəf yönələrək salam verməyə çalışmaq da doğru əməl deyil, salam vermək istəyən bunu yaxından etməlidir.

(Şeyx Abdul-Muhsin əl-Abbadın «Mədinənin Fəziləti, orada qalmağın və oranı ziyarətin ədəbləri» kitabından ixtisarla)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    27.04. 2024
    NamazVaxt
    Sübh03:59
    Günəş05:45
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:32
    İşa21:02
    Namaza yeni başlayıram

Son əlavə olunanlar