Bəlkə də bu əməl…

Allahın razılığı əməllərin içərisində gizlənmişdir. Bu səbəbdən də, heç bir əməli kiçik görməməliyik.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bu məqaləmizdə çoxlarımızın bilmədiyi və ya bəlkə də bilib lakin önəm vermədiyi bir əməl haqqında kiçik xatırlatma etmək qərarına gəldik. Həqiqətən bəzən neçə-neçə əməllər olur ki, insan onu kiçik görərək tərk edir. Halbuki bəlkə də həmin o əməl elə onun qurtuluşuna, Rəbbinin razılığını qazanmağa səbəb olacaq əməllər sırasından olan bir əməl idi, lakin o bunu “kiçik” görməklə əldən verdi və onun ona verəcəyi xeyirdən məhrum oldu.

Bilin ki əziz oxucular, Allahın razılığı əməllərin içərisində gizlənmişdir. Bu səbəbdən də, heç bir əməli kiçik görməməliyik. Çünki biz bilmirik Allahın rəhmətindən sonra nə bizi Cənnətə daxil edəcək?! O bir rükət mi olacaq, yoxsa bircə manatla etdiyin sədəqə mi, yoxsa susuzlayan bir kəsə verdiyin 1 stəkan su mu, yoxsa ödədiyin bir müsəlmanın ehtiyacı mı və ya bir dua mı və ya bir zikr mi?! Və ya bəlkə də elə bu hədisdə zikr olunacaq məhz o əməl…

Elə isə ediləcək xatırlamaya qulaq ver və heç bir əməli kiçik görmə…

Əbu Hureyra (Allah ondan razı olsun) dedi: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: “Sizdən biriniz namaz qıldığı yerdən durmadığı və dəstəmazı pozulmadığı təqdirdə mələklər onun üçün dua edərək deyərlər: Allahım onu bağışla, Allahım ona rəhm et.” (Buxari 445, Muslim 649)

İbn Bəttal (Allah ona rəhmət etsin) buyurur: “Günahı çox olub və Allahın o günahları heç bir çətinliksiz ondan qaldırmasını istəyən kəs mələklərin ona daha çox dua etməsi və onun üçün Allahdan bağışlanma diləməsi üçün namazdan sonra namaz qıldığı yerdən tərpənməməklə buna nail olmağa çalışsın. Çünki Uca Allahın bu ayəsinə görə, bu dua və istiğfarların qəbul olmasına ümid edilir: “Onlar (mələklər) yalnız Onun (Allahın) razı qaldığı şəxslərdən ötrü şəfaət diləyərlər.” (əl-Ənbiyə 28)” (Şərhu Sahihil Buxari 2/95)

Həmçinin İbnu Cəmə`əh (Allah ona rəhmət etsin) buyurur: “Bil ki, mələklərin və başqalarının bir kəs üçün bağışlanma diləməklə və dua etməklə məşğul olmalarından, eləcə də mələklərin bir kəs üçün öz qanadlarını yerə sərməsindən* daha üstün rütbə (məqam) yoxdur. Beləki, əgər insan hansısa saleh və ya saleh zənn etdiyi bir insanın duasına nail olmağa çalışırsa, mələklərin duası bəs necə?!” (Təzkiratus Səəmi`, səh. 52)

Sonda isə Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisi sizlərə xatırlatmaq istərdik: O (Allah ondan razl olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona salavat və salamı olsun) buyurdu:

“Bacardığınız əməli boynunuza götürün. Çünki, siz usanmadıqca Allah usanmaz. Şübhəsiz ki, əməllərdən Allaha ən sevimli olanı, az olsa belə davamiyyətli olanıdır.”

Allah Elçisi (Allahın ona salavat və salamı olsun) bir əməl etdisə, onda davamiyyətli olardı. (Əbu Dəvud, 1368, 1370. Şeyx Albanı səhih olduğunu bildirmişdir).

_________________________

* hədisdə gəldiyi kimi, mələklər elm tələbəsini görərkən qanadlarını yerə sərirlər. (Əbu Dəvud, Tirmizi)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.03. 2024
    NamazVaxt
    Sübh04:54
    Günəş06:29
    Zöhr12:45
    Əsr16:18
    Məğrib19:02
    İşa20:32
    Namaza yeni başlayıram

Son əlavə olunanlar