Köhnəlmiş imanı təzələmək – İmanı artıran səbəblər

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: "Elə isə Allahdan qəlbinizdəki imanı təzələməsini istəyin."

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Öz nəfsinə xeyir istəyən hər bir müsəlman öz imanına diqqət yetirməlidir. Çünki iman, qayğısına qalınması gərəkən şeylərdən ən mühümüdür. Belə ki, iman, insanın qazana biləcəyi ən dəyərli sərvətdir. İman sayəsində insan dünyada və axirətdə ucalığa nail olur. Hətta demək olar ki, dünya və axirətin cəm etdiyi bütün xeyirlərə gedən yol imandan keçir. Buna görə də insan daim imanının azalmasına və artmasına diqqət yetirməlidir.

Hər birimiz bilməliyik ki, günümüzdə imana təsir edəcək, onu azaldacaq və ya zəiflədəcək bir çox səbəblər mövcuddur; bunlara misal olaraq ətrafda olan fitnələri, şeytanın vəsvəsələrini, pis dostları, insana pisliyi əmr edən nəfsi və s. digər şeyləri gətirmək olar. Bütün bu səbəblər imana təsir edir, onu zəiflədir, bəzən isə Allah qorusun, onu yox olanadək azaltmağa davam edir.
Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Həqiqətən də iman, sizlərin birinizin köksündə paltarın köhnəldiyi kimi köhnəlir. Elə isə Allahdan qəlbinizdəki imanı təzələməsini istəyin.” (Şeyx Albani hədisi səhih adlandırmışdır. Bax: “əs-Silsilətus Sahihə”, 1585)

Gördüyümüz kimi Peyğəmbər (salləllahu aleyhi va səlləm) imanın köhnəlməsini paltarın köhnəlməsi ilə vəsf edir. Yəni iman köhnəlir, zəifləyir, insanın etdiyi günah və asiliklər nəticəsində imana naqisliklər daxil olur. Buna görə də Peyğəmbər (sallalahu aleyhi və səlləm) bizlərə Allaha yönələrək imanımızı yeniləməyə çalışmağımızın zəruri olduğunu bildirərək belə buyurur: “Elə isə Allahdan imanınızın təzələnməsini istəyin.”

Bu yolda insan mütləq öz nəfsi ilə cihad etməli və onu hesaba çəkməlidir. Kim bu yolda öz nəfsi ilə cihad edərsə, Allah onu doğru yola yönəldər. Allah Quranda buyurur: “Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir.” (əl-Ənkəbut, 69)

Bununla yanaşı üzərimizə düşən, xüsusilə imanı zəiflədən fitnələrin çoxaldığı bu dövrdə fitnələrdən uzaq olmaqdır. İman bu Kainatda ən dəyərli şeydir. Kim bunu itirərsə, bütün həyatını itirmiş olar. İnsan üçün imansız həyat yoxdur. Allaha iman gətirmədən ayaqları üstə yerimək, əllə nəsə götürmək, dil ilə nəsə demək heyvani həyata bənzəyir. Həqiqi həyat isə insanın Rəhmana ibadətdə və Peyğəmbərə (salləllahu aleyhi və səlləm) itaətdə keçirdiyi həyatdır.

“Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin.” (əl-Ənfəl surəsi, 24).

Alimlər buyurur ki, Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) əmrində həyat var. İnsan hüzur dolu bir həyat yaşamaq istəyirsə, Allaha və Rəsuluna (salləlahu aleyhi və səlləm) itaət etməlidir. Ardınca Uca Allah buyurur: “Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız.” (əl-Ənfəl surəsi, 24)

Ayədə keçən “وَاعْلَمُوا” -Bilin ki– kəliməsi təhdid üçündür. Əks halda Allah insanla qəlbi arasına girər, yəni o qəlb o insanın olmaz. İnsan bir günahdan qurtulmaq istəyər, bəlkə də ağlayar, amma qurtula bilməz, qəlbi onun idarəçiliyində olmaz.

Yerin altındakı da ölüdür, yerin üstündəki də. Sadəcə yerin üstündəkini iman diri edir. İmansız, tövhidsiz yer üzərində gəzən insan yeriyən cəsəd sayılır, çünki onun həyatı yoxdur. İmanın kiçik bir hissəsi dünya və içindəkilərdən daha xeyirlidir. Əgər sən dünyada hansısa bir günahı işləyib anlıq bir ləzzəti dadmaqla imanın bir parçasını itirirsənsə, dəyərsiz bir şey üçün dəyərli bir şeyi itirmiş olursan.

Sələflər və onlardan sonra gələnlər öz imanlarının qayğısına qalardılar.

Ömər ibn əl-Xəttab (radıyəllahu ənhu) dostlarına deyirdi: “Gəlin bərabər imanımızı artıraq”. (əl-Lələkəi, “əl-İ`tiqad”, 1700)

Abdullah ibn Məsud (radıyəllahu ənhu) isə “Gəlin bərabər oturaq, imanımızı artıraq” deyirdi. (Beyhəqi, “Şuəbul İmən”, 44)

Həmçinin belə dua edərdi: “Allahım, mənim imanımı, yəqinliyimi və fiqhimi artır”. (əl-Əcurri, “əş-Şəriəh”, 218. İbn Həcər “Fəthul Bəri (1/48)” kitabında bu əsəri səhihləşdirmişdir.)

Muaz ibn Cəbəl deyərdi: “Gəlin bərabər oturub bir saat iman edək (yəni imanımızın üzərində işləyək)”. (İbn Əbi Şeybə, “əl-İmən”, 105. Şeyx Albani bu əsəri səhihləşdirmişdir)

Abdullah ibn Ravahə (radıyəllahu ənhu) bir dostunun əlindən tutub deyir: “Gəl bir saat iman edək, Allahı zikr edək və bununla Allaha itaət edək, imanımızı artıraq. Bəlkə bunun sayəsində O da bizi Öz məğfirəti ilə yad edər”. (İbn Əbi Şeybə, “əl-İmən”, 116)

Əbu Dərda (radıyəllahu ənhu) belə buyurub: “İnsanın fiqhindəndir ki, düşdüyünü (yıxıldığını) və ya qalxdığını bilsin. Həmçinin qulun fiqhindəndir ki, şeytanın ona gəldiyi yolları bilsin”. (İbnu Bətta, “əl-İbənə”, 1140)

Əgər sən gözünlə gördüyün düşməndən qaçırsansa, görmədiyindən daha çox qaçmalısan. Uca Allah ondan uzaq durmağı bizlərə əmr edərək belə buyurmuşdur: “Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.” (əl-Bəqara surəsi, 208).

Umeyr bin Həbib əl-Xatmi (rahiməhullah) buyurur: “İman artır və azalır. ” Deyirlər ki, “Onu qaldıran və salan nədir?” Deyir ki, “Biz Allahı zikr etdikdə, Onu həmd etdikdə, Onu təsbih etdikdə, imanımız artır. Ondan qafil olduqda, vaxtımızı zay etdikdə, Onu unutduqda isə imanımız düşür”. (İbn Sə`di, ət-Tabəqat, 4-381. İsnadı həsəndir)

Abdurrahmən ibn Amr əl-Əuzəidən (rahiməhullah) imanın artması haqqında soruşduqda, deyir ki: “Bəli, hətta dağlar boyda olana kimi arta bilir.” Deyirlər: “Bəs azalırmı?” Cavab verir ki: “Bəli, hətta ondan heç nə qalmayana qədər azala bilir”. (əl-Lələkəi, əl-İ`tiqad, 1740)

İmam Əhməddən (rahiməhullah) soruşulur ki, “İman artır və azalırmı?” O cavab verir: “Bəli, yeddinci səmaya qalxanadək artar, yerin yeddinci qatına enəcək qədər də düşər”. (İbn Əbi Yə`lə, “Tabəqatul Hənəbilə”, 1/259)

Şeyx Sə`di (rahiməhullah) buyurur: “Allahın müvəffəq etdiyi mömin kəs daim iki şey arasında səy göstərməyə davam edir:

1. Həm elm öyrənərək, həm əməl edərək, həm də öz halı ilə imanını artırmağa çalışır.
2. İmanına zidd olan, onu azaldan aşkar və gizli fitnələri özündən uzaqlaşdırmağa çalışır.” (“ət-Təudıh val Bəyən li-şəcəratil İmən”, səh. 83)

İmanı artıran səbəblər

1. Şəri elmi artırmaq.

Faydalı elm Kitab və Sünnə elmidir. Bu elm insanın imanını onun qəlbində bərqərar edənədək onu gücləndirməyə davam edir. Şəri elmin qapıları çoxdur, ən birincisi isə Quranı oxuyub onu tədəbbür etməkdir (onun mənaları üzərində düşünməkdir). Həqiqətən Allahın Kəlamı imana təsir edən ən güclü şeylərdən biridir.

Uca Allah buyurur: “Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir.” (əl-İsra surəsi, 9-cu ayə).

Digər ayədə isə “Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhəmməd surəsi, 24-cü ayə).

Quran oxumaq, onun barəsində tədəbbür etmək insanın imanını artırır.

2. Uca Allahın ad və sifətlərini öyrənmək.

Bu, tövhidə daxil olan bir səbəbdir. Tövhid insanın dünya və axirət ehtiyacıdır. Hava və su olmadan insanın cəsədi əldən gedirsə, Tövhidsiz də onun dini, imanı əldən gedir.

Uca Allah buyurur: “De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.” (əl-İsra surəsi, 110-cu ayə).

Başqa ayədə isə Allah buyurur: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin.” (əl-Ə`raf surəsi, 180).

Allahın adlarını öyrənmək, mənalarını bilmək, sonra onların gərəkdirdiyi kimi davranmaq imanı artıran səbəblərdən biridir.

3. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həyatı barəsində düşünmək.

Həqiqətən də Peyğəmbərin (salləllahu aleyhih va səlləm) yolu, onun ədəbi, əxlaqı, insanlarla rəftarı, hətta döyüşləri barəsində belə təfəkkür etmək imana təsir edən ən güclü səbəblərdəndir. Sələflər Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sirasını öyrənməyə, onu övladlarına, ailələrinə öyrətməyə böyük səy göstərərdilər.

Zeynul Abidin Əli bin Huseyn (rahiməhullah) belə deyir: “Biz Peyğəmbərin (salləllahu aleyhi va səlləm) döyüşlərini Qurandan surələr öyrəndiyimiz kimi öyrənərdik.” (Xatıb əl-Cəmi li-Əxləqır Ravi va Ədəbus Səmi, 1591)

4. İslamın gözəllikləri barədə öyrənmək.

Bu da imanın artması üçün səbəblərdən biridir. İslam dinində olan əxlaqı, ədəbi, əqidəni öyrənmək, yəni, İslam dininin xüsusiyyətləri barədə öyrənmək insanın imanını artırır. Əgər biz digər etiqadlara nəzər yetirsək görərik ki, bu etiqad, bu din bütün digər etiqadlar içərisində ən kamil, ən ədalətli, ən doğru dindir. Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (əl-Maidə surəsi, 3)

İnsan dinin bu gözəlliklərinə nəzər yetirərsə, bu dinə olan sevgisi, ona yönəlməsi, ona əməl etməsi və onun əmrlərini tətbiq etməsinə qarşı istəyi artar.

5. Əməlisaleh sələflərin həyatını oxumaq.

Həqiqətən Əbu Bəkr, Ömər, Osman, Əli, həmçinin tabiin və imamların və digər saleh sələflərin həyatını oxumaq, üzərində dayanıb təfəkkür etmək imanı artıran səbəblərdəndəir.

Muhəmməd bin Yunus (rahiməhullah) buyurur ki: “Mən qəlb üçün salehləri yad etməkdən daha faydalı bir şey görmədim”. (İbnul Cəuzi, “Sıfətus Safvə”, 1/18)

6. Uca Allahın kövni ayətləri (nişanələri) barədə düşünmək.

Bunlar hansı ayətlərdir? Ağaclar, dağlar, çaylar, dənizlər, vadilər, səma, yer, ulduzlar, aylar və Uca Allahın yaratdığı digər məxluqlar. Həmçinin gecənin gündüzü əvəzləməsi, günəşin çıxıb-batması, fəsillərin eyni vaxtda növbələşməsi barədə düşünmək də imana çox güclü təsir edən səbəblərdəndir. Sələflər arasında təfəkkür ibadəti var idi. Onlar Allahın kövni ayətlərinə baxaraq ibadət edər və bu cür imanlarını artırardılar. Şeyx Salih Əli Şeyx (həfizahullah) buyurur ki: “Bu gün insanlar Allahın ayətlərinə baxır, amma sanki Onun ayətlərinə baxmırlarmış kimi heç bir şey düşünmürlər.” (Mənaca Şeyxin “İbədətut Təfəkkur” adlı dərsindən.)

Hətta insan öz yaradılışı barəsində belə düşünsə, imanının necə artdığının şahidi olar. Uca Allah buyurur: “Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?” (əz-Zəriyət surəsi, 21)

7. Allaha itaət etmək və Onun əmrlərinə boyun əymək.

Bildiyimiz kimi iman artır və azalır. O, itaətlə artır, asiliklərlə (günahlarla) isə azalır. Məsələn namaz, zəkat, sədəqə, zikr etmək, Quran oxumaq və s. digər ibadətlərlə iman artır.

Əməllər 3 növdür:

1) Qəlb əməlləri: Allahdan qorxmaq, Allahı sevmək, Ona təvəkkül etmək, Ona ümid bəsləmək və s.

2) Dil ilə olan əməllər: Allahı zikr etmək, məsələn, “subhənallahu və bihəmdihi”, “lə iləhə illəllah” və digər zikrləri deyərək yaxşılığı əmr edib, pislikdən çəkindirmək, nəsihət etmək və s.

3) Əzalarla edilən əməllər: namaz qılmaq, sədəqə vermək, həcc etmək, namaz üçün məscidə doğru getmək, xəstəni ziyarət etmək, zəkat vermək və s.

Sizlərə təqdim etdiyimiz bu məqalə insanın imanını artıracaq səbəblərin xülasəsi idi. Növbəti yazımızda isə Allahın müvəffəqiyyəti ilə sizlərə imanı azaldan səbəbləri təqdim edəcəyik. Uca Allahdan bu əməlimizi Öz dərgahında qəbul olunan əməllərdən və oxuyan hər kəs üçün faydalı olan yazılardan etməsini istəyirik. Həqiqətən O, dualara cavab verən və qullarına qarşı Rəhimli Olandır.

Bu yazının yazılmasında Şeyx Abdur-Razzəq əl-Bədr`in “Təcdidul İmən” adlı risaləsindən geniş şəkildə istifadə olunmuşdur.

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar