Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Əziz oxucu! Şeytan həm bizimlə, həm zürriyətimiz və həm də ailələrimizlə düşmənçilik edir və edəcəkdir. O, insanın ən qatı düşmənidir. Uca Allah buyurur: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.” (“Fətır” surəsi, 6)
Hər bir müsəlman həyatında, ailəsinin, övladlarının və yaxınlarının tərbiyəsində bu düşmənin hiylələrindən, vəsvəsələrindən qorunmağın yollarını axtarmalı, bu səbəblərdən bərk-bərk tutunaraq onları daim diqqət mərkəzində saxlamalıdır.
Bu yazımızda sizə bu məsələdə yardım edəcək 10 səbəbi qeyd etmək istəyirik. Sadalananlar insanı şeytandan qoruyan ən güclü səbəblərdir:
1. Ondan Allaha sığınmaq
Sığınmaq – insanın Allahdan onu qorumasını istəməsi, şeytanın şərindən Ona sığınmasıdır. Uca Allah buyurur: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.” (“Fussılət” surəsi, 36)
2. Qoruyucu surələri oxumaq
Bunlar Fələq və Nəs surələridir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) Uqbə bin Əmirə belə demişdir: “Ey Uqbə bin Əmir! Bu iki surə ilə Allaha sığın. Çünki sığınan kəs onlarla sığındığı kimi başqa heç bir şeylə sığınmamışdır!” (Şeyx Albani hədisi səhih adlandırmışdır. Bax “Sahihul Cəmi”, 7949)
Həmçinin Peyğəmbər (salləllahu aleyhi va səlləm) hər gecə yatağına uzandığı zaman bu surələrlə Allaha sığınardı. Səhih bir hədisdə varid olmuşdur ki, kim İxlas surəsi ilə bərabər bu surələri səhər və axşam 3 dəfə oxuyarsa, bütün şərlərdən qorunmuş olar.
3. Yatağa uzandıqda “Ayətul-Kursi”-ni (“Bəqərə” surəsinin 255-ci ayəsi) oxumaq.
Bu ayənin şeytandan qorunmaqda, onun qovulmasında və uzaqlaşdırılmasında çox güclü təsiri var. Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) səhih olaraq varid olub ki, kim yatağına uzandığı zaman bu ayəni oxuyarsa, Allahdan ona bir qoruyucu mələk göndərilər və o sabahlayanadək şeytan ona yaxınlaşa bilməz.
4. “Bəqərə” surəsini kamil şəkildə oxumaq.
Çünki bu surənin şeytanların evdən qovulmasında çox güclü təsiri vardır. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Evlərinizi qəbristanlığa çevirməyin. Həqiqətən şeytan “Bəqərə” surəsi oxunan evdən qaçır.” (Muslim)
5. “Bəqərə” surəsinin son iki ayəsini oxumaq.
Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Kim bir gecədə “Bəqərə” surəsinin son iki ayəsini oxuyarsa, ona kifayət olar.” (Buxari) Yəni “Bəqərə” surəsinin son iki ayəsini oxumaq bütün şərlərdən və pisliklərdən, şeytanın şərindən və şirkindən qorunmağa kifayət olar.
6. “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul mulku va ləhul həmdu va huvə alə kulli şeyin qadir” – kəliməsi.
Bu Tövhid kəliməsi şeytandan və onun şərindən insanı qoruyan ən əzəmətli səbəbdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Kim bir gündə yüz dəfə “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul mulku va ləhul həmdu va huvə alə kulli şeyin qadir” deyərsə, bu onun üçün 10 qul azad etməyə bərabər olar, ona 100 savab yazılar, onun 100 günahı silinər və axşamlayanadək bu, həmin insan üçün şeytandan bir qoruyucu olar.” (Buxari, Muslim)
7. Şeytan yuxuda kimə musallat olarsa o kəs belə desin: “Əuzu bi kəlimətilləəhit-təəmməti min ğadabihi və iqabihi və şərri ibədihi va min həməzətiş-şəyətıni və ən yəhdurun”
Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Sizdən biriniz yuxuda həyəcanlanarsa (dəhşətə gələrsə), belə desin “Əuzu bi kəlimətilləəhit təəmməti min ğadabihi və iqabihi və şərri ibədihi va min həməzətiş şəyətıni və ən yəhdurun*. Belə dedikdən sonra şeytanlar ona zərər verməz.” (Şeyx Albani hədisi həsən adlandırmışdır. Bax: “Sahihul Cəmi”, 701)
8. Evə daxil olduqda, yemək yeməyə başladıqda və digər hallarda “Bismilləh” demək.
Bu kəlimə insanı şeytandan qoruyur. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Həqiqətən də bir kişi (insan) evinə daxil olub “Bismilləh” deyərsə və yemək yeməyə başladıqda “Bismilləh” deyərsə, şeytan belə deyər “Burada bizə nə yemək var nə də qalmağa yer.” (Buxari) Bunun mənası odur ki, kim evə daxil olduqda “Bismilləh” deməzsə, şeytan o evə daxil olar və orada yeyilən yeməkdən yeyər.
Həmçinin ayaqyoluna daxil olarkən “Bismilləh” demək. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Cinlərin gözləri ilə Adəm oğlunun övrəti arasındakı örtük, onun ayaqyoluna daxil olarkən Bismilləh deməsidir.” (İmam əs-Suyuti, “əl-Cəmi`us Sağır” əsərində (4646) hədisi həsən adlandırmışdır)
9. Çox və boş-boş baxmaqdan, yeməkdən, danışmaqdan və insanlara qaynayıb-qarışmaqdan çəkinmək.
Bu məsələ şeytanın insana yaxınlaşdığı ən geniş qapılardır. İnsan bacardığı qədər baxışlarını, danışığını və insanlara qaynayıb-qarışmasını tənzimləyərək şeytanın ona bu yollarla yaxınlaşmasının qarşısını almalıdır.
10. Müxtəlif vaxtlarda Allahı zikr eməyi çoxaldaraq şeytandan qorunmaq.
Həqiqətən də Allahı çox zikr edənlərə qarşı şeytanın heç bir gücü yoxdur. Uca Allah buyurur: “Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”.” (“əl-İsra” surəsi, 65)
Digər ayədə isə: “Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.” (“Zuxruf” surəsi, 36)
Peyğəmbər (salləllahu aleyhi va səlləm) Zəkəriyyə peyğəmbərin oğlu Yəhyanın belə dediyini bizlərə xəbər vermişdir: “Mən sizlərə Allahı zikr etməyi əmr edirəm. Çünki həqiqətən də onun misalı sürətli bir düşmənin izinə düşdüyü bir kişiyə bənzəyir. Sonunda o bir qalaya çatar və özünü o düşmənlərdən qoruyar. Eləcə də qul özünü şeytandan yalnız Allahın zikri ilə qoruya bilər.” (Şeyx Albani hədisi səhih adlandırmışdır, bax: “Sahihut-Tərğib vət-Tərhib”, 552)
* Qəzəbindən və cəzasından, qullarının şərindən, şeytanların vəsvəsələrindən və mənə yaxın gəlmələrindən Allahın tam kəlmələrinə sığınıram.
Şeyx AbdurRazzəq əl-Bədr`in 14.08.1440 tarixində verdiyi cümə xütbəsi (cüzi ixtisar və artırma ilə)
Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!