Narkomaniya bəlası, haram olmasına dəlillər və İslami yollarla müalicəsi 

«Hər bir sərxoş edici, ağılı başdan alan şey xamrdır, hər bir xamr isə haramdır.» (Buxari, Muslim)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Dəyərli müsəlmanlar! Son və kamil din olan İslam dini insanın dünya və axirət səadəti üçün lazım olan hər şeydən xəbər vermişdir. Mövzumuz narkomaniya ilə bağlıdır. Məqalənin sonunda İslami metodlarla bu xəstəlikdən yaxa qurtarmağın yollarından bəhs edəcəyik. Allahdan istəyirəm ki, bu məqaləni cəmiyyətimizin islahı üçün edilən töhfələrdən qəbul etsin! Müvəffəq edən Allahdır.

Dərd və dəva kitabında deyilir:

Dərd və dəva kitabında deyilir: «Əgər günahkar bəndə günahdan uzaqlaşarsa və (Allaha) itaətə yönələrsə, onun canı sıxılar və sinəsi daralar. O günaha təkrarən qayıdana kimi üzərində olduğu yolları ona ağır gələr. Hətta, bir çox günahkarlar günahdan ləzzət almadıqları halda və buna çağıran (səbəb) olmadan günahlara yenidən qayıdırlar.»

Deməli, narkomaniya da adət edilən günahlardan olduğundan, ağrılara dözməyən insanlar ləzzət xatirinə deyil, ağrıdan qurtulmaq üçün çox vaxt bu günaha qayıdırlar.

👉🏻 İslam şəriətinin əzəmətli məqsədləri vardır. Bu məqsədlərdən, İslam şəriəti insana aid altı şeyi qorumaq üçün gəlmişdir. Bu qoruma insanın səadəti və salamatlığı üçündür. İslam insanın
1. dinini,
2. ağılını,
3. canını
4. malını
5. namusunu və
6.  nəslini qorumaq məqsədlərini daşıyır. Narkomaniyanın müalicəsində bu altı məsələyə yanaşsaq;

👉🏻 Birincisi; narkomaniya insanın dinini naqisləşdirir, insan dini məsuliyyətini itirir və günahlara, asiliklərə yol verir, İslam isə insanın dinini qorumağı əmr etmişdir.

👉🏻İkincisi; Din insanın ağlını qoruyur; Elə buna görə də aşağıda «insanın ağlını aparan, sərxoş edən hər şeyin şəriətdə haram olmasını» dəlilləri qeyd etdikdə diqqətinizə çatdıracağıq.
Narkotik maddələrdə də bu pis xüsusiyyət (ağılı başdan olmaq, sərxoşluq yaratmaq) vardır, hansı ki, insanda “asılılığa” çevrilir.

👉🏻 Üçüncüsü; Din insanın canını qoruyur; Ona görə də şəriətdə insanın özünə qəsd etməsi, özünü təhlükəyə atması, özünə ziyan yetirməsi, həmçinin, başqa cana xətər yetirməsi, haqsız cana qıyması və s. bunların hamısını dində haramdır. Narkomaniya isə insanın öz sağlamlığını bilə-bilə təhlükəyə atması olduğu üçün haramdır və İslamın bu prinsipinə də ziddir.

👉🏻 Dördüncüsü; Din insanın malını qoruyur; Ona görə də dində oğurluq, qəsbkarlıq, quldurluq haram edilmişdir. Başqa insanın malına göz dikmək çirkin bir hal hesab edilir. Narkomaniya isə insanı get-getə oğurluğa, qəsbkarlığa və bu qəbildən olan cinayətlərə sürüklədiyi üçün yenə öz haramlığını və günah dərəcəsini daha da şiddətləndirmiş olur. Üstəlik, narkoman öz malını israf etdiyi kimi, başqasının malına da qəsbkarlıqla yiyələnib öz istəyinə nail olmağa çalışır ki, bu da şəriətin «insanların malını qorumaq» qaydasına ziddir. Hətta, bir insan qəsbkarlıq etmədən öz istifadəsi üçün narkotik maddələrdən istifadə edərsə, bu zaman da öz malını “israf etmək” günahını, həm də özünə zərər yetirmək günahını qazanmış olar.

👉🏻 Beşincisi; İslam insanın namus və şərəfini qoruyur; Narkomaniya isə insanı bu məsələdə də uçurumlara aparır; insanın namus və şərəfini itirməsinə qapı açır, insana pis ad gətirir və onu cəmiyyətin xəstə üzvünə çevirir; ona görə də şəriətimiz “sədduz-zəria” (harama aparan vasitələrin qarşısını almaq lazımdır) qaydası ilə bir daha uca amallara xidmət etdiyini sərgiləyir.

👉🏻 Altıncısı; İslam dini insanın nəslini, nəsəbini qoruyur; Narkomaniya isə ailələrin dağılmasına, cəmiyyətin pozulmasına, nəsilin, nəsəbin itməsinə aparan yollardandır. Bu baxımdan da narkomaniyanın haramlığı bir daha aşkar olur.

Nəticə olaraq göründüyü kimi şəriətin altı məqsədindən hər birinə zidd gələn narkomaniya necə təhlükəli bir yoldur.

İndi isə narkomaniyanın hökmünü, haram olmasına dəlilləri və zərərlərini xatırladaq, sonda isə söz verdiyimiz kimi İslami yollarla bu xəstəlikdən necə qurtulmağın mümkün olduğundan danışacağıq Allahın izni ilə!

Narkotik maddələrin hökmü

Narkotik maddələrin alışı, satışı və bundan qazanılan məbləğ, həmçinin, bu maddələrin istifadəsi şəriətimizin dəlillərinə görə haramdır.

Narkotik maddələrin haram olmasına dəlillər

«O Peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər.» (əl-Ə`raf, 157)

Narkotik maddələr də murdar və pis şeylərdən sayılır.

Başqa ayədə isə Allah buyurmuşdur: «Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir.» (əl-Maidə, 90)

Ayədə keçən خمر «xamr» sözü «sərxoşedici içki» kimi tərcümə olunsa da, əslində isə bu ayə «ağılı başdan alan», «sərxoş edən» hər bir şeyi əhatə edir. Lakin, səhabələrin dövründə sərxoşedici olaraq bilinən «xamr» əsasən “içki” (şərab) kimi bilindiyi üçün, tərcüməçlər lüğəvi tərcüməyə deyil, mənaca tərcüməyə üstünlük vermişlər. Lakin, bu ayədə keçən «xamr» barədə alimlər الخمر ما خامر العقل «xamr – ağılı örtən şeydir» demişlər. Narkotik maddələr də bu qəbildəndir.

– Həmçinin, bu rəyi dəstəkləyən hədisdə də deyilir: «Hər bir sərxoş edici, ağılı başdan alan şey xamrdır, hər bir xamr isə haramdır.» (Buxari, Muslim)

• Narkotik maddələrdə də bu xüsusiyyət olduğu üçün istifadəsi haramdır. istifadə edildikdə insanın ağlını örtür, onu sərxoş hala gətirir və içkili insanın düşdüyü hallar kimi cinayət törətmək və ya s. vəziyyətlərə, şərəfli əxlaqa zidd hallara gətirib çıxara bilir.

• Həmçinin, narkotik maddələrin istifadəsi insan sağlamlığına zərərdir və insanın öz həyatını təhlükəyə atması hesab edilir. Allah isə Qurani-Kərimdə insana öz həyatını təhlükəyə atmağı qadağan etmişdir: «Öz əllərinizlə özünüzü təhlükəyə atmayın.» (əl-Bəqara, 195)

• Başqa hədisdə Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Zərər vermək olmaz. Zərərə zərərlə qarşılıq verilməz.» (İbn Macəh. Şeyx Albani hədisi səhihləşdirib)

• Həmçinin, narotik maddələrin istifadəsi insanın malını hədər edir və israfçılığa yol açır. Allahu Təala Qurani-Kərimdə buyurmuşdur: «Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.» (əl-İsra, 27)

Narkomaniyanın fəsadları:

Artıq şəriətdən narkomaniyanın haramlığına gətirdiyimiz dəlillərdən narkomaniyanın bəzi fəsadları aydın oldu. Bunlardan:

👉🏻 Narkotikin insanı pis yola salması,
👉🏻 Narkotikin insanın sağlamlığına zərər olması,
👉🏻 İnsanın ağılına təsir edərək sərxoşluq, asılılıq meydana gətirməsi
👉🏻 İnsanda şərəfli əxlaqın əksi olaraq pis əxlaq əmələ gətirməsi
👉🏻 İnsanın israfçılığa yol verməsi, malın-pulun hədər olması.

🔺Həmçinin, narkomaniyanın zərərləri insanın özüylə məhdudlaşmır, cəmiyyətin bəlası olan “narkomaniya” cəmiyyətə də çox zərər vurur, bunlardan:

👉🏻 Ailə problemləri, səngimək tükənmək bilməyən ailədaxili mübahisələr, boşanmalar.
👉🏻 Oğurluq, quldurluq və başqa cinayətlərə yol açması,
👉🏻 Cəmiyyətdə pis nümunə olmaq, əxlaqi tənəzzül.
👉🏻 Uşaqların tərbiyəsinə çox mənfi təsir etməsi.
👉🏻 Cəmiyyətin düşüncəli, iş qabiliyyətli normal insanları itirməsi və s.

Narkomaniyanın zərərləri isə qeyd etdiyimizdən qat-qat çoxdur.

Narkomaniya ilə necə mübarizə aparaq və cəmiyyətdə bu bəlaya düçar olanları bir müsəlman kimi necə xilas edək?

👉🏻 Bəzi narkomanların İslam şəriətinə riayət edərək bu bəladan qurtulmasının dəfələrlə şahidi olmuşuq və bu xəbərləri eşitmişik də. İslam dini əmələ böyük əhəmiyyət verdiyindən, əməl də güclü iradə ilə bağlı olduğundan dolayı, həkimlər də narkotik asılılıqla mübarizədə insanın müalicəyə istəyinin, rəğbətinin və güclü iradəsinin əhəmiyyətini çox vurğulayırlar. Ona görə də insanın dünya və axirət səadətini daim nəzərə alan, kamil din olan İslam dini bir narkomanın bu xəstəlikdən imanın gücü və ən əsası Allahın izni və müvəffəqiyyətiylə qurtula biləcəyinə dəlalət edir.

Bu bəlanın müalicə və xilas yollarına gəldikdə isə;

1. Ən birinci müalicə olunmaq istəyən şəxs Allaha şəfa tapması üçün çoxlu dua etməli, Allahdan müvəffəqiyyət istəməli və şəfa tapana kimi bu duasında israrlı, davamiyyətli olmalıdır.

2. Faydalı elm öyrənmək, ona nələrin ziyan verdiyini, nələrin isə xeyir verdiyini bilmək, daim bu ikisini müqayisə etmək.

3. Xeyiri daim ziyandan üstün tutmağa çalışmaq.

4. Xəstələndiyi mühiti tərk etmək və o mühitə geri qayıtmamaq. Məsələn; Soyuqlaması olan kimsəyə həkim çölə çıxmağı qadağan edərsə, yenə çölə çıxarsa, onun xəstəliyi artacaq. Narkoman da çalışmalıdır ki, ona narkomaniyanı xatırladan şeylərdən, o yerlərdən və o kəslərdən uzaq dursun.

5. İnsanın qəlbi sanki, bir qaladır. Qulaq, göz və digər əzalar isə qəlbin sərhədləridir. O (xəstə kimsə) əzalara diqqət etməsə, onda düşmən həmin sərhəddən girəcək və qalanı ələ keçirəcək. Düşmənin əsgərləri isə gözlə görsənən pis şeylər, qulaqla eşidilən pis şeylər və əzalarla edilən pis əməllərdir. Hər dəfə bu əsgərlər artdıqca qəlbin sərhədlərindəki əsgərləri zəifləyir.

Qəlbin əsgərləri isə zikrdir. Hər dəfə zikr etdikdə düşmən, yəni şeytan uzaq düşür. Ona görə də şeytan çalışır ki və dostlarına tapşırır ki, nə badə onun (qəlbin) sərhədlərində zikr əsgərləri toplaşsın və buna mane olmalarını tapşırır. Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» (Ali İmran, 200) Bu ayədə şəfanın bəzi yollarından danışılır ki, bu da iman, səbr, dözümlülük, (xəstəliklə) mübarizə və Allah qorxusudur.

(Dərd və Dəva kitabından… Bu kitab dilimizə tərcümə olunmuşdur. Bu kitabda İslamın bütün fiziki və mənəvi xəstəliklərin müalicə yolları barədə ətraflı mətlumat verilir.)

6. Namaz insanı pis və çirkin əməllərdən yayındırdığı üçün, narkomaniya da pis və çirkin əməllərdən sayıldığı üçün bu mümkündür. Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.» (əl-Ənkəbut, 45)

7. Həmçinin, İslam qardaşlığını yaşamaq, müsəlmanları mehriban mühitində olmaq, müsəlman qardaşların əhatəsində olmaq, daim namazları məsciddə qılmaq, niyyətində sadiq olmaq, əvvəlki pis dostlardan uzaqlaşmaq, saleh insanlarla oturub durmaq, müsəlmanların diqqəti, qayğısı, onu özündən uzaqlaşdırmayaraq əksinə, onun müalicəsinə nəzarət etmələri çox mühüm bir müalicə kursudur. Həmçinin, narkoman şəxsin dostları və qohumları gərək diqqət və qayğılarını ondan əsirgəməsinlər, onu qurtuluşa ümidləndirsinlər, onun tövbəsində sadiq olduğu təqdirdə Allahın Ona mütləq bir yol açacağına və onu bu xəstəlikdən xilas edəcəyinə ümidləndirməlidirlər. Çünki, Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər.» (ət-Taləq, 2-3)

Həmçinin, buyurmuşdur: «Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.» (ət-Taləq, 4)

8. Bu bəlaya düçar olmuş şəxs bilsin ki, xoşbəxtlik İslamdadır. Yaradılış qayəsinə uyğun yaşamaq əsil xoşbəxtlikdir. Yaradılışın ən birinci qayəsi isə səni Yaradan Allaha ibadət etməyindir. Allahın əmrlərinə tabe olub, Onun qadağanlarından çəkinmək, Allah qorxusu bütün xeyirlərin qapısıdır və şər qapılarının bağlanmasına səbəbdir. Allahın yolunu düzgün şəkildə gedən, İslamı düzgün yaşayan kimsə bədbəxtçilikdən uzaq olar. Allahu Təala buyurmuşdur: «Kim mənim doğru yoluma tabe olarsa, nə yolunu azar, nə də bədbəxt olar.» (Ta Hə, 123)

Həmçinin, Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.» (ən-Nəhl, 97)

Sonda Allahdan bütün xəstələrə şəfa, dərdlilərə dəva, İslama əməl etmək istəyib cəsarət edə bilməyənlərə əda istəyirik! Qoy Rəbbimiz İslamı yaşamaq istəyənlərə bu səadəti və imanın şirinliyini daddırsın! Amin!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.04. 2024
    NamazVaxt
    Sübh04:12
    Günəş05:55
    Zöhr12:40
    Əsr16:26
    Məğrib19:25
    İşa20:55
    Namaza yeni başlayıram

Son əlavə olunanlar