Helm nədir?

Helmin fəziləti barəsində sələflərin sözlərindən

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Helm lüğəvi cəhətdən: tələsməmək və ağıldır. Helm qərarsızlığın əksidir.

İstilahi cəhətdən isə elm əhli helmə bir neçə təriflər vermiş və helmi izah etməyə çalışmışlar, bu təriflərdən bəzilərini qeyd edirik:

Helm: Qəzəb zamanı nəfsi və hisləri cilovlamaqdır.
Helm: Qəzəb halında hüzur içində olmaqdır.
Helm: Zalımı cəzalandırmağı gecikdirməkdir.

Həmçinin, deyilmişdir: Helm: Qadağan olunmuş bir şeyə aparan, sevdiyinin əksi olan bir hal ortaya çıxdıqda nəfsi möhkəmcə tutub saxlamağa verilən ismdir. Beləcə, helm mərifət, səbr və tələsməməyə şamil edilir.

Helmin fəziləti barəsində sələflərin sözlərindən:
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Xeyir, sənin malının və övladlarının çoxalmasında deyildir. Lakin, (həqiqi) xeyir sənin elminin çoxalması, helminin əzəmətli olmasında, Allaha ibadətlə insanlara öyünməməyində, yaxşı bir iş gördükdə Allaha həmd etməyində, pis bir iş gördükdə isə Allahdan bağışlanma istəməyindədir.” (Əbu Nueym, «Hilyə», 1/75; əl-Beyhəqi, «Zuhd əl-Kəbir», 276)

Muaviyə ibn Əbi Sufyən (Allah ondan razı olsun) demişdir: “Qulun helmi cahilliyinə, səbri də şəhvətinə üstün gəlməyincə, o rəyi etibar olunan dərəcəyə gəlməz. Buna yalnız helmin qüvvəti nisbətində nail olmaq olar.” («əl-Hilm», İbn Əbid-Dunyə, 25-26)

Helmlə ənətin (tələsməməyin) fərqi:
Helm; insanın qəzəb anında qəzəbini icra etməyə qadir olduğu halda qəzəbinə hakim olmasıdır ki, bu sifətə malik olan insan helmli davranaraq hayıfını çıxmır və (kiməsə) cəza verməyə tələsmir.

Ənət (tələsməmək) isə; işlərdə ağır davranmaq və tələsməməkdir. Həmçinin, insanın işlərə zahirinə görə qiymət verməkdə tələsməməsi, bir məsələdə hökm verməmişdən qabaq tələsmədən o məsələyə baxmaqdır.

Qurani-Kərimdən helmli olmağa bəzi dəlillər:
Allahu Təala buyurmuşdur: “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Ali İmran, 134)

İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin “qəzəblərini boğur və insanları bağışlayırlar” hissəsinin təfsirində demişdir: “Yəni, öz qəzəblərini insanlara bildirməzlər, əksinə, (qəzəbləndikləri zaman) insanlardan öz şərlərini uzaq tutarlar və bununla da (bu əməllə) Allahdan savab umarlar.”

Sonra (yenə) demişdir: «İnsanları bağışlayırlar» Yəni: “Şərlərini insanlardan uzaq tutmaqla bərabər, onlara zülm edəni bağışlayarlar və nəfslərində kiməsə qarşı pis bir şey qalmaz. Bu isə ən kamil haldır. Ona görə də Allah buyurmuşdur: «Allah yaxşı iş görənləri (muhsinləri) sevir.»” (Təfsiru ibn Kəsir, 2/122)

Başqa bir ayədə Allahu Təala buyurmuşdur: “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.” (Əraf: 199)

Allahu Təala Qurani Kərimdə bir neçə Peyğəmbəri «helm»li olmaqla vəsf etmişdir. İbrahim və İsmayil (aleyhiməssələm) də onlardandır. İsmayılın (aleyhissələm) dünyaya gələcəyini Allah atası İbrahimə (aleyhissələm) xəbər verdikdə belə buyurmuşdu: “Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.” (əs-Saffət, 101)

İbn Teymiyyə (Allah na rəhmət etsin) demişdir: “Bu müjdə üş şeyi əhatə etmişdi: Bu uşağın oğlan uşağı olacağı, onun yetkinlik yaşına çatacağı və onun həlim xasiyyətli biri olacağı müjdəsi. Məgər atasının onu (qurban) kəsmək istədikdə: «Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa, mənim səbirlilərdən olduğumu görəcəksən» (Saffət: 102) deməkdən daha böyük bir helm ola bilərdimi?”

Həmçinin, deyilmişdir: “Allahu Təala öz Peyğəmbərlərini helmdən aşağı bir sifətlə vəsf etməmişdir. Bu isə bu əxlaqın bir şəxsdə olduqda ona izzət gətirməsinə görədir. Allah İbrahimi (aleyhissələm) bu ayədə: «Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi.» (Tövbə, 114) – bu cür helmlə vəsf etmişdir.”

Başqa bir ayədə isə Uca Allah buyurmuşdur: “Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan bir şəxs idi.” (Hud, 75)

Sünnədən helmli olmağa rəğbətləndirən bəzi dəlillər:
Helmli olmaq sifəti insana bir dəva olmasından əvvəl, bu gözəl xüsusiyyət Allahın sevdiyi əxlaqlardan biridir. Bu mənaya dəlalət edən bir çox hədislər varid olmuşdur, bunlardan:

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əl-Əşəcc Abdul-Qeysə: “Səndə iki xislət vardır ki, bunu Allah sevir: helm və təmkinli olmaq” deməsidir. (Muslim, 25/543)

Həmçinin, Ənəs ibn Malikdən rəvayət (Allah ondan razı olsun) olunan hədisdir ki, o demişdir: Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Təmkinli olmaq Allahdandır, tələsmək isə şeytandandır. Allah qatında daha çox üzür qazandırmaqda və Allaha daha sevimli olmaqda helm kimi bir şey yoxdur.” (Sahihul-Cami, 3011; Şeyx Albani həsən demişdir)

Həmçinin, Əbu Dərdadan (Allah ondan razı olsun) gələn hədisdə Allah Elçisi (Sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Elm öyrənməklədir. Helm isə helmli olmağa çalışmaqladır. Hər kim xeyiri axtaramağa çalışarsa, bu ona verilər. Hər kimdə şərdən qorunmağa çalışarsa, şərdən qorunar.” (Sahihul-Cami, 2328; Şeyx Albani həsən demişdir.)

Həmçinin, yenə ondan (Əbu Dərdadan) rəvayət olunmuşdur ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Güclü kimsə rəqibin kürəyini yerə vuran kimsə deyildir. Əsil güclü kimsə o kəsdir ki, qəzəbləndikdə qəzəbinə hakim olsun.” (Buxari, 6114; Muslim, 2609)

İbn Battal (Allah ona rəhmət etsin) demişdir: “Allah qəzəbləndikdə bağışlayan kimsələri tərifləmiş və Öz dərgahında belə əməl sahibinə hansı xeyirləri verəcəyi və dünyanın ziynəti və malından nəyi onlar üçün orada saxladığı barədə xəbər vermişdir. Həmçinin, Allah qəzəbini boğan, insanları əhv edən kimsələri də tərifləmiş və onların bu yaxşı əməlini sevdiyini xəbər vermişdir.” (İbn Bəttalın «Sahihul-Buxari»yə olan şərhindən)

İbn Abdul-Bərr (Allah ona rəhmət etsin) isə demişdir: “Bu hədisdən helmli olmağın fəziləti anlaşılır və (bu hədisdə həmçinin) helmin qəzəbi gizlətmək olması, ağllı kimsənin isə qəzəb zamanı nəfsinə hakim çıxan kimsə olmasına dəlil var.” («ət-Təmhid», ibn Abdil-Bərr)

Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) necə helmli olması barədə hədislər çoxdur. Bu hədislərdən: Məscidə subaşına çıxan kimsəyə Peyğəmbərin qəzəblənmədən: “Onu buraxın, onun bövlü üzərinə bir vedrə su tökün” – deməsi barədə olan hədisi, (Buxari, 220)

Həmçinin, Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qalın bürdəsini (geyim növü) şiddətlə dartıb, Peyğəmbərə – mənə Allahın malından vermələrini əmr et – deyən bədəvi ərəbə tərəf yönəlib, sonra təbəssüm edərək: Ona istədiyinin verilməsini əmr etməsi barədə hədisi, (Fəthul-Bəri, 5738) misal çəkmək olar.

Ümumiyyətlə, Allaha dəvət edən insanların bu helm sifətindən payının olması çox mühümdür. Ona görə də bu peyğəmbəranə mənhəcdən olan gözəl əxlaqların ən çox nəfsə öyrədilməsi gərəkilən növlərindən biri olan helmli olmaq xisləti bir kimsədə vardırsa, qoy Allaha həmd etsin. Yox əgər kimsə bu xisləti hələ qazanmayıbsa, bunun yenə tədricən alışdırılmaqla mümkün olacağını bilməli və bunu Allahdan istəməlidir. Çünki, «helm» fitri və sonradan qazanılan olur. Allahdan istəyirəm ki, hər bir müsəlmana bu gözəl xislətə nail olmağı nəsib etsin və bizləri nəfslərimizin şərrindən qorusun!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    26.04. 2024
    NamazVaxt
    Sübh04:01
    Günəş05:46
    Zöhr12:39
    Əsr16:28
    Məğrib19:31
    İşa21:01
    Namaza yeni başlayıram

Son əlavə olunanlar