Günah anlayışını qəbul etməyənlər

Ateistlər dində olan günah anlayışını o qədər şişirdirlər ki, bunun da ən mühüm amillərindən biri insanı dini bağlılıqdan və dini şüurdan uzaqlaşdırmaq və bir növ ateist kimi düşündürməkdir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu problem də ateizmdəki şər problemi (the problem of evil) anlayışının gətirdiyi qəribə bir məsələdir. Ateistlər dində olan günah anlayışını o qədər şişirdirlər ki, bunun da ən mühüm amillərindən biri insanı dini bağlılıqdan və dini şüurdan uzaqlaşdırmaq və bir növ ateist kimi düşündürməkdir.

Günah anlayışını inkar etməkdə ateizmin hədəfləri aydındır:

Bu hədəflərdən bunları qeyd edə bilərik:

– Nəfsin istəklərinə tam sərbəstlik vermək,

– Hətta, bəzən cəmiyyətdə abır-həyaya zidd olan bir əməli insanın rahatlıqla edəcək səviyyəyə gəlməsi.

– İnsanları tədricən ateist düşüncəsinə yönəltmək.

Bu məfhum daha çox “beş günlük dünyadır, yeyin, için, kef eləyin deyənlərin” daha çox xoşuna gələn bir ateizm məsələsidir. Bu şübhəyə daha çox əvvəldən dini bağlılıqları olmayıb, dindən tam uzaq olan insanlar deyil, dinə meyli olan və ya dinə müəyyən dərəcədə bağlı olan insanları cəlb etmək də əsas hədəflərdəndir.

Günah anlayışını inkar etmək bir növ dinlə əlaqəli hər şeyi inkar etməkdən qaynaqlanır. Yoxsa, ateist biri günah anlayışını inkar etməklə özünü bəzi suallarla qarşı-qarşıya qoyur. İnsan əməllərindən hansı dərəcədə məsuliyyət daşıyır? İnsanın əməllərinə məsuliyyəti kim təyin edir? İnsan hər istədiyini edərsə, dünyanın sonu gəlməzmi? Bütün insanların pis və yaxşı əməli öz nəfsinə, kefinə və havasına görə təyin etməsi yaxşıdırmı? Görəsən, milyonlarla fikir sahibinin hərəsinin öz günah anlayışı yoxdurmu? Ateistin günah anlayışını kim tənzim edir? Biri bir əməli öz ağlına görə günah görür, digəri isə görmür, niyə? Deməli, ateizmdə nəyin günah, nəyin yaxşı, nəyin pis olduğu insanların nəfsinə, havasına tərk olunur. Bu kimi sualları çoxaltmaq olar. Lakin, ateistlərin bu çaşqınlığına baxmayaraq, İslamda əsas günahlar aydındır və günahlar Quran və hədislərdə bəyan edilmişdir. Şəriətin təməl qaydaları isə o qədər aydındır ki, hansısa yeni bir əməlin İslama uyğun olub olmadığını çox asanlıqla ayırd etmək mümkündür.

Günahı küçümsəmək, günahı adi bir hal kimi qəbul etmək bəşər övladını həlaka aparan səbəblərdəndir.

Ona görə də Muhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«Həqiqətən, insanlara əvvəlki peyğəmbərlikdən gəlib çatan sözlərdən biri də belədir:

«Əgər utanmırsansa, istədiyini et.»

(Buxari 6120; Əbu Davud 4797)

Ateist düşüncəsinin problemlərindən biri də azadlıq şüarı adı altında insanı həyaya və əxlaqa zidd əməllərə təhrik etməsidir. Təbii ki, belə bir düşüncə «günah anlayışı» ilə mübarizə aparmalıdır. Yoxsa, bir ateist nəyə görə bacı və qardaşın evliliyi barəsində danışıb bunu normal hesab etsin ki? Həmçinin, hansısa ateist niyə sosial şəbəkədə müəyyən “şərtlərlə” bacı və qardaşın evliliyinə və s… münasibətlərə normal baxdığını bildirsin ki? Ateistlərin çoxu bunu inkar etsə də, praktiki müşahidə olunan onların fəallarından kifayət qədər bu fikri deyənlərin mövcud olduğu üçün onlara deyirik ki, ola bilər ki, bu gün sən zəif ateist olduğun üçün bu fikirlə razı deyilsən. Lakin, ateist alimlərinin təsdiqlədiyi fikirlərlə tanış olduqca belə bir şəxsin ateizmin bir gərəyi kimi bu fikirləri qəbul edəcəyi heç də uzaq bir ehtimal deyildir. Sizcə bu “şərtlər” ateizmin günah və əxlaq anlayışına hücumlarından biri deyilmi?
Məgər azadlıq deyildikdə niyə bəzi insanlarda bütün sərhədləri aşmaq kimi bir fikir formalaşmalıdır? Məgər azadlıq bütün sərhədləri aşmaqdırmı? Bu ifrat azadlıq rəğbəti isə məhz ateizmdə əxlaq problemlərini ortaya çıxarır, sonda isə cəmiyyətlərdəki əxlaq anlayışları ilə çaxnaşmaya gətirib çıxarır.

Günah etdiyi zaman onu heç kimin görməyəcəyini düşünən insanın halı başını torpağa salmış dəvəquşunun halına bənzəyir. O elə bilir ki, hər şey normaldır və ya onu heç kim görmür.

Allah bizi görür və mələkləri bizə nəzarət edir:

Təsəvvür edin ki, insan gizlində istədiyi əməli edir və elə bilir ki, onu görən yoxdur. Otaqda tək qaldıqda düşünür ki, artıq məni heç kim görmür və istədiyimi edə bilərəm. Ateist müasir bir kəşf olan gizli kamelaralar və s. metodlarla insanı başqa bir insanın izlənilməsini normal qəbul etsə də, Aləmlərin Rəbbinin ondan xəbərsiz olduğunu düşünür! Çox qəribədir! Elə deyilmi?

«Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?» (əl-Muminun, 115)

Amma, Allahdan qorxan kimsə, hər yerdə əməllərini Görən biri olduğunu bilən kimsə təklikdə belə həyaya zidd əməllər etməkdən utanar, çəkinər, onun hər əməlinin qarşılığını verəcək Rəbbi olduğunu bilər. «Bəlkə insan özbaşına qoyulacağını güman edir?» (İnsan, 36)

O müsəlman bilir ki, mələklər onun etdiyi ən kiçik əməlləri belə yazırlar:

«Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər.» (əl-İnfitar, 10 -12)

O bilir ki, Qiyamət günü bütün əməlləri haqq- hesab olunacaq və o həmin günü əsla unutmur:

«Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!» (əl-Kəhf, 49)

Müsəlman şəxs bilir ki: «Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar.» (ən-Nisa, 111)

Həm də bilir ki, heç kimə başqasının günah yükü yüklənməz.

«Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz.» (əl-Ənam, 164)

İslamdakı günahlardan tövbə etməkçün insan yalnız Allaha yönəlir. Xristianlıqda isə keşişin yanına getməli və onu Allahla arasında vasitə etməlidir ki, Allah onu bağışlasın. Təhrif olunmuş dinlərdəki günah anlayışından danışmaq fikrimiz yoxdur. Biz son və təhrif olunmamış, bütün insanlara xitab edən, qorunmuş İslam dini açısından məsələyə yanaşır və bir ateistin, o cümlədən də deistin nəfsi və şəhvani istəklərini rahat şəkildə yerinə yetirməsi üçün günah anlayışını necə inkar etməsini müşahidə edirik. İslam dini bütün yaxşı əməlləri əmr edir, pislikləri isə qadağan edir:

«O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər.» (əl-Əraf, 157)

Həqiqi iman sahibi olub dinində qüvvətli olan bir insanın bu şübhəyə düşməsi imkansızdır. Çünki, Allahla arasında olan əzəmətli rabitə, islah edilmiş bir qəlb, dinin haqq olması barədə tam yəqinlik, Uca Allahın Qüdrət və Əzəmətini dərk etmək belə bir insanı bu və digər azdırıcı fikirlərdən qoruyur. Uca Allah Quranda buyurur:

«Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar» (İbrahim, 27)

Ayədəki möhkəm sabit söz «Lə iləhə illəllah» kəlməsidir ki, onun mənasını dərk edib həyatında yaşayan insanı bu dünyasında sabit saxlayar. Hətta, insanı qəbir sıxıntısında da sabit saxlayar. (bax, İbn Kəsirə, son ayənin təfsirinə)

Başqa bir ayədə Allah buyurur:

«Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.» (əl-Həcc, 54)

Lakin, İslamda olub İslamın məqsədini anlamayan insanlar yalnız belə şübhələrə düşə bilərlər.

Elə isə günah anlayışını problemli görmək bir insanda necə baş verir?

Fikrimizi belə izah edək: Dinə (müəyyən dərəcədə) əməl edən bəzi insanlarda etdikləri günah səbəbindən bəzən özünə və dinə qarşı ikrah hissi meydana gəlir və ya bəzi günahlarda  davamlılıq halı yaranır. Beləcə, işin əvvəli bu pis halı inkar etməklə başlayır, sonra birdəfəlik günahdan qurtulma cəhdləri olur, sonra isə uğursuzluqla üzləşdikdə vəziyyət ümidsizliyə və uğursuzluğa çevrilir. Sonra isə bu cür insanlar İslam əqidəsindən bixəbər olmalarından dolayı bu ümidsizlik və uğursuzluq halını başqa bir səbəblə əlaqələndirməklə aradan qaldırmağa çalışır və sonda bu halı “Allahın onların günah etməsinə mane olmaması” ilə izah edirlər. Beləcə, özlərini deyil, Allahı qınamış olurlar ki, bu haldan Allaha sığınırıq.

Halbuki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) insanların günahlar qarşısında zəif olmalarını ümmətinə izah etmişdir və bilməliyik ki, bu təbii bir haldır. Əgər günahlar cəzbedicilik və ləzzət fitnəsiylə bəzənməsəydi, insan onunla imtahan olunmazdı. Ona görə də Muhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«Cəhənnəmin ətrafı şəhvətlərlə örtülmüşdür, Cənnətin ətrafı isə nəfsə ağır gələn şeylərlə örtülmüşdür.» (əl-Buxari, 6487)

Şəhvət, ehtiras, tamahkarlıq və s. hislər insanı günahlara, dünyaya aludəçiliyə aparır və axirəti unutdurur. O axirət ki, hər birimizin son mənzilimizdir. İnsanın günahlar və şəhvətlər qarşısında zəif olması onu aldatmalı deyil. Allah buyurur:

«Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər. Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.» (ən-Nisa, 27-28)

Dedik ki, insanın günahlar önündə zəif olması təbii bir haldır. Bu isə Allahın bizə əvvəlcədən ixtiyar verməsiylə ziddiyyət təşkil etmir. Yəni, əgər günah seçimini özümüz ediriksə, Allahı niyə qınayırıq? Məgər biz etdiyimiz günaha özümüz cavabdeh deyilikmi? Nəyə görə öz günahımıza başqa müqəssir axtarmalıyıq? Axı bu hansı düşüncə tərzidir? Məgər bu ədalətdəndirmi? Əgər bir insana hər hansı bir əməli etmək üçün ixtiyar və seçim haqqı verilibsə, onu xətaya düşməsi gözlənilən bir haldır. İnsan günah etməsəydi mələklərdən olardı. Amma, çox insan elə bilir ki, mələk yaradılışı etibarilə insandan üstündür. Dərhal İslamı ittiham etmək istədikdə bir İslami həqiqətin onlara meydan oxuduğunu görüb heyrətə gəlirlər. Əgər görə bilsələr… O da bu sualın cavabıdır; Əgər mələklər günah etmirlərsə, biz niyə mələk olaraq yaradılmadıq və ya biz niyə günah edirik? Qısa cavab odur ki: İnsana ixtiyar verilib, mələyə isə yox. İnsanın əməl dairəsi daha genişdir. Yəni, insan öz ixtiyarı ilə etdiyi əməllər nəticəsində mələkdən yüksək də ola bilər, heyvandan aşağı da ola bilər. Mələklər isə yalnız Allaha itaət və ibadət etmək işini görürlər. Uca Allah buyurur:

«O mələklər Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmazlar və özlərinə buyurulanları yerinə yetirərlər.» (ət-Təhrim, 6)

Qəribə olan isə budur ki, insana əməlləri etməkçün seçim və ixtiyar verildiyi halda insan öz günahını özü seçir, sonra mən “buna məcbur edildim” bəhanəsini gətirirərək Allahı qınayır, mələklər isə heç ibadətdən, itaətdən başqa işləri olmadığı halda Allaha asilik etmir, Allahı nədəsə ittiham etmirlər. Elə bu məqamdan öz Yaradanına nankorluq edərək özlərini deyil Allahı qınayanların ziddiyyəti aydın görünür.
Allah biz insanları heç nəyə məcbur etmir, əksinə, Allah bizi əməllərimizdə ixtiyar sahibi, seçim sahibi etmişdir.

Əbu Hureyrədən rəvayət olunan hədisdə deyilir: Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: «Canım əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəydiniz, Allah sizi aradan götürər və yerinizə günah edən bir qövm gələr ki, onlar Allahdan bağışlanma diləyərlər, Allah da onları bağışlayar.» (Muslim, 2749)

İbrət günah etməkdə deyil, hər kəs günaha yol verir. Allahın qoruduğundan başqa məsum (günahsız) insan yoxdur. Hansısa müsəlmanın günaha düşməsinin onun öz zəifliyinə və ya dininə və ya Allahın qədərlərinə qəzəblənməsinə səbəb olması doğru deyil. Əksinə, həqiqi ibrət bir kimsənin günah anında günahı xatırlayıb günahdan uzaqlaşmasında və ya günahdan sonra peşman olaraq tövbə etməsindədir.

Uca Allah Quranda buyurmuşdur:

«O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.» (Ali İmran, 135)

Ona görə də insanın düşdüyü hansı günah olursa olsun, Allah o günahı bağışlamağa Qadirdir. Nə qədər ki, bu günah ən böyük günah olan Allaha şərik qoşmaq və ya küfr etmək deyildir. Allah Qurani-Kərimdə buyurmuşdur:

«Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.» (ən-Nisa, 48)

Təkrar günaha yol verən insan nə etməlidir?

Əgər bir insan günahından dolayı Allaha tam səmimi şəkildə tövbə edibsə, sonra nəfsinin zəifliyindən dolayı yenə bu günaha yol veribsə, insan yenə tövbə qapısına yönəlməli, Allahdan bağışlanma diləməlidir. İnsan “mən artıq günaha bulaşmışam” deyib, nəfsinə, şeytanına təslim olmamalıdır. Əksinə, qüvvətli iradə və əzmkarlıq nümayiş etdirərək günaha son qoymağa çalışmalıdır.

Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) məsələni bizə ətraflı şəkildə izah edərək demişdir:

«Bir qul günah edər və deyər: Ey Rəbbim! Mən bir günah etdim, mənim bu günahımı bağışla. Rəbbi belə deyər: Qulum onun günahlarını bağışlayan və günaha görə hesaba çəkən (yəni: istədiyi zaman günahın cəzasını verən və bunu gecikdirməyən) bir Rəbbi olduğunu bildi. – Sonra (Rəbbi) onu bağışlayar.
Sonra Allahın istədiyi qədər bir müddət yaşadı, başqa bir günaha yol verdi və dedi: Ey Rəbbim, mən başqa bir günah etdim, mənim bu günahımı bağışla! Rəbbi isə belə deyər: Qulum onun günahlarını bağışlayan və günaha görə hesaba çəkən bir Rəbbi olduğunu bildi. – Sonra Rəbbi onu bağışlayar.
Sonra Allahın istədiyi qədər bir müddət yaşadı, başqa bir günaha yol verdi və dedi: Ey Rəbbim, mən başqa bir günah etdim, mənim bu günahımı bağışla! Rəbbi isə belə deyər: Qulum onun günahlarını bağışlayan və günaha görə hesaba çəkən bir Rəbbi olduğunu bildi. Qulumu bağışladım. Qoy istədiyini etsin.» (Buxari, 7507; Muslim, 2758)

Yəni, Allah: bəndəm nə qədər ki, əməlinə peşman olacaq və məndən səmimi şəkildə bağışlanma diləyəcək, onu bağışlayacağam. – deyir. (Bu cür şəxs həmin günaha bir daha qayıtmamağa niyyət edən kimsədir. Hətta, bundan sonra ona nəfsi və ya şəhvəti qalib gəlsə belə) Çünki, o insan öz Rəbbinin qüdrətini və hesaba çəkməsini səmimi şəkildə etiraf edir, Allahdan qorxur, Allahın onu gecikmədən cəzasını verə biləcəyini bilir, bu cür şəxs günaha da qəsdən qayıtmır, əksinə, günaha dönməməkçün nəfsiylə mübarizə aparır.

Ona görə də maraqlı və başqa bir mənanın şahidi oluruq ki, o da Muhəmməd peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) Allah və Elçisinin sevgisinin günahkar müsəlmanların qəlbindən çıxdığına şahidlik etməməsidir. Ona görə də hədislərdən birində bir günahkar barəsində: «Ona lənət etməyin. çünki, o Allahı və Elçisini sevir.» – demişdir. Aşağıda bu barədə danışacağıq – Allahın izniylə.

Bəli, günahkar bir insanın Allah və Peyğəmbərini sevməsində bir ziddiyyət yoxdur. Həmçinin, insanın imanı artır və azalır. İnsanın günaha düşməsinin sözsüz ki, insana təsiri olur.
Lakin, bir insanın günaha düşməsi insandan o günahı (şəriətdən haram olması zəruri bilinən) halal görməsi baş vermədikcə müsəlmanın imanının aradan qalxmasına səbəb olmur, onun Allah və Elçisini sevməməsi anlamına gəlmir. Neçə-neçə insanlar vardır ki, Allahı və Elçisini sevmələrinə baxmayaraq bədənlərinin şəhvətlərə çatması asanlaşmışdır.

Əgər dininə əməl edən bir müsəlman bu mənaları hiss edərsə, Allaha and olsun ki, bütün insanlara, hətta, günahkar müsəlmanlara qarşı da təvazökar olar, onları alçaltmaz. Əksinə, onlara və özünə hidayət arzulayar ki, əgər bir gün bu dinə əməl edən müsəlman günaha dalarsa, özünə şəfqətlə yanaşsın və yuxarıda qeyd etdiyimiz kimi (bu günah əmələ) qəzəblənməkdə həddi aşıb sərhədləri keçməsin.

Buxarinin Sahih əsərində Ömər ibnil-Xəttabdan (Allah ondan razı olsun) rəvayət olunur:

Peyğəmbərin zamanında Abdullah adında bir kişi vardı. O, peyğəmbəri güldürərdi (yəni, ona olan sevgisindən dolayı ona baş vermiş hadisələri və gülməli söhbətləri danışardı). Peyğəmbər onu şərab içdiyinə görə qamçılatdırmışdı. (Yəni, Peyğəmbərin bu şəxsə olan sevgisi onun pis əməlinə görə cəzalandırılmasına maneə törətməmişdi). Bir gün yenə o (şərab içdiyi üçün) gətirilir və peyğəmbər onun qamçılanmasını əmr edir. Bu əsnada oradakı camaatdan biri dedi: «Allahım! Bu (şərab içənə) lənət et!» Bu zaman peyğəmbər buyurdu: «Ona lənət oxumayın! Allaha and olsun ki, o, Allahı və Onun Elçisini sevir.» (Sahih əl-Buxari, 6398)

Yəni, onun Allah və Elçisini sevdiyini bilirəm.

Deməli, əgər bu bir neçə dəfə şərab içən müsəlman şəxsin halıdırsa, onda görəsən başqa günahları edən və ya pis əmələ dalan bir müsəlmanın halı necə olar?

Qoy günah edənlər, tövbə etdikdən sonra yenidən günaha qayıdanlar Allahın Rəhmətindən ümidlərini üzməsinlər və Allahın bu ayəsini oxusunlar:

«Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”» (əz-Zumər, 53)

Lakin, bu məqamda mühüm bir qeyd də budur ki, insan Allahın rəhmətinə arxayınlaşıb günahlara dalmaqdan çəkinməlidir. Çünki, Allahın əzabı da şiddətlidir. İslam ümməti orta ümmətdir. Ona görə də müsəlman Rəbbinin rəhmətinə ümid etdiyi kimi, Onun əzabından da qorxmalıdır. Eyni zamanda qul öz Rəbbini sevməlidir. Allahın Rəhimli olması o demək deyil ki, insan bundan istifadə edə bilər və günah edib onsuz “da tövbə edəcəm” fikriylə yenidən günaha qayıdacaq. Aşağıda tövbənin dörd şərtindən danışacağıq ki, bundan biri də həmin əmələ (günaha) peşman olmaqdır. Bundan biri də o günaha bir daha qayıtmamaq əzmilə tövbə etməkdir.

Az öncə qeyd etdiyimiz ayə günahkar insanlar üçün bir müjdədir. Görün Allah günahdan səmimi tövbə edib birdəfəlik xilas olmaq istəyənləri necə təsəlli edir? Lakin, insan Rəbbinin rəhmətindən qafil qalarsa, artıq “günahı onu həlak etdi” düşüncəsinə və ya “Allah onu bağışlamaz” kimi təhlükəli fikirlərə düşərsə, ona “onsuz da günah bataqlığında batırsan”, “bu qısa dünyanı istədiyin əyləncə və ləzzət içində keçir” və s. vəsvəsələr gəlməyə başlayar. Belə fikirlərə əyilmək insanın İslam əqidəsindən qafil olmasını göstərir. Əqidəli bir müsəlman dinində yəqin olar və İslam əqidəsindən qafil olmaz.

Bəzi dindar kimsələrin günah anlayışında bu problemə düşməsinin səbəblərindən:

– Günahlar etməkdə və ya təkrarən günahlara yol vermək halına şəxsiyyətin mane olmasında həddən ziyadə nümunəviliyin təsəvvür edilməsi.

– Bu məsələdə nəfsə şiddətli davranmaq və həddi aşmaq bəzən günaha düşdükdə əks nəticələr verir.

– Allahın rəhmətindən ümüdünü üzmək. Halbuki, bu küfrün növlərindən biridir.

– Günahın dərəcələrindən xəbərsiz olmaq. Böyük günahlarla kiçik günahları fərqləndirə bilməmək.

– Şəriət elmi və insan psixologiyası barədə məlumatın azlığı, həmçinin, nəfsi təmizləmək və onunla necə müamilə etmək barədə ixtisas kitablarını mütaliə etməmək.

Günahdan qurtulmağın yolları:

1) Öncə bil ki, günaha düşmək insanın təbiətindəndir. Lakin, əsas problem insanın günahdan qayıtmaq istəməməsi, nəsihətə qulaq asmaması, moizə edildikdə təsirlənməməsidir. İnsanın məsum (günahsız) olması mümkün deyil, lakin, insanın günahdan bacardığı qədər qorunması mümkündür. Allah Elçisi (Allahın İna salavatı və salamı olsun) buyurmuşdur: «Hər bir Adəm övladı (insan) xəta edir. Ən yaxşı xəta edənlər isə çoxlu tövbə edənlərdir.» (ət-Tirmizi, 2499; ibn Macəh, 4251; Əhməd, 3/198; əl-Hakim, 4/272)

2) Tövbəni şərtlərinə uyğun etmək; tövbənin şərtləri: Səmimi olmaq, peşman olmaq, bir daha o əmələ qayıtmamağa əzm etmək, bir də əgər qul haqqı varsa, o haqqı ödəmək.

3) Allaha israrla yalvarıb dua etmək ki, səni bu günahdan qurtarsın və doğru yola yönəltsin.

4) Pis dostlardan və günah olan yerlərdən uzaq olmaq lazımdır. Çünki, bu pis dostlar və günah olan yerlər insanı tövbə etdikdən sonra yenidən günaha salan amillərdir. Uca Allah Quranda buyurur: «Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar.» ayənin sonunda isə deyir: «Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!» (əl-Kəhf, 28)

Ona görə də Allah Elçisi buyurmuştur: «Kişi öz dostunun dinindədir. Elə isə sizdən biri kiminlə dostluq etdiyinə baxsın.»
(Əbu Davud, 4833; ət-Tirmizi, 2378)

5) Saleh dostlarla birgə olmaq, xeyiri xatırladan, xeyirə rəğbətləndirən insanlarla dostluq etmək.

6) Tövbədə səmimi və əzmkar olmaq, bir də o günaha qayıtmamaq niyyətilə tövbə etmək ki, belə edilən tövbə uzun müddət əzmkar mübarizədən sonra yenidən nəfsin zəifliyindən dolayı pozularsa, yenidən günaha qayıdan kimsə yenə eyni qayda ilə tövbə etməlidir.

Həsən əl-Bəsri’yə (Allah ona rəhmət etsin) deyildi:
«İnsan günah edir, sonra tövbə edir. Sonra (yenə) günah edir, sonra tövbə edir. Sonra (yenə) günah edir, sonra tövbə edir. Bu nə vaxta qədər belə davam edəcək?!

O dedi: «Bunun (tövbədə davamlı olmağı) yalnız möminlərin əxlaqından olduğunu bilirəm.»

(İmam Əhməd, «Zühd» əsəri)

Qeyd: «Bu o kimsələrin (möminlərin)  halıdır ki, günaha qayıtmaq arzusu olmadan şeytanın azdırması ilə günaha qayıdıqdan sonra tövbənin şərtlərinə uyğun şəkildə tövbə edərlər.»

Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Günahdan tövbə edən sanki, o günahı etməmiş kimidir.»
(Sahih İbn Macəh, 3427)

7) İnsan günahın bu fünyadakı və axirətdəki zərərləri barədə düşünməlidir.

8) İnsan düşünməlidir ki, o insanlardan gizli günah etsə də, əməlini heç nədən gizlədə bilməyəcəyi Allah onu Görür, onun halını Bilir, ona nəzarət edir və Allah ona şah damarından da yaxındır.

Son olaraq ətrafınızda bu fikirdə olanlara, «günah olmasın, ancaq ləzzət olsun, kef olsun» deyənlərin halına, əxlaqına, əməllərinə baxmaqla onların əslində nə istədiklərini anlaya bilərsiniz.

«Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.
Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.» (əl-Bəqara, 11-12)

İstifadə edilmiş mənbələr:

1 – Qurani Kərim.
2 – Səhih əl-Buxari. Muhəmməd ibn İsmail əl-Buxari.
3 – Səhihu Muslim, Muslim obnil-Həccac ən-Niysaburi.
4 – Sunəni Əbu Davud, Suleyman ibn Əş’as əs-Sicistani.
5 – Sunən ət-Tirmizi, Muhəmməd ibn İsa ət-Tirmizi.
6 – Sunən bn Macəh. Əbu Abdullah Muhəmməd ibn Yəzid əl-Qəzvini.
7 – Zühd kitabı, İmam Əhməd ibn Hənbəl.
8 – Təfsirul-Quranil-Azim, İbn Kəsir.
9 – Usus ğaibəh 25 məsələh fi muşkilətiş-şərr. Əhməd Həsən.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    03.05. 2024
    NamazVaxt
    Sübh03:48
    Günəş05:37
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:39
    İşa21:09
    Namaza yeni başlayıram

Son əlavə olunanlar