Nə üçün məhz İslam?

Ortada bu qədər dinlər ola-ola mən nə üçün sırf İslamı seçməliyəm?!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Nə üçün məhz İslam və başqa dinlər yox?

Bəzən həqiqi din axtarışında olan, bəzən də ateizmə meylli kəslər belə bir sual verə bilirlər:

“Nə üçün məhz İslamı seçmək tələb olunur?” Yaxud da “mən nə üçün İslamın haqq dini olduğuna inanmalıyam?” Ortada bu qədər dinlər ola-ola mən nə üçün sırf İslamı seçməliyəm?!

Biz bu suala iki cavab verəcəyik:

Birinci cavab daha qısa və daha konkretdir. İkinci cavab isə ətraflı (təfsilatlı) cavabdır.

Sualın qısa cavabı:

Dinlərə və İslama ümumi nəzər yetirməklə biz bu suala cavab tapa bilərik; bu zaman biz şahidi ola bilərik ki, dinlər iki qismə bölünür:

a) Kainatı Yaradan, özü yaranmamış bir Rəbbə ibadət etməyə çağıran dinlər (İslam, xristianlıq, yəhudilik).
b) Heyvan, insan və bütlər kimi yaradılmış şeylərə ibadətə çağıran dinlər. (Bütpərəstlik və başqa bu tipli dinlər)

Sağlam ağıl və məntiq bu ikinci qism yaranmışlara (heyvana, insana və ya bütə) ibadət edilən dinlərin yanlış olduğunu qəbul edər və bu bəşər ağılından icad edilmiş dinlərdən uzaq durmağa çalışar.

Yerdə qalan dörd dinə gəldikdə isə xristianlıqda «ata, oğul, müqəddəs ruh» anlayışı və ya «üçlüyünün» (təslis inancı) olması bütün peyğəmbərlərin təkAllahlıq yoluna müxaliflik və açıq sübutdur ki, xristianlıq təhrif olunmuşdur. Üstəlik də üç ilahın olması açıq-aydın ziddiyyətdir ki, özüylə çox fəsadlı mənalar gətirir. Hətta, onların bir ilahlarının olması ehtimalında bu ilah zəif bir ilah olaraq ortaya çıxır; çünki, o gah yemək yeyir, gah təqiblərə məruz qalır, gah da çarmıxa çəkilir. Allahın bir və ya üç olmasında ixtilaf edən bir din barədə də çox danışmağa ehtiyac görünmür.

Yəhudi dininə gəldikdə isə bu din qövmiyyətçiliyə dəvət edir, onlar yəhudilərin başqa hər millətdən üstün olduğunu deyirlər. Onlar yəhudilərin ağa olduğuna, başqa millətlərin isə onlara kölə olmasının gərəkdiyinə etiqad edirlər. Yəhudi dinini qəbul etməkçün isə ya birinin anası yəhudi olmalıdır, ya da yəhudilərin ən üstün olduğu fikrini qəbul etməlidir. Qövmiyyətçiliyi ön plana çəkən bir din barədə isə artıq söhbət bu nöqtədə dayanır və artıq sözlərə ehtiyac qalmır.

Qaldı Zərdüşt dini; Bu dinə görə iki ilah var, xeyir və şər ilahı. Ona görə də dinlərdən danışan bəzi araşdırmaçıların Zərdüşt dinini monoteist (təkAllahlı) dinlərlə eyni tutmaları və eyni kateqoriyaya ayırmaları elmi cəhətdən doğru deyildir.

Zərdüştlük etiqadını nəql edən Zərdüşt haqqında isə əlimizdə tutarlı məlumatlar yoxdur. Lakin, onların odu müqəddəs tutmalarıyla atəşpərəstliyə başlanğıc vermələri, atəşə sitayiş ayinləri, iki Allahın (xeyir və şər) olmasını demələri bu dinin Allaha deyil oda sitayişə xidmət etdiyini bilmək bu dinin də ilahidən gəlmə deyil, bəşəri ixtira olduğunu göstərir.

Qalır bu dinlərin içində yeganə yol olan İslam dini… İslam isə ağıla, məntiqə və sağlam fitrətə uyğun bir dindir.

Nəyə görə məhz İslam?

Birincisi; Ona görə ki, İslam bütün bəşəriyyətə xitab edir;

İkincisi; İslam peyğəmbəri peyğəmbəri olmamışdan əvvəl sadiqliyi və doğruluğu ilə tanınmış və bilinmişdir.

Üçüncüsü; İslami məsdərlər hərtərəfli şəkildə hərfbəhərf, nöqtə-vergülünə kimi qorunmuşdur. Bu xüsusiyyət isə Yaradanın izni olmadan mümkün deyil ki, 14 əsrdir bu cür qorunub saxlanılsın.

Dördüncüsü; İslamın kainatı Yaradan qüvvə barəsində təqdim etdiyi təsəvvür çox aydın və dolğun təsəvvürdür ki, sağlam ağıl və məntiq də bunu qəbul edir.

Beşincisi; Qurani-Kərimi düzgün anladığımız müddətcə Quranda bir ziddiyyətin olmadığını görərik. Əgər Allahdan qeyrisindən nazil olsaydı, onda Quranda çoxlu ziddiyyətlər olardı.

Altıncısı; İslam dini kainatın yaranması barədə də dolğun, asan və məntiqi izah təqdim edir. Halbuki, kainatın yaranması müasir elmdə ən çətin və qəliz mövzulardan biridir.

Yeddincisi; İslam dini insanın yaranması, bu dünyadakı missiyası barədə aydın məlumat versə də, fəlsəfə və məntiq əhli bu mövzuda daim böyük sıxıntı çəkmişlər.

Səkkizincisi; Bütün dinlər arasında ən şərəfli əxlaqlara dəvət edən, məsdərləri bu barədə dəlillərlə dolub daşan ikinci bir din yoxdur. Bu da ağıl sahiblərinə görə yalnız həqiqi, ilahi bir dində mümkün ola bilər.

Belə olduğu halda bütün bunları Bilən və asanlaşdıran bir Yaradan vardır ki, o bizi yaradıb və dünyaya göndərib ki, biz ona ibadət edək.

Sualın təfsilatlı cavabı isə belədir:

Birinci məsələ: İslam peyğəmbərinin doğruluğu, sadiqliyi; Bu peyğəmbər elə bir insan idi ki, peyğəmbərlikdən öncə artıq onu «Muhəmmədul-Əmin» (yəni, Etibarlı Muhəmməd) və ya «Sadiqul-Əmin» (yəni, doğru sözlü, etibarlı) deyə adlandırırdılar. İnsanlar Onun heç zaman yalan danışdığının şahidi olmamışdılar. Bu nahiyədən onun cəmiyyətində onun özü kimi doğru sözlü və etibarlılığı ilə məşhurlaşmış ikinci bir adam yox idi. Hətta, o ilk dəfə peyğəmbərliyini elan etmək istədikdə: «Ey insanlar! Əgər mən desəm ki, bu vadinin arxasında bir ordu var və onlar bizə hücum etmək istəyirlər, məni təsdiqləyərsinizmi?! – dediyi zaman: Bəli (inanarıq), ey Muhəmməd, biz sənin heç bir zaman yalan danışdığının şahidi olmamışıq – dedilər.» (Bax «Səhih əl-Buxari», 4770)

Həmçinin, yenə o peyğəmbər olmamışdan öncə Kəbənin təmiri zamanı qara daşı kimin daşıyacağı barədə ixtilaf düşdükdə bu işi görmək üçün hər kəsin razı qaldığı şəxs idi və bu iş ona həvalə olunur. Çünki, o sadiqliyi, vəfalılığı, doğruluğu ilə az yaşlarında ikən tanınmışdı. Onun necə doğru sözlü olması barədə çoxlu rəvayətlər qeyd etmək olar. Hansı ki, bir insanın iddiasının doğru olub olmadığını bilmək üçün ilk növbədə onun insanlar arasında doğrusözlü, yoxsa, bunun əksi bir adla tanınmasının bilinməsi labüddür. Ona görə də birinci bu mühüm amili qeyd etdik.

İkinci məsələ: İslam dini nə firqələrdən bir firqə deyil, nə də yer üzündə insanların ixtira etdiyi əqidələrdən biri deyildir;

Əksinə, İslam bütün peyğəmbərlərin dininin əsli olmuş, haqq əqidənin və düzgün ibadətlərin əsli (əsası) olmuşdur. İslam təkAllahlılıq (tövhid) dinlərinin ən saf olanıdır.

Deməli, İslam yolunu azmış, təhrifə məruz qoyulmuş dinlərin yolunun düzəldilməsini hədəfə alaraq son ilahi din olaraq qarşımıza çıxır. İslam, Adəmdən İsaya kimi (Adəm, Nuh, Saleh, Eyyub, Hud, İbrahim, Musa, Davud, Yunus, Harun və İsa) gəlib keçmiş bütün peyğəmbərlərin yolunun geri qaytarılmasıdır. Tövrat və İncilin ifadəsinə əsasən bu peyğəmbərlərin hamısının əqidəsi təkAllahlılıq olmuşdur. Bu saf əqidə nə bir Allahı üç hesab etmir, nə Allahı şəkillə vəsf etmir, nə də özündən intihar edərək ölən ilahları vəsf etmir. Nə də bu din ilahların başqa ilahlarla ixtilaf etməsindən danışmır. Nə də bu din müqəddəs ruhun atadan ayrılmasından, nə də tayfaların ilahından danışmır. Uca Allah buyurur:

«Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid (təkAllahlılıq etiqadı) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər.» (əş-Şura, 13)

Həmçinin, Allah buyurmuşdur: «Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.» (ən-Nisa, 163)

Digər bir ayə isə belədir: «İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”» (əl-Bəqərə, 132)

Deməli, İslam başqa dinlər kimi deyildir. İslam bütün (peyğəmbərlərə gələn) dinlərin əslidir. O dinlər ki, insanlar o dinləri sonradan təhrif etdilər. Peyğəmbərlərin demədiyi sözləri onların adından dedilər, etmədikləri şeyləri onların adından etdilər. Xüsusən də yəhudilik və xristianlıq dinlərinə mənsub olanlar öz dinlərini bilə bilə təhrif etmişdilər. Halbuki, onlara İslam üzərində olan peyğəmbərlər gəlmişdi. O peyğəmbərlər onlara tək Allaha ibadət etməyi, Ona ortaq qoşmamağı, Allahı inkar etməməyi, Ona inanmağı əmr edirdilər. Qurani-Kərim onların dinlərini təhrif etmələrini təsdiqləyir:

«Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!» (əl-Bəqara, 79)

Qurani-Kərim onların öz əlləriylə kitab yazıb o kitabı yalandan Allaha nisbət etmələrini necə də gözəl vurğulamışdır. Bizim isə heç bir şəkkimiz yoxdur ki, Allah İslam dinini göndərməklə yəhudi və xristianların təhriflərindən bizi qorumuş və bizə doğru yolu göstərmişdir. Ona görə də Qurani-Kərim doğru yolu göstərən və şəkk-şübhə dogurmayan bir ilahi kitabdır. Allah elə Quranın girişində buyurur: «Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.» (əl-Bəqara, 2)

Üçüncü məsələ: Başqa dinlərdə şirk elementləri vardır, İslam isə şirkdən və küfrdən qorunmuş yeganə dindir; məsələn, xristianlar İsa peyğəmbəri “Allahın oğlu” adlandırır, onu peygəmbərlikdən çıxararaq ilahi sifətlər verirlər. Bu isə Allaha şərik qoşmaqdır, üstəlik də İsa peyğəmbərin dinini təhrif etməkdir. Yəhudilər də həmçinin, “Üzeyir Allahın oğludur” demiş, mələklər də Allahın “qızlarıdır” demişlər.
Quranda Allah buyurur: «Yəhudilər: “Üzeyr Allahın oğludur”– dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur”– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir.» (ət-Tövbə, 30)

Bütün bunlar şirk və küfr eleməntləridir ki, xalis və həqiqi dində belə bir şeyin olması mümkün deyildir. Hinduslar da Allaha şərik qoşur və bütlərə ibadət edirlər. Ümumiyyətlə, bütpərsətliyi din kimi qəbul etmək və təkAllahlılıq dinlərinə tay etmək doğru deyildir. Sadəcə bunu ateistlərin dinlərə misal çəkmələridən dolayı qeyd etdik. Eləcə də digər İslamdan başqa istənilən dində şirk və küfr elementləri vardır.

Dördüncü məsələ: Allah qatında din yalnız İslamdır; Uca Allah buyurmuşdur:

«Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.» (Ali İmran, 19)

Başqa bir ayədə isə buyurmuşdur:

«İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.» (Ali İmran, 85)

Beşinci məsələ: İslam sonuncu dindir və ilahi şəriətlərin (qanunların) tamamlayıcısıdır; İslam dinindəki hökmlər Qiyamət gününə kimi insanlara din olaraq bəs edir. Allah Məhəmməd peyğəmbəri sonuncu peyğəmbər adlandırmışdır. Onun şəriəti və yolu da son şəriət və yoldur. Allah Quranda buyurur:

«Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.» (Əhzab, 40)

Bu o deməkdir ki, onun dəvəti hansısa nəsli və ya hansısa qəbiləni əhatə etmir, əksinə, bu dəvət dünyadakı bütün kasıbları, bütün varlıları, bütün güclüləri və bütün zəifləri, bütün zalımları və bütün adilləri, insan və cin toplumunun hamısını əhatə edir.

Altıncı məsələ: İslam bütün bəşəriyyətə xitab edir; Allah Quranda buyurur: «Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.» (əl-Ənbiya, 107)

Peyğəmbər bəşəriyyətə rəhmət olaraq göndərildiyi kimi, Qurani-Kərim də xatırlatma və rəhmət olaraq göndərilmişdir. Allah Quranda buyurur:

«Bu Quran aləmlərə ancaq xatırlatmadır.» (Sad, 87)

Qurani-Kərim bütün bəşəriyyətə öyüd-nəsihət sayılır.

Yeddinci məsələ: İslam dini bizə adilliyi əmr edir; İslam dini dostla, düşmənlə, yaxınla, uzaqla adil davranmağı əmr etmişdir. Uca Allah Quranda buyurur: «Allah ədalətli olmağı əmr edir.» (ən-Nəhl, 90) Həmçinin, buyurmuşdur: «Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun.» (əl-Ənam, 52)

İslam dini bununla da kifayətlənməyərək hətta sevmədiyimiz kəslər və düşmənlərimiz belə olsa, onlarla ədalətli davranmağı əmr etmişdir:

«Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun!» (əl-Maidə, 8)

Xüsusən də indiki zamanda bəzi insanlar özüylə bir fikirdə olmayanları çox rahat və adillikdən uzaq bir şəkildə təhqir edirlər ki, bu hal dünyada geniş yayılmışdır. İslam isə insanları təmkinli olmağa çağırmışdır və bu məsələdə ədalətsizlik edib həddi aşmaqdan çəkindirmişdir.

Səkkizinci məsələ: İslam elmə, oxumağa, inkişafa səsləyir: İslamın müqəddəs kitabı olan Qurani-Kərim elmə, oxumağa, öyrənməyə səsləyir. Ona görə də Quranın ilk nazil olan ayəsi: “Oxu” əmridir. (əl-Aləq surəsi, 1-ci ayə) Bu ayə peyğəmbərin Cəbrayıl adlı ilahi vəhy mələyindən eşitdiyi ilk vəhydir.

O cümlədən də, elm öyrənmək insanların dərəcəsinin yüksəlməsi və Allahın razılığını qazanmaq üçün bir vasitədir.

«Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaldar.» (Mücadilə, 11)

Məhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) demişdir: «Elm tələb etmək (öyrənmək) hər bir müsəlmana vacibdir.» (Sahihul-Cami, 308 və 309; şeyx Albani «səhihdir» demişdir)

Başqa bir rəvayətdə Məhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Sizin yanınıza elm öyrənmək üçün qövmlər gələcəklər. Əgər onları görsəniz, peyğəmbərin vəsiyyətinə uyğun şəkildə: Xoş gəlmişsiniz! deyin və onları öyrədin.» (Sunəni ibn Macəh, 247; əs-Sahiha, 280-də Albani həsəndir – demişdir,)

Bu gün bizdən biri bir xarici dili öyrənməkdə çətinlik çəkərkən və ya bunu bir neçə aya və ya ilə edərkən, peyğəmbərin tapşırığı ilə səhabələrdən biri 21 gün ərzində İbrani dilini öyrənən Səhabənin halını unuduruq.

Başqa bir hədisdə peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurur:

«İnsan öldüyü zaman onun əməli kəsilir. Yalnız üç şeydən başqa: Davamlı sədəqə vermək və ya faydalı bir elm qoyub getmək və ya ona dua edən övlad qoyub getmək.» (Səhihi-Muslim, 1631)

Hədisdə «Faydalı bir elm qoyub getmək» elmə verilən böyük bir qiymətdir. Bu elm insanın özünə də, cəmiyyətə də faydalı olan elmdir. İslam dini cəmiyyətə faydalı olan, cəmiyyətin faydalı inkişafına aparan yollara rəğbətləndirir.

Praktiki olaraq da İslamın 14 əsrlik tarixində olmuş nəhəng İslam dövlətləri daim elmin və elmi tərəqqinin tərəfində olmuşlar. Əməvilər, Abbasilər, Osmanlılar, Məmlukilər, Əndəlüs dövləti və başqa böyük İslam dövlətləri daim alimlərə xüsusi diqqət ayırmışlar. Məhz İslam alimlərinin coğrafiya, kimya, həndəsə, cəbr (riyaziyyat), tibb və başqa elmlərdə möhtəşəm uğurları Avropa elminin sonrakı inkişafına bir məsdər olmuşdur. Təkcə müsəlmanların qərb dünyasını dünyəvi elmlərin əsasını qoymaqda və inkişaf etdirməkdə uzun əsrlər boyu qabaqlamasından danışsaq, ortaya cildlərlə kitablar çıxar. Bu da ona dəlalət edir ki, bütün bunlar İslam təlimindən qaynaqlanır. Müsəlmanların son əsrdə hərtərəfli zəifləməsinin başlıca amili ideoloji deyil, siyasi amillərlə bağlıdır. Çünki, son nəhəng İslam dövləti olan Osmanlı Qərbin böyük dövlətləri vasitəsilə təklənmiş və çökdürülmüşdür. Osmanlı dövləti altı-yeddi əsr boyunca avropaya göz dağı olan qocaman bir dövlət olmuşdur. Onu yalnız təkləmək yoluyla çökdürən Avropa ölkələri 100 ildir ki, müsəlmanların elmdən uzaq düşməsi üçün çalışırlar və azğın firqələrin inkişafına yardım etməklə müsəlmanların başını iç savaşları, ixtilaflar ilə qatmaq istəyirlər. Onlar hər bir vəchlə müsəlmanların elmi inkişafına mane olmağa çalışırlar. Hal-hazırda müsəlmanlara qarşı qərb aləmində istifadə olunan əsas psixoloji silahlardan biri də “islamofobiya” təbliğatıdır. Lakin, onlar nə etsələr də müsəlman aləmi elmə olan marağını İslami təlimlərdən aldıqları üçün bu ümmət gec-tez öz izzətinə qayıdacaqdır. Müasir müsəlman alimlərin müasir elmi nəaliyyətləri barədə bu keçiddən oxuya bilərsiniz:  Müasir dövrdə müsəlman alimlərin nəaliyyətləri

Bu mövzuda saatlarla danışmaq olar, lakin, biz bu qədərilə kifayətlənirik.

Qərbdəki İslamafobiya (İslam qorxusu) təbliğatı barədə isə bu keçidlərdən ətraflı məlumat almaq olar:

  1. İslamofobiya
  2. İslamofobiya 2

İstifadə edilmiş mənbələr:

Qurani-Kərim.
Səhih əl-Buxari.
Səhih əl-Muslim.
Sunəni ibn Macəh.
Silsilətus-Sahiha.
Siratu İbn Hişam..
Sahihul-Cami. Albani.
Ər-Raculu vəs-Sirval əl-Əhmər.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    03.05. 2024
    NamazVaxt
    Sübh03:48
    Günəş05:37
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:39
    İşa21:09
    Namaza yeni başlayıram

Son əlavə olunanlar