Görəsən biz böyük günahlarımızı tanıyırıqmı?

“Sən günahın kiçikliyinə yox, günahı kimin qarşısında etdiyinin böyüklüyünə, əzəmətinə bax.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Möhtərəm müsəlmanlar! Allah Subhənəhu və Təalə ən-Nisə surəsi 31-ci ayədə belə buyurmuşdur:

إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْسَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا 

“Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.” (ən-Nisə, 31)

Bu cür ayəni oxuduqda, böyük günahlardan çəkinməyin böyük və kiçik günahlarımızın bağışlanması üçün şərt olduğunu bildikdən sonra hər bir müsəlmana həmin böyük günahları tanıması vacib olur ki, onları bilib onlardan tövbə etsin və bu da gözümüzdən qaçırdığımız kiçik günahların bağışlanmasına səbəb olsun.

Baxaq görək İbnu Useymin (rahiməhullah) əl-Bəqara surəsinin təfsirində böyük günahların tərifini verərkən nə demişdir:

“Ayənin faydalarından biri də odur ki, günahlar kiçik və böyük günahlar olaraq 2 qismə bölünürlər: Kiçik günahlar və böyük günahlar. Onların hər birinin dərəcələri vardır. Buna görə də Peyğəmbər (salləllahu aleyhi va səlləm) hədislərin birində demişdir ki: «Sizə böyük günahlardan ən böyüyü barəsində danışımmı?» (Buxari, 609)

Böyük günahların tərifi barəsində alimlərin sözləri müxtəlifdir. Onlardan  bəziləri demişlər ki, böyük günahlar sünnədə (yəni: hədislərdə) adları  keçən günahlardır. Sünnədə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) “bu böyük günahdır” sözünü izləmişlər və onları ardıcıl olaraq bu prinsiplə sadalamışlar. Onlardan bəziləri isə böyük günahlar barəsində tərifin – yəni müəyyən həddin olduğunu demişlər. Yəni, onları özündə cəm edəcək bir qayda vardır. “Bu günah”, “bu günah” və  “bu günah” yox, o qaydaya düşən müəyyən günahların olmasını demişlər. Sonra isə bu qaydanın özü barəsində də ixtilaf etmişlər. Bəziləri demişdir ki, sahibi lənətlənən hər bir günah – böyük günahdır. Bəziləri isə demişlər ki, dünyada ikən  həddi olan (sahibinə cəza tətbiq edilməsini gərəkdirən) hər bir günah – böyük günahdır. Bəziləri isə demişlər ki, axirətdə cəza ilə qorxudulan hər bir günah – böyük günahdır.

Lakin, Şeyxul İslam İbn Teymiyyə (rahiməhullah) belə demişdir:

– Həqiqətən də böyük günah – istər lənət, istər qəzəb, istər dünyada aqibət (cəza), istərsə də imanın ondan getməsi, istərsə də ondan uzaq kəlimələrin və digər xüsusi aqibət (cəza) ilə əlaqələndirilən bütün günahlardır. Harada ki  “belə etmə”, “belə etmək sənə haramdır” və ya bu cür kəlimələr o günahı edənə xüsusi aqibət kimi göstərilməyib bu cür günahların hamısı kiçik günahlardır. İstənilən günaha hər hansı bir aqibət bağlanarsa, onda bu günah böyük günahlardan olur. Məsələn: Ticarətdə aldatma (ğişş) – böyük günahdır. Çünki, ona xüsusi bir aqibət (cəza) təyin olunmuşdur və bu da Peyğəmbərin (salləllahu aleyhi va səlləm) onu edəndən (təbərru) uzaqlığıdır. Çünki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: «Kim aldadarsa bizdən deyildir» (Muslim, 695)

Həmçinin, insanın özü üçün sevdiyini qardaşı üçün sevməməsi böyük günahdır. Çünki, ona xüsusi bir aqibət təyin olunmuşdur. Bu aqibət Peyğəmbərin (salləllahu aleyhi va səlləm) hədisindəki “Özü üçün sevdiyini qardaşı üçün sevməyincə heç biriniz iman gətirməzsiniz” (Buxari, 13) –  sözü ilə əlaqələndirilmişdir. 

Həmçinin, insanın qonşusuna ikram etməməsi böyük günahlardandır. Peyğəmbər (salləllahu aleyhi va səlləm)`in «Kim Allaha və axirət gününə inanırsa, öz qonşusuna ikram etsin» – sözlərinə görə insanın qonşusuna yaxşılıq etməməsi böyük günahdandır. Onun qonşusu ilə düşmənçilik etməsi isə daha böyük günahdır. Çünki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: «Vallahi iman gətirməz!  Vallahi iman gətirməz! Vallahi iman gətirməz!”. Dedilər ki: “Kim ey Allahın Elçisi?” Dedi ki: “Qonşusu onun şərrindən əmin olmayan iman gətirməz!» (Əhməd “Musnəd” 8227. Şeyx Albani hədisi səhihləşdirib, bax: “Sahih ət-Tərğib vat-Tərhib”, 2550)

İbn Teymiyyənin (Allah ona rəhm etsin) gətirdiyi bu qayda, böyük günahların tərifi  üçün ən yaxın qaydalardandır. Lakin, bununla yanaşı biz bütün böyük günahların bərabər olmasını demirik. Əksinə, böyük günahlardan bəziləri onunla bağlı olan aqibət etibarı ilə kiçik günahlara daha yaxın olur. Məsələn yol kəsmək – quldurluq, oğurluqdan günah etibarı ilə daha böyükdür.” (İbnu Useymin, əl-Bəqara surəsinin təfsiri, lll cild)

Möhtərəm müsəlmanlar!

Peyğəmbər (salləllahu aleyhi va səlləm) bizləri həm böyük, həm də kiçik günahlardan çəkindirmişdir. Hətta, bəzi hallarda kiçik günahların böyük günahlardan da təhlükəli olmasına işarət etmişdir.  Abdullah ibn Məsud (radıyəllahu ənhu) demişdir: «Peyğəmbər (salləllahu aleyhi va səlləm) dedi: Günahlarınızı gözünüzdə kiçiltməkdən çəkinin. Onlar insanın üzərinə onu həlak edənə qədər yığılarlar.” Sonra  Peyğəmbər (salləllahu aleyhi va səlləm) ona misal gətirdi və dedi ki: “Bir qövm bir vadiyə enər, sonra odun toplamağa çıxarlar. Biri odun gətirər, ikisi odun  gətirər. Daha sonra onlar böyük od qalayarlar və gətirdiklərini oraya atarlar.”  (Əhməd “Musnəd”, 3808. Şeyx Albani hədisə “Sahih li-Ğayrihi” deyib, bax: “Sahih ət-Tərğib vat-Tərhib”, 2470)

Kiçik günahların özlüyündə mücərrəd olaraq insanın həlak olması üçün kifayət olduğunu bildikdən sonra, böyük günahlarımızı  öyrənmək məsələsi daha mühüm olur. Çünki o həm böyük günahların, həm kiçik günahların bağışlanması üçün mühüm şərtə çevrilir.

Çoxumuz böyük günahları ancaq müəyyən bir çərçivəyə salmışıq. Gündəlik həyatımızda qeybət, yalan, böhtan, başqalarının namusunu, övrət məsələlərini araşdırmaq, məsciddə dünya söhbətləri etmək, (araşdırmadan) nəmmamlıq, ticarətdə aldatmaq kimi  üzərində dayanmadığımız digər çoxlu böyük (və kiçik) günahlarla həyatımızı doldurmuşuq. Halbuki, bu böyük günahların bağışlanması üçün bizim davamlı tövbələrə ehtiyacımız vardır. Bəzi hallarda böyük günahlardan daha təhlükəli olan, gözümüzdən qaçırdığımız və yığılıb dağ kimi üzərimizə gələcək, bizi həlak edə biləcək kiçik günahlarımızın bağışlanması da bunun üzərində  durmuşdur. Ona görə də biz böyük günahlarımızı da,  kiçik günahlarımızı da öyrənməliyik və daima tövbə etməliyik, saleh əməlləri artırmalıyıq.

Bilal İbn Sə`d (radıyəllahu ənhu) demişdir: “Sən günahın kiçikliyinə yox, günahı  kimin qarşısında etdiyinin böyüklüyünə, əzəmətinə bax.”

Allah Subhənu və Təala bizim həm böyük günahlarımızı, həm də kiçik günahlarımızı bağışlasın, bizə onları öyrənməyi  asanlaşdırsın və bizim həm böyük, həm kiçik günahlarımızı yuxarıda ayədə qeyd olunduğu kimi bağışlayaraq gözəl Cənnətlərinə daxil etsin.

Hazırladı: Asim Məmmədov (Abu Salah)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    27.04. 2024
    NamazVaxt
    Sübh04:01
    Günəş05:46
    Zöhr12:39
    Əsr16:28
    Məğrib19:31
    İşa21:01
    Namaza yeni başlayıram

Son əlavə olunanlar