Allahın qulları ilə necə olsan, Allah da səninlə o cür olar

"Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?" (ər-Rahmən surəsi, 60-cı ayə)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Həqiqətən Allah qullarından mərhəmətli olanlara rəhm edər”. (Buxari)

Məgər yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi? Kim məxluqata rəhm edərsə, Yaradan da ona rəhm edər. Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Rəhm edənlərə Mərhəmətli olan Allah rəhm edər, yerdə olanlara rəhm edin ki, səmada olan da sizə rəhm etsin.” (Tirmizi. Hədis səhihdir, bax: “əs-Silsilətus Sahihə”, 966)

Cəza əməlin növündəndir.

Allah quluna onun Allahın qullarına davrandığı kimi davranar, Allahın sənin ilə necə müamilə edəcəyini istədiyin kimi, Allahın qulu ilə də o cür müamilə et: “Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.” (ət-Təğabun, 14)

“Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi?” (Nur, 22)

İnsanlara qarşı şiddətli olmağı azalt ki, Allah da sənə qarşı şiddətli olmasın.

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Kim bir müsəlmanın bir sıxıntısını aradan qaldırarsa, Allah da onun qiyamət günü bir sıxıntısını aradan qaldırar.” (Buxari).

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) digər hədisdə isə belə buyurmuşdur: “Kim bir bir müsəlmanın kədərini qaldırarsa, Allah da ondan Qiyamət günü bir sıxıntını qaldırar.” (Buxari, 2442. Muslim, 2580)

Sən insanlara ehtiyaclarını ödəmələrinə kömək et ki, Allahdan yardım görəsən.

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Qul qardaşının yardımında olduğu müddətcə Allah da onun yardımında olar”, “Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər.” (Muslim)

Çətinlikdə olanlara asanlaşdırsan, Allah da sənə asanlaşdırar.

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Kim borcluya asanlaşdırarsa, Allah da ona həm bu dünyada, həm də axirətdə asanlaşdırar.” (Muslim).

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) başqa hədisdə belə buyurur: “Sizdən əvvəl insanlara borc verən tacir var idi, borclunun çətinlikdə olduğunu gördükdə köməkçisinə deyərdi: onların borclarını sil, ümid edirəm ki Allah da bizim günahımızdan keçər. Beləcə Allah da onun günahından keçdi.” (Buxari)

Allahın qulları ilə yumşaq ol ki, Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) dua etdiyi kəslərdən olasan:

“Allahım! Kim ümmətimə asanlaşdırarsa onun üçün asanlaşdır, kim onlar üçün çətinləşdirərsə onun üçün çətinləşdir.” (Əhməd).

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Həqiqətən Allah Rafiqdir (mülayim) və mülayimliyi sevir və şiddətli olana vermədiyini mülayim olana verər.” (Muslim).

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Kim mülayimlikdən məhrum olarsa, xeyirdən məhrum olmuşdur.” (Muslim)

Kim insanların eyiblərini örtərsə, Allah da onun eyiblərini örtər.

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Kim bir müsəlmanın eybini örtərsə, Allah da dünya və axirətdə onun eyiblərini örtər.” (Muslim)

Qardaşının xətalarından az danış ki, Allah da sənin xətalarını azaltsın.

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Kim müsəlmanın xətasından danışmağı azaldarsa, Allah da onun xətasını azaldar.” (Əbu Davud. Şeyx Albani hədisi səhihləşdirmişdir, bax: “əl-İrvəul Ğalil”, 1334)

İnsanlara əzab verməkdən çəkin ki, Allah da sənə əzab verməsin.

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Bu dünyada insanlara haqsız yerə ən çox əzab verən kəslər, Qiyamət günü Allah yanında ən çox əzab görəcək kəslərdir.” (“əs-Silsilətus Sahihə”, 1442).

Uca Allah buyurur: “Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!” (Ğafir 46).

Allahın qullarına çətinlik yaratmaqdan çəkin.

Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) bəd duası səni tutmasın: “Allahım! Hər kim ki, ümmətimin işlərindən birinin başına keçər və onlara çətinlik törədərsə, Sən də ona çətinlik yarat! Hər kim ki, ümmətimin işlərindən birinin başına keçər və onlara qarşı mülayim davranarsa, Sən də ona (əvəzində) mülayimlik göstər!” (Muslim)

Müsəlmanlara onların eyiblərini araşdırmaqla əziyyət vermə.

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Kim müsəlman qardaşının eybini açarsa, evinin içində olsa belə Allah (onun eybini açaraq) onu rüsvay edər.” (İbn Macə. “Sahihul Cəmi”, 7984).

İnsanlardan rəhmətini əsirgəmə. 

Çünki Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur: “Kim insanlara rəhm etməzsə Əziz və Cəlil olan Allah ona rəhm etməz.” (Muslim)

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) digər hədisdə isə belə buyurmuşdur: “Rəhmət yalnız bədbəxt olan kəsdən qaldırılar.” (Tirmizi. Şeyx Albani hədisi həsənləşdirmişdir, bax: “Sahihul Cəmi”, 7567).

Allahın qulları ilə istənilən məsələdə necə davranarsansa, ona uyğun da mükafatını alarsan.

● Allah səni müvəffəq etsin! Peyğəmbərimizin (Allahın salamı və salavatı onun üzərinə olsun) sözünə tabe olaraq Allahın qullarına faydalı olmağa həris ol: “Sizdən kim qardaşına fayda verə bilirsə, qoy bunu etsin.” (Muslim),

Uca Allah buyurur: “Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.” (əl-Bəqara, 195)

Onları əfv et, xətalarından keç, bağışla, ola bilsin ki, Allah da səni əfv etsin və bağışlasın.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Rəhm etməyənə rəhm olunmayacaq, bağışlamayan bağışlanmayacaq!” (Tabərani, “əl-Kəbir”. Hədisin səhihliyini Həfiz əl-Munziri, İmam Suyutı və Şeyx Albani təsdiqləmişlər).

Bu yazının yazılmasında Abdul-Qayyim əs-Suheybəni`nin “Kəmə təkunu li-İbədiLləhi yəkunuLlahu ləkə” kitabçasından istifadə olunmuşdur

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbələri Zural Namazov və Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    03.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar