İnsanlardan gələn əziyyətə səbr etməyə yardım edən səbəblər – 1`ci hissə

“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.” (əş-Şura, 30)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bilmək lazımdır ki, səbr – dinin uca məqamlarından bir məqamdır. Məhz bu səbəbdən Uca Allah Quranda bir çox yerdə səbr barəsində danışmışdır. Necə ki İmam Əhməd (rahiməhullah) buyurur: “Uca Allah səbr barəsində Quranda 99-dan çox yerdə danışmışdır.”

Bu da səbrin dindəki yerinə, mənziləsinə və qulun ona nə qədər ehtiyac duymasına bir işarədir.

Səbr mövzusunun çox geniş olmasına baxmayaraq, bu məqalədə biz məhz məxluqlardan gələn əziyyətlərə səbr etmək barədə danışacağıq.

Hər birimizə məlumdur ki, insan bu həyatda yaşadığı müddətdə insanların əziyyətlərindən salamat deyildir və daima insanlardan gələn müxtəlif növ əziyyətlərlə üzləşməkdədir. Buna səbəb də, insanların müxtəlif əxlaq, anlayış, xasiyyət və rəftarlara malik olmalarıdır. Müsəlman isə bunların önündə daima səbr libasına bürünməlidir. Bu halları nəzərə alaraq deyə bilərik ki, elm əhlinin səbr barəsində tövsiyyələri insan üçün zülmətlər içərisində bir çıraq kimidir.

Bu məqalədə isə Şeyxulİsləm İbn Teymiyyənin, içərisində səbr barədə danışdığı bir risaləsindən və Şeyx Abdur-Razzəq əl-Bədrin onun bu sözlərinə verdiyi şərhindən istifadə olunacaqdır.

Uca Allahdan bizə bu məqalə vasitəsi ilə insanlara xeyri öyrətməyi asanlaşdırmasını və bu məqaləni hər birimizin insanlardan gələn əziyyətlərə səbr etməyimiz üçün bir səbəb etməsini diləyirik. Həqiqətən O, Eşidən və duaları qəbul edəndir.

Uca Allah öyrəndiyimiz elmi bizim əleyhimizə yox, lehimizə hüccət etsin!

1. Bil ki, bütün insanların fellərini yaradan Allahdır. Onların o felləri etməsinə izn verən Uca Allahdır. Allah nə istəyirsə, o olur. Nə istəmirsə, o olmur.

Bil ki, insanların səninlə olan rəftarları Qədərdə yazılmışdır. Allah baş verən hər bir şeyin baş verməsinə izn vermişdir. Ona görə sən insanların səninlə necə rəftar etdiyinə yox, onları sənin üzərinə Kimin göndərdiyinə bax. Onların sənin üzərinə hansı səbəbdən dolayı göndərildikləri barədə düşün. Məsələyə bu yöndən baxmağa çalışsan, hüzn və kədərdən qurtulmuş olarsan.

Daha sonra isə əmin ol ki, Uca Allah qullarına əsla zülm etməz. Necəki buyurur: “Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.” (Yunus, 44)

Əgər Allah sənə bir zərərin toxunmasına izn verirsə, demək ki, bunu vacib edəcək bir səbəb var. Bu səbəb isə növbəti faydada zikr olunacaqdır.

2. Öz günahlarına nəzər yetir. Bil ki, Uca Allahın onları sənin üzərinə göndərməsinin əsl səbəbi sənin günahlarındır.

Necə ki Uca Allah buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.” (əş-Şura, 30) Beləliklə bu cür hallarda insan öz nəfsinə dönərsə, günahlarını görərsə, artıq nəfsini tövbə və istiğfarla məşğul edəcək. “Başıma gələnlər öz günahlarımdandır” deyə düşünəcək.

Lakin kim ki, insanlardan əziyyət gördüyü zaman öz nəfsinə dönməzsə, özünü qınamazsa, bil ki, onun müsibəti həqiqi müsibətdir. Amma öz nəfsinə qayıdıb özünü tövbə və istiğfarla məşğul edən kəsə gəldikdə isə – başına gəlmiş bu hadisə ona nisbətdə bir nemətə çevrilər, çünki onu Allaha tərəf yönəltmiş və yaxşıya doğru dəyişməsinə səbəb olmuş olar.

Əli bin Əbi Talib (radıyəllahu ənhu) buyurur: “Qul Rəbbindən başqa heç nəyə ümid etməməli və günahından başqa heç nədən qorxmamalıdır.” (Əbu Nu`eym, “əl-Hilyə”, 1/75)

Həmçinin ondan və başqalarından rəvayət olunur ki, bəla yalnız günaha görə gələr və yalnız tövbə ilə aradan qalxar.

3. Uca Allahın, əfv edib, öz haqlarından keçən kəslərə vəd etdiyi savab barəsində bil.

Uca Allah buyurur: “Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.” (əş-Şura, 40)

Belə ki, Uca Allah yuxarıdakı ayədə insanların bu məsələdə bölündükləri 3 qisimdən danışır. Bunlara aiddir:

1. Orta yolu seçənlər – öz haqqı qədərini alır, ondan çoxunu isə almır, tərk edir.
2. Öndə gedənlər – əfv edib öz haqqından keçir.
3. Zalımlar – haqqından daha çoxunu alaraq zülm edir.

İnsan digər insanlardan gələn əziyyətə səbr etmək qarşılığında qazana biləcəyi mükafatlar barəsində xəbərdar olsa, artıq bu, onun bu halda səbr etməsinə yardım edəcəkdir. Belə ki bu məqam – iki mərtəbədən ibarətdir, biri digərindən üstündür. Birincisi – səbr etmək, ikinci mərtəbə isə – əfv etmək. Əfv etmək daha uca məqamdır. Necə ki Uca Allah buyurur: “…və (o müttəqilər ki) insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Əli İmran, 134)

Bu elə bir ihsan növüdür ki, buna hər kəs nail olmaz. Buna yalnız Allaha yaxın olan qullar nail olar. Onlar Allah dərgahında olanları arzulayaraq başlarına gələn əziyyətə səbr edər və əcrlərini Allahdan umarlar.

4. Bil ki, əgər sən əfv edib, yaxşılıq etsən…

… bunun sayəsində qardaşlarına qarşı olan kin, həsəd, paxıllıq, intiqam almaq istəyi, eləcə də onlara şər arzulamaq kimi pis sifətlər sənin qəlbindən Allahın izni ilə çıxacaqdır. Sən intiqamdan ala biləcəyin ləzzətin qat-qat çoxunu əfv etməyin nəticəsində tez bir zamanda hiss edəcəksən. Belə ki bəzi insanlar intiqam alırlar ki, rahatlasınlar. Lakin məsələ tamamən əksinədir. Rahatlıq əfv etməklə bərabərdir. İnsanın həm rahatlığı, həm ləzzəti, sevinci əfv etməyin içərisində gizlənmişdir.

Həmçinin bu əməlin sayəsində insan Allaha sevimli bir qula çevrilir, çünki Uca Allah buyurur: “Allah yaxşı iş görənləri sevir.” (Əli İmran, 134)

Həmçinin ona olunan əziyyətə qarşılıq olaraq əfv edib bunlara nail olan kəsin misalı, ondan bir dirhəm alınıb yerinə isə minlərlə dirhəmin qaytarıldığı kəsin misalı kimidir. Belə ki o insan Allahın dərgahında olan nemətlərə nail olaraq ona toxunan zərərin qat-qat artığı qədər böyük bir sevinclə sevinir və ən əsası Allaha daha sevimli kəslərdən birinə çevrilir.

5. Bil ki, nəfsi üçün intiqam alan elə bir kəs yoxdur ki, bunun nəticəsində özü-özlüyündə hiss edəcəyi bir rəzillik yaranmasın!

Bəzən insan “O mənə bunu, bunu etdi, mən ondan necə intiqam almayım!” – deyərək düşünür ki, əfv etmək zəlillikdir. Amma əslində isə kim əfv edərsə, Allah ona əfv etməyin nəticəsində izzət bəxş edər. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Əfv etməklə Allah qulun yalnız izzətini artırar.” (Muslim)

Belə ki əfv sayəsində əldə olunan izzət, qul üçün intiqam sayəsində əldə etdiyi izzətdən daha faydalıdır. Çünki intiqam sayəsində əldə olunan izzət – zahirdə izzət kimi görsənsə də, insanın daxilində zəlillik əmələ gətirir. Lakin əfv etmək insanın daxilində zəlillik olsa da, o insanın həm daxilində, həm də batinində izzət əmələ gətirir!

6. Bu fayda çox əzəmətli faydadır. Bil ki, əməlin əvəzi əməlin öz cinsindən, növündən olur. Həmçinin bil ki, sənin öz nəfsin günahkar bir nəfsdir və əgər sən insanları əfv etsən, Allah da səni əfv edər.

Əgər bir insan daima xatırlasa ki, o insanların günahlarını əfv etsə, bağışlasa, onların xətalarından keçsə və bütün bunların əvəzində onlarla yaxşı davransa, Allah da onunla eynilə bu cür davranacaq, yəni onu əfv edəcək, bağışlayacaq, günahından keçəcək və bütün bunların qarşılığında ona yaxşılıq edəcək – həmin insana səbr etmək də, əfv etmək də asanlaşacaqdır. Aqil kəsə – bu fayda artıq kifayətdir!

7. Bil ki, əgər sən öz nəfsini qisasla məşğul etsən, vaxtın zay olacaq və qəlbin sənə fayda verəcək şeylərin ardınca getməkdən yayınacaq.

Nəticədə isə bu, sənin üçün onlar tərəfdən gələn əziyyətdən daha böyük bir müsibətə çevriləcəkdir! Çünki onların əziyyəti nəticəsində sənin haqqın tapdalanırsa, bu halda sənə öz haqqından daha dəyərli olan vaxtın zay olub gedəcəkdir. Lakin əgər sən əfv etsən, keçsən, artıq bunun vasitəsi ilə qəlbin boşalacaq və sən, sənə intiqam almağından daha önəmli olan faydalı işlərin ardınca getməyə davam edəcəksən.

Ona görə insan intiqam almaq istədikdə, daima öz nəfsinə xatırlatmalıdır ki, ona hər şeydən önəmli olan onun vaxtıdır. Öz haqqı naminə intiqam almaq üçün insanın öz vaxtını zay etməsinə əsla dəyməz…

8. Əgər sənin intiqamın öz nəfsin üçündürsə, o zaman bil ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) əsla öz nəfsi üçün intiqam almamışdır.

Peyğəmbərin (salləllahu aleyhi va səlləm) həyatına baxsaq görərik ki, o özünün, Allahın yaratdıqları arasında ən xeyirli, ən şərəfli olmasına, bütün xoşagəlməz xislətlərdən ən uzaq və tərifəlayiq bütün xislətlərə ən yaxın kəs olmasına baxmayaraq yenə də öz nəfsinə görə intiqam almamışdır. Necə ki Aişə anamız (radıyəllahu ənhə) belə deyir: “Allah Rəsulu heç bir zaman öz nəfsi üçün intiqam almamışdır. Lakin əgər Allahın haram etdiyi hədləri aşardılarsa, yalnız o zaman o, Allah üçün intiqam alardı.” (Buxari, 6853. Muslim, 2327)

Elə isə bizdən birimiz öz nəfsini hər kəsdən yaxşı tanıya-tanıya, onda olan eybləri və nöqsanları hər kəsdən gözəl bilə-bilə necə öz nəfsinə görə intiqam ala bilər? Lakin arif insan anlayar ki, onun nəfsi, uğrunda intiqam alınacaq qədər dəyərli deyil! Bilər ki, günah və eyblərlə dolu olan nəfsinin o qədər də qədir-qiyməti yoxdur ki, ona görə kimdənsə intiqam alınsın.

9. Əgər insan Allah üçün etdiyi bir şeyə və ya Allahın ona əmr etdiyi və ya qadağan etdiyi bir şeyə görə insanlardan əziyyət görürsə, səbr etməsi və buna görə intiqam almaması ona vacibdir. Çünki ona Allah üçün əziyyət edilir və onun əcri, mükafatı, savabı da Allaha aiddir!

Belə ki, insanlardan gələn əziyyət bir neçə tərəfdən gələ bilir:

1. İnsanın dininə görə. Məsələn yaxşılığı əmr edib, pislikdən çəkindirdiyinə görə və ya insanları Allahın yoluna dəvət etdiyinə, insanlara xeyri öyrətdiyinə görə ona əziyyət verilə bilər. Bu cür insan Allah yolunda əziyyətə uğramış sayılır və onun üzərinə düşən odur ki, intiqam almasın və onların əziyyətinə səbr etsin. Çünki bu əziyyət onun Allah yolunda, Allaha itaət etməsindən dolayı çəkdiyi əziyyətdir və o da bunun əcrini Allahdan gözləyir, Allah dərgahında olanlara ümid edərək səbr edir.
2. Başına gələn bir müsibətə görə əziyyət görür. Bu halda insan öz nəfsinə qayıdıb, öz nəfsini qınamalıdır. Bu, başqalarını qınamaqdan onu uzaqlaşdıracaq və onu öz nəfsi ilə məşğul edəcəkdir.
3. Dünyaya aid hansısa bir məsələyə görə əziyyət görür. Bu cür insan da öz nəfsini səbr üzərində tərbiyə etməlidir. Necə ki, tacirlər ticarətlərində yaxşı gəlirə nail olmaq yolunda üzləşdikləri əziyyətlərə səbr edir, çox şeydən keçirlər ki, sonda hədəflərinə çatsınlar və başlarına gəlmiş bu əziyyət onları əsas məqsəddən uzaqlaşdırmasın. Möminin çatmaq isətədiyi isə Allahın razılığı, Cənnətdir. Ona görə onun bu məsələdə təmkini, səbri dünyəvi ticarətlə məşğul olanlardan daha artıq olmalıdır!

Uca Allah buyurur: “Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır.” (Tövbə, 111)

Elə isə kim ki, bu yolda üzləşdiyi əziyyətlərə, tufanlara, sarsıntılara, sıxıntılara, müsibətlərə, səfərin çətinliyinə səbr edə bilmirsə, onun bu ticarətdə qalmasına heç bir ehtiyac yoxdur! Çünki məlum olduğu kimi, o kəs ki, bir şeyə çatmağı həqiqətən çox istəyir, o var gücü ilə səbr edib, o yolda üzləşdiyi bütün çətinliklərə qarşı səbrli olacaqdır.

10. Səbr etdiyin təqdirdə Allahın səninlə yaxınlığını, Allahın səni sevdiyini, səndən razı qaldığını hiss et! Bil ki, Allah kiminlə yaxın (bərabər) olarsa, heç bir məxluqun uzaqlaşdıra bilməyəcəyi bütün növ əziyyət və zərərləri ondan uzaqlaşdırar!

Uca Allah buyurur: “…Səbr edin, çünki Allah səbr edənlərlədir.” (əl-Ənfəl, 46)

Digər ayədə isə: “Allah səbr edənləri sevir.” (Əli İmran, 146)

İnsan bu yaxınlığı duyduqda artıq bu hiss onu insanlardan intiqam almaq istəyindən uzaqlaşdırır. İnsan səbr edir ki, Allah onunla olsun, onu sevsin! Bu da özündə həm qələbəni, həm qorumanı, həm müvəffəqiyyəti, həm yardımı, həm doğruya yönəldilməyi və həm də bərəkəti əhatə edən xüsusi bir yaxınlıqdır. Yəni insan səbr edərək həm Allahın yaxınlığına, həm sevgisinə, eyni zamanda da bunlara nail ola bilər.

Ardı var inşəAllah…

Hazırladı: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    03.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar