Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Əziz həmvətənlərimiz! Möhtərəm müsəlmanlar! Yeni ili qeyd etmək istəyənlər! Yeni ilin müsəlman bayramı olmadığını bilməyənlər. Hər birinizə bir neçə sözümüz var;
Əgər soruşulsa ki, biz niyə bu “xristmas” bayramını, yeni il bayramını qeyd etmirik?
Ümumi cavabımız odur ki: Biz İslama tabeyik, Uca Allah və Onun Elçisi Muhəmmədin (sallallahu aleyhi və səlləm) şəriətinə tabeyik! Müsəlmanın iki bayramı var, Qurban və Ramazan…
Bu bayram isə xristianların bayramıdır.
Təfsilatlı cavabımız isə belədir:
1) Biz bu bayramı niyə qeyd etmirik?
a) Müsəlmanlar hər şeyə qadağan demirlər, Allah nəyi qadağan edibsə, onu qadağan edirlər. Biz Allahın bizə buyurduğu kimi yaşamalıyıq, nəfsimizin istəkləri ilə deyil.
Uca Allah Quranda buyurur: «Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar.» (əl-Maidə, 51).
Bu cür bayramlardan uzaq olmaq şəriətin əmridir. Çünki, onların bayramlarını qeyd etmək, onları dost tutmaq, onlara bənzəməkdən sayılır. İslam şəriəti bizi onlara bənzəməkdən çəkindirir.
Həmçinin, Uca Allah başqa bir ayədə buyurmuşdur: «Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar.» (əl-Bəqərə, 120).
Bu ayədən də göründüyü kimi xristian və yəhudilər müsəlmanları özlərinə tabe etdirmək istəyirlər. Onlar bunu həm də dini tabeçilik baxımından etmək istəyirlər. Bu isə qətiyyən mümkün deyil. Çünki, “yeni il” bayramı sadəcə bir bayram deyil, dini mahiyyəti olan bir bayramıdır ki, belə bayramları qeyd etmək müsəlmanlara icazə deyil.
Ona görə biz görürük ki, qərb dünyası istəyir ki, biz onların bayramlarını qeyd edək, lakin, onlar bizim bayramlarımızı qeyd etmirlər.
Biz elə bu məqamda sual vermək istəyirik?! Məgər siz müsəlmanın bayramını qeyd edən hansısa xristian görmüsünüz?! Elə isə biz müsəlmanlardan bunu niyə tələb edirlər? Onda xristianlardan da müsəlmanların bayramını qeyd etmələri tələb olunmalıdır. Təəssüflər olsun ki, bu məsələni heç gündəmə gətirmək belə mümkün deyil, lakin, hamı müsəlmanlardan soruşur: Niyə siz bu bayramı keçirmirsiniz, niyə qeyd etmirsiniz?!
İslama tabe olmaq, peyğəmbərə tabeçilik sözlə qurtarmır, bu əməldə də özünü göstərməlidir.
Həmçinin, İslam alimləri deyirlər ki, qeyri müsəlmanların bayramlarını qeyd etmək günah və düşmənçilikdə yardımlaşmaqdan sayılır. Çünki, Allahu Təalə Qurani-Kərimdə belə buyurmuşdur: «Günah və düşmənçilik üzərində bir-birinizə köməklik göstərməyin» (əl-Maidə, 2)
Onlar müsəlmanlara düşmənçilik edirlər, biz də gedib onların bayramlarını qeyd ediriksə, bu çox təhlükəli bir əməldir.
b) Yeni ili qeyd etmək xristianlara oxşamaqdır;
Muhəmməd (salləllahu aleyhi və səlləm) peyğəmbər buyurub ki:
من تشبه بقوم فهو منهم
«Kim özünü hansı qövmə bənzədərsə, o da onlardandır». (İmam Əhməd, Əbu Davud və başqaları rəvayət etmişlər)
Başqa bir hədisdə buyurur :
لَتَتْبَعُنَّ سَنَنَ مَنْ كَانَ قَبْلَكُمْ شِبْرًا شِبْرًا وَذِرَاعًا بِذِرَاعٍ حَتَّى لَوْ دَخَلُوا جُحْرَ ضَبٍّ تَبِعْتُمُوهُمْ قُلْنَا يَا رَسُولَ اللَّهِ الْيَهُودُ وَالنَّصَارَى قَالَ فَمَنْ؟
«Sizdən öncəkilərin yollarını qarış-qarış, arşın-arşın izləyəcəksiniz. Əgər onlar kərtənkələ yuvasına girsələr, siz də onların arxasına düşəcəksiniz. Səhabələr dedilər:
Ey Allahın Elçisi, Yəhudi və xristianlarımı qəsd edirsən? – Dedi: Bəli, başqa kim ola bilər?!» (Buxari, Muslim).
Bu hədis də özünü kafirlərə bənzətməyi qadağan edir, çünki, onlara bənzəmək, onları sevmək, onlara hər şeydə tabe olmağa gətirib çıxarır. Biz tabeçilik deyəndə elm və texnikanın inkişafını nəzərdə tutmuruq. Çünki, kimsə etiraz edə bilər ki, onda heç nəyi götürməyin. Biz isə qısaca deyirik ki, tarix boyu müsəlmanlar qeyri müsəlmanlardan, onlar da müsəlmanlardan həmişə kəşfləri götürüblər. Müsəlmanlar və qeyri müsəlmanlar bir birini ittiham etməyiblər ki, bizim kəşflərdən istifadə etməyin. Onlar da götürüblər, müsəlmanlar da. Əgər insanlar belə şeylərə fikir versəydilər, bəşəriyyət texniki inkişafa və s. nail olmazdı. Bu deyərdi ki, sən məndən götürmə, o da deyərdi ki, sən məndən götürmə.
2) Yeni ilin tarixi də ixtilaflıdır; Qərb kilsəsi dekabrın 24-cü gecəsindən dekabrın 25-ci səhərinə kimi İsa Məsihin doğum gününü bayram edir. Şərq xristianları isə yanvarın 6-cı gününün ortasından yanvarın 7-si səhərə kimi bayram edirlər. Bizim ölkədə və bir çox ölkələrdə isə bu tarix dekabrın son gecəsindən yanvarın birinə keçən saatlar hesab olunur. Yeni ilin tarixi barədə olan bu “üç rəy” təkcə xristianların arasında olan ixtilafdır.
Qurani Kərimə görə bu rəylərin heç biri doğru deyil. Çünki, İsa peyğəmbər yayda dünyaya gəlib, isti bir vaxtda, dekabr ayında isə xurma yetişmir. Quranda da Məryəmin (aleyhəs-Sələm) İsa peyğəmbəri (aleyhi-Sələm) dünyaya gətirməsi əsnasında onun yeni bar vermiş bir xurma ağacı altında övladını dünyaya gətirməsi qeyd olunub.
«Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.» (Məryəm, 25)
3) Bu bayramda İslam şəriətinə müxalif əməllər nələrdir?
a) Yolkanın (küknar ağacının) başına təvaf etmək; Məlum olduğu kimi müsəlman üçün yalnız Kəbənin başına təvaf etmək icazəlidir. Həmçinin, yolka (küknar ağacı) bəzəməyin xristianlıqdan öncə mövcud olan bəzi dinlərin ayinlərində olduğu, sonradan xristianların adətinə çevrilməsi barədə də rəvayətlər var.
b) Keşiş rolunda olan saqqallı kişi, xristian din xadimini “Noel baba” tərənnüm edən şəxsin müsəlman uşaqlara bir “qəhrəman, sevimli insan” kimi təqdim edilməsi də dini aspektdən ayrıca bir problem hesab olunur. O, uşaqlara hədiyyə paylayır, Noel babanı uşaqlara “hər şeyi eşidən”, “hər şeyə qadir olan” super baba kimi təqdim edilir ki, bu da özündə Allaha məxsus xüsusiyyəti insana verməklə şirk mahiyyəti daşıyır. Beləcə, uşaqlarda xristian din xadimlərinə qarşı sevgi yaratmaq, xristianlığa qarşı rəğbət yaratmaqla İslama zidd əmələ yol verilir.
c) Yeni il gecələrində insanların israflara yol verməsi, süfrələrdə haram içkilərin olması, həmin gecə müxtəlif yerlərdə haram əyləncələrin artması və s.
d) Bu il “siçan” ilidir deyirlər; Bu da batil inancdır. “Uğursuzluğa inam” cahiliyyə dönəminin (İslamdan əvvəlki ərəb bütpərəstlərinin) əməllərindəndir. Hansı ilin sənin üçün yaxşı, hansı ilin isə pis olduğunu yalnız Uca Allah bilir! Müsəlman kimsə belə batil inanclardan uzaq olmalıdır.
4) Bəzi müsəlmanlar bu bayramı qeyd edirlər. Onlara kiçik bir nəsihət; Çox təəssüflər olsun ki, onlar belə məsələlərə ciddi yanaşmırlar. Sovet dövründə bu bayramı qeyd etmək insanlara öyrəşdirildi.
Burda kimsə deyə bilər ki, “o başqa niyyətlə edir, uşaqları sevindirir və ya sadəcə özü şənlənir” . Bunlar hamısı batil bəhanələrdir. İslam alimləri deyirlər ki: «insanların ən pis halda olanı odur ki, Allahı qəzəbləndirən əməllərlə özünü və ailəsini sevindirsin.» Uşaqları isə həftənin hər günü və ya hər həftə, və ya hər ay və s. bacardıqca sevindirmək lazımdır.
Şair nə gözəl deyib:
Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən!
Hər şənliyi gəl yurduma, yurdumda görərsən!
Bunun mənası odur ki, bizim xalqımız qonaqpərvər xalqdır və bizim insanlar əylənməyi sevirlər. Lakin, bu xüsusiyyətimizdən hər əyləncə çıxaran insanların istifadə etməsinə imkan vermək olmaz. O zaman, hər kim bir bayram icad edərsə, yəhudi, xristian və məcusi fərq etmədən gəlib bizə çox rahatlıqla “əyləncə” adı altında öz bayramlarını keçirməyi təlqin edər, sonra da bu bayramları adi bir hal kimi bizim xalqımıza öyrəşdirərlər. Bu isə doğru hal deyil. Ona görə də insan gərək ayıq olsun, əməllərinə fikir versin. Bir gün Allah qarşısında öz əməllərimizə görə cavab verəcəyik.
“Başqalarının bayramlarına hörmətlə yanaşırıq” deyənlərə isə deyirik ki, məgər müsəlmanlar başqalarının bayramına hörmətsizlik edirlərmi? Hörmət ayrı şeydir, hörmət adı altında başqalarının bayramını qeyd etmək ayrı şeydir.
Biz yenə bu sualı veririk: Məgər siz elə bir xristian görmüsünüzmü ki, müsəlmanın bayramını qeyd etsin?! Əgər görmüsünüzsə, bizə də göstərin. Onda sual yaranır ki, bəs nəyə görə müsəlmanların bayramlarını qeyd etməyən xristianlardan biz müsəlmanların bayramını qeyd etmək tələb olunmur? Görəsən, bu zaman onlar bizə qarşı hörmətsizlik etmiş olmurlarmı?
Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!