Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Yeni ilin tarixi barədə qısa söz:
Heç kimə gizli deyil ki, “Milad bayramı” xaçpərəst (xristian) dini ilə əlaqəlidir və uzun müddət bu bayramı xaçpərəstlər qeyd etmişlər. Qədim Roma dövləti xaçpərəstliyi rəsmi şəkildə qəbul etdikdən sonra İsanın doğum gününü yeni ilin başlanğıcı (ilk günü) və bayram kimi qəbul etmişlər.
Müsəlmanlar dinlərində zəiflədikdən sonra onların bayramlarını qeyd etmək üçün təşviq olunublar. Ölkəmizin müsəlmanları isə ateist sovet hakimiyyətinin təhriki ilə bu batil bayrama öyrəşdirilmişdir. Bundan öncə isə Azərbaycan xalqı bu bayramı qeyd etməmişdir.
Yeni il bayramını qeyd etməyin hökmü nədir?
Bir müsəlmana “yeni ili” bayram kimi qeyd etmək haramdır. Uca Allah Qurani-Kərimdə buyurmuşdur:
«Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.» (əl-Maidə, 51)
Bu bayramı qeyd etmək istəyən müsəlmanların əsassız bəhanələrindən birinə cavab:
BƏHANƏ: Biz bu gündə qadın və uşaqları sevindiririk, bunda nə pis şey var ki?
CAVAB:
Birincisi: Onu bilmək lazımdır ki, qeyri müsəlmanların bayramlarını qeyd etmək onlara bənzəməkdir!
İkincisi: Görəsən bunu edənlər qadın və uşaqları il ərzində sevindirməyə bir müsəlman bayramı və ya başqa gün tapa bilmədilərmi?
– Dahi İslam alimi Hafiz əz-Zəhəbi (rahiməhullah) demişdir:
«Əgər bir kəs deyərsə ki, biz bunu (kafirlərin bayramını) kiçik uşaqlar və qadınlar (onların şənlənməsi) üçün edirik! – Onun cavabında deyilir: “İnsanların ən pis halda olanı o kəsdir ki, Allahın qəzəbinə gətirən bir şeylə ailəsini, uşaqlarını sevindirir.” Sonra dedi: Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o (səhabə) dedi: “Kim onların novruz və mehrican bayramlarını qeyd edər, (bayramlarında və s.) onlara oxşayarsa, öldükdə də bu halda ölər və tövbə etməzsə, qiyamət günü onlarla birgə həşr olar.»
(«Təşəbbuhul-Xissis bi-Əhlil-Xamis» kitabından)
– Elə isə ey övladını, ailəsini küfr şüarı olan bayramlar ilə sevindirməyə çalışan müsəlman! Sən necə də pis bir tərbiyəçisən!
– Onları Allahı razı salan bir yolla sevindirə bilmirsənmi? Allahı qəzəbləndirərək şeytanı sevindirməklə ailənə sevinc gətirəcəyinimi düşünürsən? Allaha tövbə et və bil ki, insanların çoxluğunun bir əməli etməsi heç də o əməlin doğru olmasına dəlalət etmir.
Allahu Təala buyurmuşdur: «Lakin insanların çoxusu bilmirlər.» (ən-Nəhl, 38)
«Lakin insanların çoxusu şükür etmirlər.» (əl-Bəqara, 243)
Dinimiz kamildir, başqa dinlərin və dini mahiyyətli bayramların qeyd edilməsi haramdır:
Uca Allah buyurmuşdur:
«Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.» (əl-Maidə, 6)
Deməli, əgər din kamildirsə, onda olan bayramlar da yetərlidir. Başqa xeyirli bayram olsaydı, İslamda buyurulardı. Ona görə də İslami bayramlardan başqa “dini mahiyyətli bayramları” qeyd etmək haramdır.
Bunu demək başqa dinlərə qarşı hörmətsizlik deyil. Ona görə ki:
Birincisi: Başqa dinlər də müsəlmanların bayramlarını qeyd etmirlər.
İkincisi: Nədənsə bu “başqa dinlərə hörmət edək” məsələsi elə müsəlmanlara təklif olunur. Avropada müsəlmanların adi hüquqlarına belə qadağa qoyulduqda isə “İslama bir din kimi hörmət etmək” heç yada düşmür.
Peyğəmbərimiz xəbər verib ki, İslam ümmətindən bəziləri yəhudi və xaçpərəstlərin təqlid edəcəklər
Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur:
«Siz mütləq sizdən əvvəlkilərin yollarına qarış-qarış, arşın-arşın tabe olacaqsınız. Hətta, onlar kərtənkələ yuvasına girsələr belə, siz də onların arxasınca gedəcəksiniz.» Biz: «Ey Allahın Elçisi, bununla yəhudi və xaçpərəstlərimi nəzərdə tutursan? deyə soruşduq. O dedi: «Başqa kimi nəzərdə tuturam ki?» (Buxari, 6888; Muslim, 6723)
Bilmək lazımdır ki, İslam dininə görə bayramlar Allaha yaxınlaşdıran ibadətlər qisminə daxildir
Müsəlmanların bayramları məlumdur. Qurban və Ramazan bayramı. Bu bayramlarda Allaha yaxınlaşmaq üçün vəsilə olan ibadətlər edilir. Bu bir etiqad məsələsidir. Başqa dinlərin bayramını qeyd edən hansı niyyətlə edirsə etsin, dinin qadağa etdiyi bir əməli etdiyi üçün haram işləmiş olur.
Bilmək lazımdır ki, müsəlmanlara əmr olunub ki, müşriklərə və kitab əhlinə (xaçpərəstlərə və yəhudilərə) müxalif olsunlar.
Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Xaçpərəstlərə bənzəməyin.» (Əhməd, 8611. Əbu Yəla, 5981)
Həmçinin: «Müşriklərə müxalif olun» (Muslim, 555)
Həmçinin: «Məcusilərə müxalif olun» (Muslim, 556)
Həmçinin, buyurmuşdur: «Kim özünü hansı qövmə bənzədərsə, o da onlardandır.» (Əhməd 5106; Əbu Davud, 3040)
Alimlər qeyd etmişlər ki, bu müxaliflik onların bayramlarına da aiddir.
Bizdən hər biri xaçpərəstlərin bayramı olan gündə bunlara diqqət yetirsin:
1) Bir müsəlman həmin günü adi günlərdən biri kimi keçirməlidir. Həmin gün münasibətilə işlərini təxirə salmalı deyil.
2) Hər bir müsəlman öz ailəsinə və uşaqlarına nəzarət etməlidir ki, belə bayram dəvətlərinə aldanmasınlar, belə bayramlara sevinməsinlər, nə bununla maraqlanmasınlar, nə də onları təqlid etməsinlər.
3) Onları təbrik etməsinlər, nə də hədiyyə gözləməsinlər.
4) Müsəlman ticarətçilər isə bu və ya digər haram bayramlara aid əşyalar və s. bunda onlara yardım edəcək şeyləri satmasınlar.
Allahdan istəyirəm ki, biz müsəlmanları öz nəfsinin, tamahının istəyinə görə, dininə, əqidəsinə zidd əməlləri edənlərdən etməsin, bizi dinimizlə izzətli dayanmağa müvəffəq etsin və bizi dinimizdə sabit etsin!
Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!