Sıxıntı və imtahanların içərisində gizlənən xəzinələr

“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1. Qulun islahı

Elə günahlar, onlara görə gələn elə cəzalar və elə sıxıntılar vardır ki, qul onların içərisində islaha müvəffəq olur. Necəki, İbnul Qayyim “Mədəricus Səlikin” kitabında buyurur: “Neçə günahlar vardır ki, sahibinin dərəcə-dərəcə yüksəlməsinə səbəb olur…” Necə? Allahın müvəffəq etdiyi şəxs ona üz verən hər bir müsibəti öz günahlarından görər və nəfsinə qayıdıb öz nöqsanları ilə məşğul olmağa başlayar. Çünki Uca Allah buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır.” (əş-Şura, 30)

Eləcə də bunun səbəbləri müxtəlif də ola bilər. Kimisinin üzünə etdiyi sadiq tövbənin nəticəsində çoxlarına bağlı olan qapılar açılır. Kimisi içərisində olduğu sıxıntı və çətinliklərdən bir çıxış yolu axtararkən bütün yolları sınayıb bir nəticə görmədiyində, sonunda yalnız Allahı təkləşdirib və Ona, Onun razı qaldığı şəkildə ibadət etməyin xoşbəxtçiliyə səbəb olduğunu anlayır. Kimisi isə sıxıntıda Rəbbinə etdiyi ixlaslı dualarının nəticəsində Rəbbinin yardımına, müvəffəqiyyətinə, həyatına və ömrünə verdiyi bərəkətə nail olur. Kimisi də tövhiddən uzaq olmanın acısını və cəzasını daddığına görə, Rəbbindən ixlasla tövhidi təhqiq etməyə onu müvəffəq etməsini istəyir və Rəbbi də onun duasına cavab verərək ona ən böyük xəzinənin qapılarını açır…

2. Tövhidi təhqiq etmək

Ən böyük nemət, xəzinə və insanın yaranma qayəsi tövhidi təhqiq etməkdir. İnsan sıxıntıda ikən baş verən hadisələrdən, Allah müvəffəq edərsə, tövhidi daha yaxşı dərk edər. Çünki Onun ayətlərini və baş verən hadisələri daha çox tədəbbür edər, düşünər, onlarda olan hikməti anlamağa çalışar. Bununla da, Rəbbini tanımağa başlayar. Tanıdıqca Onu daha çox sevər, qəlbi Ona daha çox bağlanar, təvəkkülü daha da artar.

Çünki Rəbbini tanıyan qul bilər ki, işləri idarə edən Allahdır. Hər bir şey yalnız Onun izni ilə baş verir. Hər bir şeydən Allah xəbərdardır. Allahın istədiyi olur, istəmədiyi isə olmur. Allah bir şeyi istəyərsə, “Ol” deyər və o da olar. Qəlblər Allahın iki barmağı arasındadır, onları istədiyi tərəfə çevirər. İnsanlar, hətta bütün ümmət sənə fayda verməyə çalışsa da, Allahın sənə yazdığından başqa bir şeylə sənə fayda verə bilməzlər.

Eləcə də insanlardan kimsə və ya hətta bütün ümmət yığışıb sənə zərər vermək istərsə, Allahın yazdığından başqa bir şeylə sənə zərər verə bilməzlər. Asanlaşdıran da, yenidən hidayət edən də, Öz razılığına müvəffəq edən də yalnız Odur. Ona yalvarmayan kimə yalvaracaq ki? Ondan istəməyən kimdən istəyəcək ki? O verməsə kim verəcək ki? Həqiqətən də, Allah Öz quluna yetər…

* Allahın hər şeyi bilməsi ilə əlaqədar, Şeyx İbnu Useyminin (Allah ona rəhmət etsin) bu sözlərini qeyd etmək istərdik:

– Uca Allah buyurur: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur…” (əl-Ən`əm 59). (Bu ayədə) keçən “mə – ما” kəliməsi, “İsmu movsuldur – Nisbi əvəzlikdir” və hər “İsmu movsul” da ümümilik mənasındadır. Yəni quruda olan hər bir şeyi Allah Subhənəhu və Tə`ələ bilir. Eləcə də, suda olan hər şeyi Allah Subhənəhu və Tə`ələ bilir. Uca Allahın bu sözü isə: “…Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur…” – yəni yarpağın hansı ağacda olduğunu bilir, haçan düşdüyünü, hara düşdüyünü və necə düşdüyünü də bilir. “Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” – yəni toxum, yerin zülmətlərində istər böyük olsun, istər kiçik İzzət və Cəlal sahibi Allah onu bilir. Təsəvvür etsək ki, bir sünbül toxumu dənizin dərinliklərinə batıb, onun üzərində palçıq var, palçığın üzərində su var və bu da gecədir yəni gecənin zülmətlərində… Səma yağışlıdır, buludlar səmanı örtüb, hava isə tozlu-torpaqlı… və həqiqətən Allah ondan (həmin o toxumdan) xəbərdar olar! (Şərhul Ərbə`in ən-Nəvəviyyəh, səh. 80)

3. Elm neməti

“Allah kimin üçün xeyir istəyərsə onu dində fəqih (elmli) edər.” (Buxari, Muslim)

Alimlərin ittifaqı ilə bu hədisdə qəsd olunan elm – şəri (dini) elmdir.

Həmçinin bu hədisi zikr etdikdən sonra Şeyx Suleyman ər-Ruheyli (Allah onu qorusun) buyurur: “Hədisdə gələn “Allah kimin üçün xeyir istəyərsə”hissəsi şərt siyağında gəlib və bütün xeyirləri özündə cəm edir, həm xeyirin azını həm də çoxunu… Lakin əgər kimsə deyərsə ki, bu hədis onu gərəkdirir ki, alimlərə və elm tələbələrinə xeyirlərin hamısı hasil olsun, lakin bununla belə biz alimlərdən və elm tələbələrindən elələrini görürük ki, maldan məhrumdurlar və kasıbdırlar. Halbuki, mal da xeyirdir. Eləcədə alimlərdən və elm tələbələrindən elələri vardır ki, zuriyyətdən məhrumdurlar. Halbuki, zurriyyət də xeyirdir. Həmçinin, xəstəliklə imtahan olunub afiyətdən məhrum olanlar görürük.. Halbuki, afiyət də xeyirdir. Buna iki tərəfdən cavab vermək olar:

1. Kim bilə bilər ki, həmin o xeyir məhz həmin o şəxs üçün xeyirdir? Görərsən bir alim mal ilə ruzilənər, lakin onunla fitnəyə uğrayar. Bununla da elmdən və insanları öyrətməkdən üz döndərər. Başqası isə zurriyətlə ruzilənər və bununla fitnəyə uğrayar və s. Bu halda biz deyirik ki, bu (onun bu xeyirlərdən məhrum olması) xeyirin özüdür və Allah xeyirin (nədə olduğunu) daha yaxşı bilir.

2. Bunda başqa bir yöndən də xeyir ola bilər. Yəni (onun bu xeyirlərdən məhrum olması) onun əzəmətli savablar qazanmağına və ya uca məqamlara yüksəlməsinə səbəb ola bilər. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminin işinə təəccüb edirəm! Həqiqətən onun bütün işləri onun üçün xeyirlidir! Əgər başına sevindirici bir iş gələrsə şükr edər və bu onun üçün xeyirli olar, əgər başına müsibət gələrsə səbr edər və bu da onun üçün xeyirli olar. Bu da yalnız möminə xasdır.” (Muslim)
Həmçinin hədisdən çıxan faydalardan biri də odur ki, bir insanın elmli olması Allahın ona xeyir istəməsinin əlaməditidir.” (Şeyx Suleyman ər-Ruheyli, “Sahihut Tərğib vət-Tərhib” kitabının şərhi, Peyğəmbər məscidi, 16.04.1437h)

Həmçinin bilmək lazımdır ki, elm – qulun səadətidir. Əgər quldan sıxıntı və imtahanlarla dünyadan olan müəyyən nemətlər alınıb yerinə elm verilərsə, Allaha and olsun ki, ona, ondan alınanın qat-qat dəyərlisi verilmiş olar. Çünki elm zülmətlərdə olan bir nurdur. Faydalı elm qulun Allah dərgahında olan dəyərini qaldırar. Onunla haramlar arasında bir sütrə, sədd olar. Elm əhli buyurur ki, “Kim Allahı daha çox tanıyarsa, Ondan daha çox qorxar.” Onların bu sözü isə, Uca Allahın bu ayəsinə əsaslanıb: “…Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar…” (əl-Fətır, 28).

Daha ətraflı elmin fəziləti barəsində məlumat üçün isə bu barədə olan elm əhlinin mühazirələrinə qayıtmağı tövsiyyə edirik.

4. Allahla xəlvət

Qul sıxıntı anında, xüsusəndə insanlar tərəfindən özünə bir zərbə hiss etdikdə, və bu da ən yaxın hesab etdikləri tərəfindən baş verdikdə, anlayır ki, Onun Rəbbindən başqa köməkçisi və himayəçisi yoxdur. Bununla da Rəbbinə daha çox bağlanır, Onunla xəlvətdən ləzzət alır. Onunla xəlvətində sadiq olur.. Uca Allah buyurur: “…Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır.” (əl-Bəqara 106-107)

Həmçinin İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurmuşdur:

Əgər Allah qulu üçün örtüyü qaldıraraq, quluna onun işlərini necə idarə etdiyini və Allahın onun özündən də çox onun mənfəətinə necə maraq göstərdiyini bildirsəydi, həmin qulun qəlbi Allaha qarşı sevgidən əriyər və Allaha şükr etməsindən dolayı parça-parça olardı…

Buna görə də, əgər dünyanın ağrı və acıları səni yorubsa, üzülmə! Ola bilsin ki, Allah dua vasitəsi ilə sənin səsini eşitmək istəmişdir… Sadəcə öz istək və arzularını səcdədə ərz et və (elə oradaca) onları unut və bil ki, (sən unutsan da), Allah unutmur…

[İbnul Qayyim “Bədəiul Fəvaid” kitabı]

Ardı var inşəAllah…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar