İmtahan zamanı sabit qalmağın vacibliyi

Qul nə qədər Rəbbinə olan qulluğunu artırarsa, Allahın ona olan yardımı da artar.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allaha iman etmiş bir kəsin imtahan olunacağı və səbr edərsə mükafatlandırılacağına dair Quran və Sünnədə dəlillər kifayət qədər mövcuddur. Hətta deyə bilərik ki, imtahana ən çox məruz qalanlar da, elə Allah dərgahında ən uca məqama sahib olan şəxslərdir. Bu barədə Uca Allah buyurur: «İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.» (əl-Ənkəbut 2,3)

Həmçinin Sə`d ibn Əbi Vəqqas (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) dedim: “Ey Allahın rəsulu, hansı qism insanlar daha şiddətli imtahan olunurlar?” O dedi: «Peyğəmbərlər, sonra dərəcəsi onlara daha yaxın olanlar. İnsan dini qədərində imtahan olunur. Əgər dinində möhkəmdirsə imtahanı da çətinləşər. Əgər dinində zəifdirsə, o qədər də imtahan olunar. İnsan imtahana çəkilə-çəkilə günahlardan təmizlənər.» (Tirmizi 2509; İbn Məcə 4023. Səhihdir)

Bu mövzuda məşhur məsələlərdən biri də odur ki, bəzən Uca Allahın quluna göndərdiyi imtahan digər imtahanlardan daha böyük olduğundan insan ümidsizliyə qapanaraq hər şeyə Qadir olan və Öz kitabında «..Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm…» – deyə buyuran Allahın qulu olduğunu unudur. Və ya unutmasa da, qəlbindəki yəqinliyini və ümidini itirir. Maneələri gördükcə, işin bitdiyini və çıxış yolunun olmadığını zənn edir. Bu da, qulun öz Rəbbini tanımamasından irəli gəlir. Lakin, Uca Allah insanlara ibrət olsun deyə Quranda bu haqda bir çox misallar çəkmişdir. Bunlardan bir neçəsini zikr edəcəyik ki, inşəAllah özümüzə və oxuculara faydalı olsun:

Uca Allah buyurur: «Və ya (damları) uçub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.» (əl-Bəqarah 259)

Həmçinin: «Elə oradaca Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini edər”.» (Əli İmran 38-40)

Digər ayədə isə: «O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır. O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.» (Əli İmran 45-47)

Ayələrdən də məlum olduğu kimi, Allahın istəyi önündə bütün bəşəriyyət acizdir. İnsan bilməlidir ki, çətinlik, problem nə qədər böyük olursa olsun, hətta bütün insanlar ona zərər vermək üçün bir yerə toplaşsalar belə, hətta önündə yüzlərlə maneələr olsa belə, Allahın bir “Ol!” deməsi önündə hər kəs acizdir. Lakin qeyd edək ki, bəzən insan sıxıntı anında Allahdan yardım diləsə belə, ona nail ola bilmir. Bu heç də, dediklərimizi təkzib etmir, əksinə dediklərimizə daha bir mövzunu əlavə edir ki, bu mövzu da “Nə üçün kömək gəlmir?” sualından yaranır.

Uca Allah buyurur: «Məgər Allah öz quluna kifayət deyilmi?…» (əz-Zumər 36)

Bu ayə Allahın öz quluna kifayət olmasına sübutdur. Beləki, Uca Allahın quluna olan dəstəyi, yardımı qulun qulluğundan asılıdır. Qul nə qədər Rəbbinə olan qulluğunu artırarsa, Allahın ona olan yardımı da artar. Bəs yaxşı, kimdir qul?!

Ümümən qulluğun 3 növü vardır:

1. Ubudiyyətu `Aəmməh (Ümümi qulluq) – Bu növ qulluğa hər kəs, hətta kafirlər də daxildir. Uca Allah buyurur: «Göylərdə və yerdə olanların hamısı Rahmənin hüzuruna ancaq bir qul kimi gələcək.» (Məryəm 93)

2. Ubudiyyətu Xaassah (Xüsusi qulluq) – Bu, insanın öz istəyi ilə Allaha qulluq etməsidir. Allaha həqiqi şəkildə qulluq edənlər o kəslərdir ki, iki seçim arasında qaldıqda, və onlardan biri Allah olduqda, digərinə qadir olduqları halda Allahı seçirlər. Qul özünü Allah qarşısında nə qədər zəlil edib həqiqi qul kimi göstərərsə, bir o qədər Allah dərgahında olan qədir-qiyməti, dərəcəsi artar. Uca Allah buyurur: «Ər-Rahmənin qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər.» (Furqan 63)

3. Ubudiyyətu Xaassatul Xaassah (Ən üstün dərəcəli qulluq) – Bu qism qulluq haqqında Şeyx Muhəmməd ibnu Salih əl-Useymin (Allah ona rəhmət etsin) belə buyurur:

“Bu, Rəsullara (Allahın onlara salavat və salamı olsun) xas olan qulluqdur. Uca Allah Nuh (Allahın ona salamı olsun) haqqında buyurur: «Həqiqətən, o (Nuh) çox şükür edən bir qul idi!» (əl-İsra 3), Muhəmməd (Allahın ona salavat və salamı olsun) haqqında isə: «Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı (bütün) şahidlərinizi (köməyə) çağırın!» (əl-Bəqarah 23), həmçinin digər rəsullar haqqında da Uca Allah buyurur: «Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!» (Sad 45). Bu qism qulluq ən üstün qulluq sayılır və yalnız Rəsullara aid olunur, çünki onlarla qulluqda heç kəs bərabər ola bilməz.” (“Qavlul Mufid” səh. 28-29)

Tərifə layiq olan və ayədə keçən “qul” kəliməsi də, məhz ikinci və üçüncü növ qulluğu doğruldanlar haqqındadır. Allahın kifayət olması da, məhz o qullar üçündür. Həqiqi qulun vəsfləri çoxdur, lakin inşəAllah biz bu mövzu ilə əlaqəsi olan və ən lazımlı olanlardan birini qeyd edəcəyik.

Belə ki, Allaha həqiqi şəkildə qulluq edənlər o kəslərlərdir ki, həm firavanlıqda həm də sıxıntı anında Allahı zikr edib, Ona ibadətlərində davamlı olurlar. Əksini edənlər haqqında isə, Uca Allah buyurur: «İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.» (əl-Həcc 11).

Digər ayədə isə: «İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.» (Yunus 12)

Lakin Allaha həqiqi şəkildə iman etmiş bir kəs, və gündən-günə bu imanın ləzzətini daha da çox dadan birisi, firavanlıqda da, sıxıntı anında da Rəbbinə dönməli, nəfsinin islahı ilə məşqul olmalı və onu Allaha yaxınlaşdıracaq əməllər etməyə çalışmalıdır.

Xülasə, əgər insana kömək gəlmirsə, insan öz nəfsinə qayıtmalı və onu hesaba çəkməlidir. Çünki Uca Allah heç bir kəsə zərrə qədər belə zülm etməz. Necə ki, buyurur: «Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər.» (ən-Nisə 40)

Yəni insana üz verən çətinliklər insanın öz əlləri ilə qazandıqlarının bəhrəsidir. Bu halda, qul tövbə edib Rəbbinə qayıtmalı, Ondan yardım diləməli və sıxıntının böyüklüyünə aldanıb ümidini üzməməlidir. Bir daha təkrar edirik ki, insanın Allah qatında məqamı və Allahın insana yardımı onun qulluğundan asılıdır. Qulluq, və Allah qarşısında zəlillik artdıqca Allahın yardım və dəstəyi də artacaq.

Sonda isə Allahdan bizləri dediklərimizə əməl etməyə müfəvvəq etməsini həmçinin saleh əməlləri ixlaslı və davamlı olanlardan, Ona həqiqi şəkildə qulluq edənlərdən, xəlvətdə Onu anıb göz yaşı axıdanlardan və nəhayət Qiyamət günü Onu görməklə ləzzət alacaq kəslərdən etməsini istəyirik.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.04. 2024
    NamazVaxt
    Sübh04:12
    Günəş05:55
    Zöhr12:40
    Əsr16:26
    Məğrib19:25
    İşa20:55
    Namaza yeni başlayıram

Son əlavə olunanlar