Ramazana hazırlıq – 2-ci hissə

İnsanlar qəflətdə ikən Allahı zikr etmələri, insanlar üz çevirdikləri zaman Allaha tərəf yönəlmələri möminlərə xas bir xüsusiyyətdir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Şaban ayında möminlərin vəzifələrindən biri qəflət anlarını itaətlə keçirməkdir. Mömin insan Rəbbindən necə qafil qala bilər? Bir daha Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözünə qayıdırıq: Usəmə ibn Zeyddən rəvayət olunan hədisdə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) belə deyir: “Ey Allahın Rəsulu, mən səni Şaban ayında oruc tutduğun kimi (və ya Şaban ayındakı qədər çox oruc tutduğun kimi) oruc tutan heç vaxt görmədim”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə cavabında buyurdu: “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də sevirəm ki, mənim əməllərim mən oruc olduğum halda qalxsın”. (Əhməd. Şeyx Albani hədisi səhih adlandırmışdır)

Şaban ayı insanların qafil olduğu bir aydır. İnsanlar bu ayda qafil olsa da, möminlər qafil olmamalıdır. Möminlərdən tələb olunan digər insanların qəflətdə keçirdiyi anları zikrlə, Allaha yaxınlaşdıran əməllərlə keçirmələri və qafillərdən olmamamalarıdır. Necə ki, Allah əl-Ə`raf surəsi 205-ci ayədə buyurur: “…qafillərdən olma”. İnsanlar qafil olduğu zaman möminlərə qafil olmaq yaraşmaz. Çünki möminlər ayıq olan, ehtiyatlı, daim Allaha tərəf yönələn, Rəbbindən qırılmayan, ölənə qədər ibadət üzərində davamlı olan kimsələrdir. Lakin insanların qəlbi Allahdan uzaq düşdüyünə görə onlar qəflət içində olurlar. Buna görə də mömin insanlara Rəblərindən uzaq düşmək, qafil olmaq, Allahın yolundan uzaqlşamaq onlara ağır gəlir. Qəflətə düşmək mömin üçün sanki bir ölümdür. Buna görə də mömin insan daim ayıq olmalı və Rəbbinə tərəf yönəlməlidir. Çünki Allah onun sevimlisi, onu tərbiyə edən, böyüdəndir, ona nicat yolunu göstərəndir. Allah onu peyğəmbərlərlə Cənnətdə məskun etmək üçün Axirətdə onu gözləyir. Belə olan halda insan necə qafil ola, Rəbbini necə unuda bilər? Əgər insan zikrdən, itaətdən uzaq olarsa, onun halı sudan ayrılmış balığın halı kimi olar. Rəbbindən uzaq olan insanın qəlbi ölür. Təəssüflər olsun ki, bu gün müsəlmanlar bu ölümü, qəlbdə olan zəifləməni hiss etmirlər. Necə ki, Allah əl-Ən`əm surəsi 122-ci ayədə buyurur: “Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi”.

İnsanların Allahdan uzaq düşməsi onların ziyana düşmələrinə gətirib çıxarmışdır. Necə ki, Munəfiqun surəsi 9-cu ayədə Allah buyurur: “Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır”.

İnsanlar bilir ki, qəlbləri islah edən Allahdır, insanların yaşayışını idarə edən, ruzisini genişləndirən Allahdır. Belə olduğu halda insan necə düşmənə sığına, Rəbbindən qafil ola, tənbəllik edərək ibadətdən və itaətdən yatıb qala bilər?! Halbuki bu itaət onların nicat yolu, Allahın sevgisinə aparan, izzət və ucalıq yoludur. Allah qatında olana yalnız Allaha itaətlə, boyun əyməklə nail olunur. Möminlərin halı Allaha yaxınlaşmaq və Allahın qapısında duraraq Ona yalvarmaqdır. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur, “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də sevirəm ki, mənim əməllərim mən oruc olduğum halda qalxsın”. İnsan da çalışmalıdır ki, bu ayda ən gözəl əməlləri Allaha qaldırılsın. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bununla möminlərə bəyan edir, izah verir ki, insanlar qafil olsalar da, möminlər qafil olmamalı, daim ayıq olmalı, insanlar üz çevirdiyi zaman Allahı zikr edənlərdən olmalı, insanlar zəlalətdə ikən onlar hidayət üzərində olmalıdırlar. Çünki onlar bir vadidə (tərəfdə), insanlar isə başqa bir vadidədirlər. Mömin insan Allaha yaxınlaşmalı, yalvarmalı, sınmalı və zəlil olmalıdır. Əgər bu sadalananlar olmazsa, insana məhrumiyyət üz verər. Möminlərin əsl yanğısı Allah sevgisi üçün olmalıdır.

Şaban ayında möminlərin öz vaxtını itaətlə keçirməsinin böyük faydaları vardır. Bu həm Ramazana hazırlıq, həm də möminin özünü Allahın rəhməti üçün hazırlamasıdır. İnsan üçün ən böyük nemət Allahın rəhmətinə nail olmaqdır, Allahın sevgisini qazanmaqdır. İnsanlar qəflətdə ikən mömin kimsə Allahı yad edər, o vaxtları ibadətlə, itaətlə keçirərsə, bütün bunlar Allahın sevgisini qazanmağa səbəb olar. Bu insanların əldə etdiyi ilk qazanc Allahın sevgisidir. Bir çox hədislərdən görürük ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəflət anlarını zikrlə keçirməyə və bununla dində uca dərəcələri və Allahın sevgisini qazanmağa həvəsləndirmişdir.

Dəlillərdən biri də, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gecə yarısı insanların qəflətdə olması barədə hədisidir: “Əgər gecənin yarısı və ya üçdə biri Allahı zikr edənlərdən olmağı bacarırsansa bunu et, Allahı zikr edənlərdən ol”. İnsanlar yuxuda ikən, o sakit anları insanın oyanması, nəfsi istəklərini tərk edərək Rəbbinin qarşısında durması Allahın sevgisini qazandırır. Çünki gecənin boşluğu da insanların qəflətdə olduğu bir andır. Möminlər isə o anda Allahı zikr edərlərsə, Allahın sevgisinə nail olarlar. İnsanlar qəflətdə ikən Allahı zikr etmələri, insanlar üz çevirdikləri zaman Allaha tərəf yönəlmələri möminlərə xas bir xüsusiyyətdir. Odur ki, insan bu əməllərlə Allahın rəhmətini, Allahın sevgisini qazandığını bilməlidir.

Əbu əd-Dərdə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və alihi və səlləm) demişdir: “Üç adam vardır ki, Allah onları sevir, onlara gülümsəyir və onlarla sevinir. Onlardan biri o kimsədir ki, (bir dəstənin tərkibində döyüşə gedər, dəstə düşmən tərəfindən) aşkar olunduqda dəstənin arxasından canı ilə Allah Subhənəhu və Təalə üçün döyüşər, ya öldürülər, ya da Allah Subhənəhu və Təalə ona yardım edər və onu qoruyar”. Bu zaman Allah buyurar: “Bu qulumun Mənim üçün necə səbr etdiyinə bir baxın!” Həmçinin o kimsə ki, gözəl zövcəyə (həyat yoldaşına) və rahat yatağa sahib olub gecə vaxtı (yatağından ibadətə) qalxar. Bu zaman Allah buyurar: “O, şəhvətini tərk edib Məni zikr edir, əgər istəsəydi, yatardı». Həmçinin o kimsə ki, yoldaşları ilə birlikdə səfərdə olub, oyaq qalaraq onların qarovulunu çəkər, sonra da yatar, yaxşı və pis gündə sübh çağı (ibadətə) qalxar”. (Şeyx əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 629) və “Silsilətul-Əhədisis-Sahihə” əsərində (№ 3478) bu hədisə həsən demişdir)

Yəni, insanlar yuxu onlara hər şeydən şirin olduğu bir vaxt başlarını qoyaraq yatır, mömin qul isə qalxaraq Allaha yalvarır, namaz qılır, dua edir, Onun ayələrini oxuyur. İnsanın insanlar yatdığı zaman qalxaraq namaz qılması Allahın sevgisini qazandıran əməllərdəndir. Yəni, o insan yorğun halda, ona ağır, çətin gəldiyi bir anda yuxunu tərk edir. O anda yuxu ona hər şeydən sevimli olur. Lakin o, yuxuya məhəl qoymur, Rəbbinə yönəlir, yalvarır, dua edir, Rəbbinin ayələrini oxuyur. Bu sevinc ona çəkdiyi məşəqqətləri, yorğunluqları unutdurur. Çünki o elə bir ləzzət, elə bir rahatlıq hiss edir ki, digər yorğunluqlar onun gözünə görsənmir.

Digər kimsə isə, bir dəstə düşmənlə qarşılaşıb məğlub oluduqda və qaçdıqda sinəsini qabağa verərək öldürülənə və yaxud fəth olunana qədər vuruşan kimsədir. Belə bir kimsəni Rəbbi sevir. Çünki insanlar Allahdan qaçır, Allahın dinini yardımsız buraxaraq qaçır, bu insan isə sinəsini qabağa verərək şəhid olanadək vuruşur.

Üçüncü kimsə isə bir qövmün yanına gəlir, Allah xatirinə onlardan bir şey istəyir və ona istədiyini vermirlər. Onlardan biri isə gizlincə geri çəkilərək ona istədiyini verir və onun verdyini Allahdan başqa heç kəs bilmir, verdiyi sədəqə özü ilə Allah arasında qalır, Allahın ona verdiyi, bəxş etdiyi ruzidən xərcləyir. Bu hədis Allahın sevgisini təsvir edir. Bu kimsələr öz rahat yaşayışını, yuxusunu, yorğanını tərk edərək Allaha yönələn, Allah üçün vuruşan və öz nəfslərini Allah üçün qurban verən və həmçinin Allah yolunda xərcləyən kimsələrdir. İnsanların qafil qaldığı Şaban ayında insanlar qaçdığı bir halda, sən Rəbbinə tərəf yönəlməli, insanlar xəsislik etdiyi zaman sədəqə verməli və insanlar yatdığı zaman namaza qalxmalısan. Bunlar Allahın Öz qulunu sevməsini qazandıran səbəblərdəndir. Bu əməllər ilk öncə ağır olmalarına baxmayaraq, tədricən asanlaşa bilirlər. Elə əməllər var ki, fitrətən insana asan gəlir, elə əməllər də var ki, insan o əməllərdən uzaqdır, lakin alışmaqla o əməllərə yönəlir.

İnsanların qəflətdə ikən vaxtı ibadətdə keçirməyin faydalarından biri də başqalarından bəlanın qaldırılmasıdır. Necə ki, əl-Bəqara surəsi 251-ci ayədə Allah buyurur: “Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı”. Təfsirlərdən birində gəlir ki, Allah möminlərə görə başqalarından bəlanı çevirir, namaz qılan səbəbilə qılmayandan bəlanı qaldırır. Kəhf surəsində də keçir ki, o iki uşağın atası saleh idi: “Onların atası əməlisaleh adam olmuşdur”. (əl-Kəhf, 82) Yəni, o iki uşağın malının qorunmasına səbəb, valideynlərinin saleh olmasıdır. Deməli valideynin saleh olması və ya möminlərin ibadəti, başqalarından bəlanın qalxmasına səbəb olur. Buna görə də insanlar bu səbəbləri doğrultmağa çalışmalı və bu günlərdən bacardığı qədər istifadə etməlidir.

Munəfiqun surəsi 10-cu ayədə Allah buyurur: “Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin”. Qiyamət günü insan, sədəqə verənlərdən olması üçün dünyaya qayıtmaq istəyəcək. Əgər Allah insana bir xeyir, ibadət, itaət qapısı açıbsa, insan bundan istifadə etməlidir. Talaq surəsində Allah buyurur: “…Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. Allahdan qorxmaqla çıxış yolu hasil olur və Allah bununla insanlara təvəkkülü, itaətə yönəlməyi, xeyirə tələsməyi öyrədir, Allahın məğfirətinə çatmağa və bu yolda yarışmağa yönəldir. Bütün bunlardan sonra insan başqa şeylərə məhəl qoymamalıdır. Çünki Allah buyurur ki, kim Allaha təvəkkül edərsə Allah ona yetər.

İnsanın başqaları qəflətdə ikən ibadətə yönəlməsinin digər bir faydası isə, əməllərin savabının adi vaxtlara nisbətdə qat-qat artıq olmasıdır. Həmçinin insanlar qəflətdə ikən ibadət nəfsə daha ağır olur. Mühit ibadət edənlərdən ibarət olarsa, insana ibadət etməsi asanlaşar. Amma insanlar bir tərəfə, sən isə bir tərəfə gedirsənsə, ibadətlər nəfsə ağır olur və ona görə də savabı çox olur. Məhz bu səbəbdən Peyğəmbər (sallallahu aleyhi və səlləm) imtahan günlərində, fitnə günlərində ibadət edənlərin savabının daha çox olmasını buyurmuşdur: O (sallallahu aleyhi və səlləm) səhabələrə qəriblər haqda buyuraraq demişdir: “Onlardan birinə əlli nəfərin savabı var”. Ondan: “Ey Allahın Elçisi, bizlərdən əlli nəfərin, yoxsa onlardan?” – deyə soruşduqda, O: “Sizlərdən” – buyurmuşdur. (Şeyx Albani “Səhih hədislər silsiləsində” (494) bu hədisin səhih olduğunu bildirmişdir). Digər rəvayətdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunun səbəbini belə açıqlamışdır: “Çünki siz xeyir əməllərdə yardımçılar tapırsınız, onlar isə tapmayacaqlar”.

Ona görə insan bu fürsətdən istifadə etməlidir. Digər bir hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur ki, “İslam qərib olaraq başladı və başladığı kimi də qərib olaraq qayıdacaqdır. Nə xoş halına o qəriblərin!”. Əhmədin İbn Məsuddan (radiallahu anhu) rəvayət etdiyi hədisdə: “Qəriblər kimlərdir” deyə soruşulduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Öz vətənindən, əhlindən və yaxınlarından uzaqda olanlardır”. İbn Məsudun (Allah ondan razı olsun) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) gələn başqa rəvayətində belə demişdir: “Qəriblər o kəslərdir ki, insanlar fəsad törətdikdə onlar islah edərlər”. Yəni, mömin diqqətli olan, nə qədər ağır olsa da, insanlar qəflətdə ikən ibadətə yönələn, ibadətini artıran, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsindən möhkəm yapışan kəslərdir.

Digər bir hədisdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “Hərc-mərclik baş qaldırdığı zaman ibadətlə məşğul olan adam, mənim yanıma hicrət edən kimsəyə bənzəyir”. O vaxt insanlar evlərini, vətənlərini, mallarını tərk edərək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına hicrət etmişdilər və hicrət böyük bir əməl idi. Sonrakılar üçün isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur ki, hərc-mərclik olunan ibadət mənə tərəf olunan Hicrətə bərabərdir.

Bu dəlillər onu bildirir ki, insanlar qəflətdə ikən edilən əməlin savabı daha böyükdür. Şaban ayında edilən əsas əməllər oruc tutmaq, ibadətləri artırmaq və həmçinin Quran oxumaqdır. Səhabələr Şaban ayını Quran oxuma ayı adlandırar, dükanlarını bağlayaraq Quran oxuyardılar. Şaban ayı “Şəhrul Qurrai”, yəni qarilərin ayı, çoxlu Quran oxuyanların ayıdır.

Bu yazının yazılmasında Muhəmməd əd-Dubeysi`nin “Həlul Mu`mini fi Şə`bən” adlı kitabından istifadə edildi

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar