Ramazanla bağlı fətvalar silsiləsi

Ramazana öncədən hazırlaş!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

1. Sual: Orucun tərifi nədir?

– Oruc lüğəvi mənası: «tutmaq» deməkdir.

Şəri mənası: Uca Allaha ibadət üçün fəcr doğandan günəş batana qədər kişinin özünü yemək, içmək və digər orucu pozan şeylərdən saxlamasıdır.

2. Sual: Ramazan orucu tutmağın hökmü nədir?

– Ramazan orucunu tutmaq fərzdir, buna Quran, sünnə və icma dəlalət edir. Kim Ramazan orucunun vacibliyini inkar edərsə, artıq dindən çıxmış olar.

3. Sual: Orucun şərtləri nələrdir?

– Oruc tutmaq aşağıdakı şəxslərin üzərinə vacib olur:
1 – Müsəlmana,
2 – yetkinlik yaşına çatana,
3 – Ağıl sahibinə (ruhi xəstə olmayana),
4 – Oruc tutmağa qadir olana.

4. Sual: Ramazan orucu üçün niyyət etmək nə zaman vacib olur?

– Müsəlmana vacibdir ki, nafilə orucundan fərqli olaraq Ramazan orucu üçün fəcr doğmadan öncə niyyət etsin, nafilə orucu üçün isə gündüz vaxtı niyyət etmək də keçərlidir.

5. Sual: Ramazan orucu üçün birinci gecə bir dəfə niyyət etmək kifayətdirmi, yoxsa, hər gecə niyyət etmək gərəklidir?

– Səhih olan odur ki, ayın başında bir dəfə niyyət etmək kifayətdir, hər gecə ayrıca niyyət etməyə ehtiyac yoxdur. Yalnız əgər orucu açmağa icazəli hər hansı bir səbəbdən dolayı bu ayda oruc açılarsa, bu zaman yenidən oruc tutmaq üçün niyyət etmək gərəkdir.

6. Sual: Fəcr və məğribin daxil olmasında bəzi radiolarda verilən əzana etimad etmək caizdirmi?

– Əgər bu radio güvənilən qaynaqdırsa, caizdir.

7. Sual: Ramazan ayının daxil olması nə ilə sabit olur?

– Ramazan ayının daxil olması iki şey ilə sabit olur:

1. Şaban ayını 30 gün tamamlamaqla,
2. Ramazan ayının hilalını (ayını) görməklə.

8. Sual: Yerli camaat üçün oruc tutmağı və iftar etməyi fələki (qabaqcadan) hesablamalara etimad etmək caizdirmi?

– Caiz deyildir. Rəsulullah ﷺ hədisdə orucu ayı görməklə əlaqələndirmişdir: “Ramazanın hilalını görməklə oruc tutun və onu görməklə iftar edin”

9. Sual: Ramazan ayında kimlərə orucunu açmaq icazəlidir?

– Ramazan ayında orucunu açmağa icazəli olanlar aşağdakılardır:

1. Xəstəyə – o xəstəyə ki, sağalan xəstəlikdir və ona oruc tutmaq əziyyət verir; həmən şəxsin üzərinə düşən sadəcə qəza etməkdir.
2. Müsafirə; onun üzərinə düşən sadəcə orucu qəza etməkdir.
3. Heyizli və nifaslı qadına; üzərinə düşən sadəcə qəza etməkdir.
4. Hamilə və südverən qadına (əgər oruc tutmaq məşəqqətlidirsə); üzərinə düşən sadəcə qəza etməkdir.
5. Yaşlılığından və ya sağalmayan xəstəliyindən dolayı oruc tutmağa aciz olana; onun da üzərinə düşən hər tutmadığı günə görə bir miskini yedizdirməkdir, qəza etmək gərəkmir. Əgər şəfa tapma ehtimalı olmadıqdan sonra şəfa taparsa, bu zaman ondan qəza tələb olunmur. Çünki onun yemək yedizdirməklə üzərindən öhdəliyi götürülmüşdür.

10. Sual: Oruc tutmağa aciz olan kəsin yemək yedizdirmə şəkli necədir?

– Həmin şəxsin iki yolu vardır:
1. Yemək hazırlayaraq kasıbları dəvət edib yedizdirir,
2. Yeməyi kasıblar arasında paylayır, istər bu yemək hazır (bişmiş) olsun, istərsə də olmasın.

11. Sual: Oruc tutmaq istəyən kəs üçün səhur etməyin hökmü nədir?

– Səhur etmək müstəhəbdir. Necə ki, səhuru gecənin axır vaxtında etmək sünnədir və kişinin ən az miqdarda yemək və içmək qəbul etməsi ilə səhur (yemək) hasil olur.

12. Sual: Oruclunun nə ilə iftar etməsi sünnədir?

– Xurma ilə iftar etmək sünnədir, əgər bunu tapmasa, su ilə iftar edir.

13. Sual: Orucu pozan şeylər nələrdir?

– Orucu pozan bir neçə amillər var, bu şərtlə ki, müsəlman bu amillərin hökmünü və vaxtını bilsin, oruclu olduğunu xatırlasın və bilərəkdən etsin.

1. Bilərəkdən (unutqanlıqdan deyil) yeyib-içmək (bura siqarət çəkmək də aiddir), burun yolu ilə boğaza nəyisə daxil etmək, məsələn, burun damcısı kimi (bura göz damcısı aid deyildir, göz damcısı orucu pozmur).
2. Yeyib-içmək dərəcəsində olub bədənə qüvvət verən hər bir şey, məsələn, qidalandırıcı iynələr və s. kimi,
3. Hicamə etmək və qan aldırmaq,
4. Qadının aybaşı (menustrasiya) və nifas olması,
5. Cinsi əlaqədə olmaq; oruclu olduğu halda cinsi əlaqədə olanın üzərinə düşən kəffarə verməkdir. – bir qul azad etmək, əgər bunu tapmasa, 60 gün ardıcıl olaraq oruc tutmaq, əgər bunu bacarmazsa 60 nəfər kasıbı yedizdirməkdir,
6. Bilərəkdən qaytarmaq (özünü qusdurmaq),
7. İstimna etmək; (oyaq halda qəsdən məni «sperma» ixrac etmək),
8. Bilərəkdən buxuru (tüstülənən ətir) boğaza daxil olacaq şəkildə buruna çəkmək.

14. Sual: Ramazanda gündüz vaxtı misvak istifadə etməyin hökmü nədir?

– Sünnədir, necə ki, bu haqda Rəsulullah ﷺ demişdir: «Misvak ağız üçün təmizlik, Rəbbin isə razılığıdır».

15. Sual: Cunublu halda fəcrin əzanı veriləndən sonra oruc tutmağın hökmü nədir?

– Orucu səhihdir, eyni zamanda qadın heyz (aybaşı) və nifasdan fəcrdən öncə təmizlənərsə, fəcrdən sonra qüsl alsa belə oruc tutmaq onun üzərinə vacibdir.

16. Sual: Oruclunun astma spreyindən istifadə etməsinin hökmü nədir?

– Orucu pozmur, çünki, sprey buxarlanır və mədəyə çatmır.

17. Sual: Oruclunun mədə lupası istifadə etməsinin hökmü nədir?

– Orucu pozmur, yalnız əgər bu lupa ilə birgə lupanın daxil olmasını asanlaşdırmaq üçün yağlı qidalandırıcı maddə qoyularsa, bu zaman lupanın daxil olması ilə deyil həmən maddəyə görə oruc pozulur.

18. Sual: Oruclunun kremdən istifadə etməsinin hökmü nədir?

– Orucu pozmur, çünki bu, yemək və içmək deyildir. Bu krem müalicəvi yapışqanların mislindədir.

19. Sual: Oruclunun tampondan (və ya şam) istifadə etməsinin hökmü nədir?

– Tampon (və ya şam) orucu pozmur, çünki bu, özündə dərman tərkibi ehtiva edir, yemək və içmək deyildir, həmçinin, yemək və içmək mənasında da deyildir.

20. Sual: Oruclu unudaraq yeyərsə və ya içərsə ona xatırladılmalıdırmı?

– Bəli, xatırladılır.

İstifadə olunan mənbələr:
– Şeyx İbn Useymin və Şeyx ibn Bazın (rahiməhumullah) orucluqla bağlı fətvaları.
– Doktor Əhməd Xalil “Orucu pozan müasir şeylər”.

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar