Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
İbnul Qayyim (rahiməhullah) buyurur:
“Qula üz verən hər bir müsibətin səbəbi vaxtın zay edilməsi və qəlbin fəsadıdır ki, bu da onun Allah yanında olan mükafatının və dərəcəsinin naqisləşməsinə səbəb olur.
Buna görə də bəzi şeyxlər nəsihət edərək belə demişlər: “Yanında olduğunun zaman vaxtını zay edəcək və qəlbini fəsada uğradacaq kəslə bir yerdə olmaqdan çəkinin!!”
Çünki, vaxt zay olduğu və qəlb fəsada uğradığı zaman qulun bütün işləri puç olar, Allahın, haqqında danışdığı o kəslərdən olar: “Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!” (əl-Kəhf, 28)
İnsanların halı barədə düşünən kəs, onların çox az bir qismi istisna olmaqla hamısını, qəlbləri Allahın zikrindən qafil olanlardan, nəfsi istəklərinin ardına düşən, işləri və məsləhətləri puça çıxanlardan görər.
Yəni, onlara fayda verən, onların islahına səbəb olan şeyləri tərk edərlər; onlara fayda verməyən, hətta ziyanı onlayn yaxın və uzaq vaxtda çatacaq şeylərlə məşğul olarlar.”
(“Risələtu İbnil Qayyimi ilə əhədi ixvanih”, səh.2)
Tərcümə etdi: Asim Məmmədov (Abu Salah)
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!