Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Dəyərli oxucu! Allahın izniylə söhbətimiz bu altı məsələ üzərində olacaqdır:
Birinci məsələ: Peyğəmbər nə vaxt doğulub?
İkinci məsələ: Mövlud keçirməyin hökmü.
Üçüncü məsələ: Mövlud keçirməyin qısa tarixi.
Dördüncü məsələ: Əsil Peyğəmbər sevgisi necə olur?
Beşinci məsələ: Alimlərin mövlud haqda sözləri.
Birinci məsələ: Peyğəmbər nə vaxt doğulub?
Peyğəmbərin doğum tarixi elm əhli arasında ixtilaflıdır. Tarix və siyər alimləri bu barədə ixtilaf etmişlər. Bu barədə müxtəlif görüşlər vardır; bu ixtilaflardan:
Birincisi: Onun hansı ildə doğulmasında ixtilaf ediblər.
1) Onların çoxusu: Peyğəmbərin fil ilində doğulmasını demişlər. Bu İbn Abbasın görüşüdür.
2) Bəziləri isə demişlər: Peyğəmbər fil ilindən əlli gün sonra doğulmuşdur. Bu rəyi əs-Suheyli əl-Maliki demişdir.
3) Həmçinin, fil ilindən əlli beş gün sonra doğulduğu da deyilmişdir. Bu rəyi Hafiz əd-Dimyati əş-Şafi (613-705 hicri) hekayə etmişdir.
4) Bəziləri: Fil ilindən bir ay sonra doğulduğunu demişlər.
5) Bəziləri isə: fil ilindən qırx gün sonra
doğulduğunu demişlər. Bu rəyi Muğultay əl-Hənəfi (689-762 hicri) və İbn Seyyidin-Nəs əş-Şafi (671-734) hekayə etmişlər.
6) İmam əz-Zühri isə belə demişdir: Fil ilindən on il sonra…
7) Bəziləri: Fil ilindən on beş il sonra demiş, bəziləri də başqa rəy demişlər. (Həqaiq həvlə movlidin-Nəbəvi, Əhməd əl-Həmdən, səh. 2)
Hələ bu peyğəmbərin doğum ili barəsində bizə məlum olana görə ən azı yeddi rəyin olduğu deməkdir. Bəs görəsən peyğəmbər hansı ayda doğulmuşdur?
İkincisi: Onun hansı ayda doğulmasında ixtilaf ediblər.
1) Bəzi alimlər onun səfər ayında doğulduğunu demişlər.
2) Bəziləri isə Rəbiul-Əxir ayında doğulduğunu demişlər. Bu rəy Muğlutay əl-Hənəfidən rəvayət olunub.
3) Bəziləri: Rəcəb ayında,
4) bəziləri isə: Ramazanda doğulduğunu demişlər. Bu iki rəyi əl-Yəamuri əş-Şafii və Muğultay əl-Hənəfi hekayə etmişlər. Bunu İbn Ömərdən – Allah ondan razı olsun – rəvayət ediblər ki, bu da «Onun anası ona təşriq günlərində hamilə qalmışdır» deyənlərin görüşünə uyğundur.
5) Ən qəribə görüş isə onun təşriq günlərində doğulduğunu deyənlərin görüşüdür.
6) Elm əhli arasında daha məşhur olan isə onun Rabiul-Əvvəl ayında doğulmasıdır.
Üçüncüsü: Hansı gündə doğulmasında ixtilaf ediblər:
1) Bəziləri: «Doğulduğu günü bilinmir» demişlər.
2) Bəziləri: Rəbiul-Əvvəl ayında doğulmuşdur, lakin, hansı gün olduğu bilinmir demişlər. Bunu Hafiz əl-Qastalani əş-Şafi «əl-Məvahib əl-Ləduniyyə» əsərində nəql etmişdir.
3) Həmçinin, deyilmişdir: Birinci gün. Alimlərin cumhuru da bunu deyir.
4) Bəziləri: Rabiul-Əvvəl ayından iki gün keçdikdən sonra – demişlər. Bunu İbn Abdul-Bərr əl-Maliki demiş və Vaqidi bunu Əbu Məaşər Nəciyh əl-Mədənidən rəvayət etmişdir.
5) Həmçinin, deyilmişdir ki: Rabiul-Əvvəl ayının səkkizidir. Bu İbn Abbasdan və Cubeyr İbn Mut’imdən – Allah onlardan razı olsun – rəvayət edilmişdir. Bu görüşü İbn Həzm seçmiş, İbn Abdul-Bərr isə «Tashih əlhit-Tərix»ində nəql etmişdir. Hafiz Məhəmməd əl-Xavərəzmi də bunu demişdir.
6) Həmçinin, Rabiul-Əvvəl ayının doqquzu deyilmişdir.
7) Həmçinin, Rabiul-Əvvəl ayının onu deyilmişdir. Bu görüş Şabinin və Muhəmməd əl-Baqirin görüşüdür. Hafiz əd-Dimyati də bunu doğru görmüşdür.
8) Həmçinin, Rabiul-Əvvəl ayının on ikisi də deyilmişdir. Bu İbn İshaqın görüşüdür.
9) Həmçinin, deyilmişdir: Rabiul-Əvvəl ayının on yeddisidir. Bunu İbn Dəhiyyə bəzi şiələrdən rəvayət etmişdir.
10) Həmçinin, Rabiul-Əvvəl ayının on səkkizi də deyilmişdir.
11) Bəziləri isə Rabiul-Əvvəl ayının çıxmasına səkkiz gün qalmış demişlər.
Dördüncüsü: Günün hansı vaxtında doğulmasına gəldikdə bunda da ixtilaf ediblər:
Bəziləri demişlər: Allah Elçisi (salləllahu aleyhi və səlləm) sabah vaxtı doğulmuşdur. Bəziləri: Günəş çıxanda, bəziləri: Ğifar ulduzlarının çıxdığı vaxt, bəziləri isə: Gecə vaxtı doğulduğunu demişlər.
İkinci məsələ: Mövlud keçirməyin hökmü.
Mövlud keçirməyin hökmü bidətdir, dində yenilik etməkdən sayılır. Saleh Sələf alimləri şəriətdə olmayan və belə mövsümlərlə əlaqəli sonradan çıxarılmış mərasimlərin dində bidət etməkdən olduğunda ittifaq etmişlər.
Nə Peyğəmbərin (salləllahu aleyhi və səlləm), nə də başqasının mövludunu keçirtmək icazəli deyildir. Çünki bu, dinə sonradan daxil edilmiş bidətlərdəndir. Bunu nə Peyğəmbər (salləllahu aleyhi və səlləm), nə raşidi xəlifələr, nə başqa səhabələr (Allah hamısından razı olsun), nə də fəzilətli əsrlərdə yaxşı işlər görməkdə onların ardınca gedənlər etməmişdir. Halbuki, onlar özlərindən sonra gələnlərə nisbətdə sünnəni daha yaxşı bilənlər, Peyğəmbəri (salləllahu aleyhi və səlləm) daha kamil sevgi ilə sevənlər və onun şəriətinə daha yaxşı tabe olanlar idilər.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:
«Kim bizim bu işimizə (dinə) ondan olmayan bir yenilik gətirərsə, o, rədd olunar.» Yəni: özünə qaytarılar (ondan qəbul olunmaz) (Buxari, Muslim)
Üçüncü məsələ: Mövlud keçirməyin qısa tarixi.
Peyğəmbərin zamanından sonra ən xeyirli birinci, ikinci və üçüncü əsr keçdi, lakin, tarix kitabları o zamandan bizə nə bir səhabənin, nə bir tabeinin, nə də ətbəu tabeinin və onlardan sonra gələnlərin mövlud keçirdiklərinə dair bizə bir məlumat qeyd etməmişdir. Baxmayaraq ki, onlar peyğəmbəri şiddətlə sevir, sünnəni ən yaxşı bilənlər idilər və peyğəmbərin yoluna ən möhkəm sarılmış kimsələr idilər.
Mövlud bidətini ilk dəfə çıxardan Ubeyd əl-Qaddəh övladları olublar. O kəslər ki, özlərini «Fatimilər» adlandırırlar. Onlar əslində “batini” dəvətinin qurucuları hesab olunurlar. Babaları isə əl-Qaddəh ləqəbi ilə tanınan İbn Deysan olmuşdur. O «Əhvaz» bölgəsindən idi. (Bax, Vafəyətul-Əayən, 3/118; əl-Bidəyə vən-Nihəyə, 11/202; Lisənul-Arab, 2/552)
Bu bidət şiələrdə yayıldıqdan sonra sufi təriqətlərində yayılmağa başlamışdır. Ubeydiləri (Fatimiləri) bu bidətdə qabaqlayan olmamışdır.
Əl-Məqrizi demişdir: «Onların çoxlu bayramları, mərasim və mövsümləri vardı. İlin əvvəlini qeyd etmək, aşura günü, peyğəmbər mövludu günü, Əli İbn Əbu Talibin mövludu günü, Həsənin mövludu günü, Hüseynin mövludu günü – Allah hamısından razı olsun – Fatimənin mövludu günü, öz rəhbərlərinin “xəlifə hesab etdikləri” şəxsin mövludu günü, Rəcəb ayının ilk gecəsi günü, Rəcəb ayının ortası günü, Şaban ayının ilk gecəsi günü, Ramazan gecəsi mövsümü, Ramazan ğurrati günü, Ramazan simati günü, xətm gecəsi günü, Fitr bayramı günü, İydin-Nəhr mövsümü, Qədir-Xum bayramı (red: peyğəmbərin qeyd etmədiyi və İslama sonradan daxil edilən əsassız bayram), qış örtüyü günü, yay örtüyü günü, Körfəzin fəthi mövsümü, (məcusi-atəşpərəst babalarından qalma) Novruz bayramı günü, Ğutas günü, xristianların milad günü, Xamisul-Adəs mərasimi, Rukubət günləri və s.» (Bax, «Xutatul-Məqriziyyə», 1/490)
əl-Məqrizi onların İslama gətirdikləri bu mərasimlər və bayramlar bəlasını gözəl qeyd etmişdir. Hansı ki, bu tayfanın mərasimlərindən də onların İslamdan necə uzaq olmaları görsənir. Onlar məcusi-atəşpərəstlərin, xristianların, hətta, bayramlarını rahatlıqla qeyd edirdilər. Fatimilərin İslama zidd ayinlərinə nəzər yetirmək üçün əl-Qalqaşəndinin «Subhul-Əaşə» kitabına (3/498-99) nəzər yetirə bilərsiniz.
Dördüncü məsələ: Əsil Peyğəmbər sevgisi necə olur?
Dəyərli müsəlmanlar! Peyğəmbərə mövlud (ad günü mərasimi) keçirənlər, bunu Ona olan sevgilərindən dolayı etdiklərini iddia edirlər. Halbuki, Onu(salləllahu aleyhi və səlləm) sevməyin əsas əlaməti ona tabe olmaq, peygəmbərin sünnələrinə əməl etməkdir. Amma, biz bu gün mövlud keçirən insanlarda bunun əksinin şahidi oluruq. Onların çoxusu nə Peyğəmbərin hədislərinə itaət edir, nə sünnəni öyrənir, nə də sünnəyə əməl edirlər. Əksinə, sünnəyə əməl edənlərə düşmənçilik edirlər. Quran və Sünnə Peyğəmbərin yoludursa, Sünnəni tərk etmək doğrudurmu?
Məgər sevimli Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmamışdırmı ki: «Sizə sünnəmə sarılmağı tövsiyə edirəm!» (Əbu Davud, Tirmizi)
Həmçinin, sual verilsə ki, Peyğəmbəri sevmək nə ilə olur? Cavabı bu əzəmətli Quran ayəsindədir:
«De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.» (Ali İmran, 31)
Peyğəmbər sevgisi dində yeniliklərdən çəkinməklə gerçəkləşir. Çünki, din tam olan günü ondan olmayan şeylər bu gün də ondan deyildir. Peyğəmbərin etmədiyi bir əməli etməyib tərk etmək məhz ona olan sevgidən irəli gəlir. Biz də peyğəmbərimizi sevdiyimiz üçün, onun bütün xeyirləri bizə göstərdiyinə və bütün şərlərdən çəkindirdiyinə etiqad edirik. O (salləllahu aleyhi və səlləm) bizi dində yenilik etməkdən çəkindirərək buyurmuşdur:
«Mənim sünnətimlə və məndən sonra hidayət üzərində olan raşidi xəlifələrinin sünnəti ilə gedin, ona sarılın və ondan azı dişlərinizlə yapışın. Dində yeniliklərdən çəkinin, çünki hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir”.» (Əbu Davud, Tirmizi)
Peyğəmbəri sevməyin əlamətləri vardır, onlardan bəzilərini qeyd edək:
● Çətinlikdə və asanlıqla, xoş vaxtlarda və sıxıntılı vaxtlarda Ona tabe olmaq, onun sünnəsinə əməl etmək, onun sözünə və feilinə tabe olmaq, əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək, onun ədəbləri ilə ədəblənmək. Çünki, Uca Allah buyurur:
«De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.» (Ali İmran, 31)
● Öz nəfsinin, havasının və şəhvətlərinin əksinə olaraq Onun şəriətini önə çəkmək və bu şəriətə tabeçiliyə rəğbətləndirmək. (Bax: əl-Həşr, 9-cu ayə)
● Peyğəmbəri çox xatırlamaq, ona çoxlu salavat demək; Kim nəyi çox sevərsə, o şeyi çox xatırlayar. Uca Allah buyurur:
«Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın.» (əl-Əhzəb, 56)
● Peyğəmbəri sevməyin əlamətlərindən: peyğəmbərin sevdiyi əhli-beyti, muhacir və ənsardan olan səhabələri sevmək, Onun düşmənini düşmən qəbul etmək, onun qəzəbləndiyi kimsəyə qəzəblənmək; Kim nəyi sevərsə, o sevdiyinin sevdiyini də sevər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: «İmanın əlaməti Ənsarı (Ənsarlı səhabələri ) sevməkdir, münafiqliyin əlaməti Ənsarı nifrət etməkdir.» (Buxari, Fəthul-Bari, Mənaqibul-Ənsar, 7/113; Müslim, kitabul-İman, 74)
● Peyğəmbər sevgisinin əlamətlərindən; Allah və Rəsulunun qəzəbləndiyi kimsəyə qəzəblənmək, onun sünnətinə müxalif olandan, dinində yenilik çıxardandan uzaq durmaq, Onun şəriətinə müxalif olan hər şeyə fikir vermək Uca Allah buyurur:
«Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər.» (əl-Mucadilə, 22)
● Peyğəmbər sevgisinin əlamətlərindən: Ona nazil olan Quranı və Onun sünnəsini sevmək, Quran və Sünnənin sərhədlərində dayanmaqdır.
Amma, insanın boş iddialar edib bu şeyləri etmədən Peyğəmbəri sevdiyini iddia etməsi yalan bir iddiadır. Ona tabeçilik yoxdursa, “o sevgi də” gerçək sevgi deyil. Həqiqi sevgi fədakarlıq tələb edir.
Onun etmədiyi əməli etməmək də bu sevgidən irəli gəlir. Peyğəmbər bütün xeyir qapılarına işarə etmişdir. Mövlud keçirmək xeyirli bir əməl olsaydı, Peyğəmbər heç bir şəksiz o xeyirli əmələ bizi yönəldərdi.
Əbu Zərr (Allah ondan razı olsun) demişdir: «Allah Elçisi (salləllahu aleyhi və səlləm) bizi tərk etdiyi zaman (vəfat etdiyi zaman) hətta havada qanadlarını tərpədən quşdan belə bir elm (məlumat) vermişdi.»
Sonra (Əbu Zərr) dedi: Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: «Cənnətə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran elə bir şey yoxdur ki, sizə bəyan edilməsin.»
(Təbərani səhih isnadla rəvayət edib, Mucəmul-Kəbir 2/155; Silsilətus-Sahihə, 1803)
Peygəmbərin (salləllahu aleyhi və səlləm) bəyan etdiyi xeyirlər içərisində isə mövlud keçirmək yoxdur. Ona görə də bu əməl xeyir niyyətilə edilsə belə xeyir deyil, bidət hesab olunur.
Beşinci məsələ: Alimlərin mövlud haqda sözləri.
Sual: Görəsən, dörd məzhəb alimləri (Əbu Hənifə, Şafi, Malik, Əhməd) mövlud keçirmək barəsində nə deyiblər?
Cavab: Heç nə deməyiblər. Çünki, onlar ən xeyirli üç əsrdə yaşayıblar və həmin dövrdə bu mövlud bidəti hələ ortaya çıxarılmamışdı.
İndi isə gəlin sonrakı alimlərdən bəzilərinin sözləri ilə tanış olaq:
● Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) (1328 milad, vəfat) demişdir: «Amma, bəzi qeyri-şəri mövsümləri qeyd etməyə gəldikdə: Rəbiul-Əvvəl ayının gecələri, hansı ki, buna mövlud gecəsi deyilir….(red: arada başqa bidətləri də qeyd edir) bütün bunlar bizdən öncə keçmiş haqq əhlinin xoşlamadığı və etmədiyi bidətlərdən (dinə edilən əlavələrdən) hesab olunur.» (Məcmuul-Fətəva, 25/298)
● İbnul-Həcc əl-Abdəri (Allah ona rəhmət etsin) (1336 milad. vəfat) «əl-Mədxəl» kitabında demişdir:
«Mövlud barədə Fəsil: bidətlər silsiləsindən din adına icad edilən şeylərdən biri də: Rabiul-Əvvəl ayında qeyd edilən mövlud bidətdir. Onlar bunun ən böyük ibadətlərdən və ən aşkar dini şüarlardan olduğuna etiqad edirlər. Bu əməl bir çox bidətlər və haramları özündə ehtiva edir. (red- sonra isə həmin batil əməlləri sadalayır)» (Bidəul-Həuliyyə, səh 119; əl-Mədxəl, 2/2-10)
● Ömər İbn Əli əl-Ləxmi əl-Fəkihəni (Allah ona rəhmət etsin) (1334 milad. vəfat) demişdir:
«Bəzi mübarək insanların Rabiul-Əvvəl ayında bir araya gəlib toplanan və bunu mövlud adlandıran bəzi insanlar barədə təkrar-təkrar verdikləri suallara gəldikdə isə, görəsən bunun şəriətdə bir əsli vardırmı? Görəsən bu dində yenilik və bidətdirmi? Bu barədə ətraflı və aydın bir cavab verməyimizi istəyirlər. Müvəffəq edən Allahdır – deyirəm ki:
Bu mövlud əməlinə nə Qurandan, nə də Sünnədən əsl (dəlil) olduğunu bilmirəm. Mövlud keçirmək ümmətin heç bir alimindən nəql edilməyib. O alimlər ki, dində örnəkdirlər və onlar öncədən gəlmiş alimlərin haqq yolunu gedirlər. Əksinə, bu əməl (yəni, mövlud keçirmək) cahillərin ortaya çıxardıqları bidətdir və insanların malını haqsız yeyənlərin diqqət göstərdiyi nəfsi-şəhvətdir…..» (Sonra isə bu əməlin batil olmasını ətraflı şəkildə təxminən iki səhifədə izah edir) (bax: Suyutinin «Əl-Havi» əsəri, şəhər 1/190-192)
● Əbu Amr ibnil-Alə (Allah ona rəhmət etsin) demişdir:
«Peyğəmbərin doğulduğu Rəbiul-Əvvəl ayı isə onun vəfat etdiyi aydır. Bu ayda sevinmək bu ayda kədərlənməkdən üstün deyildir. Bizim dediyimiz budur.» (Suyutinin «əl-Havi» əsəri, 1/190)
● Hafiz Əbu Zur’ə əl-İraqi (1422 m.v) (Allah ona rəhmət etsin) demişdir:
«Sələfin mövlud keçirməsinə hətta insanlara yemək yedizdirmək belə olsa, bunu etdiklərinə (dəlil) bilmirik.» (Təşnif-əl- Əzən, seh136)
● İmam Şatibi əl-Maliki (1194 m.v) (Allah ona rəhmət etsin) özünün məşhur «əl-İtisam» kitabında bir çox bidət növlərini saymış, sonra Peyğəmbərə mövlud keçirməyin bu bidətlərdən olduğunu qeyd etmiş və bu əməli pisləmişdir.»
(Bax, imam Şatibinin əl-İtisam kitabı, səh 134)
● Zahirud-Din Cəfər ət-Təzmənəti (1283 m.vəf) – (Allah ona rəhmət etsin) demişdir:
«Saleh Sələflər (hicrətin) birinci əsrində mövlud keçirməyiblər. Baxmayaraq ki, onlar peyğəmbəri çox üstün tutur və çox sevirdilər. Onlar peyğəmbəri o qədər üstün tutur və o qədər çox sevirdilər ki, bizim hamımızdan biri heç o qədər onları sevə bilməz, hətta, bir zərrə qədər olsa belə.» (Sultan əl-Amri, movlud barədə məqal / 8-ci alim)
● Muhəmməd Rəşid Rida (Allah Ona rəhmət etsin) demişdir:
«Bu mövludun bidət olmasında ixtilaf yoxdur. Mövlud qissəsini oxumaq üçün toplanmaq bidətini ilk dəfə çıxardan Misir Şərakisəsinin padşahlarından biri olmuşdur.» (red: O, Misirdə hökmranlıq etmiş Fatimiləri sulaləsini qəsd edir.) (Mənbə: bax; əl-Mənər, 17/111)
● Muhəmməd Abdus-Sələm Xadır əş-Şəqiri (Allah ona rəhmət etsin) «əs-Sunən vəl-Mubtədəat» kitabında demişdir:
– Rəbiul-Əvvəl ayı və bu ayda edilən mövlud bidəti: bu ayda hansısa xüsusi bir namaz, zikr, ibadət, nəfəqə və sədəqə yoxdur. Bu mövsüm Allah Elçisinin bizə öyrətdiyi cümə və bayram günləri kimi mövsümlərdən deyil – Allahın Ona və başqa peyğəmbər və mürsəl qardaşlarına salavatı və salamı olsun – Peyğəmbər bu ayda doğulmuş və bu ayda da vəfat etmişdir. Bəs nə üçün onun doğum günü üçün sevinir, lakin, ölüm günü üçün kədərlənmirlər?! Onun doğum gününü mövsümə çevirmək və bu münasibəti qeyd etmək çirkin bir bidətdir. Bu, nə şəriətə, nə də ağıla uyğun gəlməyən zəlalətdir. Əgər bu xeyirli bir əməl olsaydı, onda Əbu Bəkr, Ömər, Osman və Əli – Allah onların hamısından razı olsun – başqa səhabələr, tabeinlər və onların davamçıları, dinin imamları və onların davamçıları bu əməldən necə qafil qalıblar? (red – Yəni, onlar niyə bunu qeyd etməyiblər? Sonra isə təxminən bir səhifədə bu bidətin faydasız olması və zərərlərindən danışır)
(Mənbə: əs-Sunən vəl-Mubtədə`ət, səh 143)
● Muhəmməd İbn İbrahim Əliş-Şeyx (Allah ona rəhmət etsin) Peyğəmbərin mövludunu qeyd etməyin hökmü barədə ona verilən suala cavab olaraq demişdir:
«Heç bir şəkk yoxdur ki, Peyğəmbərin mövlud gününü qeyd etmək dində edilən bidətlərdəndir. O vaxt ki, İslam aləmində cahillik yayıldı, azğınlığa, yol azdırmağa, zənn və xəyallara meydan açıldı artıq bəsirətlər kor oldu və burada kor təqlidin hökmranlığı başladı. Artıq insanlar çox zaman şəriətdən olan şeyi təyin etmək üçün sağlam dəlilə deyil, filankəsin dediyinə və ya filankəsin xoşuna gələn şeylərə fikir verdilər.» (red – Sonra isə təxminən bir səhifə yarım bu əməlin batil olmasından danışır)
(bax: Fətəva və Rasəil şeyx Muhəmməd İbn İbrahim, 3/54-56)
● Əbdul-Aziz İbn Bəz (Allah ona rəhmət etsin) demişdir:
«Dində belə mövludları bidət çıxartmaq o anlama gəlir ki, Allah Subhənəhu və Təalə bu ümmətin dinini tamamlanmışdır və Allah Elçisi – Allahın Ona salavatı və salamı olsun – ümmətin nə ilə necə əməl edəcəyini lazımınca çatdırmamışdır. Sonra isə bu sonradan çıxanlar gəlib Allahın dinində (məzəmmət olunan) yenilik çïxartdılar.» (ət-Təhzir minəl-Bidəi, səh, 4-5.)
● Muhəmməd İbn Abdul-Lətif (Allah ona rəhmət etsin) demişdir:
«Mövlud qeyd etmək çirkin bidətlərdən və çirkin əməllərdəndir.» (Durərus-Səniyyə, 8/285)
● İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
«Allaha yaxınlaşmaq və Peyğəmbərə təzim etmək məqsədilə mövlud keçirmək ibadətdir. Əgər bu ibadətdən sayılırsa, bunu Allahın dinindən olmayan bir şeyi ona daxil edərək əlavə etməmək üçün tərk etmək lazımdır. Peyğəmbərin mövludunu qeyd etmək haram bidətdir.» (Məcəllətul-Mucəhid, adəd: 22)
● Humud ət-Tuveyciri (Allah ona rəhmət etsin) demişdir:
«Mövlud qeyd edən kimsələr bu bidətə görə savab qazanası deyillər. Əksinə, bu əməl onların Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) və Onun səhabələrinin (Allah onlardan razı olsun) üzərində olduqları hala müxalif olduğu üçün qorxulur ki, onlar buna görə cəzalandırılan kəslərdən olsunlar.»
(əl-Raddul-Qaviyyi Alər-Rifai vəl-Məchul ibn Aləvi, səh 223)
● Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) demişdir:
«Əgər mövludu araşdırsaq, nə peyğəmbərin sünnəsində, nə də Raşidi Xəlifələrin sünnəsində buna bir dəlil tapmarıq. Deməli, bu, (dində) sonradan çıxarılmış yeniliklərdən və azdırıcı bidətlərdəndir.» (Huququn-Nəbi beynəl-İcləl vəl-İxlas, səh 139).
Alimlərin sözləri bu mövzuda olduqca çoxdur. Lakin, biz bu qədərilə kifayətlənirik. Allahdan istəyirəm ki, bizi daim haqqa və ən doğru olana yönəltsin! Bizə haqqı haqq, batili də batil kimi görməyə müvəffəq etsin!
Va Salləllahummə alə nəbiyyinə Muhəmməd və ali əlihi və sahbihi əcməin!
İstifadə edilmiş mənbələr:
● Qurani-Kərim.
● Silsilətus-Sahiha, Albani.
● Mucəmul-Kəbir, Tabərani.
● Səhihi-Buxari, Muhəmməd İsmayıl əl-Buxari.
● Səhihi-Muslim, Muslim ibnil-Həccəc.
● Sunən ət-Tirmizi, Süleyman ibnil-Əşas
● Sunəni ət-Tirmizi, Muhəmməd Əbu İsa ət-Tirmizi.
● Fəthul-Bari fi Şərhi Sahih əl-Buxari. İbn Həcər əl-Asqalani.
● Həqaiq həvlə movlidin-Nəbəvi, Əhməd əl-Həmdən.
● Hafiz əl-Qastalani əş-Şafi «əl-Məvahib əl-Ləduniyyə»
● Abdul-Bərr «Tashih əlhit-Tərix».
● Vafəyətul-Əayən, İbn Xallikən.
● əl-Bidəyə vən-Nihəyə, İbn Kəsir.
● Lisənul-Arab, İbn Mənzur.
● (əl-Məvaiz vəl-İtibar bi-zikril- Xutati vəl-Əsər) Təqiyyud-Din əl-Məqrizi.
● Məcmuul-Fətəva, İbn Teymiyyə.
● Bidəul-Hovliyyə, Abdullah ət-Tuveyciri.
● Suyutinin «əl-Havi» əsəri.
● əs-Sunən vəl-Mubtədəat, Muhəmməd əs-Şəqiyri.
● «Fətəva və Rasəil» şeyx Muhəmməd İbn İbrahim.
● İmam Şatibinin «əl-İtisam» kitabı.
● Sultan əl-Amri, mövlud barədə yazı.
● ət-Təhzir minəl-Bidəi. İbn Bəz.
● «Durərus-Səniyyə» ensiklopediyası.
● əl-Raddul-Qaviyyi Alər-Rifai vəl-Məchul ibn Aləvi. Humud-ət-Tuveyciri.
● Huququn-Nəbi beynəl-İcləl vəl-İxlas. Saleh əl-Fovzan.
Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!