Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Ey insanlar, Allahdan qorxun! Allahın sizi Rəsulullahın ﷺ dili ilə ədəbləndirdiyi şəkildə ədəblənin. Həqiqətən Allah onu gözəl əxlaqı tamamlamaq üçün göndərmişdir. Bu əxlaqı da Rəsulullahın ﷺ sözü və feli ilə tamamlamışdır. Rəsulullah ﷺ bu ümmət üçün ağ yol (aydın, doğru yol) qoyub getmişdir, bu yoldan yalnız həlak olan, şübhə edən üz döndərər.
Həqiqətən bu ədəblər Allahın Elçisinin ﷺ dili ilə şəriət etdiyi hər bir şeyə şamil olunan ümumi ədəblərdir: yemək-içməkdə, geyimdə və yatmaqda, insanlarla olan davranışda və bütün şeylərdə olan ədəblərdir.
Yemək-içməkdə olan ədəblər; Allahın Elçisi ﷺ öz ümmətinə yeməyə və içməyə başlayarkən “Bismilləh” (Allahın adı ilə) deməsini öyrətmişdir. Xəbər vermişdir ki, hər kim ki, Allahın adını çəkməzsə, şeytan ona onun yeməyində və içməyində şəriklik edər. Əmr etmişdir ki, yeməklərini sağ əlləri ilə yesinlər, içəcəklərini də sağ əlləri ilə içsinlər.
Onları sol əlləri ilə yemələrini və içmələrini qadağan etmişdir və bu barədə demişdir: “Həqiqətən şeytan yeyərkən və içərkən sol əli ilə yeyib-içər” (Əhməd, 2/325; İbn Macə, 3266). Əmr etmişdir ki, başqası ilə birgə önündə olanı yesin və belə buyurmuşdur: “Həqiqətən Allah yemək yeyib su içdiyinə görə şükür edən quldan razı qalar” (Muslim, 2783).
Geyimdə olan ədəblər: sünnə olan odur ki, geyimi geyinərkən sağdan başlanılsın, sol əldən öncə sağ əlini daxil etsin. Ayaqqabı və şalvar geyinərkən sol ayaqdan öncə sağ ayağını daxil etsin. Lakin, ayaqyoluna daxil olarkən isə, sağdan öncə sol ayaq ilə daxil olsun.
Təzə bir geyim geyinərkən özündən heç bir güc və qüvvət sərf etmədən onu bu geyim ilə ruziləndirən Allaha həmd etsin.
Həmçinin, Rəsulullah ﷺ ümmətini gözəl geyinməyə rəğbətləndirmişdir. Necə ki, bu barədə buyurur: “Həqiqətən Allah Gözəldir və gözəlliyi də sevər” (Muslim, 91). O, ümmətinin kişilərinə ipəkdən və qızıldan olan geyimləri isə haram buyurmuşdur. Əgər kişinin geyimi topuqdan aşağı düşərsə, bu haqda belə buyurmuşdur: “Topuqdan aşağı düşən hissə oddadır” (Buxari, 5787). Həmçinin buyurur: “Üç nəfər vardır ki, qiyamət günü Allah onlarla danışmayacaq, onlara tərəf baxmayacaq, onları təmizə çıxarmayacaq və onlar üçün böyük əzab vardır: paltarını topuqdan aşağı salan, nəmmamlıq edən (ara vuruculuq edərək söz gəzdirən), malını satmaq üçün yalandan and içən” (Əhməd, 5/418; Muslim, 106).
Yatmaqla bağlı ədəblərdən: sünnə olan odur ki, sağ tərəf üzərində, dəstəmazlı halda yatılsın və yuxuya gedənə qədər Allah zikr edilsin, “Ayət əl-Kürsi” oxunsun. O kəs ki, bu ayəni oxuyar, həmən gecədə Allahdan ona qoruyucu olar, sabaha çıxanadək şeytan ona yaxınlaşmaz.
Rəsulullah ﷺ yuxudan oyandığı zaman belə deyərdi: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. Ölüb dirildikdən sonra isə qayıdış Onadır” (Buxari, 6324). Həmçinin belə buyurmuşdur: “Sizdən biriniz yuxudan oyandığı zaman desin: Ruhumu mənə qaytaran, bədənimə salamatlılıq verən və Onu yad etməyə izin verən Allaha həmd olsun” (Tirmizi, 3401).
İnsanlarla olan davranışda olan ədəblər; Rəsulullah ﷺ bu haqda kamilliklə gəlmişdir və gözəl əxlaqa yönəltmişdir. Rəsulullah ﷺ belə buyurur: “Möminlərin ən kamil imanlısı əxlaqı ən gözəl olanıdır” (Əhməd, 2/250; Əbu Davud, 4682; Tirmizi, 1162). Həmçinin, buyurmuşdur: “Qardaşının üzünə gülümsəmək olsa belə yaxşılıqlardan heç bir şeyi aşağı görməyin”. (Buxari, 4418; Muslim, 2769).
Rəsulullah ﷺ möminlər arasında dostluğu, məhəbbəti cəlb edən hər bir şeyi əmr etmişdir. Bu əməllərdə savab və xeyir etmiş, belə buyurmuşdur: “Allaha and olsun ki, iman etmədikcə cənnətə daxil olmazsınız, bir-birinizi sevmədikcə iman etməzsiniz. Sizə bir şey öyrədimmi onu etdiyiniz zaman bir-birinizi sevəsiniz? Aranızda salamı yayın” (Əhməd, 2/442; Muslim, 54, 93). Həmçinin, demişdir: “Həqiqətən insanlardan Allaha ən yaxın olanı salama ilk başlayandır” (Əbu Davud, 5197).
Eyni zamanda hər bir şeydə doğru olmağı əmr etmişdir: “Həqiqətən doğruluq yaxşılığa aparar, yaxşılıq isə cənnətə aparar. Bir kişi o qədər doğru danışar ki, hətta Allah qatında doğru danışanlardan yazılar” (Əhməd, 1/384; Buxari, 6094; Muslim, 2607).
İslam ədəbləri hər bir şeyi əhatə edir. Hətta bir insan ayaqyolu ehtiyacını ödədiyi zaman onun üçün ədəblər qoyulmuşdur. İnsan ayaqyoluna daxil olduğu zaman: “Allahın adı ilə. Erkək və dişi cinlərdən Allaha sığınıram”- deyir və sol ayağı ilə daxil olur. Çıxdığı zaman isə, sağ ayağı ilə çıxır və belə deyir: “Allahım məni bağışla. Məndən əziyyəti aparan və mənə salamatlılıq verən Allaha həmd olsun”.
İslam ədəblərindəndir ki, insan bir şeyi alıb verdiyi zaman sağ əlini istifadə etsin; sağ əli ilə götürüb, sağ əli ilə versin. Ehtiyac olmadığı müddətcə sol əlindən istifadə etməsin.
Ey müsəlmanlar! Allahdan qorxun, sizə çatan İslam ədəblərilə ədəblənin ki, davranış və əxlaqınızda kamilliyə yüksələsiniz, dünya və axirət xeyirlərini qazanasınız! Qovulmuş şeytandan Allaha sığınıram: “Allah sizə şəriət hökmlərini bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir. Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər. Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır” (Nisə, 26-28).
Son olaraq, həqiqətən din Allah üçün, Onun Kitabı üçün, Onun Rəsulu üçün, müsəlman rəhbərləri və müsəlman toplumu üçün nəsihətdir. Rəsulullah ﷺ buyurmuşdur: “Kim bir mömini dünya sıxıntısından qurtararsa, Allah da onu qiyamət gününün sıxıntısından qurtarar. Kim çətinlikdə olana asanlaşdırarsa, Allah da onun işlərini bu dünyada və axirətdə asanlaşdırar. Kim bir müsəlmanın eybini örtərsə, Allah da onun bu dünyada və axirətdə eybini örtər. Qul müsəlman qardaşının köməyində olduğu müddətcə, Allah da onun köməyində olar” (Muslim, 6299).
Mənbə: Şeyx ibn Useyminin “Xütbələr toplusu, 5-ci cild, Ədəb və Əxlaq” bölümündən xütbəsi
Hazırladı: Beynəlxalq İslam Universitetinin tələbəsi, Nail Paşayev
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!