İslam dinində quldarlıq ləğv edilməyib? (Ateistlərə cavab)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: «Kim bir müsəlman qulu azad edərsə, Allah onun hər bir (bədən) üzvünü cəhənnəmdən azad edər və onu Öz xilası ilə xilas edər.» (Buxari, Muslim)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

İslam dinini quldarlığı təsdiqləməkdə ittiham edənlərə cavab olaraq qədim quldarlıqla bu gün də mövcud olan quldarlığın tarixinə baxmaq və fərqləri təhlil etmək yetərlidir. Nəticədə şahidi olacağıq ki, qədim və müasir quldarlıq eyni hədəfdə birləşsə də qədim quldarlıq fərdlərə məxsus idisə, bu günkü quldarlıq əsasən xalqların və millətlərin qula çevrilməsi ilə mövcuddur. Əgər qədim quldarlıqda gündəlik ehtiyaclarının ödənilməsi müqabilində bir insan kiminsə qulu olurdusa, bu gün xalqların, kütlələrin də bəzən qul halına gətirildiyini görürük. Müstəmləkəçi dövlətlər bu kimi şübhələrlə müsəlman övladlarının başını qatıb şəxslərin qula çevrilməsindən danışır, amma nədənsə özlərinin xalqları, millətləri qul halına salarkən heç bundan danışaraq əsil rəzalətli quldarlığın bu olduğunu deyə bilmir bu “azad fikirlilər”.

Halbuki, bu quldarlıq şübhəsini ortaya çıxaranlar başqa adlar altında qanunlar çıxarıb dünyada bu qanunları yayaraq insanları bir növ qula, köləyə çevirir. Böyük ölkələrin kiçik ölkələri əzmək üçün məcburi qaydalar və tələblər qoymaları sanki, bu quldarlığın, müstəmləkəçiliyin bir hissəsi deylimiş kimi təəssürat formalaşdırırlar.

Gəlin qədim insanların quldarlığının hansı vəsilələrlə həyata keçirdiklərini bir xatırlayaq:

👉🏻 Əsir götürülmək insanların qula çevrilmələrinin səbəblərindən biri idi.
👉🏻 Həmçinin, quldurluq və oğurlanma yolu ilə də insanlar qula çevrilə bilirdilər.
👉🏻 Bəzi böyük cinayətləri edənlər (adam öldürmək, oğurluq etmək, zina etmək və s) də qula çevrilirdilər.
👉🏻 Borcunu verə bilməyənlər borc sahibinin quluna çevrilirdilər.
👉🏻 Bəzi insanlar isə övladlarını qul kimi satırdılar və s.

Bəzi insanlar isə şiddətli kasıbçılıq və ya qorxuya düçar olduqda onlara yemək verəcək, qoruyacaq və himayə edəcək şəxslər üçün öz azadlıqlarından keçib qul olurdular.

Bəzi qulluq halları isə nəsildən nəsilə keçirdi, məsələn; qul kənizlərdən olan uşaqların atası ağa olsa belə övladları qul kimi qalırdılar.

İslam isə gəlib bütün bu halları ləğv etdi və quldarlığa aparan vəsilələri aradan qaldırdı. Yalnız döyüşlərdən qalan əsirlərin qulluğu saxlanılmışdı ki, bu, bu gün də dünyada qalmış bir şeydir. Əsirliyi ləğv etmək isə döyüşlərin tamamilə ləğv edilməsi anlamına gəldiyi üçün dünya ölkələri əsir anlayışını qoruyub saxlamışlar. Çünki, səninlə döyüşən düşmən təslim olarsa, onu öldürməyib əsir götürmək normal bir haldır. Lakin, İslam dinində əsirlərlə yaxşı davranmaq, onları alçaltmamaq dindən hesab edilərək müəyyən şərtlərlə onları əsirlikdən azad etmək tövsiyə edilmişdir.

İndi isə gəlin qeyri müsəlmanlarda qədim quldarlıqla tanış olaq:

Romalılarda (ümumən Avropada) qullarla heyvan kimi davranılırdı. Qulun bütün insanlıq haqları əlindən alınmışdı, onları ən ağır işlərdə işlədirdilər. Əlləri bağlanırdı ki, qaçmasınlar. döyüşlərdə də istifadə olunurdular. Ağasına asi olduqda isə ən şiddətli əzab verilirdi. Qullar *qladiator* döyüşlərində döyüşdürülür və Romalılar bunu böyük təntənə ilə keçirirdilər. Bu döyüşlərdə qul olan insan qılınc, ox və nizə yaraları alır, ağaları və insanlar isə onların acısına kənardan tamaşa edirdilər.

Yunanıstanda isə fəlsəfə məktəbi quldarlığa bəraət qazandırırdı. Aristotelin məktəbinə görə hesab olunurdu ki, bir qism insanlar qul olmaq üçün yaradılmışlar. Aristotelin müəllimi Platun isə qulları vətəndaşlıqdan xaric hesab edirdi. Yunan mədəniyyəti ümumi quldarlığı dövlətin, xüsusi quldarlığı isə fərdlərin məsləhətindən hesab edirdi.

FarslardaHindistanlılarda da qulların vəziyyəti bunun kimi çox ağır idi. Bütpərəst ərəblərdə də İslama qədər qullar zülm içində idi ki, İslamı qəbul edən qullara “dinsiz müşriklər” tərəfindən işkəncələr verilmişdi. Suheyb ər-Rumi, Amir ibn Fuheyra, Bilal əl-Həbəşi və s. belələrindən idilər. Yəqin ki, çoxumuzun Misirdəki Fironlar dövrünün quldarlığı barədə az da olsa məlumatı vardır.

Yəhudilər isə quldarlıqda o qədər həddi aşmışdılar ki, qohumları bir-birini əsir götürüb qula çevirirdilər. (Bax, Quran: əl-Bəqərə, 85)

Xaçpərəst təlimlərində də qullar çox lazımlı hesab edilirdi. Keşiş Bolis və Petrosun yazıları da bunları təsdiqləyir.

İslam dininin quldarlığa ədalətli yanaşması və tədricən quldarlığı sıradan çıxararaq aradan qaldırması:

Quranda qul azad etmək barədə ayələr

Qurani-Kərimdə qul azad etməyə rəğbətləndirən ayələr çoxdur, bunlardan:

a) Nur surəsi 33-cü ayədə İman gətirib azad edilməsi barədə yazı istəyən və xeyirli halına ümid edilən kölənin azad edilməsi əmr edilir.

a) Nisa surəsi 92-ci ayədə bir mömini yalnışlıqla (səhlənkarlıqdan dolayı) öldürənin bunun qarşılığında (kəffarə cəzası olaraq) bir qul azad etməli olduğu bildirilir.

b) Mücadələ surəsi 3-cü ayədə hər kim öz yoldaşına «sən mənə öz məhrəmlərim kimi haramsan» deyərsə, sonra bu səhvini düzəltmək istəyərsə, əvəzində bir qul azad etməli olduğu bildirilir.

c) Həmçinin, əl-Maidə surəsinin 89-cu ayəsində andını pozanların buna qarşılıq olaraq kəffarələrindən biri kimi digər kəffarələri edə bilməyənin qul azad etməli olması qeyd olunmuşdur.

d) əl-Bələd surəsində isə Uca Allah ateist (Allahı inkar edən) müşriklərə əzabını xatırladarkən yaxşı əməlləri sadalayarkən ən birinci qul azad etməyi qeyd etmişdir. (Bax, əl-Bələd surəsi, 11-17)

e) Tövbə surəsi 60-cı ayədə isə səkkiz qism insana zəkat malından verilməli olduğu qeyd olunur ki, onlardan bir qisminin də qul azad etməyə xərclənməsinin gərəkdiyi vurğulanmışdır.

f) əl-Bəqərə surəsi 177-ci ayədə yaxşı əməl sahiblərindən danışılarkən onların içində nafilə sədəqədən belə qul azad etməyə xərcləyənlər qeyd olunmuşdur.

Qul azad etmək barədə hədislərdən isə:

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: «Kim bir müsəlman qulu azad edərsə, Allah onun hər bir (bədən) üzvünü cəhənnəmdən azad edər və onu Öz xilası ilə xilas edər.» (Buxari, Muslim)

Başqa bir hədisdə buyurmuşdur: «Kim öz köləsinə haqq etmədən cəza olaraq vurar və ya şillə çəkərsə, onun kəffarəsi o qulu azadlığa buraxmaqdır.» (Muslim)

Qullarla yaxşı davranmaq barədə hədislər də çoxdur.

Quran ayələri və Peyğəmbərin insanları qul azad etməyə təşviq etməsilə müsəlmanlar üçün qul azad etmək sevimli bir əmələ çevrilmişdi. Qullar və əsirlərlə yaxşı davranmaq barədə də çoxsaylı hədislər vardır. Hətta, onlara gözəl xitab etmək, onları alçaltmamaq da mühüm əməllərdən olmuşdur. Hədisdə deyilir: Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Sizdən heç biri “mənim qulum və köləm” deməsin, hər biriniz Allahın qulusunuz. Qadınlarınız da Allahın qullarıdır. (Qul olanlara) Oğlum, qızım, cariyəm (deyə) xitab edin.» (Muslim)

Tətbiqə gəldikdə isə:

İmkanlı səhabələr daha çox qul azad edib daha çox savab qazanmağa həris idilər. Mövzunun əvvəlində qulluqdan azad edilmiş bəzi səhabələrin adlarını da qeyd etmişik.

Həmçinin, bəzi İslam alimləri demişlər ki, əgər miras sahibi vəfat edərsə, onun mirasçısı olmağa heç bir yaxın qohumu qalmazsa, onun qulu (köləsi) miras sahibi olmağa daha haqlıdır.

Tarixdə Məmlukilər (Maməliyk) dövləti (1250-1517) kimi tanınmış dövlət məhz anaları qul olan şəxslərin qurduğu dövlət idi ki, onların övladları İslam izzətiylə köləlikdən ağalığa doğru yüksəlmiş, tarixdə şanlı iz qoymuşdular.

Tədqiqatçılar da bu qənaətə gəlmişlər ki, İslam dini quldarlığı tədricən aradan qaldırmışdır.

Həmçinin, qeyd etdik ki, bu gün dünyada dolayısı yollarla insanların qul kimi istismarı yenə də mövcuddur. Bu gün dünyada nəinki şəxslərin, hətta, xalqların, kütlələrin müstəmləkəçilik yoluyla kölələşdirildiyini görmək çətin deyil.

Amerikanın Quantanamo həbsxanası və s. yerlər isə müasir dünyanın səssiz qaldığı işkəncə yerləridir. Belə misalları çox çəkmək olar.

Yer üzündə hal hazırda həqiqi və yeganə ateist dövlət olan Şimali Koreyada insanlar rəsmi şəkildə “qullar və ağalar” sinfinə bölünüblər. Bu nizam “songbun” adlanır. Ateistlərin yarım əsrə yaxındır ki, işləyən bu qanunlarını ateistlərin özlərindən tənqid edən isə hələ görməmişik. Lakin, onların cəmiyyətlərdən quldarlığı tədricən çıxaran, qul azad etməyin savab əməl olduğunu bildirən İslam dininə qarşı bu yersiz və qərəzli ittihamı irəli sürdüklərini görürük. Müsəlman ölkəsi olan Tunisdə “qul almaq və satmaq” 1846-cı ildə qadağan olunduğu halda, bu tarix Amerikada 1865-ci ilə təsadüf edir. Dünyada isə 1926-cı ildə bir çox ölkələrdə qul alqı-satqısının qadağan edilməsi qeyd edilmişdir. Lakin, buna baxmayaraq bu gün insan alveri bəşəriyyətin qlobal problemi olaraq qalmaqda davam edir.

Həmçinin, filosof-ateistlərdən belə quldarlığı ciddi şəkildə tənqid edənlər olmamışdır. Əksinə, bir çox filosof ateistlər quldarlığın cəmiyyətlərdə müəyyən sosial və iqtisadi tənzimləmələr baxımından lazımlı olduğunu bildirmişlər. Yəqin ki, onlar ən yaxşı halda Aristotelin, Platonun, Hegelin, Coon Lock’un və s. bir çox filosofların sözlərindən xəbərsizdirlər. Ateist Karl Marks isə Şimali Amerikanın “qullar olmadan” mövcud olmasının mümkünsüzlüyündən danışmışdır. Belə misallar çoxdur, uzatmaq istəmirik.

Quldarlığı mütləq şəkildə tənqid edənlər, hazırkı həyatdakı iş və vəzifə fərqlərini də bir növ tənqid etmiş olurlar. Çünki, indiki zamanda da bir çox insanlar cəmiyyətdəki tutduqları vəzifə etibarilə qul olmaqdan heç nə ilə fərqlənmirlər. Belə hallara ateistlərin çox olduğu ölkələrdə də xeyli rast gəlinir.

Xülasə odur ki, iddialar parlaq görünsə də, bütün cəmiyyətlərdə sinfi təbəqələşmə, insanların fərqli ağıl sahibi olmalarından asılı olaraq tarix boyu «quldarlıq» müəyyən şərtlərdə mövcud olsa da, İslam dini quldarlığı tədricən ləğv etmişdir. Bunu müsəlmanlara bir şübhə kimi gətirənlərin isə özlərinin belə öz danışdıqlarına inandıqlarını demək çox çətindir.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    19.04. 2024
    NamazVaxt
    Sübh04:14
    Günəş05:56
    Zöhr12:40
    Əsr16:26
    Məğrib19:24
    İşa20:54
    Namaza yeni başlayıram

Son əlavə olunanlar