Ateist tiplərin psixologiyası

«İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.» (ən-Nəhl, 125)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Müxtəlif tipli (psixologiyalı) ateistlərlə davranış üslubları:

Dəyərli oxucu, bu dəfəki yazımızda müxtəlif xarakterli ateistlər, onların psixologiyası və tipləri barəsində məlumat veriləcəkdir. Bu xarakterləri bilməklə ateist düşüncə tərzi və psixologiyası ilə daha yaxından tanış olan müsəlman dəvətçi onları İslama hikmətlə və daha münasib şəkildə dəvət etməyin yollarıyla tanış olacaqdır.

Həmçinin, insan tiplərini öyrənən şəxs insanları daha yaxşı tanıdıqca onları Allahın yoluna daha münasib dil və üslublarla dəvət edə bilər. Uca Allah buyurur: «De: Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq.» (Yusuf, 108)

Həmçinin, buyurmuşdur: «İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.» (ən-Nəhl, 125)

Mömin kimsəylə ateistin psixoloji fərqi, ruhi səviyyəsi, mənəviyyat aləmi də fərqli olur. Həqiqi İslamı öz həyatında yaşayan müsəlman daim qəlbi hüzur içində olur ki, o öz üzərində Allahın yardımını, qorumasını və himayəsini hiss edir. O, daim öz Rəbbinə yönəlir, qorxduqda, yalnız qaldıqda, qəlbi sıxıldıqda, kədərli olduqda və bütün hallarında Rəbbinə yönəlir, belə olduqda onun üçün hansı pis hal qalır ki? Ölməkmi? Ölüm onun üçün yalnız Rəbbinə qovuşmaqdır. Mömin özünü öldürə, intihar edə bilməz. Amma, ateistin sıxıntısı zirvəyə çıxdıqda intihara və s. yollara əl ata bilir. Həmçinin, möminin bəlaya, müsibətə baxışı, ateistin baxışından fərqlənir. Mömin kimsə bilir ki, onun başına gələn müsibətlər həyatda mümkün olan şeylərdir ki, bununla insanın səbri imtahan olunur, insan səbrinə görə savab qazanır və dərəcəsi yüksəlir. Ateistə gəldikdə isə, ona müsibət üz verdikdə o qəmlənir, dünya sanki, başına yıxılır. Çünki, o yalnız bu dünya həyatının mövcudluğuna inanır. Ona görə də elə bilir ki, əgər bu həyatı rahat yaşamasa, fürsəti əldən verəcək və yoxluğa məhkum olacaqdır.
Müsəlman kimsə isə Allahın bu ayəsinə iman gətirmişdir:

«Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.» (əl-Əhqaf, 13)

Bu fərqlər (müsəlmanla ateistin mənəvi fərqləri) olduqca çoxdur, lakin bu qədərilə kifayətlənirik.

İndi isə bu kiçik girişdən sonra keçək əsas mövzumuza…

Bu məqamda ateist tiplərindən bəzilərinin xarakterləri barədə məlumat vermək, həmçinin, bu xarakterlərlə necə dəvət ünsiyyəti qurmaq gərəkdiyindən danışacağıq.

BİRİNCİ TİP: NARAHAT ŞƏXS (La personnalite anxieuse) :

Bu elə bir şəxsdir ki, onun narahatçılığı, sıxıntısı inandığı etiqaddan qaynaqlanır. O baxımdan ki, bu cür ateist Allaha inanmadığını iddia etsə də öz seçimlərindən əmin olmur və narahatçılıq keçirir, çünki, yəqin olmadığı bir seçimi elan etmişdir. Görəsən, doğurdan da Allah vardırmı? Əgər varsa, o kimdir? Görəsən ateizm doğru yoldurmu? Bu dünyada mənim rolum nədir? Görəsən biz ana bətnindən yerə enən, sonra yerin udduğu varlıqlarıqmı sadəcə? Əgər bu din (İslam) haqq olsa, onda halım necə olacaq? Görəsən, öldükdən sonra Allahın mövcud olduğunu görsəm taleyim necə olacaq?

Beləcə, bu tipdə olan insan davamlı narahatçılıq (un etat de tension perpetuel) içində olur.

Bu cür şəxslə necə davranılmalıdır?

Təbii ki, hər bir şəxsin öz danışıq üslubu vardır. Elə insanlar vardır ki, onları susdurmaq və şərtlərə tabe etdirmək lazımdır. Elə insanlar vardır ki, onlarla ətraflı danışmaq münasibdir. Bu da hər şəxsin səviyyəsinə və hədəflərinə görə dəyişir.

Belə bir tipə gəldikdə o şəxsin narahatçılığını azaltmaq, ondan rahat olmağını istəmək və bildirmək lazımdır ki, biz güləş meydanında deyilik, adi söhbət edirik. Üstəlik bu söhbət məcburi də deyil. Sonra həmin şəxsə danışıq qaydalarına riayət etməyi tövsiyə edir, sonra isə onun narahatçılığının səbəbini araşdırırıq. Bu zaman ilk olaraq əqidə mövzularından başlayırıq. Beləcə onun kainata və özünə yanaşmasındakı gizli yanlışları təyin edir, sonra isə onun bilməli olduğu bu mövzular ona İslami baxımdan izah olunur.
Sonra isə həmin ateisti – üç əməliyyatı yerinə yetirməklə yanaşı – dialoqa rəğbətləndirir:

1) Uzaqlaşdırma (L’evitement):

Bu şəxsdən onda möhkəm kök salmış xəlallara dalmaq, narahatçılıq barədə düşünmə halından uzaqlaşmasını istəmək.

2) Diqqət mərkəzini dəyişdirmək (Modifier le centre d’attention):

Belə şəxsdə olan yersiz qorxulardan fikrini uzaqlaşdırmaq, onun halını izah etmək və onu sakitləşdirmək, o cümlədən də belə tip insanlara şüursuz şəkildə beyinin sakitləşərək yuxu halına düşməsini istəməməsindən dolayı ölüm qorxusunun gəldiyini izah etmək, bu barədə inancını düzəltmək və bildirmək ki, ölüm qorxulu deyil, ölümə hazır olmamaq qorxuludur. Əslində ölüm Uca Allahla gözəl bir qarşılaşmaya aparan yoldur.

3) İnanca (əqidəyə) hakim olmağı itirdikdə baxışı dəyişdirmək metodu (Modifier la perveption de perte de controle):

Narahat şəxs özündə inanc rəmzinin itirilməsini hiss edir. O, baxımdan ki, o bu düşüncələrin onda heç bir psixoloji ahəngdarlıq ərsəyə gətirdiyini hiss etmir.

Elə isə belə bir insanla dialoq quran kimsə bacardığı qədər ona İslama baxışı asanlaşdırmalıdır. Əgər sən onun psixoloji durumuna uyğun şəkildə əqidə (inanc) məsələlərini salamat şəkildə izah etsən, bu zaman – Allahın izniylə – sən onu inandırmağa və İslamı qəbul etməsinə nail ola bilərsən.

İKİNCİ TİP: CANFƏŞANLIQ EDƏN TİP (La personnalite obsessionnelle):

Bu tip insan özünə həddən artıq güvənən, özündən ziyadə arxayın, iştiraklarını (çıxışlarını) şadyanalıqla izhar edən, xarakterindəki bu halın artan bir xəstəlik halı almasıyla seçilir. Bu tipin canfəşanlığı müəyyən fikirlərdə və təkrarçılığa yol verməkdə görsənir, aktivlik sərgiləyir, əsas mövzulardansa, çox aşağı əhəmiyyətli mövzulara üstünlük verir. Bunu da ona görə edir ki, inancını insanlara 100 % doğru olaraq təqdim edə bilsin. Bu tiplərdə elə fikir formalaşıb ki, sanki, onlar ətrafındakı insanların etiqadlarının vəkilidirlər və sanki, hamı ateist olmalıdır. Bu cür tiplər bir qədər rəsmi görünməyə, şəxsi münasibətlərdən yayınmağa çalışırlar. İnsanlarla münasibətlərində bu qəbildən (froideur relationnelle) soyuqluq vardır. Başqalarının üstün fikirləriylə də çətinliklə razılaşan, inadkardırlar.

Bu cür şəxslə necə davranılmalıdır?

Belə bir tiplə danışmadan əvvəl onu bu hala çatdıran səbəbləri aydınlaşdıracaq bəzi suallar verilməsi məsləhətlidir. Çox zaman onu bu hala gətirən səbəblər bu altı səbəbdən kənara çıxmır:

1) Ya bu bioloji amillərin nəticəsi olur: Hansısa bir hadisə və ya içki, narkotik aludəçiliyi nəticəsində sağalmaz xəstəlik, davamlı bir qüsura yoluxmaq ki, bu da məsələlərə həqiqət nahiyəsindən baxmalarına (emosiyalara qapılmaqla) təsir edir.

2) Üzərində böyüdüyü ailə təcrübəsi ki, bu da hansısa valideyninin hikmətsizliyindən təsirlənməsi və ya ailədə gördüyü bəzi meyarlardan təsirlənməklə olur.

3) Keçmiş mübahisələr; uşaqlıq və ya gənclik vaxtı baş vermiş mübahisələr.

4) Düşünmə tərzində olan ağıllı sayılmayan üslub; hansı ki, o özünü heç zaman səhv etməyən və insani kamillik içində yaşamalıymış kimi təsəvvür edir.

5) Dostlarının və yaxınlarının onu islah etmədə laqeyd yanaşmaları ki, bu zaman onun öz fikirlərində (yanlışlarında) qalmasına zəmin yaradaraq o fikirlərə düzəliş etmədən onu tərk etmiş, vaxtında onu ciddiyə almamışlar.

6) Yaşadığı bəzi səbəblər ki, bu amillər onun bu inancı qəbul etməsinə gətirib çıxarmışdır.

Dialoq quran bildirmədən bəzi hədəfləri qarşısına qoymalıdır:

– Onun öz problemlərini həll etmək bacarığını yaxşılaşdırmaq.
– Onun ünsiyyət əlaqəsini yaxşılaşdırmaq və onu başqalarıyla danışmağa rəğbətləndirmək.
– Onun birbaşa əqidəylə əlaqəli fikirlərini yaxşılaşdırmağa çalışmaq.

Dialoq quran kəs onunla mehriban münasibət qurmalıdır. Bildirməlidir ki, insanlarla möhkəm əlaqələr qurmaq onun şəxsiyyəti üçün faydalıdır. Sonra onun düşündüyü məntiqi metodu tənqid etsin. Beləcə ona eyiblərini aydın və bəsit şəkildə izah etsin, ona gizli qalan xatalarını real, gerçək misallar çəkmək yoluyla izah etsin. Göstərsin ki, ətraf mühiti dərk etmək üçün onun yeganə yol hesab etdiyi yol ağıl və məntiq əhlinin icmasıyla yalnız istisna bir yoldur. Beləsinə məntiq alimlərinin sözlərindən çoxlu məntiqi və höcətləşmə dəlilləri gətirmək faydalıdır. Həm də belə bir ateistə bəyan edir ki, o heç bir əsas üzərində deyil. Həmçinin, münazirənin abı-havasını korlayan sözlərdən (onunla istehza etmək, onu axmaq və səfeh adlandırmaq) çəkinmək lazımdır. Bütün bu kimi şeylər insanı haqdan döndərən və haqqı başa düşməkdən uzaqlaşdıran şeylərdəndir.

ÜÇÜNCÜ TİP: ÖZÜNÜ BƏYƏNDİRMƏK İSTƏYƏN TİP (La personnalite narissique):

Bu tip ateistlər çox lovğa olurlar. Bu onların beynində din və dindarlar haqqında formalaşdırılmış təsəvvürlərin nəticəsidir. Dindarları geridə qalmış, «əfsanəvi» bir dinə inanan kütlə olduğu qənaətindədirlər. Yəni, aşağılamaq düşüncəsindədir (inferiorite). Qarşısına çıxan hər dindara «geridə qalmış» kimi baxır. Lakin, ola bilsin ki, qarşısındakı dindarın yüksək elmi səviyyəsi olsun və ya ola bilsin ki, o ateistin özünün çatmadığı bir neçə elmi ixtisas, peşəkarlıq həmin dindarda olsun.

Beləcə, ateist özünü bəşər fövqündə bir insan kimi qələmə verir və yalnız nadir insanların düşünə biləcəyi şeyi özü barəsində düşünür. Bu isə özünü müqəddəsləşdirmə (Le Moi), cəmiyyəti isə bütünlüklə dini, adətləri və mədəniyyəti ilə alçaltmaqla olur. Beləcə ateist dialoqa daxil olur və elə bilir ki, müxalifinini çox asanlıqla susdura biləcək. Lakin, o bilmir ki, o əsasları zəif, dayaqları qarmaqarışıq olan bir düşüncə üzərindədir. Hətta, belə bir insan dindar tərəfindən hərtərəfli susdurulsa belə, o bunun səbəbini dindarın onun dediyini başa düşməməsilə əsaslandıracaq və çıxış yolu axtaracaq.

Belə tipi tanımağın yollarından onun özünü “şəriəti yaxşı bilən, şəriətdən başı çıxan, xeyli dini kitablar oxuyan” şəxs kimi təqdim etməsidir. Həmçinin, özünü elə göstərir ki, guya dini yaxşı-yaxşı dərk edib, sonra ateist olub.
Üstəlik də hökm verməkdən də geri qalmayan bu tip qarşısındakını aşağılamaq, istehza etmək, ittiham etməkdən geri qalmır. Bununla da qarşı tərəfi öz hədəflərinə təslim etdirmək istəyir.

Bu cür şəxslə necə davranılmalıdır?

Belə tip insanlar təcrübəyə əsasən yumşaq rəftara layiq deyillər. Çünki, onlar çox zaman az ədəbli, istehza edən, insanların etiqadına başqa don geyindirən və münazirə əsnasında “əzələlərini” göstərməyə çalışan tiplərdir. Hətta, münazirəyə gələn hər kəsi azdırmaq istəyirlər.

Çünki, belə tiplər ilk öncə mütəxəssis psixoloqa göstərilməlidir ki, psixoloq onunla fərdi və ya qruplar şəklində müalicə seansı keçsin.

Belə bir tiplə rastlaşan insan onu bacardıqca (elmi müstəvidə) sıxmalıdır, onunla heç bir şeydə səhlənkar davranmaq olmaz, onu bacardıqca qaydalara tabe etmək və hər tərəfdən susdurmaq lazımdır ki, hətta, səni pisləmək üçün gətirəcəyi dəlillərin həqiqətini bilməyində, onun hiyləsini dəf etməyində çətin bir şey olmasın. Əgər onu sıxışdırsan oxucunun nəzərində zəif düşərək öz batilini gizlədər, beləcə bir şey edə bilməz.

Əgər insanlara onun yalan iddiaları aydın olarsa, o özünün İslamı dərindən bildiyini və az qala ictihad mərtəbəsinə çatdığını iddia etməyə başlayar. Elə isə diqqət yetir, hər kimdə bu sifətlər varsa, bil ki, o özünü bəyəndirmək istəyən tipdir:

– Özünü ətrafında olan hər kəsdən üstün zənn etməsi.
– Dindarın şərtinə tabe olmaqdan qaçmaqçün öz fikrini qısa müddətdə dəyişə bilməsi.
– Zənn etməsi ki, insanların ondan xoşu gəlir.
– Öz məqsədinə çatmaq üçün yalan və təhrifdən istifadə etməsi.
– Başqa dialoq quran şəxslərin uğurlarını aşağı görməsi.
– Tənqidi qəbul etməməsi.
– Hökm verən şəxsiyyəti var və dialoqu öz istəyinə uyğun idarə etmək istəməsi.
– Təkəbbür və inadkarlığı ilə seçilməsi.
– Nəsihətləri dinləməyə qarşı çıxması.
– İnsanların onun savadından faydalandığını zənn etməsi.
– Təklif olunan münazirə qaydaları və ümumiyyətlə dialoq ədəblərinə riayət etməməsi.

DÖRDÜNCÜ TİP: İQTİDARSIZ, QAPALI TİP (Personnalite refoulee): 

Belə bir insanın hislərini, xislətlərini, inanclarını və s. düzgün ifadə edə bilməyən bir tipdir. İctimai psixologiya elminə görə də sabitdir ki, insan anadangəlmə dinə meyilli bir varlıqdır, dinə rəğbət bəsləyir, kainatın yaradıcısının olmasına inanclı olur. Bu hiss və inanclar bəşər övladının daxilində mövcud olan hislərdir. Bu tip ateist bu fitri hislərini, inanclarını daxilində gizlədir. Var gücü ilə bu hisləri örtür və yaradılışının nidasına haray vermir. Çünki, o sadəlövhlüklə ateizmə yönəlib və bunu özünə yol kimi seçdiyinə inandırmağa çalışıb. O ateist olmaq istəyib, belə yaşasa da, bu fikirləri bəzən unudur və içindəki fitrətinin səsinə səs verir, bu hisləri yaşayır və yenidən yuxusunu qaçırır. Bax beləcə, o, bütün ömrü boyu sanki, bir boş halqanın ətrafında fırlanır. Belə bir insan gizli şəkildə daxili hərəkətdə (dyinamique) olur, özünü bu özünəqapanmadan və danlaqdan qurtarmaq istəyir.

Psixologiya elminə görə də bu cür iqtidarsız və qapalı olmaq insanı bir çox psixoloji xəstəliklərə aparıb çıxarır. Bunlardan nevroz (la nevrose) əsəb xəstəliyini qeyd etmək olar.

Onun bu hala yenidən düşməsi onu dini dialoqlara maraq göstərməyə, İslami saytlara girməyə sövq edir. Bəziləri isə açıq-aydın müsəlmanlara bildirirlər ki, psixoloji bədbəxtlik, ruhi gərginlik və davamlı yorğunluq (fatigue perpetuelle) içindədilər. Daha çox dözə bilmədikdə isə hansısa dəvətçidən və ya mütəxəssisdən özlərinə yardım əlini uzatmasını istəyirlər. Bu cür iqtidatsız və qapalı, hislərini bildirməyə çətinlik çəkən ateist qarşı tərəfin inancının doğru ola biləcəyi sıxıntısını da yaşayır.

Bu cür şəxslə necə davranılmalıdır?

Dialoq quran müsəlman şəxs gərək belə tip şəxslə ağıllı davransın, onunla danışdıqda onu bu gizli suallardan və din hissiyyatına qarşı mübarizədən çıxarsın. Bunu isə ona öz suallarını və fikirlərini biruzə verməyə rəğbətləndirmə ilə etmək və bu barədə düşünməkdən qorxmamağa rəğbətləndirməklə etmək gərəkir.
Bu cür iqtidarsız kimsə qorxur ki, din onun həyatını tamamilə çevirəcək və onun öyrəşdiyi adətini dağıdacaqdır. Belə insan daim qorxuda olduğu üçün bəzən əqidə məsələlərindən deyil, şəriətin bəzi fiqhi məsələlərindən qorxur və fəri (şaxələnən) fiqhi məsələlərdən də qorxur.

Bununla yanaşı dialoq quran şəxs müxalifi bu əsaslar ilə başa salmağa çalışmalıdır:

1 – Ya müxalifə bu şeylərin hikmətini aşkar etməlidir; Çünki, insan Rəbbinin əmrlərinə təslim olmalıdır. İkinci dərəcəli məsələlər isə əqidəyə tabe olan məsələlərdir. Beləcə, ateistin gətirməyə qorxduğu bu maneələrin aradan qaldırılmasına çalışır.

2 – Ya da ona bildirir ki, ikinci dərəcəli (fiqhi) məsələlərdə ixtilafın baş verməsi mümkündür. Həm də məsələləri ona tədricən başa salmaq lazımdır. Çünki, onun İslamı qəbul edib dinin böyük (əsas) rükunlarına əməl edərək ikinci dərəcəli məsələlərə laqeyd yanaşması, onun küfr üzərində qalmasından daha xeyirlidir. O zaman ki, ona əsaslar başa salınacaq və o İslam əqidəsini qəbul edəcək və inanc halı yaxşılaşacaqdır, bu zaman onun ikinci dərəcəli məsələlərdə fiqhdə etimad olunan və üstün rəy hesab olunan görüşlərə baxmağa hazırlığı olacaqdır.

Bu yerdə dialoq edən müsəlmanlara mühüm tövsiyə odur ki, söhbət zamanı ikinci dərəcəli məsələlərə əqidə məsələlərindən daha çox yer verməsinlər. Çünki, məsələlər birdən-birə ələ alınmır. Əksinə, İslama yaxın olan ateistlə və ya yeni müsəlmanla yavaş-yavaş müamilə etmək lazımdır. Həmçinin, bu qəbildən olanlarla ikinci dərəcəli məsələləri addım-addım ələ almaq lazımdır. Nümunəvi dəvət üslubunda bizə Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) gözəl örnəkdir.

BEŞİNCİ Cİ TİP: İFRAT MƏNTİQÇİ (Personnalite de L’intellectualisation):

Bu tip şəxslər öz zehnini ağıla əsaslanmış əfsanələrdə (fərziyyələrdə) istifadə edirlər ki, məntiqi üstünlük qazanaraq psixoloji baxımdan özlərini qəbul etdirə bilsinlər! Bu cür məntiqi fərziyyələrə əsaslananlar üçün heç də daim sağlam və doğru məntiqə əsaslanmaq şərt deyil. Serban İonesku bu şəxslərin üslubunu belə vəsf edir:

«Xüsusiləşdirmə və ümumiləşdirmə gözlənilməz hal qarşısında bir çox insanın yuxusunu qaçırır.» (Serban Unesku et collaborateurs, Les mecanisme de defense, Nathan Universite, 2003)

Beləcə bu tip ifrat məntiqçi şəxslərdə iki müşahidə olunan hal olur:

1) Müəyyən inanclar, hislər və emosiyalar toplusuna məntiqi çalar verməyə çalışmaq.

2) Gözlənilməz vəziyyətə düşdükdə, eləcə də dialoq zamanı ümumiləşdirmə metodundan istifadə etmək.

Yəni, etiqadını silkələyəcək və inancında şəkkə salacaq təhlükə olduqda bu tip ateist aşkar olur. İfrat məntiqçi şəxs əslində məntiqi şəxsiyyət deyildir. Əksinə, o məntiqçilik xəyalları içində yaşayan birisidir (illusion dialectique).

Bu cür şəxslə necə davranılmalıdır?

Belə bir ateist tipiylə dialoq quran kimsə həmin ateistin öz ziddiyyətli etiqadını təmizə çıxarmaq üçün əqli, məntiqi hesab etdiyi xəyali əsaslara diqqətini yönəltməli, onun ateist əsaslarını sırf əqli tənqid etməlidir ki, hətta, onun İslamı qəbul etməsinə mane olan bər-bəzəkli batilləri laxlada bilsin.

Məsələn; o zaman ki, ateistlərdən: Allahın olmamasına dəlil nədir? Deyə soruşulduqda dərhal cavab verməyə tələsərək: “Çünki, onun varlığına dəlillər yoxdur!” – deyirlər. Onların bu cavabı birinci dərəcəli ifrat məntiqi cavabdır. Halbuki, Allahın varlığı barədə dindarların çoxsaylı, qüvvətli dəlillərini görməməzlikdən gəlirlər. Bu məqamda mühüm bir qeyd də odur ki, hansısa ateist bu iddianı ortaya atarkən bunun üstündən keçilmədən dərhal ondan birinci özünün dəlil gətirməsini tələb etməli, əsl (əsas) olanın Allahın var olması həqiqəti olduğunu bildirməli və bunu əsaslandırmalıyıq. Xülasə, ateistlər tez-tez bu ibarədən istifadə etdikləri üçün bu ifadəni qəbul edilmiş qayda kimi üstündən keçmək doğru deyil. Əksinə, bu iddianı edən, sonra da üstünə başqa məsələlər gətirib uzunçuluq edən ateist hətta, sual əsnasında bu uzunçuluğu edib bu məsələyə toxunsa, dərhal onu dayandırıb Allahın varlığı barəsində sübutları gətirmək, ona həqiqətin heç də elə olmadığını izah etmək lazımdır. Bu məsələni “ateistin hiylələri” barəsində danışarkən ətraflı vurğulamışıq.

Ateist öz cavabını olduqca məntiqi hesab edir. Məntiq xəyallarında dərinləşir. Buna misallardan biri də Avropadakı “ateizm” çağırışlarıdır. Onlar iddia edirlər ki, fəzada bəzi olduqca inkişaf etmiş və yüksək zəkaya malik varlıqlar vardır ki, ola bilsin ki, onlar yer üzündəki həyatın var olmasına səbəb olmuşlar. Fikir versək, yaradılış barədə bütün iddialar Allahın varlığını insanlara unutdurmaq üçün düşünülmüşdür.

Elmi təbəqələrdə tədrici ateizm batilinin üstünü örtməyə təşəbbüslər başladığı zamandan bəri “yadplanetli adamlar” ideası da o zamandan irəli sürülməyə başladı və günü-gündən dünyəvi alimlər yaradılışda dəqiq nizam və qaydalar olduğunu, əbəs yerə ortaya çıxan xaos və qarışıqlıqdan yaranmadığını təsdiqlədilər. Ona görə də Richard Dawinks də utanmadan bu barədə danışaraq: “uca fəzanın zəkası” nı söhbətlərində qeyd edirdi.

Bu baxımdan, onlarla dialoq quran kimsə düşünülmüş elmləri (orta qiymət verərək) lazım olan həddən artıq yüksək qiymət verilməsini, nəzəriyyələri həqiqətlər mərtəbəsinə qaldırmağı tənqid etməlidir. Əksinə, ona elə həmin elmin tarixinə əsasən göstərə bilər ki, neçə-neçə nəzəriyyələr olub ki, vaxtilə həqiqət kimi qəbul edilirdi. Bir müddət keçdikdən sonra isə həmin nəzəriyyəni qüvvədən salan başqa bir nəzəriyyə meydana çıxmışdır.

O cümlədən də, ateistə bildirmək lazımdır ki, elm qeybi məsələlərdə mütləq (konkret) söz demək ixtisasına malik deyil. Dünyəvi elm yalnız təcrübi çərçivə və «necə?» sualına cavab vermək ilə əhatələnmişdir. Lakin, «Nə üçün?» sualında dünyəvi elm öz istəyini tapa bilmir.

ALTINCI ÜMUMİ VASVASI TİP: (La personallite paranoique):

Bu cür şəxslər olduqca hər şeydən ehtiyat edən, şübhələnən və etibar etməyən tiplərdir. Onların nə isə bir şeyə güvənməsi mümkün deyildir. Onun düşüncəsinə görə başqası ona qarşı şərr istəyir və qəlbindəki pis niyyəti ona yol göstərmək istəyir. Beləsinə görə İslam əhlinin dəvətçiləri (onunla dialoq quran dəvətçilər) onu ələ salmaq istəyən, onu öz mənafeyinə xidmət etdirmək istəyən kələkbazlardır. Hətta, onun bu halı o həddə çatar ki, az qala iddia etsin ki, onlar doğru yolda olmadıqlarını bilirlər. Əslində isə bunu özü barəsində düşünməlidir. Bu cür şəxslər fikirlərini ifadə etdikləri zaman bir növ düşmənçilik və ədəbin azlığı ilə fərqlənirlər. Dialoq zamanı mənfi xüsusiyyətlərini aşkar edir və onlara deyilən bütün fikirlər barədə şübhə edirlər. Həmçinin, onlar yanlış hökmlər vermək və cəmiyyətdə başqalarıyla yola getməyən adam kimi tanınmaqla seçilirlər.

Bu cür şəxslə necə davranılmalıdır?

Dialoq quran kimsə burada ateistin az və ya çox vəsvəsəli olduğuna nəzər yetirməlidir, hətta, bilsin ki, onun xəstəliyinin şiddətini azaltmaq üçün psixoloji mütəxəssisə yönləndirməyə ehtiyac varmı? Yoxsa, onun bu halı yalnız fəlsəfi ateist yolunu qəbul etməsindən qaynaqlanır?

Ən birinci addım da dialoq qurduğu ateistə halını başa salmaqdır ki, onun, ətrafındakı cəmiyyətə baxışında, inanc nöqteyi nəzərindən isə varlıq aləmi və həyata baxışında problem vardır.
Ateistlərin çoxu təhrif olunmuş dinlərdəki (xristianlıqdakı rahiblər kimi) din xadimlərinin və bəzi firqələrdəki din xadimlərinin batil əməllərini, dindən maddi qazanc əldə etmələrini və s. tənqid etmiş, sonra isə bütünlüklə din xadimlərinə olan etimadı itirmişlər.

Ona görə də ateistlə dialoq quran kimsə ondakı itmiş etimadı geri qaytarmağa çalışmalıdır, hansı ki, ateisti bu cür yol seçməyə vadar etmişdir. O cümlədən də ona həqiqi İslam dəvətçisi ilə nəsranilikdəki rahib və keşişlərin fərqini izah etməlidir. Əhli Sünnənin etiqadı alim və şeyxlərin məsum, günahsız olduğunu inkar edir. Əksinə, müctəhidin insan olduğunu, ictihadi məsələlərdə rəyinin doğruya isabət edə biləcəyini, xətadan da sığortalanmadığını, Allah və peyğəmbərinin dediyini əsas götürülməli olduğunu, hansısa alimin sözünün bu əsasa müxalif olduğu zaman ona (xata etməyin) insanın təbii halı olması baxımından üzür gətirilərək sözünün götürülmədiyini bildirilməlidir.

Allahla qul arasında vasitə yoxdur. Nə də (bəzi dinlərdəki kimi) günahı etiraf etməkçün xüsusi məclislərə ehtiyac yoxdur. Həmçinin, ateistlərlə danışanlar buna sərf etdikləri vaxtı tam səmimi sərf edir, dindən uzaqlaşmış kimsələri başa salmaq, irşad etməyə görə maddi mənfəət güdmür, nə də bizə görə kiminsə İslamı qəbul etməsi, ateistin və ya filankəs oğlu filankəsin tövbə etdiyi zaman ona veriləcək maddi bir dəstək güdülmür, bu əməllər sırf Allah rızası üçün edilir! Nə də yeni müsəlmandan mükafat, pul, nə də hansısa bir mənfəət güdülmür!

Əgər ateist müsəlmanın onunla tam səmimi danışdığını və bu söhbətə görə heç bir maddi maraq güdmədiyindən əmin olarsa, bu yaxşı haldır və yanlış təsəvvürlərin aradan qaldırılmasına bir addım olar.

Sonra onunla dialoq qurmaq istəyən ateistə söhbət əsnasında ədəbli olması üçün bəzi şərtlər qoymalı, söyüşün, təhqirin və düşmənçilik hərəkətlərinin bu dialoqun sonu olacağını bildirməlidir. Çünki, bir dəvətçi kimi bizim haqqımız çatır ki, qarşı tərəf dialoqun məlum ədəb qaydalarını pozarsa, biz bu dialoqu dayandıraq.

YEDDİNCİ TİP: SUSDURMAQ İSTƏYƏN TİP (Personnalite projective):

Bu cür şəxs el arasında deyildiyi kimi rəqibini “bağlamağa” çalışır. cür şəxs psixoloji durumunu, hislərini, duyğularını, eyiblərini, xətalarını, başqasının üzərinə yıxır. O baxımdan ki, özündə olan qüsurları, yanlışları görməyərək, onları həmin qüsurlarda təsəvvür edir. Necə ki, qonşusuna öz daxilindəki hislərlə əlaqəli düşmən kimi yanaşan biri bəzən zənnə qapılaraq elə bilir ki, qonşusu da onunla düşmən kimi rəftar edir. Ona görə də ateist daim İslam əhlini düşmənçilik, kin-küdurət və nifrətlə vəsf edir. Əgər qərbdə (müsəlman cəmiyyətdən uzaq) yaşayan bir ateistdən soruşsan ki, səni tanıyanlardan və qonşularından ateist olduğunu niyə gizləyirsən? O sənə: öz həyatına görə qorxduğunu və öldürülə biləcəyini deyəcək. Sanki, müsəlmanlar küçədə gedərkən üstlərində qılınclar daşıyırlar ki, harda ateist görsələr onu öldürsünlər!!!…

Bu da əslində ateistdə olan qüsurdur ki, o İslamı nifrət və ikrah məsdəri olaraq təsəvvür edir. Onlar İslamın rəhmət dini olmasını bilmirlər. Çünki, qərbdəki İslamofobiyanın güclü təsirləri onlara çox mənfi təsir göstərmişdir.

Hətta, Qurani-Kərimdə də bu tip insanların özlərini müdafiə etməkçün eyni üslubla getdiklərini və peyğəmbərin dövründə də bu düşüncə sahiblərinin olduğuna işarə edilmişdir:

«Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar.» (əl-Munəfiqun, 4)

Bu tip insanlar ayədəki münafiqlər kimi gecə- gündüz müsəlmanlara hiylələr qurub, düşmənçilik edir, sonra isə elə zənn edirlər ki, müsəlmanlar da onlara qarşı bu cür düşmənçilik edirlər və bu özlərindəki düşmənçilik hislərini müsəlmanlara nisbət etmiş və özlərini unutmuş olurlar.

Bu cür şəxslə necə davranılmalıdır?

Belə bir şəxslə dialoq quran müsəlman onunla sağlam bir ünsiyyət qurmağa çalışmalı və ona bəyan etməlidir ki, onun bu hisləri yalnız öz fikirlərinə qarşı təhdid olaraq qəbul etdiyi şəxslərə qarşı özünü müdafiə xarakterli zənn və xülya olub gerçəklikdən uzaqdır. Lakin, bunu gözəl şəkildə etmək lazımdır.

Ateisti (onun özündə görə bilmədiyi vəziyyəti) öz halı ilə tanış etmək çox mühümdür. Hətta, öz ətrafını ayırd edə bilsin. O cümlədən də onun fikir tərzini laxlatmaq üçün bəzi suallar vermək olar. Məsələn; Özün özünə sual ver, məgər sən müsəlmanların qiymətini ölçən və özündə xalqın dəyərlərini daşıyan bir meyarsanmı? Yoxsa, bu etdiyin ittihamlar keçmişdə başına gələn, rastlaşdığın bəzi hadisələrin səndəki əks təzahürüdürmü?

Bu məqamda müsəlman şəxs ateistin müsəlmanlar haqqında düşündüyü bütün yanlış təsəvvürləri ortadan qaldırmağa çalışmalıdır.

SƏKKİZİNCİ TİP: ÖZÜNDƏN ÇIXAN QƏZƏBLİ TİP(La personallite «borderline»):

Bu şəxs ən az təmkini olan şəxslərdəndir. Xarakteri isə qeyri sabitliyi ilə seçilir (humeur tres instable), xüsusən də qəzəbləndiyi zaman öz hislərinə hakim ola bilmir. Bu şəxslərin daşıdığı kin-küdurət onları stresə salır və özlərinə sevgi, diqqət göstərəcək şəxsləri axtarırlar. Çox vaxt daxili sıxıntılarını aradan qaldırmaq üçün narkotik, spirtli içkilərə sarılırlar. Davamlı şəkildə bu inancsızlıq, maraq stresi və intihar etmək istəyinə qarşı mübarizə aparırlar.

Bu tip şəxslər müsəlman dəvətçinin ən çox diqqət göstərməsinin gərəkdiyi ən çətin şəxslərdirlər. Bu şəxslərlə müsəlmanın dialoqunun baş tutması fürsət olduğu kimi yaxşı dəyərləndirilməlidir. Çünki, ola bilsin ki, dialoq uğurlu alınmasa, bu şəxsin son ümidləri və şansı tükənəcək və o intihara əl ata bilər. Ona görə də bu şəxsin islahı üçün olan dialoq fürsəti yaxşı dəyərləndirilməlidir.

Friedrich Nietzsche (Alman filosofu) çox vaxt bu şəxslərin Jean-Paul Sarter’in naturalism cərəyanını seçdiklərini qeyd edir.

Bu cür şəxslərlə necə davranmalıdır?

– Bu cür şəxslərlə ən birinci inanc boşluğuna qarşı mübarizə aparılmalıdır ki, bu ən əsas qayələrdəndir. Çünki, o düşünür ki, həyatın mənası yoxdur və o da digər heyvanlar kimi varlıqlardandır. O həyatın mənasız olduğunu düşündüyü üçün ona bu mənanı qaytarmaq lazımdır. Bu iş həm fikri müstəvidə, həm də psixojoji müstəvidə görülməlidir. Fikri (elmi) müstəvidə həyatın təsadüfən və əbəs yerə yaradılmadığı ona sübut olunmalıdır. Psixoloji müstəvidə isə ona nə hislər keçirdiyini ifadə etməyə şərait yaradılmalıdır ki, onun bu mənfi hislərinin qaynaqlandığı səbəblər ortaya çıxsın və müalicə asanlaşsın.

– İslam dəvətçisi ona öz dinində tapdığı səadəti bəyan etməlidir. O necə ruhi əminamanlıq içində olduğundan danışmalı, bununla necə iman və Allaha yönəlməklə rahatlıq əldə etməyini bildirməlidir.

– Müsəlman həmçinin qəlbi yumşaldan, nəfsi təmizləyən, əxlaq, ibadət və əqidə sahəsində İslami xüsusiyyətləri izhar edəcəyi kitabları oxumalıdır.

– Daha üstün olan isə onunla əlaqəni möhkəmləndirib ona bir növ xoş qarşılama və genişlik hiss etdirmək, dostlarını da onunla xoş davranmağa, gözəl qarşılamağa, onunla tanış olmağa və onu müsbətə doğru dəyişməyə rəğbətləndirməyə səy göstərməkdir.

DOQQUZUNCU: TƏQLİDÇİ TİP (La personnalite dependante): 

Bu tip insanların özlərinin şəxsi tənqidi fikirləri olmur. Əksinə, hər məsələdə tabe olduğu şəxsin fikirlərinə azdırıcı fikirlər olsa belə təqlid edir. Beləsi çox zaman mülaim olur, başqasının hislərinə toxunulmasını sevməz, danışdıqda ədəb-ərkana riayət edər, əlindən tutub haqqa yönəldənə ehtiyacı olar.

Bu cür şəxslərlə necə davranmalıdır?

Bu məqamda müsəlman dəvətçi onun qərb mədəniyyətinə bağlılığını, şüursuz şəkildə qərblilərin texniki inkişafını onların inanclarıyla əlaqələndirməsini, İslamı isə pisləməyini gördükdə ona çalışıb izah etməlidir ki, ideologiya başqa şeydir, əqidə, din, inanc isə başqa şeydir. İnkişaf sırf ideologiya ilə əlaqəlidir. Tarixdən buna misallar çəkilsə, daha yaxşı olardı. Misal üçün, Romalı bütpərəstləri misal çəkmək olar, onların mədəni inkişafları yüksək səviyyədə idi.

Sonra isə onun tabeçilik etdiyi şəxsi hikmətlə və aydın bir şəkildə tənqid edir. Müsəlman şəxs gərək öz mədəniyyətinin və elminin onun təqlid etdiyi şəxsin çalışmalarından yüsək olmasını biruzə verməkdən qətiyyən utanmasın. O cümlədən də rəqibinin dəlillərinə laqeyd yanaşmasın və onun xətalarını ona göstərsin. Burada hədəf təqlidçi müxalifin nəfsindəki bu təqlidçiliyi aradan götürmək və ona bu çıxdığı yolda itirdiyi tənqid hissini yenidən qazandırmaqdır.

ONUNCU: ÖZÜNƏ QAPANAN TİP (La personnalite schizoide):

Bu cür şəxslər özünə qapanan olur. O baxımdan ki, ateizmi qəbul edir, öz-özünə beynində əfsanələr canlandırır, bu fərziyyələrlə yaşayır və bundan əl çəkmir.

Bu cür şəxslər adətən insanlardan kənarda bir inzivaya çəkilmiş həyata meyl edir (yazı və araşdırma kimi) daim üzbəüz dioloqlardan qaçır, sosial şəbəkələrdə xitab etməyə üstünlük edirlər. Çox vaxt da nadir hallarda yeni dostluqlar qururlar.
Onların cəmiyyət daxili uyğunlaşması çətindir.

Çox zaman isə xəyallarına məxsus, öz hislərindən, ehtiyaclarından ərsəyə gələn bir aləm qurmağa çalışırlar.

Bu cür şəxslərlə necə davranmalıdır?

Bu şəxslə dialoq quran kimsə əvvəlcə o şəxsin içində olduğu problemi özünə başa salmalıdır. Bu problemin içində olan şəxsin öz problemindən xəbəri olmur və öz halını təbii hesab edir.

İlk addım olaraq onun rahat danışması üçün yaxşı abı-hava yaratmaq, onu danışmağa rəğbətləndirmək və öz fikrini tam sərbəst ifadə etməsinə çalışmaq lazımdır. Sonra isə ona insanın ictimai bir varlıq olmasıyla seçildiyini, yəni, onun təkbaşına ictimai bağlar və əlaqələr olmadan yaşaya bilməyəcəyini bildirmək gərəklidir. Hədəf isə bu ateisti adət halına çevirdiyi, xoşladığı özünəqapanma və təkliyə çəkilmə halından çıxarmaqdır.

Sonra isə ona batillərin bildirilməsi və doğruların öyrədilməsi prossesinə başlamaq olar. Onun öz nəfsində dəlillərə əsaslanmadan, əksinə, nəfsində xəyal etdiyi, gerçəklikdən dəlilləri olmadan qurduğu xəyali aləmin batilliyi ona izah edilir.

ON BİRİNCİ: XƏSTƏ (TƏRBİYƏSİZ) TİP (La personnalite sociopathe): 

Bu tip insanlar müsəlmanın rastına çıxacaq ən çətin tiplərdir. Bunun səbəbi də o tipin psixikasındakı xəstəlik, sərtlik və tərbiyəsizliklə əlaqədardır. Bu cür şəxsdə nə başqalarının inanclarına, nə də yaşadığı cəmiyyətin qanunlarına və əxlaq normalarına bir az da olsun ehtiram, hörmət olmur. Onlar sabit insanlar deyillər və öz əməllərindən azca da olsa həya (günah) hiss etmirlər. Çox zaman azğınlığa meyl edirlər.

Başqalarını alçaldıb, özlərini hamıdan ziyalı hesab edirlər!

Bu cür şəxslərlə necə davranmalıdır?

Qeyd edildiyi kimi bu cür şəxslərlə danışmaq çətindir. Bu cür şəxslər özlərinə yaxın olan şəxslərlə də eyni tərbiyəsizliyi edə bilirlər. Qaldı ki, kənar şəxslər olsun. Xülasə, bu cür şəxslərə ilk öncə psixologiya elmində olduğu kimi psixoloji xəstələrə tətbiq edilən seanslar qəbilindən hissə hissə danışmaq cəhdləri edilə bilər, lakin, bu elə də uğurlu alınmaya bilər. Ya da həmin tip şəxsi mütəxəssis bir psixoloqa yönləndirib onun psixiki durumundakı hiddəti yüngülləşdirib onunla əqidə, inanc mövzusunda danışmağa uyğun və hazır hala gəldikdən sonra söhbət etmək, dialoq qurmaq mümkündür.

Bu qeyd edilən tiplərin hamısını xüsusən sosial şəbəkələrdə və ümumən isə fərdlər arasında görə bilərsiniz.

Bu tiplər və onlarla danışıq üslubları barədə xülasə məlumat verməyə çalışdıq ki, rastınıza bu əlamətləri olan şəxslər çıxdıqda onlarla bir üslubda deyil, qeyd olunan müxtəlif üslublarla və hərəsinin öz halına uyğun şəkildə rəftar edə biləsiniz. Müvəffəq edən Allahdır!

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar