Gör nədən məhrum olmusan…

“Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, bizi neçə-neçə sıralardan seçərək bizlərə ən böyük nemət olan İslamı bəxş etmişdir. Beləki, Uca Allah bizlərə tək Ona ibadət etməyi nəsib etmiş və bizi aləmlər içərisində məhz bununla şərəfləndirmişdir. Hər birimizin bildiyi kimi, insanlar bu qayə, bu məqsəd üzərə yaradılmış, xəlq olunmuşlar. Lakin çox təəssüflər olsun ki, günümüzdə nəinki cahillər, hətta özlərinə elm çatmış bir çox müsəlmanlar belə Tövhidlə maraqlanmağı buraxıb, digər məsələlərlə maraqlanmağa başlamışlar. Bu isə zahirdə onlara normal, hətta “daha yaxşı” bir əməl kimi görsənsə də, əslən şeytanın məşhur hiylələrindən olan bir hiylədir.

Adətən şeytan Allahın qullarının gözündə daha əfzəl, daha vacib olan bir şeyi kiçildər və həmin insana heç aidiyyatı olmayan digər məsələni onun gözündə daha cəlbedici, “daha əfzəl”, “daha maraqlı” kimi göstərərək o qulu ona tərəf yönəldər, başını onunla qatar və nəticədə onu əsas qayədən uzaqlaşdırıb öz məqsədinə çatar.

Bu gün çox rastlaşdığımız mənzərələrdən biri də, insanların tövhiddən yox (!), hətta onun ətrafında olan mövzulardan da yox (!), məhz insana faydadan çox zərər verəcək mövzularla maraqlanmalarıdır. Bu mövzuların bəzilərinə misal: təkfir məsələləri, namaz qılmayan insanın hökmü, hüccətin çatıb-çatmaması məsələsi, dərul isləm və ya dərul kufr, cihad, suriya, İŞİD, hakimiyyət və sair və ilə əxir….

Lakin ən təəccüblüsü odur ki, bu məsələlər haqqında hətta günümüzdəki böyük alimlər belə (Allah onları qorusun) danışmağı sevmir və bacardıqları qədər insanların fikrini əsas qayəyə yönəltməyə çalışırlar. Necəki Mədinənin fəqihlərindən olan, günümüzün muhəddisi, şeyx Albani’si olan Şeyx Abbəd (Allah onu qorusun) buyurmuşdur: “Mən iki məsələ haqqında danışmağı sevmirəm; 1. Talaq 2. Təkfir.”

Düşünürəm ki, bu məsələlərlə maraqlanmağı hələlik də olsa tərk etməyiniz üçün, əsrimizin muhəddisinin, böyük aliminin bu sözləri kifayət olacaqdır inşəAllah.

Lakin əgər kifayət olmadısa, əziz oxucu, o zaman nəfsinə qayıt və onu hesaba çək. Təsəvvür et ki, bir gün sənə, sənin üzərində vacib buyurulan ən böyük əmr olan Tövhid haqqında “Nə bilirsən, danış” deyirlər… Nə danışarsan? Neçə cümlə danışarsan? Qoy əvəzinə mən söyləyim: “2-3, maximum 5 cümlə…”

Halbuki ibnul Qayyim (Allah ona rəhmət etsin) cəmi 1 tövhid ayəsi: (إياك نعبد و إياك نستعينBiz yalnız sənə ibadət edir ve yalnız Səndən kömək diləyirik – ayəsi ətrafında) 3 cildlik kitab, (Mədəricus Səlikin kitabını) yazmışdır.

Bəs yaxşı, sənə, təkfir və ya namazın tərkinin hökmü haqqında “Danış!” desələr, nə qədər danışarsan? İzin ver cavablayım: “Gətirəcəyin hər bir ayənin gəldiyi surəsini, həmin ayənin nömrəsini, onun ləfzini, mənasını qeyd etməklə gətirəcəyin hədislərin təxricini, ravilərini bildirməklə və həmçinin şərh kimi zikr edəcəyin alimlərin sözlərini gətirərək mənbələri pillə-pillə düzməklə saatlarla danışarsan.” Elə deyil mi? Çox təəssüflər olsun ki, elədir…

İndi gör kim aldanmış, kimin hiyləsinə uymuş və kimə məğlub olmuşdur?!

Düşün! Nəyi qoyub nəyi götürmüsən? Əfzəlliyi yerlərə və göylərə sığmayan Tövhidi qoyub, sənə heç amma heç lazım olmayan digər məsələlər üçün dizlərini yerə çökdürüb qollarını çırmalamısan…

Halbuki yerinə Tövhidi qoyub, onun üçün bu qədər məşəqqətə qatlansaydın, dünyan da, axirətin də əmin-amanlıqda olar və sən hər iki dünyada Rəbbinin izni ilə xoşbəxtlərdən olardın. Halbuki özünü nisbət etdiyin sələflər bu məsələlərdən əvvəl Tövhid və onun ətrafında olan mövzularla maraqlanar, onları öyrənər, onlar üzərində təfəkkür və təfəhhum edər (düşünər) və hətta dəfələrlə bitirib yenidən ona qayıdar və onu bu şəkildə köksündə bərkitməyə, sabitləşdirməyə çalışardı.

Və həmçinin unutma ki, sənin başına gələn hər bir sıxıntı, hər biri üzgünlük, hətta qəlbini 1 saniyə müddətində üzən bir nöqtə belə sənin Tövhidinin zəifliyindəndir. Çünki Uca Allah buyurur: “Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir.” (ən-Nisə 79)

Şeytan üçün də bir möminin üzüntüsündən daha sevimli bir şey yoxdur. Çünki üzüntü və kədər insanı hər şeydən alı qoyar. Onun köksü daralar, ümidləri üzülər, əzmi (qətiyyəti) zəifləyər, himməsi azalar, hədəflərini bir anda toz dənəciyindən də kiçik bir şey görüb onlara nail olmaq üçün göstərdiyi səyləri tərk edər. Və beləcə də, dünyasını da axirətini də uduzar. Və şeytan da səni bu yolla xoşbəxtlik açarından uzaqlaşdırır ki, Rəbbinə qarşı nankor olasan. Lakin şeytan sənə etdiyin əməli gözəlləşdirmək üçün ona “haqqı araşdırmaq”, “elm”, “ictihad”, “qurtuluş” və s donlar geyindirər. Sən özünü haqq`la məşğul etdiyini zənn edərsən, halbuki batil səni özü ilə məşğul etmiş olar.

Nə qədər ki, gec deyil, nə qədər ki, Rəbbin sənə möhlət verib, istifadə et. Tövbə et və Rəbbinə dön! Onun təkliyini tədəbbür et və Tövhidini gündən-günə daha da kamilləşdirmək üçün həyatını buna həsr et!

Bil ki, sən öz qəlbində hər dəfə Rəbbini təkləşdirdikcə orada olan tövhid toxumu becərəcək. Becərdikcə qəlb Tövhid nuru ilə nurlanacaq. Belə olduğu halda isə, batinində olan nur zahirinə zühür edəcəkdir. Tövhid səbəbi ilə həm Allah dərgahında həm də məxluqlar qarşısında hörmətli olacaqsan. Səni görən hər kəs səni sevəcək. Hətta o dərəcədə sevəcək ki, sənə “Səni Allah xatirinə çox sevirəm” demək istəyəcək. Lakin bunlardan da önəmlisi sənin gizli bir xəlvətin olacaq. O xəlvət sənə yaşadıqca əvəzolunmaz ləzzəti duyduracaqdır. O xəlvət səni insanlarla olduqda belə tərk etməyəcəkdir. O xəlvət – Aləmlərin Rəbbi olan Allah ilə olduğun xəlvətdir. Beləki, sən insanlarla olduqda belə qəlbində Onunla olacaqsan. Onu düşünəcəksən. Onu anacaqsan. Onun təkliyini tədəbbür etməkdən doymayacaqsan. Onun sənə bəxş etdiklərini xatırlayacaqsan. Ona qovuşacağın günü gözləyəcəksən. Onu heç bir zaman fikrindən çıxartmayacaqsan. Axı necə çıxardasan? Heç sevən də Sevdiyini unudarmı..?!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    28.03. 2024
    NamazVaxt
    Sübh04:55
    Günəş06:31
    Zöhr12:46
    Əsr16:18
    Məğrib19:01
    İşa20:31
    Namaza yeni başlayıram

Son əlavə olunanlar