Rəhmli və Mərhəmətli Allahin adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Mövzuya başlamazdan əvvəl qeyd etmək istərdik ki, yazılanlar heç də yazanın bu nəsihətlərdə yazılanlara müvəffəq olmasının göstəricisi deyildir, beləki nəsihətə ən çox ehtiyacı olan elə məhz bu məqaləni qələmə alan kəsdir. Bu səbəbdən də, bu nəsihətlər ilk öncə öz nəfsimizə daha sonra isə hər bir gəncə xitab olunmuşdur.
Günümüzdə əksər insanlar gənclik nemətini haqqıyla dəyərləndirmirlər. Bu elə bir nemətdir ki, o nemət insanı müəyyən vaxtdan sonra tərk edir və yerini onu heç bir zaman əvəz edə bilməyəcək bir nemət alır. Hər iki nemətə görə Rəbbimizə sonsuz həmd olsun! Bəhs etdiyimiz məsələ isə, bu nemət əldə olduğu zaman onu dəyərləndirmək haqqında olacaqdır. Bu neməti dəyərləndirmək isə nemət verilən şəxsin üzərinə düşən bir borcdur. Əksər gənclər isə bu nemətdən istifadə etməyin qaydasını bilmədikləri üçün, faydasız işlərlə məşqul olmaqla ondan səmərəli istifadə etmirlər. Hətta elələri də vardır ki, insanların nə fikirləşib nə deyəcəklərini düşünərək Allahın haram buyurduqlarını halallaşdırıb onları yerinə yetirməyə tələsir və bu əməlindən heç həya etməyərək hələ onunla fəxr belə edirlər. Beləcə də, həyatın Allaha ibadət etmək üçün bəlkədə ən gözəl vaxtını əldən verirlər.
Lakin nəfsini Allaha təslim edən, Ona ibadət və qulluq etdirən şəxs bu nemətdən sırf Allahın razılığını qazanmaq üşün istifadə etməlidir. Nəfsini Onun sevdiyi əməllərlə məşqul etməlidir. Qəlbini isə yalnız Allaha bağlamalıdır. Heç bir məxluq onun üçün Allah qədər və ya Ondan çox sevimli olmamalı, zikr olunmamalı və razılığına can atılmamalıdır. Bu da insanı dünya və axirət səadətinə yaxınlaşdıran başlıca səbəblərdəndir. Edəcəyimiz nəsihətlər isə, cəmiyyətimizdə ən çox ehtiyac duyulan nəsihətlərdən bəziləri olacaqdır. Allahdan bu işdə müvəffəqiyyət diləyirik!
İlk oncə:
1. Allahın səni nə üçün yaratdığını unutma
Uca Allah buyurur: «Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.» (əz-Zəriyət 56)
Elə isə, yaranma qayəsini doğruldanlardan ol və Rəbbinə ibadət et.
2. İnsanların razılığını qazanmaq üçün Allahın qəzəbinə aparacaq əməllər etməkdən çəkin
Sən belə etməklə, dostlarının və yaşıdlarının gözündə dərəcənin artmasını və yaxud onların səni bu əməlin vasitəsi ilə daha çox sevib sənə hörmət edəcəklərini mi zənn edirsən?! Yanılırsan! Səbəbini isə, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) öz hədisində bildirərək belə buyurur: «Kim insanları qəzəbləndirmə bahasına Allahın razılığını axtararsa Allah ondan razı olar və insanları da ondan razı edər. Kim də Allahı qəzəbləndirmə bahasına insanların razılığını axtararsa Allah ona qəzəblənər və insanların da ona qəzəblənməsini təmin edər.» (ət-Tirmizi 2414, Albani səhihləşdirmişdir.)
Hədisdən zahir olana görə, Allahın haramlarını icra etməklə insan özünü həlak edir. Çünki, Allahın qəzəbinə səbəb olmaq ən böyük həlakdır. Elə bir həlakdır ki, Rəbbin səndən razı olmayanadək sən o həlakdan qurtula bilməzsən. Bu həlak insanı dünya və axirət sevincindən ayırıb, o ikisinin qorxu və kədər dolu anlarına sürüklüyər.
Çıxış yolu isə, Allaha tərəf dönməkdə, ona tövbə etməkdə və düz yolu tutub Allahdan sabitlik diləməkdədir.
3. Dostların arasından Allahın razılığına can atan və səni də o razılığı qazanmağa dəvət edən dostlarla dostluq et
Çünki gözəl dost səni pis işlərdən çəkindərərək yaxşı işlərə təşviq edəcək, eyblərini sənə hədiyyə edərək (gözəl şəkildə bildirərək) sənə nəsihət edəcək. Necə ki, Uca Allah buyurur: «Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.» (əl-Furqan 27-29)
Muhəmməd (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu zəlil etməz, ona yalan danışmaz, onu təhqir etməz. Təqva bax burdadır (deyərək 3 dəfə sinəsinə işarə etdi). İnsanın pislik etməsi üçün müsəlman qardaşına nifrət etməsi kifayətdir. Hər bir müsəlmanın digər müsəlmanın qanı, malı və namusu haramdır.» (Muslim 2564)
Həmçinin O, (Allahın ona salavat və salamı olsun) yaxşı və pis dostun misalını,ətir satan və dəmirçinin misalına bənzədərək belə buyurur: «Yaxşı və pis dostun misalı, ətir satanla körük vuranın misalına bənzəyir. Ətir satan ya sənə gözəl ətir hədiyyə edəcək, ya sən həmin ətiri satın alacaqsan, ya da (ən azı) ondan gələn xoş qoxunu iyləyəcəksən. Dəmirçinnin yanında durduqda isə ya dəmiri körüklədiyi zaman paltarını yandıracaq, ya da (ən azı) sən onun pis iyini hiss edəcəksən.» (Buxari və Muslim)
Digər hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «İnsan öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dostluq etdiyinə fikir versin» (Əbu Dəvud, Tirmizi)
Eləcə də, tabi`inlərdən olan Zin-Nun əl-Misri ibn İbrahim Əbul-Fəyzdən «Kiminlə dostluq edim?» — deyə soruşduqda,o belə deyir: «Gördüyün zaman sənə Allahı xatırladan, qəlbinə Allah qorxusu salan, danışığı ilə əməlini artıran, əməlləri səni dünyadan soyudan, yanında olduğun müddətcə səni Allaha asi olmaqdan çəkindirən, sənə dili ilə deyil, davranışı ilə öyüd-nəsihət verənlə dostluq et.» (İbnul Cəuzi “Sıfətus-Safvəh”)
4. Musiqi dinləmək və ifa etmək kimi haramlardan çəkin
Bu barədə Quranda və Sünnədə yetəri qədər dəlillər mövcuddur.
Allah Əzzə va Cəllə buyurur: «İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ.» (Loğman 6-7)
AbduLlah ibn Məsud(Allah ondan razı olsun) bu ayəni təfsir edərək belə buyurur: «Şəriki olmayan Allaha and içirəm ki,burada mahnı,musiqi nəzərdə tutulur.» — deyərək bunu üç dəfə təkrar etmişdir. (Təfsir ibn Kəsir 3/442)
Digər ayədə isə Uca Allah buyurur: «Siz bu Sözə təəccübmü edirsiniz, gülürsünüz, heç ağlamırsınız, və oynayıb əylənirsiniz?» (ən-Nəcm 59-61)
Ümmətin böyük müfəssiri olan, İbn Abbas (Allah ondan razı olsun) və həmçinin Mucəhid (Allah ona rəhmət etsin) bu ayə haqda belə deyirlər: «O, mahnıdır.»
Eləcə də, Muhəmməd (Allahın ona salavat və salamı olsun) buyurur: «Bir zaman ümmətimdən zina etməyi, ipək paltar geyinməyi, içki içməyi və çalğı alətləri dinləməyi halal sayan bir qrup ortaya çıxacaq…» (Buxari 1892)
İbn Həcər Fəthu-l-Bəri kitabında bu hədisi şərh edərək belə buyurur: «Musiqi və onunla məşğul olanlara gələn bu ciddi ittihama bax. Onların əməlləri haram olan zina etmək, içki içmək və ipək paltar geyinməklə birlikdə zikr edildi. Musiqinin haram olması barədə bundan başqa bir hədis gəlməsəydi də bu hədis təkbaşına kifayət edərdi.» (İbn Həcər əl-Əsqaləni «Fəthu-l-Bəri» 10/55)
Həmçinin aparılan elmi araşdırmalara əsaslanaraq demək olar ki, musiqi insan əhval-ruhiyyəsini, iradəsini manipulyasiya etməyə qabildir: kefi yaxşı olan insan lirik mahnıya qulaq asdıqda kədərlənir, ağlamaq istəyir və ya əksinə, şən musiqinin təsiri altında isə ciddiliyini itirir. Bu da insanı özünü idarə etmə hissindən məhrum edərək musiqiyə aludəçiliyə (asılılığa) və Allahın əmrlərinə asi olmağa gətirib çıxarır.
5. Valideynlərinin qayğısına qal
Necə ki Uca Allah buyurur: «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! » (əl-İsra 23).
Allah Əzzə və Cəllə bizlərə “uf” kəliməsini belə söyləməyi haram edibsə, elə isə onlara qarşı bundan ağır kəlimələri işlədənin halı necə ola bilər?! Allah bizi islah etsin!
Digər ayətdə isə Uca Allah valideynlərlə gözəl davranmağı yaxşı əməllərin (bura dua da daxildir) qəbul olmasına səbəb kimi bildirərək buyurmuşdur: «Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verilmiş doğru vəddir.» (əl-Əhqaf 15, 16)
6. Sənə nümunə olan şəxs yalnız Muhəmməddir (Allahın ona salavat və salamı olsun)
Allaha iman edən bir şəxsin Allahdan sonra əmrlərinə tabe olacağı, oxşamağa çalışdığı kəs Onun sonuncu Peyğəmbəri olan Muhəmməddir (Allahın ona salavat və salamı olsun). Allahı sevdiyini iddia edən hər bir kəs bunu bilməli və Allahın da onu sevməsi və günahlarından keçməsi üçün Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ardı ilə getməlidir. Lakin əfsuslar olsun ki, indiki gənclər nəinki Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ardı ilə getmirlər, hətta bu azmış kimi özlərini qeyri-müsəlmanlardan olan və bundan da betər, zahiri ilə Allaha asi olan şəxslərə oxşatmağa çalışırlar. Görünür onlar Peyğəmbərlərinin (Allahın ona salavat və salamı olsun) bu sözünü unudurlar: «Kim özünü hansı qövmə bənzədərsə, o da onlardandır.» (Buxari)
Lakin Allah Tə`ələ bunun tam əksini əmr edərək buyurur: «De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.» (Əli İmran 31)
Sonda isə demək istəyirik ki, etdiyimiz nəsihətlərdən sonra seçim sənindir. Ya öz nəfsini Allaha qulluq etdirib axirətdə razı qalmış və razılıq qazanmışlardan olacaqsan, ya da «..kaş ki, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olardım!» (əz-Zumər 58) deyənlərdən olacaqsan. Lakin «Allahın (müəyyən etdiyi) vaxt gəlib çatdıqda, əsla təxirə salınmaz. Kaş biləydiniz!» (Nuh 4).
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Senxatirlat.Com saytının rəsmi heyəti