Ramazan ayında müsəlmanların tarixi fəthləri

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Mübarək Ramazan ayında müsəlmanların tarixində müxtəlif sevindirici hadisələr baş vermişdir. Xüsusən də İslami fəthlərlə əlaqəli bəzi tarixlər Ramazan ayında baş vermişdir. Bəzi insanlar Ramazan ayını tənbəllik, süstlüklə vəsf etsələr də, şanlı İslam tarixindən çəkəcəyimiz bu misallar onu göstərir ki, müsəlmanlar oruclu halda belə zəfər qazanmış və böyük fəthlərə imza ataraq uğurlar qazanmışlar. Buna misal olaraq;

Bədr döyüşü: Hicrətin ikinci ili, Ramazan ayının 17-də Qurani-Kərimdə «Yovmul-Furqan» (Haqqı batildən ayırd edən gün) adlanan bu döyüş İslam tarixinin ilk döyüşlərindən və şanlı zəfərlərindən olmuşdur. Müsəlmanların sayı üç yüz on üç, müşriklərin sayı isə min nəfərə yaxın idi. Lakin, Allah müşriklərin sayının üç dəfə çox olmasına baxmayaraq müsəlmanlara qələbə nəsib etdi. Bu mübarək ayda Allah düşmənlərin qəlbinə qorxu saldı və mələklər göndərib müsəlmanlara yardım etdi. Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz.» (Ali İmran, 123)

Məkkənin fəthi: Hicrətin 8-ci ili, Ramazan ayının iyirminci günü baş vermişdir. Hansı ki, bu fəthdən sonra insanlar dəstə-dəstə İslamı qəbul etmək üçün axın etdilər. Məkkənin fəthi döyüşsüz, qan tökülmədən tamamlandı və bu hadisə sülh şəraitində baş verdi. Məhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) bu fəthdə öz düşmənlərini bağışladı, bu əməliylə bəşəriyyətə mesaj verdi ki, döyüşdə məqsəd insanları Allaha dəvət etməkdir, öldürmək əsas hədəf olmalı deyil. Beləcə müqəddəs Məkkə şəhəri döyüş olmadan fəth edildi.

Əndəlüsün fəthi (İndiki İspaniya): Hicrətin 92-ci ilində, Ramazan ayının 28-də müsəlman komandir Tariq ibn Ziyad’ın rəhbərliyi altında müsəlmanlar elə həmin şərəfli komandirin adı ilə bu gün də anılan Cəbəlutariq boğazını keçərək Əndəlüs (İspaniya) ərazilərini fəth edirlər. Bu fəthdən sonra Əndəlüs elm və mədəniyyət mərkəzinə çevrilir, hətta, avropalılar belə öz övladlarını müsəlman elm adamlarından təhsil almağa göndərirdilər.

Amuriyyənin fəthi: Amuriyyə döyüşü iki imperiya arasında, Bizans və Abbasilər arasında indiki Türkiyənin Balıkesir və Ankara məntəqələri arasında bir yerdə, hicrətin 223-cü ili, Ramazan ayının altısında baş vermişdi. Abbasi xəlifəsi əl-Mötəsim Billəh bu döyüşdə şəxsən iştirak edirdi. Döyüş müsəlmanların böyük zəfəri və Bizanslıların geri çəkilməsi ilə nəticələndi.

Monqol-tatarlar üzərində qələbə:
Bu qələbə tarixdə «Aynı-Calut» adlanan yerdə, hicrətin 658-ci ilində, Ramazan ayının 24-də baş vermişdir. Bu qələbə Allahın böyük yardımı idi. Hər yerdə müsəlman qanı axıdanların, evləri dağıdanların, Fələstinə qədər insanları qıranların böyük qətliamına mübarək Ramazan ayında son qoyulmuşdu. İlk öncə Allahın yardımı, sonra isə müsəlman ordusunun komandiri Qutuz və müavini Baybersin səyləri ilə müsəlmanlar böyük bir zülmdən xilas oldular və misli görünməmiş bir qələbə qazandılar.

Antakiyanın fəthi: Hicrətin 666-cı ilində, Ramazan ayının 14-də müsəlmanlar əz-Zahir Bəybers’in komandanlığl altında Antakiyanı mühasirəyə aldılar. Ramazan ayı daxil olandan mühasirə başlamışdı və nəhayət Ramazanın 14-də, 6-cı gün müsəlmanlar Antakiyanı fəth edir və çoxlu sayda müsəlman əsirləri azad edirlər. Həmin dövrdə Antakiyanın hakimi müsəlmanlara ən çox zülm edən bir xristian idi ki, onun da zülmünə bu mübarək ayda son qoyulmuş oldu.

Belqradın fəthi: Hicrətin 927-ci ilində, Ramazan ayının 26-da müsəlmanlar Osmanlı Sultanı Süleyman Qanuni’nin rəhbərliyi ilə Belqrad şəhəri mühasirəyə alınaraq fəth edildi. Osmanlı səfirini xəyanət edərək qətl edənlərin intiqamı belə alındı. Şəhərin mühasirəsinə tab gətirməyən Belqradlılar müsəlmanlara təslim oldular. Şəhərdəki ilk cümə namazı elə Belqrad qalasında qılındı.

 Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar