Ateizmdə şər problemi anlayışına münasibət – THE PROBLEM OF EVIL

Bu çoxşaxəli şübhəni gətirən ateistlər elə hesab edirlər ki, bu şübhə ilə həqiqəti başa düşmək və ya Allahı inkar etmək kifayətdir. Lakin, dindarın onlara ünvanladığı suallar onları əks arqumentlər qarşısında qoyur və dərk edirlər ki, məsələnin daha dərin əqli-məntiqi tərəfləri var.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Bundan sonra:

Mövzuya giriş:

Bismilləhir-Rahmənir-Rahim. Əlhəmdulilləh. Sonra isə:

Dəyərli oxucu! Bu mövzunu anlamaq üçün kiçik bir giriş etmək mühümdür. Əslində bu mövzudan daha geniş danışmaq mümkündür. Çünki, ateistlərin bu şübhəsi bir sualdan ibarət deyil, bu müzakirədə onların iman əhlinə, iman əhlinin də onlara sualları ortaya çıxır. Ümumiyyətlə bu şübhənin çoxşaxəli təfsilatları olduğu üçün bu şübhəyə cavabı bir iki sual cavabla yekunlaşdırmaq nə elmi baxımdan, nə də ateistlərə izah etmək yönündən əlverişli deyil. Məqsəd ateistlərin həqiqəti başa düşməsidirsə, onda məsələyə daha geniş prizmadan yanaşmağa ehtiyac yaranır. Ona görə də bacardığımız qədər bu ümumi yazıdan sonra bu mövzu ilə birbaşa əlaqəli olan bəzi şübhələrə də ayrıca məqalələr şəklində təfsilatlı cavablar vermək niyyətindəyik. Müvəffəq edən Allahdır!

(Buradan aydın olur ki, cavabımız iki hissədən ibarət olacaq

BİRİNCİSİ: Şübhə barədə və cavabı barədə ümumi anlayış olsun deyə ümumi cavab.

İKİNCİSİ: Şübhənin digər şaxələnən suallarına cavab olaraq təfsilatlı cavab. Bu yazılarda isə inşəAllah şər problemi ilə birbaşa əlaqəli olan başqa şübhələrə ayrıca cavab veriləcəkdir.)

Lakin, bu məqalədə konkret mövzuya keçərək ümumi şəkildə danışacağıq.

Bu çoxşaxəli şübhəni gətirən ateistlər elə hesab edirlər ki, bu şübhə ilə həqiqəti başa düşmək və ya Allahı inkar etmək kifayətdir. Lakin, dindarın onlara ünvanladığı suallar onları əks arqumentlər qarşısında qoyur və dərk edirlər ki, məsələnin daha dərin əqli-məntiqi tərəfləri var.

Bir az daha mövzuya yaxınlaşaq…

Ateistlər sual verirlər ki, nəyə görə dünyada şər mövcuddur? Nəyə görə müsibətlər, faciələr, ağrılar, müharibələr və s.mövcuddur? Allah bu müsibətlərin qarşısını niyə almır? Əgər o varsa, heç bir şər olmamalı deyildimi və ya şər daha az olmalı deyildimi? və s.

Bu şübhənin kökü isə problemsiz və ya daha az problemi olan bir dünyanı təsəvvür etmək hüccəti ilə Allahı inkar etməyin mümkünlüyünü düşünən ateist şübhəsidir. Həmçinin, şərin mövcudluğundan dolayı Allahın Rəhmətinə, Qüdrətinə və Elminə şəkk edənlərin şübhəsidir.

Halbuki, şərin mövcud olması Allahın nə Rəhmətinə, nə elminə, nə də Qüdrətinə zidd deyildir.

Bu şübhəyə cavabı anlamaqda ateistlərə mane olan ən mühüm amillərdən biri maddiyyatçı düşüncədir ki, insanın həyatının yalnız bu dünya ilə məhdud olması qənaətinə gəlmələrinə səbəb olmuşdur.

Sonra isə suala cavabdan əvvəl ateistlərə yönələn əks arqumentli suallar da ortaya çıxır. Bunlardan:

1) Dünyada xeyir çoxdur, yoxsa, şər?

2) Dünyada şərin mövcudluğu Allahı inkar etməyə bəs edirmi?

3) Allah şərin mövcudluğu ilə bəzi hikmətləri qəsd etmiş ola bilməzmi? Şərlərin hamısı xalis şərdir, yoxsa, özündə xeyir də ehtiva edən nisbi şərdir?

4) Ateistlərin xəyal etdiyi “şərsiz, müsibətsiz aləmin” gerçəkləşməsi elmi cəhətdən mümkündürmü?

5) Şərin olmadığı bir aləmdə həyatın mənası nə olacaqdı?

6) Niyə görə ateistlər xeyir barəsində yox, şər barəsində sual verirlər? Məgər xeyir daha uzunmüddətli, ağrılar və şər daha qısa müddətli və daha az deyilmi?

7) Əgər Allah yoxdursa, dünyadakı bu qədər xeyirlər haradandır?

8) Allahın varlığı ilə şərin varlığı məntiqi cəhətdən ziddiyyət təşkil edirmi?

9) İnsan aləmdə kiçik bir zərrə olduğu halda bədən üzvlərinin məhdud fəaliyyəti olduğu halda (gözün görmə məsafəsinin, qulağın eşitmə məsafəsinin azlığı kimi və s), ağlının və idrakının şər məfhumunu tam mənada anladığını və bunun Allahı inkar etməyə kifayət etdiyini deyə bilərmi? və s. bir çox suallar verilə bilər.

İNDİ İSƏ KEÇƏK ATEİST ŞÜBHƏSİNƏ CAVABA:

BİRİNCİSİ; Yer üzündə şərin mövcud olmasını Allahın olmadığına dəlil sayanlara deyirik: Əksinə, yer üzündə şərin mövcud olması Allahın mövcud olmasına dəlildir. Bunu bir neçə nöqtədə izah etmək olar:

1) Meyar dəlili: bu meyar dəlilinə görə insan maddədən yaransa da, onun mənəvi aləmi, əxlaqi keyfiyyətləri, haqqı nahaqdan seçmək hisləri kimi xüsusiyyətləri Allahın bir lütfüdür. Bunu maddi aləmlə bağlamaq əqli cəhətdən mümkünsüzdür və maddi aləmlə hər şeyi izah etmək istəyən müasir ateizmdə mənəvi aləmdən olan “əxlaq anlayışı” ən qəliz mövzulardan sayılır.

2) Şərin əksi olan Xeyir: Şərin mövcudluğunun əqli və psixoloji cəhətdən təsdiqlənməsi, xeyirin də açıq-aydın mövcudluğunun təsdiqlənməsinə dəlildir. Xeyirin mövcudluğu isə Allahın mövcudluğuna dəlildir. Tamamilə maddə ilə əlaqəli olan bir dünyada isə xeyirin olması mümkün deyil. Halbuki, xeyir mövcuddur. Bu da Allahın varlığına dəlalət edir.

3) Şərin özü varlığın yaradılmasına dəlalət edir. Çünki, ateistlərdən bir çoxu belə Allahın qüdrətinə şəkk etmələri ilə demək istəyiblər ki, Allah kamildirsə, niyə hər şeyi kamil etməyib və niyə naqisliklər var? Lakin, əvvəlcə unudublar ki, yaradılışda hər şeyin kamil olması şərt deyil. Allah istədiyi kimi yaradır. Lakin, bir şeydə razılaşıblar ki, Allah kamil olmalıdır. Yaradılmışların naqis olması, naqis varlıqları isə Kamil olanın yaratması sağlam ağılın qəbul etdiyi həqiqətlərdəndir. Bu nahiyədən də şərin mövcudluğu Allahın varlığına dəlalət edir. Allah şərlə qullarını imtahana çəkir. Üstəlik onlara seçim də vermişdir. Məxluqlar naqis, Allah isə kamildir. Zatən, həm ateistlərin, həm də iman əhlinin ittifaqına görə əgər Allah varsa, o Kamil olmalıdır. Kamil olmayan məxluqların yaradıcısı isə yalnız Kamil olan Allah ola bilər.

4) Ağrı…Əsrarəngiz gözəlliklər…bənzərsiz hikmətlər:

İnsanın ağrı hiss etməsi necə baş verir? Ağrı olmasaydı insan bədənindəki problemləri necə bilərdi və nələr baş verərdi? Bu təsadüfdürmü? Bunu insan bədənində proqramlaşdıran kimdir? Dünyadakı əsrarəngiz gözəlliklərin yaranması təsadüfdürmü? Yoxsa, bunları düşünərək Yaradan vardır? Ağrı hissi, dünyadakı gözəlliklər və bənzərsiz hikmətlər barədə ayrıca bir yazıda ətraflı məlumat vermək mümkündür.

İKİNCİSİ: Ateistlərin düşündüyü yaradılış qayəsiz və məqsədsizdir, üstəlik onlara görə hər şey təsadüfən yaranmışdır. Halbuki, Allah buyurur: «Məgər siz elə hesab edirsiniz ki, biz sizi boşunamı yaratdıq və siz bizə qaytarılmayacaqsınız?» (əl-Mu’minun, 115)

Halbuki, təsadüfən yaranan dünyada xeyirin şərdən çox olması olduqca düşündürücüdür. Məgər belə bir təsadüfi dünyada şər xeyiri üstələməli deyildimi?

Deməli, ateistlər yaradılışın məqsədini anlamamış və kamil həyatın yalnız bu dünyada ola biləcəyini düşünmüş, Allahın sınaq dünyasından sonra vəd etdiyi cənnət barədə düşünməmişlər. Yəni, ateistlərin axtardığı şərsiz, müsibətsiz həyatı möminlər də axtarır. Lakin, möminlər bu keçici dünyanı şərlərdən uzaq cənnət hesab etməyiblər. Ateistlər elə bir aləm axtarırlar ki, orada şər (müsibət, bəla, problem və s.) olmasın. Allah da elə bir aləmi (cənnəti) Ona inananlara vəd etmişdir. Ona inanmayanları isə bu cənnətdən məhrum edəcəyini bildirmişdir. Lakin, ateistlər daha da tələsərək cənnəti bu dünyada tapmaq istəmişlər. Məsələ bu qədər sadədir. Lakin, ateistlər məsələni daha qəlizləşdirərək Allahı inkar etmələrinə bəhanələr axtarmağa başlamışlar. «Şər problemi» də ateistlərin bu bəhanələrindəndir.

ÜÇÜNCÜSÜ: Ateistlərin şər olaraq bildiyi bütün şərlər heç də tam mənada şər deyildir. Bir çox şərlərin hikməti və xeyirli tərəfləri vardır. Məsələn; vulkan püskürməsiylə yer qabığında çox faydalı və lazımlı prosseslər gedir, yerin daxili xəzinələri, insanın istifadəsi üçün gərəkli, faydalı olan maddələr ortaya çıxır. Vulkan yer üzündə dağların yaranmasına səbəb olur. Dağlar isə yer üzünün hərəkət müvazinətinin qorunmasına səbəb olan ağırlıqlardır. Eləcə də zəlzələlər yer üzünün yaşayış halına uyğunlaşmasının səbəblərindəndir. Həmçinin, zəlzələlər bir növ yerin nəfəs alması deməkdir ki, bunun olması yerdəki həyatın davamı üçün labüd və qaçınılmazdır. Həm də bütün zəlzələlər quruda deyil, seysmoloqların ittifaqı ilə suda (dənizdə) baş verir. Deməli, vulkan və zəlzələlər bir növ yerin nəfəs alması və qorunmasıdır. Xəstəliklər də bir növ insan bədəninin təmizlənməsi prossesini yerinə yetirir. İnsan ağrı hiss etməklə bədənindəki problemli yerdən xəbər tutur. Bu ağrı hissi Allahın insana böyük bir lütfüdür. Müharibələr isə: özüylə gətirdiyi faciələrlə yanaşı özündən sonra bütün xalqların sülh naminə atdıqları ən böyük addımların səbəbidir. BMT-nin, Dünya təhlükəsizlik şurasının və bir çox böyük millətlər təşkilatlarının yer üzündəki sülh naminə bir araya gəlmələri məhz müharibələrdən sonra olmuşdur. Məsələn; BMT ikinci dünya müharibəsindən sonra təsis edilmişdir. Bir çox ixtiralar (pensilin, raketlər, yüksək keyfiyyətli təyyarələr və s.) müharibələr dövründə baş vermişdir. Müharibələr iki istiqamətdə: həm dağıtmaq, həm də sürətli abadlaşdırmada inkişafa səbəb olub. Həm xeyirə, həm şərə doğru. Fəlakətlər zamanı xeyirxah insanlar ortaya çıxır, zərərçəkmişlərə yardım etmək kimi insanlığın yardımlaşma xarakteri biruzə verir. Ölüm isə: Əgər əcdadlarımız ölməsəydilər, biz bu gün öz vəzifələrimizdə ola bilməzdik. Bütün peşə sahələrində kifayət qədər insanlar olar, dünyada insan sayının çoxluğu böyük fəlakətə səbəb olardı. Lakin, biz ölümün yalnız şər tərəfini düşünür, bu tərəfini isə heç düşünmürük. Göründüyü kimi bizə bir çox şər kimi görünən amillər var ki, əslində o amillər dünyada həyatın davamlı olması üçün lazımlıdır. O şər kimi görünən amillərin deməli xeyirli tərəfləri var və o şər görünənlər tamamilə şər mahiyyətli deyildir.

DÖRDÜNCÜSÜ: Xeyir və şər bir-birini tamamlayır.
Ona görə də alimlər demişlər ki, hikmət bir birinə zidd, qarşı olan şeylərin yaradılması ilə tamamlanır. Gecə ilə gündüz, yüksəklik və çökəklik, yaxşı və pis, yüngül və ağır, şirin və acı, soyuq və isti, ağrı və ləzzət, həyat və ölüm, dərd və dəva kimi misallar ki, bunların yaradılmasıyla varlığın yaradılmasındakı bir ilahi hikmət ortaya çıxır və bu ağıl sahibləri üçün bir işarədir. Biz xəstəlik olmadan sağlamlığın qədrini bilə bilmərik. Pis olmadan yaxşının qədrini bilə bilmərik. Çirkinlik olmadan gözəlliyin qədrini bilmərik. Deməli, biz varlıqların və məfhumların əksini tanıdıqca bu şeylərin qədir-qiymətini bilirik.

BEŞİNCİSİ: Çətinliklər aktivlikləri ortaya çıxarır: İnsan dar gündə dostunu tanıyır. Müharibə vaxtı qəhrəmanlar ortaya çıxır. Çətinliklər olmasa hamı ağa olduğunu iddia edər. Bir sözlə çətinliklər şəxsiyyətləri yetişdirir. Yaşayış çətinlikləri ilə ortaya varlı-kasıb çıxır. Bəzi çətinliklərdə qorxaqla şücaətli aydın olur. Beləcə həyat imtahanı insanları fərqləndirdiyi kimi, axirətdə də fərqləndirəcəkdir.

ALTINCISI: Xeyir də var, Şər də var. Lakin, hansı daha davamlıdır və əsasdır. Hansı isə istisnadır? Əgər bir insan xəstəlik barədə düşünsə, görəcək ki, sağlamlıq daha davamlıdır, xəstəlik isə istisnadır. Zəlzələ qısa saniyələr müddətində baş versə də, zəlzələdən sonra uzun illər yerin sabit olması göstərir ki, yerin sabitliyi əsas və davamlı olandır, zəlzələ isə istisnadır və müvəqqətidir. Vulkan da bunun kimi illərlə püskürmür, vulkandan sonra bir müddət sonra ətrafında həyat öz axarına qayıdır. Müharibələr də adətən özündən sonra uzunmüddətli sülhləri gətirir. Xəstəliklər də adətən bir insan ömrünün az bir müddətini əhatə edir. Bu misalları ona görə çəkdik ki, bilinsin ki, yer üzündə davamlı olan xeyirdir, şər isə istisnadır.

YEDDİNCİSİ: «Allahın Ədaləti və Qüdrəti» məsələsini anlamayıblar. Allahın şərlə xeyir arasında bizə seçim və iradə verməsi Onun ədalətindəndir. Yer üzündə şərin mövcud olması Allahın Ədalətinə, Qüdrətinə və Rəhmətinə zidd deyildir. O, bizi şərin olmadığı bir aləmə (hansı ki, ateistlər də həqiqətdə bunu axtarırlar) dəvət edir. Lakin, o aləmə getmək üçün bu imtahan aləmində (dünyada) xeyirlə şər imtahanından üzü ağ çıxmalıyıq. Ona görə də Quranda buyurmuşdur: «Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!» (əl-Ənbiya, 35)

Ona görə də ateistlər soruşanda ki, Allah elə bir aləm yarada bilməzmi ki, orada şərlər, müsibət və bəlalar olmasın?

Deyirik ki: bəli! Artıq Cənnət aləmi mövcuddur. Orada nə bir şər, nə bir müsibət olacaqdır! Orada ancaq ləzzət və həzz olacaq, üstəlik bildiyimiz, bilmədiyimiz neçə-neçə nemətlər olacaqdır.

Əgər sual verilsəydi ki, Allah niyə ancaq yaxşı insanlardan ibarət dünya yaratmadı? (Necə ki, bəzi ateistlər soruşurlar)

CAVAB: Bəli! Allah bunu istəsəydi edə bilərdi! Əvvəla, onda həyatın bir mənası olmazdı. Həmçinin, insanın öz seçimi və səyi ilə bir xeyirə nail olması faydası da hasil olmazdı. Bəli, Allah bunu istəsə edərdi. Necə ki, Quranda buyurmuşdur: «Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar.» (Hud, 118)

Bütün dünyanı qeyd etdiyimiz ləzzət aləmi kimi görmək istəyənlər belə bir sual verirlər:

Maddi təbiət maddi əziyyətdən uzaq yaradılsa, olmazdımı?

Cavabdan əvvəl deyək ki, bu sual heç məntiqi suala oxşayırmı? Bəyan etdik ki, bu dünyada şər və xeyir, əziyyət və rahatlıq var. Cənnətdə isə yalnız rahatlıq var. Çünki, cənnət başqa aləmdir. Dünya başqa aləm. İki aləmi qarışdırmaq lazım deyil. Bu sualı vermək günəş istisinin xeyirlərini bilə- bilə o istinin şərrindən danışanın halına bənzəyir. Yəni, – Günəş öz istisindən, radiasiyasından və əziyyətindən qurtulsa, olmazmı? – sualına bənzəyir. Çünki, günəşin xeyiri varsa, zərəri də var. Amma, günəş bu bütünlüyü ilə günəşdir. Günəşdən hansısa funksiya götürülsə, o günəş olmazdı. Lakin, yenə insanlar günəşdən daha çox xeyirlər əldə edirlər. İstidən ölənlər isə çox vaxt ehtiyatsızlıqdan ölürlər. Yağışlar da əksər vaxtlarda xeyir gətirir, zərəri olsa belə. Bu suallar bu dünyanın təbiəti üçün deyildir. Həmin arzular cənnət üçün daha uyğundur.

Həmçinin, bilməliyik ki, Allah şəri, fəsadı və şər əhlini sevmir. Lakin, imtahan dünyasında yaxşı ilə pisin ayırd edilməsi üçün buna icazə vermişdir. «Allah fəsad törədənləri sevmir.» (əl-Maidə, 64) Hətta, Allah yer üzündə fəsad, şər törədilməsini qadağan edərək buyurmuşdur: «Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.» (əl-Əraf, 56)

İnsanlar Allahın ədalətini bu misalla da görə bilərlər. İnsanların danışıb deyinməsi, «şər problemini» bəhanə etmələri də nəfsi problemdir. Çünki, məsələn; əgər Allah insanları birbaşa cənnətə və ya cəhənnəmə salsaydı, cəhənnəm əhli deyəcəkdi ki, Allah bizi imtahan etmədən niyə cəhənnəmə saldı? Allah bizə niyə zülm etdi və s. Allah isə insanları layiq olduqları yerə zülm etmədən, ədaləti və rəhmətiylə düşmələrini istədiyi halda insanlardan bəziləri Allahın ədalətli olmadığını iddia edirlər! Onlar bunu düşünə bilmirlərmi? Yoxsa, düşünməkdən də qorxurlar?

Yer üzündəki, şərlər iki qismə bölünür. Təbii hadisələr yoluyla olan şərlər və insanların törətdikləri şərlər. Ateist düşüncəsinin qəribə tərəfilərindən biri də bir insanın başqa insana təcavüz etməsini Allahı inkar etməyə dəlil saymalarıdır. Doğurdan da bu yalnış düşüncədir. İnsanlar günah edir, sonra Allah niyə mane olmadı deyirlər?! Bir narkoman bu bəlaya düçar olduqda, sonra ağrılar içində qıvrıldıqda onun bu hala düşməsinə görə yalnız özü qınanır və etdiyi şər onun özünə nisbət olunur. O insan bilə-bilə özünə zülm edirsə, Allah ona nə yardım etsin ki?! İnsan ağılının bu qədər ucuz düşüncələrə aldanmasına yalnız nəfsi istəklərə uymaq səbəb ola bilər. Uca Allah Quranda buyurur: «İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar.» (ər-Rum, 41)

Başqa ayədə: «Hələ o günahların çoxunu əfv edir.» (Şura, 31) buyurur. Hələ Allah bizim etdiyimiz günahların çoxuna görə bizi cəzalandırmır.

İnsanlar törətdikləri əməlləri və şərləri Allaha nisbət etməli deyillər. Allah hər şeyi Yaratmışdır. Lakin, şər Allaha nisbət olunmur. Şər Allahın feili deyildir. Şər Allahın yaratdığı məxluqatların feilidir. Allah şərin özünü deyil, şərin var olmasının mümkünlüyünü yaratmışdır. Başqa ibarə ilə desək: şərin mövcudluğundakı bəzi məsləhətlərə görə şərin mövcudluğuna icazə vermişdir. Yoxsa, Allah nə şəri, nə də şər əhlini sevmir, necə ki, bu barədə artıq danışdıq.

Eləcə də, necə ki, Allahın insanlarda və ya başqa canlılarda yaratdığı rənglər, ruhlar, güc və zəifliklər kimi vəsfləri Allaha nisbət etmədiyimiz kimi, məntiqi cəhətdən gərək biz etdiyimiz şəri və ya yaradılmışlardan gələn şərləri də Allaha nisbət etməyək!

Bu mövzu ilə əlaqəli bəzi sual və təfsilatlara növbətli yazılarımızda toxunacağıq inşəAllah.

Hazırladı:  Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar