Ateistlərin şübhəsinə cavab: Allahı kim yaradıb? – sualı barədə

«İnsanlar bir-birinə sual verərlər ki, Allah yaradılmışları yaratdı, bəs Allahı kim yaratdı? Kim özündə belə bir şey hiss edərsə qoy desin: Allaha və Peyğəmbərinə iman gətirdim.» (Muslim, 134; İman kitabı)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu sual ateistlərin verdiyi əslən yalnış olan və doğru olmayan sualdır.

Əvvəla, deyək ki, bu sualda hiylə var. Hiylə odur ki, bir şeyin hökmünü başqa bir şeyin hökmüylə qarışdırırlar. Yəni, Xaliqlə (Yaradanla) məxluqun (yaradılmışın) böyük fərqi var. Allahın yeməyə, içməyə, yatmağa, mürgüləməyə və s. ehtiyacı yoxdur. Allah ölmür, insan isə ölür. Allah Əzəli və Əbədidir.

Bir misal verək; Bir dülgər qapı düzəldir. Dülgərin qapını düzəltməsi o demək deyil ki, dülgərlə onun düzəltdiyi qapı eyni xüsusiyyətlərə malikdir. Dülgər, yeyir, içir, yatır, qapı isə bunları edə bilmir. Ona görə də dülgərlə qapı arasında belə fərq olduğu halda, bəs bütün kainatı Yaradanla onun yaratdıqları necə bəsit bir sualla müqayisə oluna bilər? Ona görə də Allah Quranda buyurmuşdur:

«De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”.» (əl-İxlas surəsi, 1-4)

Daha bir misal verək. Məsələn; Allah Rəhimdir deyəndə bir insan rəhməti anladığı kimi düşünür. Halbuki, Allahın necə Rəhmli olduğunu tam mənada düşünə bilmir. Allahın gözəl adlarından biri də əl-Əvvəldir, yəni ondan əvvəl heç nə mövcud olmayıb. Allah buyurur: «Onun (Allahın) mislində heç bir şey yoxdur.» (əş-Şura, 11)

Təsəvvür etməklə anlamaq ayrı-ayrı şeylərdir. İnsan bir şeyi təsəvvür etməyə çalışa bilər, lakin, hər təsəvvür olunan şey düzgün və öz həqiqi anlamında başa düşülməyə bilər.

Ey ateistlər! Əgər siz bizim Allahdan əvvəl heç nə olmadığına inanmağımızı məntiqsiz hesab edirsinizsə, o zaman sizin də maddədən əvvəl heç nə olmadığını deməyiniz daha məntiqsizdir.

Həmçinin, bir şeyi görməmək o şeyin varlığının olmadığı mənasına gəlmir. Bir misal verək: Evdə oturmusan, birdən qapı döyülür. Sən həmin anda qapını döyənin kim olduğunu bilmirsən. Amma, kiminsə və ya nəyinsə qapıya toxunduğunu və ya qapını döydüyünü qəbul edirsən. Deməli, qapını döyəni görmədiyin üçün qapını kiminsə döydüyünü də inkar edə bilməzsən.

Həmçinin, ateistlər qeyb aləmini inkar edirlər. Lakin, özləri də bilmədən qeybi təsdiqləyirlər. Bu necə baş verir? Yəni onlar bu boyda aləmin öz-özünə maddədən yarandığını, özü də bunun təsadüfən baş verdiyini iddia edirlər. Yəni, görmədikləri, onlara görə qeybdə olan bir şeyə inanırlar. Biz müsəlmanlar isə qeyb aləmini təsdiqləmiş və qeybə iman gətirmişik. Biz də onlara sual verdikdə ki, Allahı kim yaradıb deyə sual verdiyiniz kimi, biz də soruşuruq, bəs maddəni kim yaradıb? Ağıllı bir insan isə hər bir sənət işinin sənətkarı olmasına inanır, bir şey düzəldilibsə, onun düzəldəni də var. Sadəcə Allah bənzərsiz olduğu üçün, bu dünyada bizə özünü göstərmək istəmədiyi üçün biz onu görə bilmirik. Quranda Allah buyurub ki:

«Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir» (əl-Ən`əm, 103)

Lakin, Qiyamət günü həqiqi iman sahibləri Allahı görəcəklər. O kəslər ki, Allaha bu dünyada onu görmədən inanıblar, bu «Qiyamət günü Cənnətdə Allahı görmək» ən böyük feyz və mükafat olacaqdır. Ona görə də özünüzü bu böyük mükafatdan məhrum etməyin. Allahı o dünyada görməyə Qurandan dəlil isə bu ayədir:

«O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır.» (əl-Qiyamə, 22-23)

Elmi cəhətdən də insan gözü məhdud çərçivədə və məhdud uzaqlığı görür. Görmədiyimiz o qədər ulduzlar var ki! Lakin, biz ulduzların mövcudluğunu onları görməsək də qəbul edirik.

Həmçinin, günəşin işığı özündəndir, ay isə işığını günəşdən alır. Bu da bir elmi faktdır. Bir insanın günəş işığının özündən olduğunu bildiyi halda günəş işığını hansı planetdən alır? – deyə bir sual verməsi məntiqsiz olduğu kimi, onun – Allahı kim yaradıb? – deməsi də məntiqsiz bir sualdır. Çünki, Allahın Yaradıcı olması Onun yaradılmaması anlamındadır. Bu Allaha məxsus bir keyfiyyətdir ki, Quranda «O doğmayıb və doğulmayıb» deyilir.

Başqa bir misal deyək; Eləcə də «su niyə islaqdır?» deyə məntiqsiz bir sual verildiyi zaman sual verənə deyərik ki, suyun islaqlığı özündəndir. Kiminsə və ya hansısa maddənin onu islaq etməsinə ehtiyac yoxdur. Beləcə görünür ki, bu sual – Allahı kim yaratdı? – sualı da məntiqsiz və hiyləli bir sualdır. Söz oyunu desək daha doğru olardı.

Həmçinin, bilmək lazımdır ki, Məhəmməd Peyğəmbər (salləllahu aleyhi va səlləm) birbaşa bu şübhəyə münasibət bildirmişdir. Biz müsəlmanlar bu hədisi eşitdikdə daha da bu dinin insanı maraqlandıran ən mühüm suallara necə cavab verdiyinin şahidi oluruq və yəqinliyimiz daha da artır. Bu ən mötəbər hədis kitablarında gəlib. Hədis belədir: «Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurdu: «İnsanlar bir-birinə sual verərlər ki, Allah yaradılmışları yaratdı, bəs Allahı kim yaratdı? Kim özündə belə bir şey hiss edərsə qoy desin: Allaha və Peyğəmbərinə iman gətirdim.» (Muslim, 134; İman kitabı)

Bu dediyimiz hədis imanda şəkkə düşən şəxsin edəcəyi duadır. Buxari və Müslimin müştərək rəvayət etdiyi hədisdə isə bu duadan əlavə “Allahı kim yaratdı?” sualının bir şeytani vəsvəsə olduğu qeyd olunur və deyilir: «Qoy (bu şübhəyə düşən insan) Allaha sığınsın və buna son qoysun.» Yəni, bu şübhənin ardınca getməsin, bu barədə düşünməyə son qoysun.

Xülasə odur ki, Allah Yaradandır, Onun Yaradan olması, yaratdıqlarına bənzəməməsi bəs edir ki, biz onu yaradılmışlarla müqayisə etməyək. Çünki, insan və digər məxluqlar yeyib-içir, yatır, yorulur, ölür və s. Allah bu xüsusiyyətlərdən uzaq olduğu kimi yaradılmağa ehtiyacı olmaqdan da uzaqdır. O, Özündən əvvəl heç nə olmayan Əvvəldir və məxluqatın Yaradıcısıdır.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.04. 2024
    NamazVaxt
    Sübh04:12
    Günəş05:55
    Zöhr12:40
    Əsr16:26
    Məğrib19:25
    İşa20:55
    Namaza yeni başlayıram

Son əlavə olunanlar