Allah insanı niyə yaradıb?

«Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.» (Mulk, 2)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Allah insanı niyə yaradıb?

Sual: Əssəlamu aleykum. Allah insanı niyə yaratdı? Əgər əsas məqsəd ibadət və tövhid idisə, onda Allah insanı niyə mələklər kimi yaratmadı? Yəni, məqsəd və səbəb sırf ibadət idi, öz dərgahında yaradıb ancaq özünə ibadət etdirərdi də, indiki mələklər kimi. Məncə əsas səbəb bu deyil, sırf ibadət üçün dünyanın yaranmasına və bizim burda olmağımıza ehtiyac yoxdur.

Cavab: Va aleykumus Sələm va rahmatullah.

Birincisi: Allah bizi Onu tanıyaraq ibadət etməyimiz və hansımızın daha  yaxşı əməl sahibi olmağımızı ayırd etmək üçün yaratmışdır.

Deməli, insan ibadət etmək üçün Rəbbini tanımalı, Onun əzəmətini və Qüdrətini bilməlidir. Uca Allah Quranda buyurmuşdur:

 «Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.» (Talaq, 12)

Bu ayədə Allah yaratmasından olan məqsədi izah edir, Öz Qüdrətininin kamilliyinə şahid etmək və hər şeyi elmi ilə əhatə etdiyini bilməyimizi istəyir.

«Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.» (Mulk, 2)

Allah Quranda iman əhlinə xitab edərək cinlərin və insanların Allaha ibadət üçün yaratdığını buyurmuşdur. Quranın bir ayəsini inkar edən isə müsəlman ola bilməz. “Mən Allahdan daha yaxşı cavabı bilirəm” deyən insan, Allaha deyil öz ağılına ibadət edənin hökmündədir. Uca Allah Quranda buyurur:

«Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım.» (əz-Zəriat, 56)

Allah bizə Quranda bunun cavabını verir və insanı nə üçün yaratdığını bildirir.

Onu da bilmək lazımdır ki, Allah insanı üstün bir ağılla yaratdı və heyvanlardan fərqli etdi. O istədi ki, Onun sonsuz Qüdrətinin kamilliyinə başqa bir məxluqdan olan şahidləri də olsun. Elə bir şahidlər ki, bu şahidlər öz pis əməli ilə heyvandan aşağı səviyyəyə də enə bilər, yaxşı əməli ilə mələklərdən yüksək dərəcələri də qazana bilər. Məhz bu məxluq ağıl neməti verilmiş insan idi. Həmçinin, alimlər deyirlər ki, Allah gözəl ism və sifətlərinin (Rəhməti, Bağışlaması, İzzəti, Qüdrəti, Yaratması, Hökmdarlığı və s) təcəllisini insana göstərmək istədi. İnsanlar isə yaradılmışlar olaraq bu Uca Qüdrət sahibinə, Yaradana səcdə edib ibadət etməklə O Yaradanın  layiq olduğu bir işi edir. Buna baxmayaraq, insan bu Qüdrətli Yaradanın layiqli şəkildə Şəninə təriflər edib ibadət edə bilmir. Deməli, insanın yaranmasındakı qayə, məqsəd Allahı tanıyıb ona ibadət etməkdir.

Sadəcə bu cavabda bir çox insanlar iki məsələni qarışdırırlar ki, İbnul-Qeyyim bunu Bədəiul-Fəvaid kitabında bəyan etmişdir:

Birincisi; Qullardan istənilən məqsəd,

İkincisi; Qullar vasitəsilə ərsəyə gələn məqsəd.

Qullardan istənilən məqsəd Allahı tanıyaraq Ona ibadət etməkdir.

Qullar vasitəsilə ərsəyə gələn məqsəd isə (əmələ görə) ədalətli, fəzilətli qarşılıq, ya mükafat, ya da cəzadır.

Bununla da tövhidin (təkAllahlılığın) qayəsi gerçəkləşir. (Bədəiul-Fəvaid, ixtisarla, ətraflı bax, 4/971)

 

İkincisi: Allah etdiklərindən sorğu sual olunmaz. Lakin, bəndələr sorğu-sual olunarlar. Uca Allah buyurur: «Allah gördüyü işlərdən sorğu-sual olunmaz, onlar isə sorğu-sual olunacaqlar.» (Ənbiya, 23)

 

Üçüncüsü: Sualda deyirsiniz ki, “sırf ibadət üçün dünyanın yaranmasına ehtiyac yoxdur”. Bəli, insan sırf ibadətlə kifayətlənmir. Digər yaxşı əməlləri də edir, öz həyatını gözəl yaşamağı da unutmur. Allah bizə ibadəti əmr etsə də, bizim dünyada inkişaf etməyimizi və yaxşı yaşamağımızı da qadağan etmir. O bizə səhərdən  axşama kimi ancaq ibadət etməyi də  əmr etməmişdir. Uca Allah Quranda buyurur: «Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma.» (Qasas, 77)

Ona görə də ibadətin xüsusi vaxtları var. Bununla yanaşı Allahın bizim ibadətimizə ehtiyacı yoxdur. Əksinə, bütün bu xeyir əməllərə bizim ehtiyacımız var. Məqsəd isə hansımızın daha yaxşı əməl sahibi olmasını ayırd etməkdir.

Dördüncüsü: Axirət dünyasına şəkk edənlər  hər şeyin bu dünyada olduğunu, cənnətin də, cəhənnəmin də bu dünyada olduğunu düşünürlər. Halbuki, bu dünya əməl meydanıdır. Əməlin nəticəsi isə iki yerdən birinə (cənnətə və ya cəhənnəmə) aparacaq. Əgər hər şey bu dünyada olsa, həyat mənasız olar! Onda bu həyatın mənası olmazdı. Əksinə, dinin verdiyi arqument ilə həyat daha mənalı olur. Çünki, ateistin xəyallarındakı aqibətlə görə insan öləndə torpaq olub gedir. Bu baxımdan da məşhur filosoflar deyiblər ki, əgər həyat ölüb getməklə tükənirsə, burada yeni bir həyat başlamırsa, o zaman həyatın, xüsusən də əxlaqın bir mənası qalmır. Bu zaman dünya tam məqsədsiz olur və hər şey sanki, boş boşuna yaranmışdır. Amma, İslami cavaba görə hər şey planlıdır. İnsan dünya ilə birgə «beş mərhələ»keçir. Yazıq ateist isə ancaq bu beş mərhələdən biri barədə düşünür. O ruhlar aləmindən, ana bətnindən keçib dünyaya gəldiyini anlamır, üçüncü mərhələ olan dünyadan sonra isə, qəbir aləminə, oradan da beşinci mərhələ olan axirət aləminə keçid etdiyini bilmir və ya qəbul etmir. Əlbəttə, belə bir insanın həyatı mənasız olar.

Üstəlik də bu beş mərhələni ona görə qeyd etdik ki, bu dünya əməl meydanıdır, axirət isə əməl meydanı deyil qarşılıq görmək (mükafat və ya cəza) meydanıdır. Dünya əməl meydanı olduğu üçün biz burada ibadət etməli və yaxşı işlər görməliyik. Sual verilsə ki, niyə? Cavab: Çünki, bir ateist deyə bilməsin ki, Allah insanları məcburi cənnətə və ya cəhənnəmə niyə salır? Əksinə, Allah bu dünyanı əməl meydanı edib ki, hər kəs layiq olduğu yolu özü seçsin. Ona görə də buyurub:  «Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür.» (Təğabun, 2)

Bizə qəribə suallar yazan insanlar özləri bu yolu seçiblər!Ona görə biz onların hər dəfə Allahı sorğu-sual edirmiş kimi iddialı danışıqlarını normal qəbul edirik! Allahın da Quranda dediyi kimi:  «İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik. Gözləyin! Biz də gözləyirik”.» (Yusuf, 121-122)

Xülasə odur ki, onlar cənnəti bu dünyada axtardıqları üçün, cənnətin başqa yerdə olduğunu  anlamamış və belə qəribə suallar verməyə başlamışlar. İnsanın həyatı təkcə bu dünyadan ibarət deyil. Hər mərhələnin öz məşğuliyyəti var. Dünyada da ibadət və yaxşı işlər görülməlidir. Dünya həyatı da unudulmamalıdır, Allahın əmr etdiyi kimi təmiz həyat yaşayıb nemətlərdən də istifadə etmək lazımdır. Yəni, ibadət edən əsil müsəlman nemətlərdən məhrum olmur, əksinə, mənəvi səadət qazanır.

 

Beşincisi: Lakin, siz desəniz ki, mən bunu başa düşə bilmirəm. Biz deyəcəyik ki, sizin hər şeyi başa düşməyiniz vacib deyil. Çünki, İnsanın həyatda bilmədiyi şeylər çoxdur. Bu isə insanın ağlının hər şeyi dərk etmək istəyinə, lakin, dərk edə bilmədiyinə qayıdır. İnsanın ağılı hər şeyi mütləq idrak edə bilmir. Məsələn; insanın əli müəyyən ölçüdə kiloqram ağırlıq qaldıra bilir, insanın ayağı müəyyən ölçüdə məsafə (km) qət edə bilir. İnsanın gözü müəyyən məsafəni görə bilir. Eləcə də insanın ağılı idrakı müəyyən şeyləri dərk edə bilir. Qeybi məsələləri və bir çox şeyin hikmətini insan bilməyə bilir. Zatən bunu bilmək vacib deyil. Ona görə də insan «maddi elmlərə» əsaslanaraq qeyb aləmini dərk edə bilmir. Çünki, maddi elmlər təcrübəyə əsaslanır, əsasən, gözlə görülən şeyləri əhatə edir. Maddi elmlər qeyb aləminə müdaxilə edə bilmir. Siz havanı görmədiyiniz halda bunu qəbul edirsiniz. Bu onun olmaması anlamına gəlmir. Sizin düşündüyünüz maddi elmlər «necə?» sualına cavab verə bilər. İnsan Maddi elmlərlə necə sualının cavabını tapa bilər. «Nə üçün?» suallarının cavabını isə həmişə tapa bilməz.

Altıncısı: Təkcə ateistlər hələ dünyanın necə yaranması barədə altı fikirdə ixtilaf ediblər. İndi biz onlardan hansının fikrinə etimad edək? Onlar maddi elmlərin, texnikanın bu qədər inkişafına baxmayaraq bircə məsələdə bu qədər ixtilaf edib və bu qədər ixtilaf ətrafında yüzlərlə kitablar yazıblar. Amma, yenə ortaq bir məxrəcə gələ bilməyiblər. Deməli, hər şeydən məsul olan var. Allah yaratmaqdan məsul olandır. O isə nə üçün yaratdığının səbəbini bizə deyir, amma, bizim özümüz də dünən nə yediyimizi unutduğumuz halda durub Allahla razılaşmırıqsa, sizcə bu qəribə məntiq deyilmi?!

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar