Alimlərin “siyasətə qarışmaq olmaz” sözünün mənası nədir?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bir neçə ay öncə ibn Useyminin (rahimahullah) “siyasətdən anlayışı olmayanların siyasət haqda danışmaları” barədə sözlərini tərcümə etmiş, yazılı və səsli paylaşmışdıq. Baxmayaraq ki, şeyx siyasətdən anlayışı olmayanların, əhli olmayanların siyasi söhbətlərə qarışıb öz fəsadlı çıxışları ilə insanları zərərə salmaları, yanlış yönləndirmələrinə diqqətləri cəlb etmişdi. Başqa elm tələbələri də zaman-zaman alimlərin “siyasətə qarışmamaq” barədə müxtəlif fikirlərini paylaşmışlar. Lakin, alimlərin sözlərini yanlış anlayaraq “siz ümumiyyətlə siyasətdən bir kəlmə danışmağı icazəli görmürsünüz” kimi ifadələr və digər yanlış anlaşmalar bunu deyənlərin sadəcə bunu deyənlərin yanlış iddiasıdır.

Alimlər daim deyiblər ki, “hər işin əhli var, hər işin mütəxəssisi var”. Şəkk yoxdur ki, siyasi təhlilçi, siyasi ekspert, siyasət üzrə ixtisaslaşmış şəxslə sıravi emosional siyasi çıxışlar edənlərin siyasi biliyi eyni deyil. Lakin, bu da o anlama gəlmir ki, siyasi biliyi olanlar ölkədə öz biliklərini işlədib xalqın dar günündə hakimiyyət davası etməli və ya insanları çaşqınlığa salmalıdırlar. Necə ki, biz bunu Qarabağ müharibəsinin “humanitar atəşkəs” məsələsində şahidi olduq. Hətta, siyasi “savadlı” görünən bəziləri insanları ruhdan salmağa, Qarabağ savaşının taleyinin həll olunduğu mesajını verib öz eqolarını davam etdirməyə başlamışdılar. Lakin, heç də nəticə o yarımçıq siyasətçilərin arzuladığı kimi olmadı. Bu da onu göstərir ki, siyasətdən danışmaq üçün təkcə məlumatlı olmaq kifayət etmir. Millətimizi ruhdan salan, “humanitar atəşkəslə Qarabağ əldən getdi” deyən adamların çoxusu hər gün siyasi fikirlər danışan adamlar idilər. Lakin, onlar yanıldılar. Bunun əvəzində siyasətdən çox oxumasa da Peyğəmbərin ﷺ – “Hüdeybiyyə sülhü” zamanı əslində qələbə və üstünlük əldə etməsini – misal gətirən dindarlar, elm tələbələri, ilahiyyatçılar daha dolğun fikir verib xalqı təsəlli etdilər. Çünki, hər sülh məğlubiyyət deyil. Otuz il gecə-gündüz siyasətdən danışan bir çox müxalifətçilər bu məqamda bir ilahiyyatçının, elm tələbəsinin millətə verdiyi faydanı verə bilmədilər. Sözüm bunda deyil. Qısa edirəm; Alimlərin siyasət barədə mövqeyi, siyasətdən “əhli olmayan danışmasın” deməklə əslində bəzi fəsadlar qəsd olunur. Yoxsa, xalqın dar günündə hər kəsin hakimin ətrafında birləşməsinin vacib olduğunu da həmin alimlər demişlər. Deməli, siyasi söhbətlərdən nə olar, nə olmaz məsələsini bir neçə nöqtədə qısa şəkildə yekunlaşdırmaq olar. Hansı ki, siyasi elmi olmayanların, həvəskar siyasət izləyiciləri nələri bilməlidirlər, o söhbətlərin fəsadları nələrdir? (Alimlər bu cür sözlərlə əsasən siyasi söhbətlərin fəsadlarını qəsd edirlər). Gəlin, bu fəsadlardan bəzilərini qeyd edək:

1 – Müxtəlif siyasi partiyalara mənsub müsəlmanların bir-birinə düşmən kəsilmələri. Onların hərəsi öz partiyasına görə sevinərlər, necə ki, firqələr öz firqlərinə, dəstələrinə görə sevinirlər. Allahın dini isə bir qıraqda qalar. Uca Allah buyurur: “Hər firqə özündə olana sevinir”. (əl-Muminun, 53).
2 – Bütün günü siyasətdən danışmaq, Allahın zikrini unutmaq, ictimai məsələlərdə həddi aşıb ailəsinin, yaxınlarının haqqını verməmək. Uca Allah buyurur: “Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!” (əl- Kəhf, 28).
3 – Siyasi məsələlərdə ayrı partiyalarda olmasalar belə siyasi cəhətdən ayrı fikirdə olduğu müsəlmanlarla düşmənçilik etmək, beləcə onların səflərinin ayrılması. Dinimiz isə təfriqəni qadağan edir. Uca Allah buyurur:
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Ali İmran, 103).
4 – Dinə görə deyil, siyasi fikirlərə görə düşmənçilik etmək. (Bura vətən xainlərinə, ölkəsinin haqq davasında ölkəsini xarici qüvvələrə satanlar və s. məsələlər daxil deyil) “Vəla vəl-bəra” (dində dost və düşmən etiqadı) məsələsinə aid bəzi problemlər də bura daxil olur.
5 – Vaxtı faydalı keçirmək haqda olan dəlillərə əsasən insanın bilmədiyi bir işin ardınca getməsinin icazəli olmaması; “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır”. (əl-İsra, 36). İnsan bəzən hansısa siyasi mövzuda danışır. Lakin, düz və ya səhv olduğunu bilmədən iddialar edir.
6 – Başqa müsəlman ölkələrindəki siyasətdən uzaq saleh insanların yaxud da fikirlərini dəqiq bilmədikləri şəxslərin təhqiri.
7 – Bir şəxsin günahını başqasının boynuna qoymaq hallarının adiləşməsi,qul haqqına girməyin adi bir şey olması. Uca Allah buyurur: “Heç bir günahkar başqasının günah yükünü daşımaz”. (Fatir, 18).
8 – İnsan hər danışığının yazıldığını bilməli və sözünə, danışığına fikir verməlidir: “Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın”. (Qaf, 18). Ola bilsin ki, insan bilmədiyi sözləri danışıb öz yükünü artırsın.

9 – Fitnələr vaxtı həddən artıq emosional, şöhrətpərəst, uzaqgörənliyi olmayan, hikmətsiz bir çox insanlar sosial şəbəkələrdə əsassız siyasi fikirlər səsləndirir, həqiqətini anlamadıqları məsələlərdən danışır, yersiz siyasi əməllər edirlər. Siyasi şıltaqlığı, çılğınlığı həddən ziyadə olan bəzi gənclər bəzən siyasi durumu gərginləşdirən, xalqın mənafeyinə zidd hərəkətləri ilə seçilirlər. Peyğəmbərlər də daim elmsiz insanları öyrədər, elmsizcəsinə, cahilcəsinə edilmiş əməllərin şərindən çəkinər və çəkindirərdi. Musa peyğəmbər də öz qövmündən olan səfehlərin hərəkətlərinə görə ümumi bəla gəlməməsi üçün Allaha yalvarardı. (Bax, Əraf, 155).

10 – “Azadlıq” şüarlarının çoxaldığı bir vaxtda müxtəlif siyasi cərəyanların sağlam insan fitrətinə, ağıla və əxlaqa zidd ictimai çağırışları etməsinin asanlaşması; Bu cür siyasi çağırışlar cəmiyyətin əxlaqını korlayır. Məsələn; liberalizm cəmiyyətlərin əxlaqını, saf təməllərini dağıdıb abır-həya anlayışını dəyişməyi, cinsi azlıqları dəstəkləməyi, cəmiyyətin bir çox mühüm anlayışlarını qərbləşdirib millətləri öz siyasi görüşünə uyğunlaşdıran bütün müxalif fikirləri dəstəkləyir. Bu və digər zərərli siyasi cərəyanların daşıyıcılarının rahat siyasi məsələlərdən danışması, onlara meydanın açılması cəməyyəti məhvə sürükləyir.

“Siyasətə qarışmamaq” məsələsini düzgün anlamaq lazımdır. Bura ictimai mövzuları, iqtisadi mövzuları, dünyəvi bir çox məsələləri arxa plana keçirmək qəsd olunmur, ya da bunu belə anlamaq, belə yanaşmaq doğru deyil. Bu məsələdə alimlərin gözəl bir sözü var: “Böyük məsələlərdən böyüklər danışar”. Çünki, hər bir işin əhli gördüyü işin nəticələrini daha yaxşı düşünməyi, nəticələrin daha çox fərqinə vara bilir. Bir işin incəliyini bilməyənin o məsələdə xəta etmək ehtimalı çoxalır. Siyasətin çirkin oyunları, çirkin tərəflərinin də olduğunu da bilmək lazımdır. Xülasə alimlərin “siyasətlə öz əhli məşğul olmalıdır” kimi sözlərini yanlış anlayan, buna görə sünnə əhlini ittiham etməyə çalışanlar diqqətli olsunlar. Alimlərin sözlərindəki mənanı onların qəsd etmədikləri mənalara yozmasınlar! Alimlər öz aralarında gərəkdiyi zaman siyasi mövzuları da müzakirə etmişlər. Lakin, siyasi söhbətlərin yuxarıda qeyd olunan və qeyd etməyi bəlkə də unutduğumuz fəsadları haqda düşünüb düzgün nəticə çıxarmaq lazımdır. Alimlər birinci bizim dinimizin salamat olmasını qəsd edib danışırlar. Çünki, insanın dini salmat olmazsa, onun fəsada düşməsi sürətlənər. Allah bizə Quranda keçmiş ümmətlərdən xəbər verir ki, tarixdən ibrət alaq. Xülasə dinimiz tarix öyrənməyi də qadağan etmir.
Xülasə alimlər deyirlər ki, hərə öz işi ilə məşğul olsa yaxşıdır. Bir də siyasətdən savadsız danışanarın verdikləri fəsadları qeyd edirlər. Beləcə alimlərin bu cür sözlərini yanlış yerə yozmağa bir ehtiyac qalmır. Əlhəmdulilləh!

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar