Nə üçün qumar oynamaq olmaz?!

Hər bir oyun və ya yarış ki, orada qalib gələn tərəfin (oyunçu, yarışçı və ya malı girov qoyulan şəxs) məğlub tərəfdən pul, mal-mülk alması şərt qoyulursa, bu əməl qumar hesab olunur.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Qumar nədir?

Hər bir oyun və ya yarış ki, orada qalib gələn tərəfin (oyunçu, yarışçı və ya malı girov qoyulan şəxs) məğlub tərəfdən pul, mal-mülk alması şərt qoyulursa, bu əməl qumar hesab olunur. Qumar boyunca davam edən hal isə hər bir iştirakçının qeyrisindən pul qazanmaq istəməsi və ya onun məğlub olub başqasının pul qazanmaq istəyi üzərindədir.

Qumar niyə haram edilmişdir?

Qumar oynamaq Allah tərəfindən insanlara haram edilmişdir. Qumarın haram bir əməl olduğunu bəyan edən ayə budur:

«Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?» (əl-Maidə, 90-91).

Bundan öncəki hökm isə insanları bu haramı tərk etməyə hazırlaşdırmaq üzərə idi. Allah buyurmuşdur:

«Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma, günahları mənfəətlərindən daha böyükdür”.» (əl-Bəqara, 219)

Qumarın haram edilməsinin bəzi hikmətləri:

Qumar insanı halal qazanc əldə etməkdən yayındırıb asan və təsadüfi gəlir yollarına, boş xəyallara yönəldir ki, bu da qumara aludə olan insanları cəmiyyətə faydalı olmaq, halal yolla, alın təri ilə çalışmaq, faydalı ruzi səbəbləri axtarmaq və faydalı peşələrə yönəlməkdən yayındırır. Bu qadağanın əsas hikməti bu ayədə qeyd olunmuşdur:

«Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?» (əl-Maidə, 91)

Həmçinin, Qumarın haram edilməsi onun bir çox fəsadlarıyla da əlaqədardır:

Bu məlum fəsadlardan:

1 — Qumardan əldə olunan qazanc birdəfəlik gəldiyi kimi birdəfəlik də gedir və ya onun bərəkəti olmur.

2 — Qumar evlərin (ailələrin) dağılmasına, mal-mülkün haram yollara xərclənməsinə, varlı ailələrin kasıblaşmasına, müflisləşməsinə, o cümlədən də, hörmətli şəxslərin zəlil olmasına səbəb olur.

3 — Qumar oynamaq oyunçular arasında malın haram yolla yeyilməsi, malın, pulun haqsızcasına ələ keçirilməsi nəticəsində düşmənçilik, kin və küdurət toxumları səpir.

4 — Qumar Allahı zikr etməyə, Allahı xatırlamağa və namaza maneəçilik törədir, oyunçuları ən pis əxlaq və adətlərə yönəldir.

5 — Qumar, vaxtı və əziyyəti hədər edən, tənbəllik və yorğunluğa öyrəşdirən, insanları çalışqanlıq və səmərəli fəaliyyətdən uzaqlaşdıran pis bir adətdir.

6 — Qumar oynamaq oyunçunu cinayətə belə sövq edir. Çünki, müflis olan tərəf hansı yolla olursa-olsun, (oğurluq, qəsbkarlıq, rüşvət və s.) pul əldə etmək istəyir.

7 — Qumar insanlarda narahatçılığa və stressə, xəstəlik və əsəb gərginliyinə səbəb olur. Çox zaman isə aludəçisini dəliliyə, intihara və ya sağalmaz xəstəliyə düçar edir.

8 — Qumar oynanılan yerdə bir çox münkər əməllərə yol verilir ki, bu da şəriətin haram etdiyi məsələlərdəndir.

Qumarın növləri:

1 — Hər bir oyun ki, bu oyunda qalib kimsə məğlub olan kimsəyə müəyyən miqdarda pul ödəməyi şərt qoyur; məsələn, hər iki tərəf oyun başlamazdan əvvəl müəyyən məbləğdə pul qoyur, sonra isə qalib gələn kimsə pulların hamısını özünə götürür.

2 — Hansısa oyun komandasına və ya oyunçuya görə qoyulan pullar; bu zaman hər kəs öz komandasına və ya öz oyunçusuna görə pul qoyur, kimin komandası və ya oyunçusu qalib gələrsə,həmin şəxs küllü miqdarda və ya qoyduğu məbləğdən artıq pulu özünə götürər ki, bu da qumar hesab olunur.

3 — Müəyyən bir məbləğdə pul ödənilir ki, sənə bir şey qazanmaq və ya hədiyyə qazanmaq şansı verilsin. Əgər şərtə əsasən qazana bilsən, sənə hədiyyə verilir, yox əgər qazanmasan, ödədiyin pul qarşı tərəfin əlinə keçir.

4 — Lotoreya oyunları — hansı ki, dünyada əsasən TV-lərdə keçirilir. Məsələn, hər kəs iki manatlıq lotoreya biletlərini alır, sonda rəqəmləri daha tez dolduran kimsələr müxtəlif məbləğlərdə pul qazanmış olurlar ki, bu da qumardır.

Bir mühüm qeyd də edək ki, lotoreyanın el arasında ən məşhur bir forması var ki, bu qumar hesab olunmur. O da; məsələn, beş nəfər öz arasında pul qoyur, pul yığırlar. Onlardan hər biri ayın müəyyən bir günü və ya hər həftə biri eyni məbləğdə pul qoyur və bu pul yığılır. Hər kəs öz növbəsinə gəldikdə ancaq öz qoyduğu pulu götürür və nə artıq, nə də az pul götürmür, yəni, ancaq öz qoyduğu pulu götürür. Bu halda həmin şəxs özü normal halda pul yığa bilmədiyi üçün bu yolla öz pulunu xərcləmədən yığmaqdan faydalanır ki, bu qumar hesab olunmur. Çünki, o haqsız yerə pul qazanmır, sadəcə öz qoyduğu pulu götürür.

5 — Bütün virtual oyunlar vasitəsi ilə hər iki tərəfdən də müəyyən bir məbləğ yığılaraq sonda qalibin qazandığı hədiyyələr və ya pullar qumardandır. Məsələn, kimsə bir elektron (internet) oyununda iştirak etmək üçün pul ödəyib bilet alır, əgər qalib gələrsə, hədiyyə və ya böyük bir mükafat əldə edir ki, bu da qumarın bir növü hesab olunur.

6 — Kazinolarda və barlarda oynanılan və mənasını izah etdiyimiz müxtəlif qumar oyunları da qumardandır. İstər adını qeyd etdiyimiz olsun, istər də olmasın, qeyd etdiyimiz mənaya daxil olan oyunlar və asan qazanc yollarının hamısı qumardandır.

Allahdan istəyirəm ki, hər birimizi halal ruzisi ilə ruziləndirsin, bizə halal ruzinin yollarını asanlaşdırsın və xalqımızı bu kimi haram əməllərdən qorusun!

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    27.04. 2024
    NamazVaxt
    Sübh03:59
    Günəş05:45
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:32
    İşa21:02
    Namaza yeni başlayıram

Son əlavə olunanlar