İslamın gözəllikləri

«Özündən başqa ilah olmayan Allaha and olsun ki, əgər İslamın gözəllikləri qeyri-müsəlmanlara lazımi şəkildə çatdırılsaydı, onlar İslamı qəbul etməkçün dəstə-dəstə axın edərdilər.» (İbn Baz rahiməhullah)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Möhtərəm müsəlmanlar! Bu dəfəki məqaləmiz İslamın gözəlikləri barəsindədir. Həqiqətən də artıq elə bir zamanda yaşayırıq ki, müsəlmanlara müasir dövrdə olan şübhələr vasitəsi ilə təzyiqlər edilir və müsəlmanlar gözdən salınmağa çalışılır. Bizdən hər birimizin dinimizi ixlasla yaxşı şəkildə öyrənməsinin faydalarından biri də din düşmənlərinə layiqli və elmli cavabların verilməsidir. Xüsusən də bir müsəlman İslamın gözəlliklərini yaxşı bilməyə çalışmalıdır. O gözəlliklər ki, müsəlmanın özü də həmin gözəliklərin içərisindədir və bunu həyatında yaşayır. İnsan İslama mücərrəd olaraq əməl etməklə kifayətlənməli deyil, bacardığı qədər elm də öyrənməli, etdiyi əməllərin dünya və axirətdə böyük xeyirlərinin olacağını bilməlidir. İslami hökmlərin, əmr və qadağaların, ibadətlərin və s. hikmətini bir müsəlman bəzən bilməsə də – halbuki, bunlardan bəziləri bilinməyə bilər – lakin, bu xeyir əməllərin bərəkətini öz həyatında hiss edə bilər. Çünki, müsəlman etiqad edir ki, Allahın bütün əmr və qadağaları yalnız onun xeyrinədir. Bu əməllərdəki hikmətlər bəzən aydın ola bilir, bəzən isə çox insanlara və ya bütün insanlara gizli qala bilir.

İslam dini ən üstün, ən kamil din olmaqla yanaşı özündə adillik, hikmət, rəhmət, islah və kamilliyə aid bir çox xüsusiyyətləri əks etdirir.

Xülasə, müsəlman bacardığı qədər başqa insanlara da bu islamın gözəlliklərini çatdırmağı bacarmalı, bildiklərini öyrətməyə çalışmalıdır.

Şeyx Əbdür-Rəhman əs-Sədi (Allah ona rəhmət etsin) “İslamın gözəllikləri” kitabında bu gözəllikləri sadalamağın faydalarını qeyd edərkən belə deyir:

«İslam dininə ən böyük dəvətlərdən biri də hər bir sağlam ağıl və fitrət sahibinin qəbul etdiyi İslamın ehtiva etdiyi gözəlliklərdir. Əgər bu dinin həqiqətlərini insanlara izah edən şəxslər bu dəvəti edərlərsə, bu dinin məsləhətlərini, xeyirlərini insanlara bəyan edərlərsə, bu, insanları İslama cəlb etməyə tam şəkildə kifayət edərdi; Onlar görərdilər ki, bu din dini və dünyəvi məsləhətlərə, xeyirlərə necə də uyğundur…».

Eyni səhifədə yenə deyir: «İslam dini özü özlüyündə ona zidd olan bütün şübhələri dəf edir. Çünki, bu din açıq-aydın bəyan və yəqinliyə aparan dəlillərlə əlaqəli olan haqq dindir. Əgər bu dinin bəzi həqiqətləri insanlara çatdırılarsa, bu, İslamın qəbul olunmasına və başqa dinlərdən üstün olmasına ən böyük dəvət olardı». (əd-Durrətul-Muxtasarah fi Məhəsinid-Din əl-İsləmi, Əbdür-Rəhman əs-Sədi, səh 8)

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

«Özündən başqa ilah olmayan Allaha and olsun ki, əgər İslamın gözəllikləri qeyri-müsəlmanlara lazımi şəkildə çatdırılsaydı, onlar İslamı qəbul etməkçün dəstə-dəstə axın edərdilər.»

(Mənbə: İzəatu nidə’il-İsləm, səsyazısı).

Əgər biz islam dinindən, imandan, ləzzət alırıqsa, necə ki, Peyğəmbərimiz (sallallahu aləyhi və səlləm) imanın şirinliyi haqqında hədislərdə bu barədə xəbər vermişdir, eləcə də biz imanın şirinliyini başqa insanlara, ibadət əhli olmayan insanlara da çatdırmağı bacarmalıyıq.

Gəlin İslamın gözəlliklərindən bəzilərini sadalayaq:

Birincisi: İslam dini insanın dinini, canını, malını, namusunu, ağlını, nəslini və s. bunları qoruyur; sual versək ki, necə qoruyur?

1. Dini qorumaq əsas məsələdir; İnsanın dini getsə, hər şeyi getmişdir. Ona görə dinin qorunması çox mühümdür. Dinə əməl etmək, din yolunda çalışmaq, dinə dəvət etmək, din ilə hökm vermək və ona müxalif olan məsələlərin inkarı dinin qorunmasındandır. Din isə sağlam ağılın qəbul etdiyi, şərəfli əxlaqlara zidd olmayan, Allahın əmrinə zidd olmayan adət və qanunlara qarşı deyil, əksinə, bunları təsdiqləyir. İslam dini batil dinləri inkar edir, Allah qatında yeganə məqbul dinin İslam olduğunu bəyan edir. Dinin qorunması dedikdə İslam dini qəsd olunur. Dinin qorunmasının İslam dini tərəfindən tələb edilməsi, Allahsızlığa, küfrə qarşı İslamın mübarizə aparması insanları öz Xaliqinə, onun tövhidinə yönəltmək və yalnız ona qul olaraq həqiqi Yaradanı tanıyaraq ona ibadət etmək və ona nankor olmamaq üçündür. Bununla da İslam dini insanları Axirət həyatına diqqət göstərməyə yönəldir. Eyni zamanda dini qoruduğu kimi, insanın dünyasından da məhrum etmir. Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”». (Qasas, 77)

Həmçinin, Uca Allah qullarına batil dinlərdən doğru dinə yönəlməyi və birbaşa Allaha ibadət edib şirkdən çəkinməyi buyurur:

«Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma» (Yunus, 105).

Başqa ayədə isə Uca Allah belə buyurur:

«Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir». (Ali İmran, 19).

2. İslam insanın canını qoruyur; Allahu Təalə Qurani-Kərimdə haqsız cana qıymaqdan danışaraq insanları haqsız yerə qətl etməyi qadağan etmişdir. Allahu Təalə buyurur:

«Özünüz öz əllərinizlə özünüzü təhlükəyə atmayın» (əl-Bəqərə, 195).

Başqa ayədə buyurur: «bir-birinizi məhv etməyin». (Nisə, 29).

Həmçinin, Uca Allah belə buyurur:

«…kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar.» (Əl-Maidə, 32).

İslam özünə qəsd etməyi qadağan edir. İslam dini intiharı qadağan edir. Amma, Allahsız yaşayan insan sıxıntıya düşən kimi qəribə yollara əl atır. Müsəlman bilir ki, bu günahdır və belə şeylərdən uzaq olur. Həqiqətən də bu İslamın gözəlliklərindəndir. Allahu Təalə müsəlmanları özlərini təhlükəyə atmaqdan, özlərini öldürməkdən çəkindirir. İslam dini sənə toxunmayan, istər sənin ölkəndə sülh içində yaşayan, istər də öz dinsiz ölkəsinində yaşayan dinsiz insanlara – döyüş kimi hallar olmadan – sülh dövründə toxunmağı qadağan edir. Yalnız döyüş meydanında bu toxunulmazlıq aradan qalxır. Kim sülh vaxtı ölkəsindəki hansısa kafiri öldürərsə, o insan böyük günahlardan birini etmiş olar.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur ki:

«Kim bir müahid kafiri öldürərsə, o kimsə cənnətin qoxusunu duymaz. o cənnət ki, onun qoxusu qırx illik bir məsafədən gəlir». (Buxari rəvayət edib)

Bu «muəhid» kimsə müsəlman diyarında yaşayan kafirlərdir ki, onlarla müsəlmanlar arasında müqavilə var ki, nə onlarla döyüşəcəklər, nə də onlara bir zərər verəcəklər. Bir sözlə toxunulmazlıq hüquqları var. Görün İslam dini necə əzəmətli dindir ki, öz dinində olmayana aman verildiyi halda onu öldürən kimsəni cənnətdən məhrum edir. Bu hədisləri bilmək lazımdır.

İslam dini müsəlman olmayan bir kimsənin haqqını qoruyursa, görün indi İslam dini müsəlmanın haqqını necə qoruyur?

3. Müsəlmanın malını qoruyur; Peyğəmbərimiz (sallallahu aləyhi və səlləm) bir hədisdə buyurmuşdur ki:

«Bir müsəlmanın başqa müsəlmana qanı, malı və namusu haramdır». (Muslim, 2564)

Haqsız yerə müsəlman başqa bir müsəlmanın malına qəsbkarlıq edə bilməz. Bu qadağa da İslam dininin gözəlliklərindəndir. Həmçinin, sülh içində yaşadığı insanların da malına qarşı oğurluğu və qəsbkarlığı İslam dini qadağan edir.

4. İnsanın namusunu, qeyrətini qoruyur; İslam dini dinlərin içində ən qeyrətli dindir. İnsanı qeyrətli olmağa çağırır, başqalarına dil uzatmağı, başqalarının namusuna, irzinə toxunmağı, haqsızlıq etməyi şiddətli şəkildə qınayan bir dindir. Bu da İslam dinin gözəlliklərindəndir.

5. Həmçinin, islam dini insanın ağlını qoruyur; İslam dini ağılı başdan alan hər şeyi qadağan etmişdir. Qurani Kərimdə də ağılı başdan alan şeylər haram edilmişdir. Allahu Təalə əl-Maidə surəsində ağılı başdan alan şeyləri «xamr» adlandırmışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir hədisində buyurmuşdur ki: «Ağılı başdan alan (sərxoş edici) hər şey haramdır». (Muslim). Buna isə istər içki, istər narkotik maddələr, istər də başqa uyuşdurucu maddələr daxildir. Bu şeyləri qadağan etmək İslam dininin gözəlliklərindəndir.

6. İslam dini insanın əsil-nəcabətini qoruyur; Məlum olduğu kimi İslam dini bir çox haramları qadağan etmişdir; zina və s. bu da insanın nəslinin qorunması üçündür. Zina yayılan bir yerdə zinadan törəyən uşaqlar çoxalır, nəticədə öz valideynlərini tanımırlar. Buna el arasında “vələdzina” deyilir. İslam dini zinanı haram etməklə yanaşı evliliyi halal etmiş, insanları evliliyə rəğbətləndirmişdir. Ona görə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Sizdən evliliyə gücü çatan insan qoy evlənsin, gücü çatmayan isə oruc tutsun». (Buxari, Muslim)

Bu qeyd edilən altı məsələ İslam dininin xüsusi qoruduğu məsələlərdir.

İkincisi; İslam dini bütün gözəl əxlaqları əmr edir və bütün pis əxlaqları qadağan edir.

İslam dini valideynlərə yaxşılıq etməyi əmr edir;

Allahu Təalə buyurur: «Valideynlərə yaxşılıq edin». (Ənam, 151).

Allah valideynə yaxşılıq etməyi əmr etmiş, hətta, valideyn kafir olsa belə onun valideynlik haqqının qorunmasını vacib etmişdir. Övlad hətta bu cür valideynlə də yaxşı davranmalı, ona baxmalı, onu qorumalı ve onu yardımsız buraxmamalıdır. Həmçinin, valideynə yaxşılıq elə mühüm bir məqamdadır ki, Allahu Təalə Qurani Kərimdə: «Allaha şərik qoşmayın» dedikdən sonra valideynə yaxşılığı əmr edir (əl-Bəqərə, 83).

Quhum-əqrəbaya yaxşı davranmağı buyurur:
Allah Elçisi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

«Kim ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, qoy valideynlərinə yaxşılıq etsin və qohumluq əlaqəsini qorusun». (Albani, səhih tərğib 2488).

İslam dini qonşunun haqqını qoruyur; Peygəmbər (sallallahu aləyhi və səlləm) buyurmuşdur: «Vallahi iman gətmirməmişdir, vallahi iman gətirməmişdir, vallahi iman gətirməmişdir! Deyirlər: Kim ey Allahın Elçisi? Deyir: O kəs ki, qonşusu onun pisliyindən arxayın deyil».

Yəni: qonşusu qorxur ki, nə vaxtsa ona qarşı pis əməl edər, xəyanət edər və ya bir şəri, pisliyi toxunar, arxayın olmaz belə bir qonşudan, ona etibar etməz, şərindən həzər edər. Şəkk yoxdur ki, belə bir qonşu xeyirli qonşu ola bilməz.

İslam dini həm də qonşunun haqqını qoruyan ən əzəmətli dindir. Peyğəmbər (Sallallahu aləyhi və səlləm) bir hədisində deyir: «Cəbrayıl hər dəfə yanıma gələndə mənə qonşunu o qədər tövsiyə edirdi ki, hətta, qonşunun mirasdan pay sahibi olacağını zənn etdim» (Sahihul-Cami, 5126). Bu da İslam dininin gözəlliklərindəndir.

İslam dini qardaşlığı, birliyi əmr etmiş və parçalanmaqdan çəkindirmişdir; Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Ey Allahın qulları qardaş olun» (Muslim).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmçinin, bir əzəmətli vəsiyətində buyurmuşdur:

«Məndən sonra kim yaşayacaqsa, o çoxlu ixtilaflar görəcəkdir. Sizə belə bir zaman gəldikdə mənim sünnəmə və məndən sonra gələcək raşidi xəlifələrin sünnəsinə (yoluna) sarılmağı tövsiyə edirəm». (Səhih Əbu Davud, 4607).

Doğruluq, dürüstlük, sadiqlik; Artıq qeyd olundu ki, İslam dini ən gözəl əxlaqları əmr etmişdir. Bunlardan biri də sadiq olmaq, doğru danışmaqdır; İslam dinində doğru danışan bir kimsə insanların razılığını qəsd etmir, əksinə, o Allahın razılığını qəsd edir.

Allahu Təalə buyurmuşdur: «Ey iman gətirənlər! Allahdan qorxun və doğru danışanlarla bərabər olun» (Tövbə, 119)

Peyğəmbər (sallallahu aləyhi və Səlləm) buyurmuşdur ki: «Sənə əmanət verildiyi zaman onu qoru, sənə xəyanət edənə xəyanət etmə». (Sahih ət-Tirmizi, 1264).

Bu da İslam dininin gözləlliklərindəndir; Biz görə bilərik ki, Allaha inanmayan və ya imanı zəif olan insan ona qarşı pislik etdikdə dərhal öz intiqamını almaq istəyir. Lakin, müsəlman kimsə hər pislik edəndən intiqam almalı deyil, əfv etmək gərəksə, əfv etməli, cəzalandırmaq gərəksə, adil olmalı, xəyanət edənə isə xəyanətlə cavab verməli deyil. İslam dini bizi daha uca əməllərə yönəldir. Bu səbəbdən peyğəmbər (sallallahu aləyhi və səlləm) buyurmuşdur: «Sənə xəyanət edənə xəyanət etmə».

İslam dini heyvanların da haqqını qorumuşdur; onlara zülm etməməyi, onlara əziyyət verməməyi tövsiyə etmişdir. Ona görə də bir çox rəvayətlərdə gəlir ki, susuzluqdan yanan itə su verən bir insanı Allahu Təalə bağışlanmış, onu mükafatlandıraraq cənnətinə daxil etmişdir. Təbii ki, hər itə su verən də cənnətə daxil olmaz.

Həmçinin, heyvanı kəsəndə belə bıçağı göstərmək lazım deyil. Əgər heyvanı kəsəcəksənsə, onu qorxutmadan kəsmək lazımdır. Bunlar İslam dininin rəhmət və gözəlliklərindəndir.

Yaxşılığı əmr edib pisliyi qadağan etmək də İslam dininin gözəlliklərindəndir; Bu xislətə görə müsəlmanlar ən xeyirli ümmət adlandırılmışdırlar. Yəhudilər, xristianlar, və başqa yollar arasında İslam ümməti ən xeyirli ümmətdir. Uca Allah buyurmuşdur:

«Siz insanlar arasında çıxarılmış ən xeyirli ümmətsiniz. Siz insanlara yaxşılığı əmr edir, pislikdən çəkindirirsiz və Allaha iman gətirirsiniz» (Ali İmran, 110).

Müsəlmanlar yaxşılığı əmr etmək və pisliyi qadağan etməklə ən xeyirli ümmət olmuşlar. Görəsən, biz bu xüsusiyyətləri özümüzdə cəm edə bilirikmi? Qurani-Kərim ayələrindən və hədislərdəki peyğəmbər (sallallahu aləyhi və səlləm) nəsihətlərindən, moizələrindən ibrət ala bilirikmi?

İslam dini zülmü qadağan edir və ədaləti əmr edir:

Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız». (ən-Nəhl, 90).

«Danışdığınız zaman ədalətli söz danışın» (əl-Ənam, 152)

«Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır». (Əl-Maidə, 8).

«Allah zalımları sevmir». (Ali İmran, 7).

«Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir». (Şura, 48).

• Həmçinin, yazıda gözəl əxlaqlardan qeyd etmədiyimiz bir çox gözəl əxlaqların və xislətlərin – təvazökarlıq, insanlara, cana yaxın biri olmaq, ehtiyacları ödəmək, darda olana yardım etmək, səbrli, təmkinli olmaq, səxavətli olmaq, yumşaq ürəkli, həyalı, rəhmli və şəfqətli olmaq, insanların səhvlərindən keçməyi bacarmaq, şücaətli olmaq, çalışqan və əzmkar olmaq, ehtiyac qədər danışmaq, qeyrətli, sir saxlayan, qənaətcil olmaq və s. – hər birini İslam dini əmr edir və bu gözəl xüsusiyyətlərə rəğbətləndirir.

Üçüncüsü: İslamdakı hədd cəzalarının cəmiyyətə faydaları; Bəzi İslam düşmənləri islamı ləkələmək üçün İslamdakı hədd cəzalarına dırnaqarası yanaşırlar. Lakin, onlar bu cəzaların hikmətindən danışmağa qorxurlar. Niyə qorxurlar? Çünki, insanlar bu hikmətləri bilsələr, axın-axın İslama gələcəklər. Bu üzdən də avropada və qərb aləmində İslamofobiya tərəfdarları (İslamofobiya: bu bir termindir ki, axır iyirmi ildə məşhurlaşmışdır. İslamofobiya: yəni: islamdan qorxutmaq) artıq dünyanın hər yerində insanları İslamdan qorxutmağa çalışır, müsəlmanları isə qatı, sivilizasiyadan kənarda qalmış və elmdən yoxsun xalqlar kimi qələmə verməyə çalışırlar. Halbuki, müasir dövrdə neçə-neçə islam alimləri vardır ki, onlar dünyəvi elm sahəsində böyük işlər görmüş, böyük ixtiralar, kəşflər etmiş, bununla da ümmətin başını uca etmişlər. Lakin, təəsüflər olsun ki, o cür insanları bizə təqdim etmirlər və əmin olun ki, o cür insanlar çoxdur, lakin, biz onları tanımırıq. Gəlin bu keçiddə onlardan bəziləri ilə tanış olaq:https://youtu.be/i8iJhZBYSts

Qərb aləmi əsasən müsəlmanları pisləməklə qorxulu göstərmək üçün İslamdakı cəzaları dırnaqarası göstərməyə çalışırlar. Məsələn; oğurunun əlinin kəsilməsi mövzusu; Bu cəza barədə alimlər deyirlər ki: Hər oğrunun əli kəsilmir və həmçinin bu, müəyyən qiymətdə dörddə bir qızıl dinar məbləği edir ki, bu da bizim pulla təqribən 80 manat pula bərabər gəlir. Bir qutu yumurta, yarım kq meyvə oğurlayanın, bir çörək oğurlayanın və s. ucuz bir şeyi oğurlayanın əli kəsilmir, bu mində bir, yüzdə bir insana tətbiq edilir ki, insanlar bu əməldən çəkinsinlər. Beləcə bu cəzanın xofundan minlərlə oğurluqların qarşısı alınır.

Həqiqətən də bu cəzalardan çəkinərək ən az oğurluq halı müsəlman ölkələrində olur. İnkişaf etmiş ölkələrdə oğurluqların həcmi də böyük olur. Bank oğurluqları, iri mərkəzlərə silahlı basqınlar, böyük soyğunlar, mafiya basqınları və s. kimi.

Ağıllı insan oğurluğun necə çirkin bir əməl olmasını, başqasının əziyyətlə qazandığı malı-mülkü mənimsəməyin insan haqlarının kobudcasına pozulması olmasını yaxşı dərk edir. Ona görə də oğurluğu özünə peşə, gəlir yeri edən vicdanını, ləyaqətini, insanlığını itirmiş şəxslərdən əl kəsilmə cəzası almış oğrulara qarşı bu cəzanı daha çox zərərçəkmiş kimsələr təqdirəlayiq hesab edir və İslam dininin zərərçəkmiş insanların hislərini necə qoruduğunun şahidi olurlar. Əfv və zərərin ödənilməsi qarşılığında bu cəza bəzən tətbiq olunmaya bilər.

İslam dini gözəl dinidir. Bu din nəinki insana, eləcə də ailəyə, hətta, bir cəmiyyətə, bir ölkəyə, hətta, ölkələrə xeyir verir.

Zinakar insanlardan evli və subay arasında fərq qoyulması, şallaq və daşqalaq cəzalarında bunun nəzərə alınması da İslamın ədalətindəndir. Bu cür çirkin zina əməllərinə qarşı şiddətli cəzanın olması da cəmiyyətdə əxlaqsızlığın qarşısını alır, nəinki onun kütləviləşməsinə qarşı əlac olur, əksinə, cəmiyyətlərdə zinakarlığı hədsiz səviyyədə azaldır.

Qərb cəmiyyətində amansız qətllər törədənlərə, vəhşilik, vandallıq və insanlıqdan uzaq olan ən amansız cinayətləri törədənlərə belə həbs cəzası verildiyi halda çox vaxt insanlar bu cəza ilə rahatlayırlar, qatil bəzən həbsxanadadan çıxdıqda başqa şəxslərə qarşı yenə öz cinayətlərinini davam etdirir. Lakin, İslam dini ən amansız qatilləri, vəhşiliklə qətl törədənləri edam etməklə vətəndaşların intiqamını almaqda, cinayətkara layiqli cəzanı verməklə ruhlardakı soyumayan qəzəbi söndürür. Ona görə də Quranda qisas cəzasında həyat olduğu bildirilmişdir: «Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır, ey ağıl sahibləri! Bəlkə Allahdan qorxasınız». (əl-Bəqərə, 179)

Təbii ki, qəsdən törədilməyən, ehtiyatsızlıqdan törədilən cinayətlərdə də təfsilatları və İslam dininin güzəştlərinini gördükdə insan bu dinin necə ədalətli, insani dəyərlərə sahib olduğunun şahidi olur.

Həbs olunan neçə-neçə cinayətkarlar vardır ki, oğrudursa, hər dəfə azad həyata qayıtdıqda yenə oğurluq və ya quldurluq edir, bəzən adam öldürür, insanlara dəhşət yaşadır. Oğru layiqli cəzasını alsa, bu hallar təkrarlanmazdı. Həmin layiqli cəzanı isə İslam dini təklif edir. Həbs olunmuş neçə-neçə qatillər vardır ki, hər azadlığa çıxdıqda bir və ya bir neçə insanı qətl edirlər. O cür canilər layiqli cəzalarını alsalar cəmiyyətlər daha əmin-amanlıqda olarlar. Uşaq təcavüzü edib uşaqları qətl edən şəxsi qərb dünyası həbs edərkən İslam dünyası o cür insanlığını itirmiş qatilləri edam edir! Gəlin, insafla cavab verək! Görəsən, bir uşağı təcavüz edib sonra qətlə yetirən şəxsin ən layiqli cəzasını İslam cəmiyyəti verir? Yoxsa, qərb cəmiyyəti?!

Dördüncüsü: İbadətlərdəki gözəlliklər:

1 – Namaz: İslamın beş dayağından biri namazdır. Bundan əvvəl isə Allahın tək ibadətə layiq məbud (ibadət olunan) olduğunu qəbul etmək, Ondan başqa ibadət olunanları inkar etmək lazımdır. Bu da kəlimeyi-şəhadəti: «Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu» – deməkdir. Namaz qılmaqla insan daxilən paklaşır. Hələ namaza başlamamışdan insan dəstəmaz alır, təmizlənir, paklanır. Bu isə insan həyatında sağlamlıq üçün ən lazımlı amillərdən biri olan gigiyenik, təmiz həyat tərzini təmin edir. Təkcə dəstəmaz almaq deyil, qüsul alma səbəbləri meydana gəldikdə insan həftədə iki üç dəfə qüsul alır, hər cümə günü azı bir dəfə qüsul almalı olur. Hələ şəriətdə vaxtlı vaxtında dırnaqların tutulması, qasıq və qoltuqaltı tüklərin təmizlənməsinin tələb olunması da insanın öz gigiyenasına, təmizliyinə diqqət yetirərək baxımlı olmasına səbəb olur. Adi ayaqyolunda su ilə yuyunma, təmizlənmə mədəniyyəti hələ Avropada yox ikən, müsəlmanlar əsrlərdir su ilə təmizlənmişlər. Koronavirus pandemiyası yarandıqda Avropada salfet qıtlığı yarandığından onlar da müsəlmanların mədəniyyətində olan su ilə təmizlənmək metodundan istifadə etməyə başlamışlar. Hələ ayaqyolunda Avropalılardan fərqli olaraq müsəlmanların oturaraq öz ehtiyaclarını ödəməsinəki həm gigiyenik, həm də tibbi faydalardan danışmırıq. İndi isə keçək namaza.

Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

«Əgər sizdən birinin qapısı yanından çay axarsa və o insan gündə beş dəfə o çayda çimərsə, onun bədənində bir çirk (kir) qalarmı?
(Səhabələr) Dedilər: Xeyr, onda bir çirk (kir) qalmaz.
(Peyğəmbər) buyurdu: Beş vaxt namaz da belədir. Allah onunla günahları silər.» (Buxari, Muslim)

Uca Allah Qurani-Kərimdə namaz haqqında buyurmuşdur:

«Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir» (Ankəbut, 45)

Həqiqi namaz insanı pis əməllərdən çəkindirməlidir. Ona görə də pis vərdişləri tərgitmək istəyən insanlara şiddətlə namaz qılmaq tövsiyə olunur. Lakin, onu da bilmək lazımdır ki, bu zaman niyyət sırf Allahın rızası olmalıdır.

Namazda gündəlik beş dəfə dünya işlərindən ayrılıb axirətə yönəlmək vardır ki, insan bununla dünyanın səs-küyündən, iş-gücün yorğunlunluğundan sükunətə, hüzura nail olur, qəlbini, ruhunu dinləndirir. Baxmayaraq ki, onun qəsdi bu olmur. Onun qəsdi Vahid Allaha ibadət olsa da, bu hüzur və qəlb rahatlığı onun qəlbinə bir nemət kimi verilir.

Namazın ruhu sağlamlığa faydası olduğu kimi fiziki sağlamlığa da böyük faydaları var. Namaz oynaq xəstəliklərindən qoruyur, müsəlman 5 vaxtda 17 rükət namaz qılır, hər rükətdə iki səcdə bir rüku (17×3=51) var ki, bu qan dövranını yaxşılaşdırır. Nafilə namazlardan da təkcə təkid olunmuş sünnələr qılınsa (11×3=33), bu isə gün ərzində fərz və nafilələrin cəmi olaraq 84 dəfə əyilmə prossesi deməkdir. Səcdə vaxtı beyinə qanın çatması yaxşılaşdığı üçün beyin daha yaxşı qidalanır, bu, qan dövranını yaxşılaşdırır, əsəbləri sakitləşdirir. Gündə beş ayrı vaxtda qılınan namaz insanın gün ərzində aktiv olmasına böyük təkan olur. Əyilmə hərəkətləri yeməyin daha yaxşı həzm olunmasına, böyrəklərin hərəkətə gəlib daşların yaranmasına qarşı xeyli faydalı mübarizə rolu oynayır. Gündəlik ritmik hərəkətlər əzələlərin aktivliyinə səbəb olur və hərəkətsizlikdən yaranan damar tıxanıqlıqlarına qarşı faydalı olur. Eyni zamanda namaz bədəndə artıq enerjilərin təbii yolla atılmasına yardımçı olur. Yuxunun tənzimlənməsinə yardımçı olur.

Bütün bu fiziki və mənəvi faydalara baxmayaraq, insan namazı xalis Allah üçün qılmalı, niyyətində Ona ibadət etmək olmalıdır. Bu faydalar isə sadəcə Allahın bir lütfü olaraq hasil olacaqdır. Əsas niyyət doğru olmalıdır.

2 – Ramazan orucu və digər nafilə oruclar: Oruc tutmağa gəldikdə isə müsəlmanlar ildə bir dəfə Allahın əmri olaraq oruc tuturlar. Bundan əlavə günlərdə də hər ayın ortasından üç gün, hər həftənin birinci və dördüncü günləri vacib olmayan, könüllü tutula biləcək oruclar vardır ki, bu günlərdə oruc tutmaq peyğəmbərin sünnəsindən, özünün əməl etdiyi və müsəlmanlara da oruc tutmağı məsləhət bildiyi günlərdəndir. Nafilə oruclar vasitəsilə də insan il boyu oruc tutmağa fasilələrlə davam edərək həm Allahın razılığını qazanır, həm mənəviyyatını saflaşdırır, həm də sağlamlığını qoruyur. Oruc tutmağın bir çox faydaları vardır:

• İnsanı səbrli və təmkinli olmağa alışdırır.
• Varlı insanlar oruc tutmaqla cəmiyyətdəki kasıbların halını daha yaxşı anlayırlar.
• Ramazan ayının sonunda kasıblara fitrə zəkatlarının çıxarılması ictimai birlik və yardımlaşmaya səbəb olur.
• Oruc tutmaqla insan iradəsini gücləndirir; Bir ay ərzində bir çox pis vərdişlərdən qurtulmaq üçün əldə gözəl bir fürsət olur. Çünki, insan oruc tutduğu müddətdə pis əməllərdən uzaq olmalıdır ki, orucu pozulmasın.
• Əgər oruc tutmağın sağlamlığa faydaları barədə yazsaq, məqalə çox uzanacaq və ona görə də sizə bu barədə ən azından elektron axtarış etmənizi tövsiyə edirik.

3 – Zəkat vermək: Həqiqətən də zəkat vermək İslam dinində çox vacib əmrlərdəndir və Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan». (Tövbə, 103).

Zəkat vermək 85 qram qızıl dəyəri miqdarından artıq malı olan insanın il ərzində bir dəfə malının qırxda bir hissəsini ayırıb ehtiyac sahiblərinə verməsidir. Bunun da öz çıxarılma qaydaları vardır.

(Ətraflı şəkildə bu keçiddən oxuya bilərsiniz:http://senxatirlat.com/illik-zekat-kimlere-vacibdir-nece-hesablanir-kimlere-verilir/)

Zəkat səkkiz qism insana verilməlidir ki, Qurani-Kərim bu qism insanları Tövbə surəsi 60-cı ayədə bəyan etmişdir. Onların içində dördüncü qismə daxil olanlardan «qəlbləri İslama isinişdiriləcək» kimsələr də vardır ki, bunlar müsəlmanlar deyil, qeyri-müsəlmanlardır. İslam dini qeyri-müsəlmanlara da pul xərcləməyi tövsiyə edir. Çünki, bu əməldə şəriətin məsləhəti var. Yardım edilən qeyri-müsəlmanın yardım qarşılığı müsəlman olması da şərt qoyulmur. Lakin, əsas məqsəd İslam dininə dəvətdir. Belə insanlardan da ehtiyac sahiblərinin seçilməsi daha məqsədəuyğundur. Bunu ona görə qeyd edirik ki, bəzi İslamı sevməyənlər müsəlmanların qeyri-müsəlmanlara ümumiyyətlə yardım etmədiklərini iddia edirlər.

Zəkat dini cəhətdən İslamın beş ərkanından biri, Allaha yaxınlaşdıran böyük əməllərdən, böyük savab qazandıran əməllərdən və günahlardan təmizləyən əzəmətli əməllərdəndir.

Başqa nahiyədən isə zəkat verməklə cəmiyyətin əksəriyyətini təşkil edən kasıbların ehtiyacları ödənir, zəkat cəmiyyətin qüvvətlənməsi və sosial durumun yaxşılaşmasına böyük təsir edir.
Bu əməllər insanlar arasındakı düşmənçiliyi azaldır. Çünki, kasıblar görürlər ki, varlılar onları düşünür, onların qayğısına qalırlar, bu yardım il boyu olmadıqda kasıblar varlılara həm kin bəsləyər, həm də varlılara həsəd etmə halları çoxalar. Varlılardan zəkat verənlər nə qədər çox olsa, o qədər bu problemlər aradan qalxar.
Həmçinin, zəkat verməkdə Allaha qarşı sadiqlik və Onun vədinə iman açıq şəkildə görünür. Bu yardımı edən Allahın razılığını qazanmaq üçün bu gözəl əməli edir.
Həmçinin, zəkat verən insan səxavətli insanların əxlaqını göstərmiş olur. Onu da bilmək lazımdır ki, zəkat və sədəqələr malı azaltmır, əksinə, malın bərəkətini artırır. Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir». (əl-Bəqərə, 261).

4 – Həcc etmək; Yetkin yaşa çatmış müsəlmanın ömründə bir dəfə etməsi vacib olan əməldir. Həcc ibadətində varlı da kasıb da eyni paltarda ibadətlərini yerinə yetirirlər. Həcc ibadəti maddi durumla, sağlamlıqla əlaqəlidir. İmkanı olmayan, səhhəti əl verməyən kimsələrə vacib deyil. Həcc vaxtı kəsilən qurbanlar dünyanın hər yerində olan kasıb insanlara göndərilir. Dünyanın müxtəlif millətlərindən olan insanlar həcc vaxtı bir araya gəlir, birlik, bərabərlik, İslam qardaşlığı mühitində bu mühüm ibadətlərini yerinə yetirirlər. Hər kəs bir-birinə yardım etmək, gözəl əməllərini artırmaq sevdasında olur. Çünki, həccin mühüm məsələlərindən biri də mübahisələrdən, əxlaqa zidd əməllərdən uzaq durmaq, ailəsi ilə qısa müddətlik yaxınlıqdan uzaq durmaq vardır ki, bunların hamısı insanın özünü tərbiyələndirməsi və iradəsini möhkəmləndirməsi baxımından çox faydalıdır.

Beşincisi: İctimai müamilələrdəki İslami gözəlliklər.

Bütün ibadət və ayinlərdə İslamın gözəlliklərinə misallar çəkmək olar. Eynilə də ictimai müamilələrdəki İslami gözəlliklərə də çoxlu misallar çəkmək olar. Məsələn, götürək ticarət müamiləsini; Peyğəmbər (Sallallahu aləyhi və səlləm) Həkim ibn Həzimin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə: «Alıcı və satıcının ayrılmadıqları müddətcə hər ikisinin ixtiyarı vardır …» deyə buyurmuşdur. (Bax: Buxari, 2079; Muslim, 1532) Bunun mənası odur ki, alıcı və satıcı arasında ticarət prosesi başa çatdıqdan və alıcı ticarət yerindən uzaqlaşdıqdan sonra artıq malı geri qaytarmaq ixtiyarı satıcıya keçir, istəsə qaytarar, istəsə, qaytarmaz.

İslam dini insanların dünya həyatı və axirəti üçün zəruri şeyləri halal etmişdir; Allah ticarəti halal etmiş, faizi, sələmçiliyi haram etmişdir. Ticarət insanlar arasında zəruri ehtiyacların, ictimai əlaqələrin qurulması üçün lazımdır. Onsuz həyat mümkün olmur. Lakin, sələmçilik insanlara zərər vurur deyə haram edilmişdir. Sələmçilikdə hətta bir ölkənin başqa ölkəyə borclu qalıb asılı duruma düşməsinə qədər hallar yaranır. Böyük dövlətlər kiçik dövlətləri bu yolla ələ alır və öz təsirlərində saxlayırlar. .

Evlilikdə böyük məsləhətlər, faydalar olduğu kimi Allah qulun boşanmağını sevmədiyi halda qulun ona uyğun olmayan biri ilə həyata davam etməməsinə imkan vermək üçün boşanmağı icazəli etmişdir.

Həmçinin, İslam dini yeməklərdən, içkilərdən, geyimlərdən bütün yaxşı, pak şeyləri halal etmişdir. Dənli bitkilər, meyvələr, heyvanlardan əti yeyilən pak heyvanları, dənizdəki canlıları və s. halal etmiş, yalnız insanın dininə, bədəninə, ağlına, malına zərər verən hər şeyi qadağan etmişdir.

İslam dini dünyəvi işlərdə məsləhət-məşvərət etməyi, şura etməyi tövsiyə etmiş, hər sahədə işi öz əhlinin öhdəsinə verməyi məsləhət bilmişdir.

«Onlar işləri barədə öz aralarında məsləhətləşərlər». (Şura, 38).

İslam dini burada haqqında danışmadığımız bir çox məsələlərdə insanların haqqını qoruyur, İslam dini həyatın bir çox sahələrinə sirayət etdiyi üçün istər ictimai, istər siyasi, istər elmi, istər iqtisadi və s. sahələrdə öz ilahi hikmətləri və gözəlliklərini ortaya qoymaqla əsrlərdir insanları düşündürür, insanları özünə heyran edir. Şəkk yoxdur ki, bu yalnız Aləmlərin Rəbbi olan Allah tərəfindən göndərilmiş haqq dində müşahidə oluna bilər.

İslam dini bir-birinə düşmən kəsilən ərəb qəbilələrini bir araya gətirdi, onları qardaş etdi və qəlblərini birləşdirdi. Bu, İslam dinin reallıqda ilk nəticələri idi. Sonradan olan siyasi ixtilafların səbəbi ya şəxsi ictihadlar, ya da nəfsə tabe olmalardan dolayı olmuşdur. İslama sarıldığı, əməl etdiyi zaman daim bu ümmət güclənmiş və qüvvətli olmuşlar. İslamın maraqlarından önə başqa maraqlar çəkildikdə, yalnız bu halda ümmət zəifləmiş və ixtilaflara düşmüşdür. Bununla belə bu ümmət ən xeyirli ümmət olmaqdan məhrum olmamışdır.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar