Əldə olunan nemətlərə görə Allaha şükr etmək

Ey nemət verilən kəs! Allahdan istədiyin nemətləri əldə etdikdən sonra günlərlə, aylarla, illərlə Rəbbinə şükr et!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ey Rəbbi tərəfindən Rəhm olunaraq nemət verilən kəs! Rəbbin SƏNƏ, sən istəmədiyin halda ən böyük nemət olan İslamı bəxş etdi. SƏNİ dininlə izzətləndirdi. O, SƏNƏ bu yolda çətinliklərlə qarşılacağını xəbər verərək bu çətinliklərdən qurtulmağın yollarını bildirdi. SƏNƏ “Dua” etməyi öyrətdi və SƏNİ dua etməyə müvəffəq etdi. Daha sonra O, SƏNİN duanı qəbul edərək, SƏNİ sıxıntıdan qurtarıb SƏNƏ istədiklərini verdi…

«O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur» (İbrahim 34)

Budur! Rəbbimizin bizlərə sonsuz nemətlər əta etdiyinə daha bir dəlil! Bununla belə, biz yenə də bu nemətləri dəyərləndirməyərək şükrünü etmirik. Belə etmək isə, insanı ona verilən nemətlərdən məhrum edə bilər. Demək, əldə olunan nemətlərin qorunması və daha da çoxalması üçün, şükür etmək gərəkdir. Allah Subhəənəhu və Tə`ələ Öz kitabında buyurur: «O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”» (İbrahim 7)

Ey nemət verilən kəs! Allahdan istədiyin nemətləri əldə etdikdən sonra günlərlə, aylarla, illərlə Rəbbinə şükr et! Çünki, SƏNƏ nemətlər əta edən və Hikmət sahibi olan Allah, o nemətləri sənə verməyə də bilərdi. Lakin O, səni insanlar içərisindən seçib istədiklərini SƏNƏ əta etdi. Şükr et! Çünki, O Aləmlərin Rəbbi olan Allah, sən isə aciz, zəif, heç nəyə qadir olmayan bir QULsan. Şükr et! Çünki, sən Onun sənə verəcəyi nemətlərə möhtacsan! Şükr et! Çünki, O istəməsəydi, heç kəs istəyə bilməzdi!

Bil ki, İblis şükr etməyin necə böyük və fəzilətli nemət olduğunu anladığı üçün, şükr etməsinlər deyə, bütün bəşəriyyəti azdıracağına dair söz vermişdir: «Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”». (əl-Ə`raf 17) Bu, şükrün nə dərəcədə mühüm olmasına daha bir dəlildir.

Şükür etmək – İnsanın yaradılış qayəsidir: «Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz». (ən-Nəhl 78)

Şükür etmək – Allah rizasını qazanmaqdır: «Əgər şükür etsəniz, buna görə sizdən razı qalar». (əz-Zumər 7)

Şükür etmək – Əzabdan xilas olmağın yoludur: «Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah (itaətkar qullarına) təşəkkür edəndir, Biləndir». (ən-Nisə 147)

Şükür – Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) səhabələrinə etdiyi bir vəsiyyət idi. Muhəmməd (Allahın ona salavat və salamı olsun) buyurur: «Ey Muaz,  Mən səni sevirəm! Hər namazın ardınca  “Allahummə, əinni alə zikrikə və şukrikə və husni ibədətik!” – Allahım, Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et! – deməyi tərk etmə!» (Əbu Dəvud, 2/86; Nəsəi, 3/53; Albəni, “Sahih Əbi Dəvud, 1/284”-də hədisi səhihləşdirib)

Allahu Əzzə və Cəllə qullarını iki sinifə bölmüşdür. Şükr edənlər və nankor olanlar: «Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun». (əl-İnsən 3)

Allah Subhəənəhu və Tə`ələ ayələrdən ancaq şükür edən kəslərin ibrət aldıqlarını vurğulamışdır: «Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik». (əl-Ə`raf 58)

Allahu Tə`ələ nemətləri Ona şükür etmək üçün vermişdir: «Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; (kafir) adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. (Allah) sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz». (əl-Ənfəəl 26)

Uca Allah Lut peyğəmbəri (Allahın ona salamı olsun) əzabdan yalnız şükür etməsinə görə qurtarır: «Biz onların üstünə (qasırğa ilə birgə) daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik–Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq». (əl-Qamər 34-35)

Allah Subhəənəhu və Tə`ələ  dostu İbrahim peyğəmbəri də (Allahın ona salamı olsun) nemətlərə şükür etdiyi üçün belə tərif etmişdir: «Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi». (ən-Nəhl 120-121)

Şükür edən kəslər Uca Allahın qulları arasında Onun nemətinə nail olanlardır ki, onlar fitnə anında belə sarsılmazlar: «Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar». (Ali-İmran 144)

Həmçinin Muhəmməd (Allahın ona salavat və salamı olsun) möminin halı barədə belə xəbər vermişdir: «Möminin işi və əməlləri necə də qəribədir! Allah ona bir nemət bəxş etdikdə, o şükür edər və bu, onun xeyrinə olar. Allah tərəfindən sınağa məruz qaldıqda isə bütün çətinliklərə səbr edər və bu da, onun xeyrinə olar! Bu hal ancaq möminə xasdır!» (Muslim 7425)

Eləcə də, müsibət zamanı şükr etmək barəsində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) çox möhtəşəm bir hədisində belə buyurur: «Bir qulun övladı vəfat etdikdə Allah Subhəənəhu və Tə`ələ mələklərə deyir:  “Siz qulumun övladını götürdünüzmü?”

Mələklər: “Bəli!”-deyirlər!

Allah Subhəənəhu və Tə`ələ deyir: “Onun ‘qəlbinin barı’nı mı götürdünüz?

Mələklər: “Bəli!”-deyirlər!

Allah Subhəənəhu və Tə`ələ deyir: “Bəs qulum nə dedi?”

Mələklər deyirlər: “Sənə şükr (həmd) etdi və “İnnə liLləhi və innə ileyhi raaci`uun” (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!)-söylədi!

Və Allah Subhəənəhu və Tə`ələ  “Qulum üçün Cənnətdə bir ev tikin və o evi “Həmd Evi” adlandırın!” – deyə buyurar» (Albəni, Silsilətu-l-Əhədisi-s-s-Sahihəh, 3/398: hədis-1408)

Bilmək lazımdır ki, Şükr – qəlb, dil və əzalar ilə edilir. Qəlbin şükrü hər bir nemətin Allahu Tə`ələ tərəfindən bəxş edilməsini bilmək və etiraf etməkdir: «Sizə verilən nemətlərin hamısı Allahdandır»(ən-Nəhl 53)

Dilin şükrü bunu iqrar etməkdir: «Həmd olsun aləmlərin Rəbbi olan Allaha»(əl-Fətihə 2) Həmçinin dilin şükrünə dair Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurur: «Əlhəmdulilləh, mizan tərəzisini doldurur!» (Buxari Muslim) Həmçinin Uca Allah buyurur: «Və Rəbbinin nemətindən danış». (əd-Duhə 11)

Əzaların şükrünə gəldikdə isə, gözün şükrü harama baxmamaq, dilin şükrü yalan danışmamaq və daim haqqı söyləmək, qulaqların şükrü haram olan şeyləri dinləməməkdir. Rəbbinin sənə nəsib etdiyi ev nemətinin şükrü isə, həmin evdə Allah yolunda səy göstərmək, orada zikr məclisləri qurmaq və Allahı razı salacaq digər əməllər etməkdir. Eləcə də, Rəbbinin sənə nəsib etdiyi miniyin şükrünə gəldikdə isə, o miniyi Allah üçün sərf edərək, kiminsə işini asanlaşdırmaq məqsədi ilə, şəriət çərçivəsi daxilində onu gedəcəyi yerə qədər aparmaq, xəstəni ziyarət etməyə getmək və s. işlərdə ondan istifadə etməkdir.

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurur: «Şükr edərək yeyən, səbr edərək oruc tutan kimidir»(Buxari)

Əbu Hurayrah  (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) yeməyini yeyib, əllərini yaxalayarkən belə dua etdi: «Yedirən, yedirilməyən, bizə bəxş edən, bizə doğru yolu göstərən, bizi doyuran və içirən, hər gözəl bəla ilə imtahan edən, məclisindən qovulmayan və tərk olunmayan, bizi nemətinə küfr edənlərdən etməyən və hər zaman Özünə ehtiyac duyulan Allaha həmd olsun. Yemək yedirən, içirən, çılpaqları geyindirən, zəlalətdən qurtarıb doğru yola gətirən, zülmətdən nura çıxaran, məxluqatlarının bir çoxundan bizi üstün edən Allaha həmd olsun. Aləmlərin Rəbbinə həmd olsun!» (Hədis həsəndir: İbn Əbi-d-Dunyə, əş-Şukur, 15; əl-Həkim, 1/546; əl-Beyhəqi, Şu`əbul-İmən, 4067; İbn Hibbən, 5219; Əbu Nu`əym, Hilyətu-l Əuliyyəh, 6/246)

Əbu Bəkr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xoş xəbər eşitdikdə və ya sevindirici hallarda Allaha şükr əlaməti olaraq səcdəyə qapanardı. (İbn Məcə: 1/446/1394; Əbu Dəvud: 7/462/2757; ət-Tirmizi: 3/69/1626; Hədis həsəndir. Albəni, Sahih Sunən İbn Məcə: 1143)

Bəzən insan bir müddət ona verilən nemətlərə şükr edir və bu nemətlərin şükrünü tam olaraq ödədiyini düşünür. Lakin, bilmək lazımdır ki, insan son nəfəsinə qədər, dayanmadan, gecə və gündüz şükür etsə belə yenədə Rəbbinin ona verdiyi nemətlərin şükrünü tam olaraq ödəyə bilməyəcəkdir. Çünki nemətlərə şükr etmək, özü bir nemətdir. Məhz bu səbəbdən də, Rəbbinin ona verəcəyi xeyrə möhtac olan bir qul heç bir zaman şükr etməkdən yorulmamalı və usanmamalıdır.

Dəvud (Allahın ona salamı olsun) buyurur: «Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Səndən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim”. Allah: “İndi Məni tanıdın və Mənə şükr etdin, ey Dəvud! Çünki, şükr etməyin də Mənim bir nemətim olduğunu bildin”.
Başqa rəvayətdə: “Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə, yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram”. (İməm Əhməd “Kitəəbu-z-Zuhd” 361, 362)

Şair bu xüsusda demişdir:

Mal-dövlət bol idi, millət fərəhli,

Fərəhlə gəlirdi hər təzə ili.

Bu rifahdan sonra gəldi elə gün,

Xalq şükür etməyi unutdu bütün.

Təkəbbür onları çıxartdı yoldan,

Çıxdı yadlarından Böyük Yaradan.

Kim nemət verəni yada salmasa,

Şükür eləməsə, razı qalmasa,

Dar olar başına bu geniş cahan,

Onun ruzusu da çıxar qayadan.

(Nizami Gəncəvi “Yeddi gözəl”, səh: 78)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    22.02. 2017
    NamazVaxt
    Sübh05:53
    Günəş07:26
    Zöhr12:54
    Əsr15:56
    Məğrib18:23
    İşa19:53
    Namaza yeni başlayıram

Son əlavə olunanlar