Ateistlərin “Kəbədə namaz dayandı” şübhəsinə cavab!

Oxu və paylaş

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Ateistlərdən biri yazıb ki: bəs pandemiyadan sonra din xadimləri ziyarətgahları bağlayıb, keçiblər arxa cəbhəyə. Ön cəbhədə isə guya dünyəvi alimlər qalıb.

Gəlin öncə buna cavab verək: «Artıq bu barədə dəfələrlə danışılıb ki, dünya bir virusun əlində qaldığı halda, bu qədər sahələr ola-ola nəyə görə din adamları və dinin özü acizlikdə suçlanılır? Dünyada bu virusa yoluxanların sayı bir milyon yarımdan çoxdur artıq, bəlkə bunun dərmanını tapmaqda gecikən müasir tibbi qınayasınız? Hardadır o qürrələndiyiniz inkişafınız? Hardadır o qürrələndiyiniz elmimiz? Niyə sizə kömək olmur? Məgər robotlar dövründə dünya tibbi, dünya elmi bir virusun əlində qalacaq qədər aciz olmalı idi? Dünyaya qan gətirən dinsizlərin törətdikləri terror hadisələrinin də dayandığını görmürsünüzmü? Yoxsa, ön cəbhədə, meydanda qalan alimləriniz daha bir neçə milyon insanın bu virusa yoluxmağını gözləyirlər?

Bu virusdan təkcə italiyada bir neçə günə 50 həkim dünyasını dəyişdi. İllərlə tibb elmi oxuyub özlərini adi bir virusdan da qoruya bilməyən həkimlərləmi fəxr edirsiniz?! Onların elmi nəinki dərman tapmağa, heç özlərini qorumağa da çatmadı. Niyə özünü virusdan qorumağı bacarmayan yüzlərlə savadlı həkimləri acizlikdə ittiham etmirsiniz?

Müxtəlif peşə sahiblərindən mühəndislərin, fiziklərin, kimyaçıların, texnoloqların, iqtisadçıların və s. daha kimlərin də bu virusa çarə qıla bilmədiyini niyə qeyd etmirsiniz?

Peyğəmbər (sallallahu aleyhi və səlləm) epidemiyalar və xəstəliklər zamanı tədbirlər görməyi əmr edib, bu da dinin ağıla uyğun gələn hissəsidir sizin üçün. Bəs bunu niyə inkar edirsiniz?

Haradadır elmi inkişaf səviyyəniz? Avropada, Amerikada yüzlərlə, minlərlə insanın dinə qayıtması da bir daha göstərir ki, elm məhduddur. Bir mikrobu kəşf edə bilməyən elmlə Allahı kəşf etmək istəyirsiniz.

Kəşflə isbatın arasında fərq qoymaq istəyirik. Bu gün mikrobu gözüylə görməyən, amma, onun əlamətlərinə baxaraq onun olmasını isbat edən insanlar insan kimi möhtəşəm bir məxluqun və kainatın yaradıcısının olmasını isbat deyil, inkar edir. Bu da sizin öz əleyhinizədir.

*************************************************

Nə isə, sonra da deyir ki: “Türkiyədə guya yığışıb dua ediblər sıxlıq şəklində, ertəsi gün virus şiddətlə yayılıb” .

Bu savadsız ateist bilmir ki, virusun ertəsi gün yayıldığı bilinmir. Bu, orta hesabla yalnız 14 gün sonra bilinir”.

Bir başqa ateist də yazıb ki: “Allahın evi bağlandı. İndi görək dindarlar nə edəcəklər falan” kimi safsatı sözlər danışır.

Bu şübhəyə isə cavab belədir:

Birincisi: Ateistlərin dini savadı qıt olduğundan onlar Kəbəni bütpərəstlərin bütü kimi təsəvvür edirlər. Bilmirlər ki, Kəbə də dünyadakı minlərlə məscidlərdən yalnız biridir, üstünlüyü isə onun qiblə olmasında və namazda hər kəsin yönəldiyi istiqamət olmasıdır. Lakin, ateistlər elə bilirlər ki, bütpərəstlərin ibadət etdikləri bütlər kimi müsəlmanların Allahı da Kəbədə olur. Onlar hardan bilsinlər ki, Uca Allah Qurani-Kərimdə: «Qoy onlar bu evin Rəbbinə ibadət etsinlər» (Qureyş, 3) deyə buyurmuşdur? Ayədə deyilmir ki, Kəbənin özünə ibadət edin! Ayədə deyilir ki, bu evin Rəbbinə ibadət edin! O evin Rəbbi ki, Kəbə inşa edilməmişdən öncə də var idi və Onun Kəbəyə və aləmlərə ehtiyacı yoxdur. İslam dini bütpərəstliyə qarşı həqiqi mübarizə aparan yeganə dindir!

İkincisi: Müsəlmanlar üçün bütün yer üzü səcdəgah edilmişdir. İslam dinində evlərdə də namaz qılmağa rəğbətləndirilmiş, evlərdə namaz qılmamaq evləri qəbirstanlığa çevirməklə müqayisə olunmuşdur. Kəbədə ibadətin dayanması Allahın olmaması anlamına gəlmir. Zatən Kəbə İbrahim peyğəmbərin zamanında inşa edilib. Hətta, Peyğəmbərimiz xəbər verib ki, vaxt gələcək bir Həbəşi Kəbəni dağıdacaq. Məgər Kəbə dağılandan sonra Allah olmayacaq? Bu hansı məntiqdir? Bu məsələnin Allahla nə əlaqəsi var?

Üçüncüsü: Bir çox insanların fikir vermədiyi məsələ isə Kəbənin «Məscidul-Həram» (Həram Məscidi) adlandırılmasıdır. Bəli Kəbə və onun namaz üçün ayrılmış digər ətraf yerləri bütünlüklə məscid hökmündədir. Məsələnin həqiqəti budur. Məscidlərə Allahın evi deyilməsi yalnız simvolik məna daşımışdır. O yerlərə hörmət olaraq, orada ancaq Allahı xatırlamaq, ibadət etmək gərəkdiyi üçün məscidlərə Allah evi deyilmişdir. Kəbənin isə sadəcə qiblə olmaq və orada namaz qılmağın daha çox savab gətirməsi özəlliyi var.

Dördüncüsü: Müsəlmanların Kəbədə və başqa məscidlərdə namazları müvəqqəti dayandırmaları əslində təqdir olunmalıdır, tənqid olunmalı deyil. Bunun nəticəsidir ki, bu gün ən az yoluxma hallarından biri də Ərəbistanda müşayiət edilir. Böyük yoluxma statistikalarında Ərəbistanın adı yoxdur. Ən çox yoluxma halları məscidləri olmayan ölkələrdədir. Məscidlər açıq qalsaydı deyəcəkdilər ki, yoluxmaya məscidlər səbəb oldu. Yaxşı ki, dünyanın bir çox üzləri bu yoluxma ilə açıldı. Ateistlərin təriflədikləri elmin, dünya tibbinin həqiqi üzü də hamıya bəlli oldu.

Beşincisi: İslam dini beş şeyi qoruyur: insanın dinini, malını, canını, namusunu, nəslini (əsil-nəcabətini). İslam dininin əzəmətli əsaslarından biri də insanın canını qorunmasıdır. İslam kitablarında əsrlər öncə fəlakətlər və epidemiyalar vaxtı namaz qılmağın qaydaları və əhkamları qeyd olunmuş, ən birinci qayda isə Qurani-Kərimdə bütün təhlükələrə qarşı qayda olaraq verilmiş: «Özünüz öz əllərinizlə özünüzü təhlükəyə atmayın» (əl-Bəqərə, 195).

Şəkk yoxdur ki, Allah Öz bəndələrinin epidemiya vaxtı bir araya toplaşaraq özlərini təhlükəyə atmalarını istəməz. Çünki, O Quranda bizi özümüzü təhlükəyə atmağı qadağan etmiş, başqa bir ayədə isə özümüzü öldürməyi qadağan etmişdir. (Bax: ən-Nisə, 29).

İslam dini bütün zaman və dövrlərdə insanların çətinliklərini, sıxıntılarını nəzərə almışdır, istər pandemiyalar, epidemiyalar zamanı, istər də digər çətinliklər olsun. Bu, İslam dininin rəhmət olmasındandır. Səfər çətinliyinin asanlaşdırılması üçün namazların beş dəfə yox, üç dəfə qılınması, dəsnamaz almağa su tapa bilməyənlərin su tapana kimi torpaqla təyəmmüm etmələrinə icazə verilməsi, xəstələrin ağırlıq vəziyyətinə görə oturaq, hətta, uzanıqlı halda namaz qılmalarına icazə verilməsi və s. onlarla misal çəkmək olar İslamın rahatlıq dini olmasına. Bəli, bu din əmr edir ki, özünüzü təhlükəyə atmayın! Quranda Allah buyurur: «Allah sizin üçün asanlıq istəyir. Allah sizin üçün çətinlik istəməz» (əl-Bəqərə, 185) Bizim üçün asanlıq istəyən Allah təhlükə zamanı bizdən məscidlərə toplaşmağımızı da, istəmir.

Bizim üçün dünyanın hər yeri qibləgahdır! Siz xristianları tənqid edə bilərsiniz ki, onlar kilsədə şam yandıra bilməyəcəklər! Ey ateistlər! Siz məgər yolun qırağında, parklarda ibadət edən xristian görmüsünüzmü? Xeyir görə bilməzsiniz! Lakin, müsəlmanları bundan əvvəl də çox yerlərdə namaz qılan görmüsünüz. Bütün yer üzü bizim üçün səcdəgahdır. Müsəlmanın ibadəti məscidlərə məhdudlaşsaydı, sizinlə razılaşmaq olardı.

Bir də Tirmizinin rəvayət etdiyi hədisdə səhabə Abdullah ibn Ömər Kəbənin qarşısında duraraq deyir:

«Ey Kəbə, sən necə əzəmətlisən, sənin hörmətin də necə əzəmətlidir! Mömin isə Allah qatında səndən daha hörmətlidir». (Sunən ət-Tirmizi, 2032, səhihdir. Mahmud Şakirin təhqiqi ilə).

Başqa rəvayətlərə baxdıqda İbn Ömər’in bunu peyğəmbərdən öyrəndiyini görürük. Hədisdə Hörmət dedikdə isə: Müsəlmanın malının canının qorunması nəzərdə tutulur. Hansı ki, bu bizim şəriətin əmr etdiyi mühüm məsələlərdəndir. Bizim şəriət Kəbəyə ibadət deyil, Allaha ibadət üzərində qurulub.

Altıncısı: Məscidlərdə namaz qılmağın əsas hikmətlərindən biri də müsəlmanların qəlblərinin bir araya gələrək camaat və birlik içində olmalarıdır. Əgər onların camaat olmağını təhlükəyə salan müvəqqəti bir durum varsa, bu halda müvəqqəti olaraq məscidlərdə namaz dayandırılır. Çünki, İslamın əzəmətli qaydalarından biri də məsləhət və məfsədə qaydasıdır. Bu qaydaya əsasən əgər zərər xeyiri üstələyəcək bir durum hasil olarsa, xeyir təxirə salınır və zərərin qarşısının alınmasına çalışılır. Bu halda isə müsəlmanlar namazdan məhrum olmayıblar, məscidlərdə namaz qılmaqdan məhrum olublar. Deməli, əsil məhrum olan müsəlmanlar deyil. Əgər nəzərə alsaq ki, ateistlər və inanmayanlar bir çox keflərindən məhrum olublar; Məsələn; kafe və barlar fəaliyyətini dayandırıb, gey paradlar təxirə salınıb, eyş işrət səfərləri dayandırılıb, ürəyi partlayanların kim olduğunu bilmək heç də çətin olmur!

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar