Ateistlə danışmaq istəyən kimsəyə bəzi tövsiyələr

Ümid edirik ki, bu kiçik tövsiyələr müsəlman qardaş və bacılarımız üçün faydalı olacaqdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Birincisi: Hikmətlə danışmağa səy göstərmək; Əvvəlcə bilməliyik ki, ateistlərlə danışmaq, onlara haqqı başa salmaq istəyi bir çoxumuzda olsa da çox az insanlar hikmətli şəkildə danışmağı bacarırlar. Üstəlik də az insanlar elmi şəkildə, təhqirə keçmədən dialoqu davam etdirə bilirlər. Uca Allah buyurur: «İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.» (ən-Nəhl, 125)

Unutmaq lazım deyil ki, söyüşdən və təhqirdən uzaq olmaq lazımdır. Əsas məqsəd bu uçuruma düşənləri hikmətli bir şəkildə bu girdabdan xilas etməyin yolu üzərində düşünək və münasib bir tərzdə danışaq. Söyüş söymək, təhqir etmək inandırmaq və qane etmək üslubu olsaydı, bizdən xeyirlilər bunu edərdi. Uca Allah buyurmuşdur:

«Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər.» (əl-Ən`əm, 108)

Ona görə də bir insan özündə dini və dünyəvi elmdən naqislik ola-ola bu məsələlərə və xüsusən də dərin dialoqlara girişməsi təhlükədir və məzəmmət olunmuş mübahisədən sayılır.

İkincisi: Elmi dayağı olmayan dəvətin təsiri və bərəkəti az olur; Ateizm mövzusunda geniş qiraəti, şübhələrə cavab verən məqalələri, kitabları oxumamış bu məsələlərə baş qoşub mübahisələrə girmək insanın özünə güvəni olsa belə yenə doğru deyil. Yalnız yaxşı cavabını bildiyi bir şübhə varsa, o zaman yalnız həmin məsələdə sosial şəbəkədə və s. qısa yazı yoluyla, çox uzatmadan haqqı müdafiə etmək mümkündür. Xülasə, onların əsas şübhələrinə tutarlı cavab vermək ayrı, onların saytlarına girmək, kitablarını oxumaq ayrı məsələdir. Sonuncusu yalnız mütəxəssis olan kəslərə aiddir.

Üçüncüsü: Şübhələrlə tanış olmağın həddi barədə; Ateizmdən və şübhələrindən xəbəri olmayanların onların saytlarına girmələri, kitablarını oxumaları və s. onların fikirlərilə tanışlıq məqsədilə də olsa icazəli deyil. Bu alimlərin çəkindirdiyi əməldir. İnsanın özünü müdafiə edəcəyi bir elmi (qalxanı) olmadan bir mənəvi düşmən qarşısına çıxması məntiqi cəhətdən də doğru deyil. Lakin, onu da qeyd edək ki, Ateizm mövzusunda məlumatı az olan qardaşlar sosial şəbəkələrdə hansısa ateist şübhəsi paylaşıldığını görsələr, əgər hazır cavab olan bir məqalə və ya dərs bilirlərsə, şübhə atılan səhifələrdə şərh yerində bunu paylaşmaları və ya həmin cavabın xülasəsini yazmaları məqsədəuyğundur. Bununla da özləri elmi mübarizə edə bilməsələr də, artıq o şübhənin cavabını şübhənin altından yerləşdirmiş olacaqlar ki, bununla da Allahın müvəffəq etdiyi bir kimsənin bu şübhədən qorunmasına və ya şübhənin cavabıyla tanış olmasına səbəb olacaqlar.

Dördüncüsü: Dinində yəqinliyi qorumaq və bu yəqinliyi artıran məsələlərə fikir vermək:

Bilmək lazımdır ki, İslam sonuncu və haqq dindir. Odur ki, İslam barədə hər bir şübhənin cavabı da vardır. Lakin, bu cavab ya səndə ola bilər, ya da elminin naqisliyindən və ya dini-dünyəvi biliyin azlığından dolayı səndən gizli qala bilər. Ona görə də bilmədiyin bir məsələ olduqda daim elm əhlinə qayıt və onlara sual ver.

«Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.» (ən-Nəhl, 43)

Müsəlman öz dinində yəqin üzərində olmalı və ətrafındakılara da bu fikiri aşılamalıdır. Uca Allah buyurur: «Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.» (əl-Vaqiə, 95)

Başqa bir ayədə isə uca Allah buyurur: «Sözsüz ki, bu Quran əsl həqiqətdir.» (əl-Haqqa, 51l

Dində yəqin olmaq, şəkkə düşməmək uca bir mərtəbədir. Uca Allah buyurur: «Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.» (əs-Səcdə, 24)

Dinində yəqin olmaq amili şübhələr önündə duran şəxsin özünə, həm də dəvət etdiyi insanlar üçün çox faydalıdır. Daim xatırlatdığımız və təkrarən demək istədiyimiz bir məsələ də müsəlmanın öz dini ilə fəxr etməsini bacarmasının gərəkdiyidir. Yəni, müsəlman öz dinindən yəqin olduğunu, dini ilə qürur duyduğunu, fəxr etdiyini gözəl şəkildə bildirməyi bacarmalıdır. Bəzi məqamlarda buna ehtiyac yaranır. Belə emosional (hissiyatla əlaqəli) məqamı qeyd edən müsəlmanın bunun ardınca İslamın gözəlliklərindən elmi şəkildə danışması gözəl bir üslubdur. Müsəlman qardaş və bacılarımız insanlara İslamın gözəlliklərini təqdim etməyi bacarmalıdırlar. Çünki, bu gözəlliklərin bir çoxunu gündəlik həyatımıza da daşımaq imkanımız vardır. İslam dini həyat tərzi olduğundan dolayı İslamın gözəlliklərindən danışmaq elə çətin bir istiqamət deyildir.

Beşincisi: Ateistlərin bəzi şübhələri çoxşaxəlidir. Buna aldanmamalıyıq. Məsələn; Sən bir şübhəyə cavab verməmiş, onlar yeni bir şübhə atırlar. Yəni, elmi müzakirənin adi qaydalarına belə riayət etməyən ateistlərə bir mövzunu (və ya suala cavabı) yekunlaşdırmadan yeni mövzuya keçməyə imkan vermək olmaz. Çünki, belə üsluba razı olmaq çaşqınlığı, fikir dağınıqlığını əmələ gətirir ki, bu cür söhbətin bir nəticəsi olmur. Həmçinin, ateistlərin böyük yanlışlarından biri də bir sualı verəndə cavab “hə və ya yox” olmalıdır kimi düşünür və qarşısındakından dərhal qısa cavab gözləyirlər. Bu da bu cür müzakirələrin əsas üslub problemlərindəndir. Halbuki, bəzən bir suala ən azı beş dəqiqəlik bir cavab yazmalı olursan. Çünki, bəzi şübhələrin bir neçə nahiyədən cavabı olur və bir nahiyədən cavab vermək kifayət etmir. Hər suala bir cümlə ilə cavab gözləyən ateistlər bununla sanki, “cavabı eşitmək istəmirik” demiş olurlar. Çünki, birincisi bu cavabla qane olmaqdan və cavabdan razı qalmaqdan uzaqlaşdırır. İkincisi isə, cavab nə qədər obtektiv və bir neçə nahiyədən olarsa, o qədər tutarlı olur. Bunu isə ateistə başa salmaq çətindir. Əksinə, onlar ardıcıl sual yağdırmaqla müzakirədən yayınmış olurlar. Ona görə də onlara bir məsələni başa salmaq istəyən şərt qoymalıdır ki, mövzudan kənara çıxmamalıyıq.

Altıncısı: Məntiqi, əqli dəlillər və misal çəkməklə bir şeyi başa salmağa çalışmaq; Bu da çox mühüm məsələdir. Amma, elə anlaşılmasın ki, Quran ayələrindən və hədislərdən heç bir dəlil gətirməyə ehtiyac yoxdur. Xeyr, lazım olan yerdə (yerində) bəzən ayə və hədisi dəlil gətirməklə onları bu mənbələrin ilahi qaynaqlar olması barədə düşündürmüş oluruq. Məsələn; insan qətlindən danışarkən, «bir insanı haqsız yerə öldürməyin bütün bəşəriyyəti öldürmək olduğu barədə» ayə olduğunu qeyd etmək və s. kimi. Hədislərdən isə; məsələn, “heyvana əziyyət vermək” mövzusundan danışarkən «heyvanı kəsərkən bıçağı yaxşı itiləmək, bıçağı digər heyvana (qorxmasın deyə) göstərməmək» və s. anlamında olan hədisləri qeyd etmək kimi yerindəcə edə biləcəyimiz dəlil gətirmə haqqımızdan istifadə edirik və bununla da məntiqə üstünlük verən ateistləri ara-sıra şəriətin uca mənbələri barədə düşündürmüş oluruq. Buradan da belə bir nəticəyə gəlmək olar ki, quran və hədislərdən sitat gətirməyi tamamilə tərk etmək lazım deyil. Sadəcə bu dəlilləri yerində işlətməyi bacarmaq lazımdır. Bunu ona görə qeyd etdik ki, bəzi müsəlmanlar elə bilirlər ki, ateistlərlə danışdıqda onlar Quran və hədisləri inkar etdikləri üçün bu məsdərlərdən onlara dəlil gətirmək doğru deyildir. Bu fikir iki cəhətdən yanlışdır:

1) Qeyd etdiyimiz kimi lazımi məqamda, lazımi yerdə ayə və hədisin dəlul kimi düzgün istifadə edilməsi çox təsirli olur və ateisti bu ilahi məsdərlər barədə düşündürmüş olur.

2) Hər birimiz Allaha möhtac olduğumuz kimi əslində inadkar ateistlər də Allaha və Onun ayələrini eşitməyə ehtiyaclıdırlar. Sadəcə düzgün məqamda yerindəcə bu dəlilləri gətirməklə onları dərin düşündürmüş ola bilərik.

Yeddincisi: Əqidə məsələlərini düzgün öyrənmək və başa düşülən bir tərzdə ateistə və ya deistə başa salmaq; Bilmək lazımdır ki, əqidə məsələlərinin insanlara asan dildə çatdırılmasına çox ehtiyac var. «Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur.» (Muhəmməd, 19)

Ateistlərin və deistlərin ən böyük problemlərindən biri əvvəlcədən də İslam əqidəsindən xəbərsiz olmaları və ya İslam əqidəsi barədə az olan məlumatlarının da doğru olmamasıdır. Bu səbəbdən də onlarla dialoq quran insan onları İslama dəvət etmək istəyirsə, onların bu məlumatsızlıqlarını nəzərə alıb onlara bəzi əqidə, inanc mövzularında təməl sayılacaq məsələlərdən danışmağa çalışmalıdır. «Qəzavü-qədər» məsələsi barədə isə demək olar ki, hər bir ateistə bu qəbildən ətraflı izah verməyiniz çox faydalı olardı.

Səkkizincisi: Dəvət məqamı təkfir (kafir çıxartma) məqamı deyildir; Dəvət əsnasında “Sən kafirsən, onsuz da cəhənnəmdə yanacaqsan və s.” kimi ifadələr işlətməmək. Bunun əvəzində “belə-belə edən cəhənnəmə düşər, kafir olar” deməklə həm fikiri çatdırmış, həm də təxvif (qorxutmaq) metodunu tətbiq etmiş olacağıq. Ateistin hökmü onsuz da heç kimə gizli deyil. Lakin, əgər onları dəvət ediriksə, dəvət məqamında onların bizə etdiyinin mislini etməkdən uzaq durmalıyıq. Çünki, bu sahədə bir qədər təcrübəsi olan müşahidə edə bilər ki, onlar bu cür söyüş və təhqirləri necə müsəlmanların əleyhinə istifadə edirlər. (Bu sözlərdən elə anlaşılmasın ki, ateistlərin təkfir olunmadığını iqrar edirik.) Baxmayaraq ki, bu söyüşə, təhqirə qədər gedib çıxan sözlər dinin, həmçinin, dinin müqəddəs şüarlarının aşağılanması zamanı çox vaxt təbii hislər olaraq ortaya çıxır, bəzən də səbrsizlikdən qaynaqlanır. Amma, biz bir amili unutmamalıyıq ki, biz dinimizi təmsil edirik və bizə görə başqa müsəlmanlar haqqında pis təəssürat yaranmasına imkan verməməliyik. Üstəlik də bilmək lazımdır ki, söyüş, təhqir, istehza, dini şüarları alçaltmaq üslubu məhz elə ateistlərin üslubudur. Rahat şəkildə demək olar ki, bu, qədim və müasir ateistləri birləşdirən bir xüsusiyyətdir.

Doqquzuncusu: Şəri elm öyrənmək və «şəriətin məqsədləri» elmini bilmək; Şəriətin məqsədlərini müsəlman özü bilməlidir ki, İslamı anlamadığından və islamofobiya təsirlərindən dolayı şəriətə qarşı çıxan insanlara İslamın gözəlliklərini başa sala bilsin. Bu çox mühüm bir amildir. «Məqasiduş-şəria» (şəriətin məqsədləri) elmi məhz şəriətin uca məqsədlərini izah etmək üçün nəzərdə tutulmuşdur. Bu elmə aid məsləhət olan kitablardan: Tahir ibn Aşurun «Məqasıduş-Şəriətil-İsləmiyyə» (İslam şəriətinin məqsədləri) kitabını, Şeyx Süleyman ər-Ruheylinin «ət-Tariqul-Qasıd ilə məbəədi’i ilmil-Məqasıd» kitabını, Abdul-Aziz ər-Rabianın «İlmu məqasıduş-Şəria» və s. kitabları oxumaq məsləhətlidir.

Onuncusu: Bilmək lazımdır ki, ateist şübhələri ya dini, ya da dünyəvi elmlə əlaqədar olur. Dini şübhələr bir neçə qism olsa da, dini şübhələrin çoxunu elmi cəhətdən əqidə babına daxil etmək mümkündür. Məsələn; Allahın varlığı, cənnət-cəhənnəm, ölümdən sonrakı həyat, qeyb aləmi, peyğəmbərlərə, kitablara, mələklərə, qəzavü-qədərə iman və s. bir çox məsələlər bura daxildir.

Dünyəvi elmlə əlaqədar şübhələr isə əsasən müəyyən elmi nəzəriyyələrə əsaslanır ki, bir çox nəzəriyyələr fərziyyə olmaqdan o yana keçmir. Rahat şəkildə deyə bilərik ki, öz əqidəsini yaxşı və dəlillərilə bilən bir müsəlman birinci istiqamətdə ateistlə söhbətə hazırdır demək mümkündür. Lakin, ikinci istiqamətdə belə bir xüsusiyyəti olan müsəlman tədbirli davranmalıdır. Bunu ya dünyəvi elm istiqamətində söhbətə qarışmamaqla (əgər mümkün olarsa), ya da hər iki istiqamətdə söhbət etdiyi təqdirdə bir istiqamətdə (dünyəvi) elminin zəifliyindən dolayı dəvətinin kəsəri gedəcək və vaxt itkisi olacaqsa, o zaman ümumiyyətlə bu dialoqu tərk etmək məsləhətlidir. Lakin, belə bir xüsusiyyəti olan müsəlmanın dost, tanış və ya yaxınlarından ərki çatan, sözünü dinləyəcəyindən əmin olduğu kəslərlə əqidəsini yaxşı bilmək və hikmətli olmaq şərtilə danışmağında bir problem yoxdur. Daha düzünü Allah bilir.

Ümid edirəm ki, bu kiçik tövsiyələr müsəlman qardaş və bacılarımız üçün faydalı olacaqdır.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar