Allah niyə qüsurlu və şikəst insanları yaradıb?

Bu fiziki qüsurları, şikəstlikləri Allahı inkar etməyə dəlil kimi təqdim etmək doğrudurmu?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu mövzu çox həssas mövzulardandır. Cavabımız əsasən iki hissədən ibarət olacaqdır:

Birincisi: Bu fiziki qüsurları, şikəstlikləri Allahı inkar etməyə dəlil kimi təqdim etmək doğrudurmu?

İkincisi: Bu qüsurlar məxluqlarda niyə mövcuddur və bunun hikmətləri nələrdir?

Cavabımızın ikinci hissəsində bu mövzulardan bəhs ediləcəkdir:

Birincisi: Kamillik, tamlıq və qüsur anlayışı.
İkincisi: Fiziki qüsurlu insana dünyada və axirətdə əvəz verilmə məsələsi.
Üçüncüsü: Mülk Allaha məxsusdur və Onun istədiyini bir hikmətlə yaratması.
Dördüncüsü: Bütün insanlara fikir versək, qüsurlu insanlara olduqca az (nadir hallarda) rast gələrik.
Beşincisi: Dünyada hər şeyin əksi olduğu kimi, xeyirlə şər, acı və şirin, gözəl və çirkin, sağlam və xəstə və s. əks məfhumların daim biri-birini tamamlaması.
Altıncısı: Şikəst və fiziki qüsurlu insanlar üçün dünya imtahanın asanlaşdırılması.
Yeddincisi: Başqa dinlərin və İslam dininin bu məsələyə münasibəti.

Mövzu ilə əlaqəli bəzi suallara cavablar:

1) Bu fiziki qüsurların bir faydası varmı?
2) Əqli cəhətdən qüsurlu şəxslərin aqibəti nə olacaq?
3) Fiziki qüsurlar «Biz insanı ən gözəl biçimdə yaratdıq!» (ət-Tin, 4) ayəsi ilə ziddiyyət təşkil edirmi? Ayənin mənası nədir?
4) İnsan zəkası (elm və texnologiya) inkişaf etdikcə qüsurlar və şərlər aradan qalxa bilərmi?

Mövzuya giriş:

Bismilləh. Əlhəmdulilləh. Vəssalətu vəssəlamu alə mən lə nəbiyyə bədəhu. Sonra isə:

BİRİNCİ HİSSƏ:

Bu fiziki qüsurları, şikəstlikləri Allahı inkar etməyə dəlil kimi təqdim etmək doğrudurmu?

Nadir hallarda baş verən bəzi qüsurlara əsaslanaraq bu böyüklükdə, bu əzəmət və ehtişamda olan aləmin, milyonlarla ulduzların, qalaktikaların və s. yaradıcısını inkar etmək doğrudurmu?

Özü də bu böyüklükdə aləmdə bir zərrə olan insanların çoxluğu içərisində nadir hallarda rast gəlinən qüsurların mövcudluğunu əsas gətirərək bu böyük, nizamlı aləmin yaradıcısını inkar etmək həm ağıla, həm də hikmətə ziddir. Bu iddia həqiqətdən uzaqdır. Allah Qurani Kərimdə buyurur:

«Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa, onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.» (Tur, 35-36)

Bir misal verək; Hansısa bir şirkət avtomobil istehsalı ilə məşğul olur. Şirkət rəsmiləri avtomobillərdən bəzilərini bilərəkdən qəza halına salır, bununla istehsalı və avtomobilin dözümlülüyünü yoxlayırlar. Şirkət rəsmilərinin bu addımı normal qarşılanır və deyilmir ki, niyə avtomobilləri zay və ya israf edirsiniz? Həmçinin, eyni şirkətin istehsal etdiyi əzik, dağılmış avtomobillə, yeni avtomobil yanbayan qoyulduqda hər iki avtomobilin də eyni şirkət tərəfindən istehsal edildiyi inkar edilmir. Biz bir avtomobilin əzildiyini və ya dağıldığını misal çəkərək həmin avtomobilin hansı şirkət tərəfindən istehsal olunduğunu təsdiqləmək üçün mütləq avtomobilin salamat və tam olmasını şərt qoya bilmərik. Bu həqiqəti hər bir ağıl sahibi qəbul edir. Bəs onda necə olur ki, bəzi insanlar nadir hallarda rast gəlinən fiziki qüsurlu insanların mövcudluğunu Allahı inkar etməyə dəlil hesab edirlər? Bəs niyə məqsədli şəkildə əzilmiş bir avtomobili istehsal edən şirkətin olduğunu qəbul edirlər? Axı şirkət qəsdli şəkildə o avtomobili əzməyibmi? Əgər şirkətin bir neçə avtomobili əzməkdə məsləhəti olduğunu qəbul ediriksə, niyə ki, qüsurlu insanların mövcudluğunda bir məsləhət və hikmət olduğunu qəbul etməyək? Üstəlik də necə olur ki, hər iki hal qüsur sayılsa da, qüsur törədən şirkətin mövcudluğu deyil, Allahın mövcudluğu inkar edilir?

Əslində şikəst olan məxluqun özünə nəzər yetirsək, onda olan üzvləri, onun genlərini, sinir sistemini, sümüklərini, görmə qabiliyyətini, beynini, onurğa beynini, hüceyrələrini və s. yaradanın olmamasını demək ağıla ziddir. Yuxarıdakı misala bənzər başqa bir misal verək; məsələn, biz çox mürəkkəb quruluşlu bir avtomobili kamil şəkildə gördükdə deyirik ki, bu avtomobili düzəldən biri var. Lakin, bir müddət sonra həmin markadan olan başqa bir avtomobili ya qəzaya uğramış, ya da fabrik xətası ilə ərsəyə gəlmiş halda gördükdə biz birinci avtomobilin istehsalçısının olduğunu, ikinci avtomobilin isə istehsalçısının olmadığını demirik. Hər iki avtomobilin bu mürəkkəbliyinə və texnologiyasına baxıb deyirik ki, «bəli, bunu düzəldən biri var.»

Bunları bildikdən sonra isə anlamış oluruq ki, qüsurlu saydığımız bir varlıq o demək deyil ki, yaradılmamışdır və ya yaradıla bilməz. O ki, qaldı bu yaradılışdakı hikmət və məqsədlərə, buna ikinci hissədə cavab verəcəyik.

İKİNCİ HİSSƏ:

Bu qüsurlar məxluqlarda niyə mövcuddur və bunun hikmətləri nələrdir?

1) Kamillik, tamlıq və qüsur anlayışına münasibət: Şəkk yoxdur ki, həyatda fiziki qüsurlu insanlar var. Bu cür fiziki qüsurlu insandan hansısa bədən üzvünün funksiyası götürülmüşdür. Lakin, bu funksiya başqasında tam şəkildə mövcuddur. Buradan da tamlıq və kamillik anlayışı çıxır. O insan ki, əzaları normal, sağlam doğulur, ona deyirik ki, bu tam şəkildə doğulub. Bu, tamamlıqdır, belə insanın bütün əzaları salamatdır. Lakin, insan nə vaxt kamil olur? İnsan mənəvi tamlığı ilə kamilləşir. Adi cismlə mənəviyyatsız kamil insan olmur. Məsələn: İnsan bir kitabı əzbər bilə bilər. Buna tam bilmək deyirik. Lakin, o kitabı kamil bilmək üçün isə onun mənalarını və şərhini də bilməlidir. Deməli, tamlıq ayrıdır, kamillik ayrı… Bir uşaq tam (əzaları salamat) doğulur, digəri isə fiziki qüsurlu doğulur. Yəni, tam deyil. Bu bir növ (nemətdən) alınmadır. Yəni, başqasına verilən bir şey bir növ ondan alınıb. Bu cür şərlər cüzi şərlərə daxildir, xalis şər deyildir və ya şər məqsədilə deyil, bir hikmətlə ortaya çıxmış cüzi şərlərdir. Hikmətlər isə bizə bəzən məlum olur, bəzən isə məlum olmur. Alınma şər dedik. Bir misalla bunu izah edək: Qaranlıq nədir? Zülmətdir. Bir yerdə qaranlıq ola bilər. Lakin, hər yeri zülmət qaplayanda deyirik ki, gecə düşdü. Əlimizi digər əlimizin üstünə qoysaq, kölgəsi bir qaranlıq kimi düşəcək ki, bu bir növ cüzi qaranlıq sayılır. Bu, həqiqətdə olan vücudi (var olan) qaranlıq deyil. Bu, sadəcə işığın götürülməsi və qarşısının alınmasıdır. Lakin, buna “qaranlıq” yox, «kölgə» deyilir. Baxmayaraq ki, hər iki məfhumda işıqdan məhrum olma və ya işığın qarşısının alınması prossesi mövcuddur.

Bu misalları çəkməkdən məqsədimiz odur ki, alınma nemətlərin həyatın bir mərhələsində olmaması, başqa mərhələsində olmasının mümkünlüyünə işarə edək. Məsələn, ayağı şikəst bir insanın iman əhli olaraq öləcəyi təqdirdə cənnətdə ayağının tam bərpa olunacağını İslam dini vəd edir. Bu dünyada kor olan insan da həmçinin əbədi aləmlə müqayisədə müvəqqəti bir aləmdə fiziki qüsurlu olur. Cənnətdə isə insanın bütün əzaları sağlam olacaq. İnsan həyatının beş mərhələsi və yalnız bu mərhələrdən bir-ikisində fiziki qüsurluluğun mövcudluğu barədə qarşıda danışacağıq.

2) Qüsurlu insanın bir əzasının fəaliyyətini itirdikdə onun başqa əzalarında bəzi üstünlüklərin yaranması. Həmçinin, bu fərq yalnız dünyada zahirən elə görünür. Həqiqətdə isə axirətdə bu fərq olmayacaq. Şikəst, qüsurlu və ya çirkin insanlar (qeyd etdiyimiz kimi) cənnətdə tam, qüsursuz əzaları ilə olacaq və gözəl olacaqlar. Allah onların bu dünyada itirdiklərinin əvəzini ən gözəl şəkildə verəcəkdir. Dünyaya gəldikdə isə bəzi qüsurların mövcudluğu insanın başqa hissiyyatlarının inkişafına səbəb olur. Məsələn, kor insanların qüvvətli yaddaşının formalaşması həm elmi, həm də təcrübi yolla artıq isbatlanmışdır. Həmçinin, kor insanların eşitməsinin və səslərə qarşı daha həssaslığı, itirdiyi gözlərindən dolayı bədənindəki görməni əvəzləmək mexanizmi kimi səslərdən hadisələri çözmək məharətinin inkişaf etməsini alimlər vurğulayırlar. Kar insanlarda da hissiyyatın güclənməsi, görmə qabiliyyətinin daha qüvvətlənməsi və s. əvəzləyici prosseslər baş verir. Başqa qüsurlu insanların da həyatdakı qəribə, qeyri adi məharətləri, hətta bəzən onların sağlam insanların belə çox çətinliklə əldə etdiyi uğurları həyatda əldə etmələri bizə bəzi qüsurların insanı həyatda daha mübariz, faydalı və çalışqan etdiyinə bariz nümunədir. Qənaətimizcə istər keçmişdə olan gözləri kor alimlərdən, istər də indiki gözləri kor alimlərdən, onların heyrətamiz zəkasından bəhs etməyə ehtiyac yoxdur. Bu, çoxlarının bildiyi, məlum bir məsələdir. Deməli, Allah bir yandan bir neməti alanda, başqa bir yandan da neməti verir.

3) Allah Öz mülkündən istədiyi kimi xərcləyir və istədiyini də bildiyi bir hikmətlə yaradır. Heç bizdən biri öz mülkündən istədiyi kimi xərclədikdə kimsə ona demir ki, sən niyə zülm etdin? Onda bütün mülk əlində olan kiməsə verir, kiməsə nəyisə vermirsə, niyə zülm etdi deyək? Bütün mülkün tam sahibi Allahdır. Hətta, varlılar belə tam mülk sahibi deyillər. Bizim nemət və qüsur anlayışımız da çox dar çərçivədədir. Yəni, bəzi insanlar var ki, mənəvi qüsurlara diqqət yetirmirlər. Halbuki, əsil, həqiqi qüsur mənəviyyatda olan qüsurdur. Bəziləri mənəviyyatsız, lakin, imkanlı, varlı insanı nemət sahibi hesab edirlər. Əksinə, mənəviyyatlı və lakin imkanı olmayan, kasıb insanı isə yazıq hesab edirlər. Halbuki, hər bir mənəviyyatlı insan mənəviyyatsız insandan üstündür. Əbəs yerə deyilməyib ki, əsil zənginlik qəlb zənginliyidir.

Biz istər nemətlərə, istər də qüsurlara öz dar meyarlarımızla baxırıq.

Bəzən bir nemətin sahibi özündəki nemətdən xəbərsiz olur, başqa insanlar isə onda olan neməti arzulayırlar. Eləcə də bəzən zahirdə qüsurlu gördüyümüz insanda elə bir xüsusiyyət ola bilir ki, digər insanlar həmin xüsusiyyəti əldə etmək üçün çox şey etməyə hazırdırlar. Məsələn, bir çox insanlar gözü görməyən insanların qüvvətli yaddaşına malik olmağı istəyərdilər. Neçə-neçə imkanlı şəxslər var ki, yaddaş zəifliyindən əziyyət çəkirlər. Halbuki, insanların çoxusu şiddətli unutqanlığı qüsur saymırlar. Halbuki, ömür boyu bu unutqanlıqdan əziyyət çəkirlər. Ona görə də “qüsur” anlayışına bir daha düzgün nəzər yetirmək lazımdır.

4) Bütün insanlara fikir versək, qüsurlu insanlara olduqca nadir halda rast gələrik. Allahın lütfü ilə əksər insanlar tam sağlam doğulurlar. Qüsurlular isə müqayisə olunmayacaq dərəcədə azdırlar.

Biz hələ ata və ananın səbəb olduğu zülmlə kimyəvi maddələrin təsirindən (məsələn; siqaret çəkmək, spirtli içki içmək, narkotik maddələrin istifadəsinə aludə olmaq və s. səbəblərdən) əmələ gələn qüsurlardan və ya hansısa dərmanların təsirindən yaranan qüsurlardan – istər valideynlər bu törətdiklərinin fərqində olsunlar, istır də fərqində olmasınlar – həmçinin, hələ embrionun şiddətli istiyə və ya zərərli şüalara məruz qalmasından danışmırıq… O cümlədən də artıq elm sübut etmişdir ki, ata, (rüşeymi daşıyan) ananın yanında uzun müddət siqaret çəkərsə, bu da doğulacaq körpədə müəyyən qüsurlara yol aça bilir. Lakin, Allahın rəhmətindəndir ki, körpənin bu cür səbəblərlə qüsurlara yoluxması elə də asan deyildir. Əgər Allahın rəhməti olmasaydı, bu xromosomlara olan təsir daha asan olar və anadangəlmə xəstə və qüsurlu körpələrin sayı daha çox olardı. Bu məqamda Quranın bu ayəsini xatırlayırıq.

«Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.» (əl-Ədiyət, 6)

Həqiqətən də bu nankorluq, bəzi insanların özlərinin bilərəkdən yol verdikləri səhvləri və zülmləri görməməzlikdən gəlib onları da Allaha nisbət etmələrindən görünür. Halbuki, şər Allaha nisbət olunmur. O cümlədən də, Allah insanların yuxarıda qeyd etdiyimiz və qeyd edilməyən körpəyə təsir edəcək bir çox səhlənkarlıqlarına baxmayaraq, yenə Öz qullarına rəhm edir və yenə də bu qüsurlar nadir hallarda baş verir.

5) Dünyada hər şeyin əksi olduğu kimi, xeyirlə şər, acı və şirin, gözəl və çirkin, sağlam və xəstə və s. əks məfhumlar daim biri-birini tamamlayır. Əgər xəstə və qüsurlu insanlar olmasaydı, sağlam insanlar sağlamlıqlarının qiymətini dərk etməzdilər.

6) Şikəst və qüsurlu insanlar üçün dünya imtahanı asanlaşır. Çünki, Allah hər kəsə öz daşıya biləcəyi qədər yük verir. Uca Allah bu barədə buyurmuşdur:

«Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.» (əl-Bəqərə, 286)

Fiziki qüsurlu insanların imtahanı necə asanlaşacaqdır?

Bu suala artıq Quran ayəsindən cavabı bildik. Bir misal da verək: əvvəlcə bilməliyik ki, Allah müxtəlif insanları müxtəlif cür imtahan edir. Məsələn; fərz et ki, bir dünyəvi imtahanda əgər suallar asan gələrsə, cavabları yoxlanıldıqda bir az daha ciddi yanaşılacaqdır. Amma, imtahanda suallar çətin gələrsə, cavablar yoxlanıldıqda ədalət naminə cavablara daha yumşaq yanaşılacaqdır. Artıq imtahan çətin olduğu üçün tələbənin suala ümumən düz cavab yazmağına fikir veriləcəkdir. Amma, asan imtahanda daha çox xırdaçılığa gediləcəkdir. Bu bildiyimiz bir məsələdir. Eləcə də Allah fiziki qüsurlu şəxslərlə sağlam insanların sorğu sualını və məsuliyyətini eyni etməmişdir. Əksinə, qüsurlu insanlara axirət imtahanını asanlaşdıracaqdır. Eləcə də hədislərə əsasən varlılardan fərqli olaraq kasıbların cənnətə girməsi daha asan olacaqdır. Çünki, insanın var-dövləti çox olduqca onun sorğu-sualı da çətin olacaqdır. Çünki, İslamda maldan kasıblara zəkat vermək varlılara aiddir. Bu da bir imtahandır. Kasıb, imkansız insanlar isə bu imtahana tabe tutulmurlar. Yəni, belə bir öhdəlikləri olmur. Deməli, insanın məsuliyyəti, gücü, qüvvəsi artdıqca, onun imtahanı da çətinləşir. Zəif, qüsurlu, insanların imtahanı isə gücləri nisbətində olacaqdır. Bu da Allahın Ədalətindəndir. Uca Allah buyurur:

«Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz.» (ən-Nisə, 40)

Birbaşqa misal; əgər biz sağlam və əlil insanlar üçün qaçış yarışı təşkil etmək istəsək, sağlam insanlara 100 metr, əlil insanlara isə 50 metr məsafədən bu yarışı təşkil etmək daha ədalətli olardı. Dünyəvi sınaq yarışlarında bu nüans nəzərə alınırsa, axirət sınağında daha çox nəzərə alınır. Dünyada fiziki qüsurlu insanların imtahanının asanlaşdırılması olduğu kimi, axirət sınağında da bu asanlaşdırma mövcuddur.

7) Gəlin baxaq görək başqa dinlərin bir insanın fiziki qüsurlu və ya şikəst dünyaya gəlməsinə münasibəti necədir? Sonra isə İslam dininin ədalətli mövqeyi ilə tanış olaq. Başqa dinlərə gəldikdə: Hinduslar və hinduizmdən təsirlənən bir çox dinlər hinduzmdəki «samkara» (karma) etiqadına əsasən inanırlar ki, bir insanın ruhu bir neçə həyat yaşayır, əgər əvvəlki həyatında bəzi çirkin əməlləri olubsa, növbətli həyatında onun ruhu müxtəlif heyvanların, hətta həşəratların bədənində ola bilər və o insan fiziki qüsurlu və ya şikəst biri kimi dünyaya gələ bilər. Yəhudilikdə də ümumən ruhların ölmədiyi, bədəndən bədənə keçdiyi inancı mövcuddur. Bəzi batil firqələrdə də bu inanc mövcudddur. Xristianlıqda isə qüsurlu insanların niyə mövcud olması barədə bir dini cavab tapa bilmədik.

İndi də gəlin İslamın bu barədə izahını anlatmağa çalışaq:

Digər dinlərdən fərqli olaraq İslama görə bu fiziki qüsur insanda davamlı olan bir hal deyil, həyatın beş mərhələsindən birində (ana bətnidə) və ya ikisində (dünyada sonradan qazanılan) aşkar olan bir haldır. Bu beş mərhələ barəsində bir az sonra danışacağıq.

Lakin, bilmək lazımdır ki, bu dünya öhdəliklər və əməl yeridir, əbədi səadət və davamlı ləzzətlər yeri deyil.

Allah Qurani-Kərimdə buyurmuşdur:

«Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.» (əl-Mulk, 2)

Bu ayə isə əslində mövzuyla əlaqəli verilmiş sualın cavabıdır. İnsanın yaşaması da, ölməsi də insanların hansının yaxşı daha əməl sahibi olduğunu ayırd etmək üçündür.

Ata ibn Rabah’dan rəvayət olunan hədisdə epilepsiya xəstəsi olan bir qadın Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yanına gələrək xəstəliyindən əziyyət çəkdiyini, yerə yıxıldığını və bu zaman üstünün açıldığını bildirdikdə Peyğəmbər ona: «İstəsən səbr et cənnəti qazan, istəsən dua edim şəfa tapasan.» deyir. Qadın deyir: Səbr edərəm. Sonra isə qadın xəstəliyindən dolayı huşunu itirdikdə, yerə yıxıldıqda üst-başının açılmaması üçün dua etməsini istəyir və Peyğəmbər də onun üçün dua edir. (1)

Bu cür qüsurlarla insanın özü, bəzən valideyinləri və bəzən digər yaxınları imtahan edilir.

2) Fiziki qüsurlu insan qədərə imanı, səbri və Allahın qəzavü-qədərinə razı olacağı təqdirdə başqa insanların sağlam olduqlarından dolayı mükəlləf olduqları dini mükəlləfiyyətlərin əksinə olaraq bəzi dini öhdəlikləri azalır. Bu fiziki qüsur səbəbilə dini öhdəliyin azalmasının nisbəti fiziki qüsurun növünə (ağırlığı və yüngüllüyünə) görə dəyişir.

3) Fiziki qüsurlu insanlar bu imtahandan səbrlə, qədərdən razı halda keçdikləri təqdirdə böyük savaba nail olaraq cənnəti qazana biləcəklər. İnsanın imtahanı (bəlası) şiddətləndikcə əcri və savabı artır, bunun hikməti odur ki, insan bəzən öz əməli ilə çata bilməyəcəyi yüksək, uca məqamlara bəlalara səbr etməklə çatır.

Ona görə də Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur:

«Mükafatın böyüklüyü bəlanın (sınağın) böyüklüyü ilədir. Allah bir qövmü sevərsə, onları bəla ilə sınağa çəkər, hər kim razı qalarsa, o razılıq qazanar. Hər kim də qəzəblənərsə, ona qəzəb olunar.»(2)

Başqa bir hədisdə deyilir:

«Bir insanın Allah qatında əməli ilə çata bilməyəcəyi yüksək məqama Allah onu sevmədiyi şeylərlə sınağa çəkməklə o yüksək məqama çatdırar.» (3)

Qısa dünya həyatı isə əbədi həyatla müqayisə oluna bilməz.

Uca Allah Quranda buyurmuşdur:

«Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir» (əz-Zumər, 10)

Gözlərin qüsuru insana ən çox əziyyət verən qüsurlardandır. Lakin, kim Allahın qədərinə iman və razılıqla buna səbr edərsə, ona cənnət vəd edilir.
Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) demişdir: Allah buyurdu ki:
«Əgər bəndəmi iki gözü ilə sınağa çəkərəmsə, o da səbr edərsə, iki gözünün əvəzində ona cənnəti verərəm»(4)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur:

«Qiyamət günü sağlam kimsələr (dünyada) bəla verilmiş insanlara (böyük) savab verildikdə təmənna edəcəklər ki, kaş ki, (dünyada) bədənləri mişarla doğranardı (onlar da belə böyük savaba nail olardılar» (5)

4) Əgər bu dünya həyatı hər şeyin sonu olsaydı, Axirət həyatı olmasaydı, onda ateistin bu mövzuda sualının bir mənası olardı. Lakin, bu dünya həyatı insan övladının keçdiyi beş mərhələdən yalnız biridir. İnsan bütün mərhələlərdə fiziki qüsurlu olmur.
– İnsan birinci ruh mərhələsində olur,
– Sonra ana bətnindəki (ikinci) mərhələyə keçir,
– Sonra üçüncü mərhələdə dünyaya gəlir,
– Sonra bərzəx aləmində gözləmə mərhələsində olur,
– Sonda isə axirətdə dirilmə mərhələsini keçərək əbədi, son mənzilinə keçid edərək ya cənnətə, ya da cəhənnəmə gedəcək.

Deməli, insan bu mərhələlərin hamısında qüsurlu bədən sahibi olmur. Onun qüsuru dünya həyatında zahir olmaqla onun Allaha imanı, qədərə razılığı, səbri imtahan olunur.

Fiziki qüsuru olan cənnət əhli cənnət mərhələsində gözəlləşəcək, onların fiziki qüsurları tam şəkildə aradan qalxacaq və cənnət əhli cavanlığın ən yaxşı və kamil çağında olan yaşda (33 yaş) olacaqlar. Onlar orada qocalmayacaq, yorulmayacaq, xəstələnməyəcək, ağrı çəkməyəcəklər və yalnız nemətlər içində olacaqlar.

5) Allah öz qullarına qullarına zülm etmir, Allah qullarına zülm etməkdən uzaqdır. Onun hər bir işində bir hikmət vardır. Bu hikmətlər bəzən bizə aydın olur, bəzən isə gizli qalır. İnsan anlaya bilmədiyi hikmətlər gördükdə bunu Uca Allaha həvalə etməli, səbr edərək qədərə razı olmalıdır.

6) Fiziki qüsurlu olmaq, hər cəhətdən qüsurlu olmaq deyil, əksinə, Allah bir neməti alırsa, başqa başqa neməti verir. Həqiqi qüsur mənəvi qüsurdur, fiziki qüsur deyil.

Mövzu ilə əlaqəli bəzi suallara cavablar:

a) Sual verilsə ki: Bu qüsurların bir faydası varmı?

Cavab: Bəli. İki mühüm faydanı qeyd edək:
Birincisi: Sağlam insanların bu nemətdən (bəzi bədən üzvlərindən, sağlamlıqdan və s. ) məhrum olan insanları gördükdə sağlamlıqlarının və ya bədən üzvlərinin sağlam olmasını dərk etmələri, bunu qiymətləndirmələri və öz hallarına şükür etmələri.
İkincisi: Bu qüsurların tibb elminin inkişafına töhfələri. Hansı ki, bu həqiqəti yalnız bu sahədə olanlar daha yaxşı dərk edə bilərlər.

b) Sual verilə bilər ki, bəs dəli, əqli qüsurlu insanların axırı necə olacaq?

Cavab odur ki, İslama görə dəli insandan qələm qaldırılmışdır. Yəni, etdiklərini şüurlu şəkildə etmədikləri üçün əməllərinə görə cəza məsuliyyəti daşımırlar. Axirətdə isə Allah onlara ağıl verəcək və onları imtahana çəkdikdən sonra ya Cənnətə, ya da cəhənnəmə salacaqdır. Ağıllı insanlara da dəlilərin varlığında bir ibrət vardır ki, bununla ağıl nemətinin qiymətini dərk edirlər. İnsan bəla sahiblərini gördükdə Allaha həmd etməli, yardıma ehtiyac olanlara da bacardığı yardımı etməlidir.

c) Sual verilə bilər ki, Allah Quranda buyurur: «Biz insanı ən gözəl biçimdə yaratdıq!» (ət-Tin, 4) – bu ayə qüsurlu və şikəst insanların varlığıyla bir ziddiyyət təşkil edirmi?

Cavab: Xeyr, ziddiyyət təşkil etmir. Çünki, bu ayəyə əsasən təkcə insanın zahiri görünüşü qəsd olunmur, insanın zahiri və batini cəhətdən mükəmməl yaradılışı, insanın bədən quruluşunun ən yaxşı şəkildə yaradılması nəzərdə tutulur. Lakin, bu ayənin zahirinə görə çirkin və gözəl insanların mövcudluğunun qiyas olunması doğru deyil. Çünki, buradan insan cinsinin ümumən başqa canlılarla müqayisədə ortaya çıxan üstünlüyündən söhbət edilir, istisna hallar hər canlıda ola bilir. Lakin, ümumi dəyərləndirmədə istisna hallar deyil, insanın ümumi fiziologiyası əsas götürülür. Bu fiziologiya isə insan deyilən varlığın mükəmməl yaradılaraq heyvanlardan ağıl, üstün idrak ilə seçilməsi və s. bir çox amilləri özündə ehtiva edir.

Böyük təfsir alimi ibn Cərir ət-Təbəri bu ayənin mənası barədə demişdir: Ayədə and içilən də elə budur. Allah insanı ən yaxşı surətdə və ən yaxşı quruluşda yaratmışdır. (digər canlılarla müqayisədə) qaməti dikəldilmiş, əzaları mötədil və daha yaxşıdır. (6)

Alimlərin əksəriyyəti də bu mənanı təsdiqləmişdir. Odur ki, bu ayənin mənası ilə nadir hallarda rast gəlinən fiziki qüsurların mövcudluğu ziddiyyət kəsb etmir. Çünki, bu ayədə normal, sağlam insanın necə olmasından bəhs edilir. İnsanın ümumi halı bu təməl üzərində olduğu üçün nadir istisna hallar bu təmələ zərər yetirmir. Elə bu şübhəni gətirənlərin özləri də qəbul edirlər ki, insan əsas etibarilə heyvanlardan yüksək səviyyədədir. İnsanın ən yaxşı halda yaradılmış olmasına bir misal da onu heyvanlardan fərqləndirən ağılıdır. Bu şübhəni gətirənlərin özlərindən də soruşsan ki, insan ağıllıdır, yoxsa, heyvan? Heç düşünmədən insanın ağıllı olduğunu deyəcəklər. Bu cavab məqamında isə nadir hallarda rast gəlinən əqli qüsurlu insanları qeyd etmək heç yadlarına düşməyəcək. Ona görə də inanclı insanlara istisna halları misal çəkməklə dəlil gətirmələri heç də məntiqi görünmür.

d) Daha bir şübhəyə cavab: Əgər bu söhbətdən sonra kimsə (ateist) iddia etsə ki, insan zəkası inkişaf etdikcə bu problemlər, müsibətlər, bəlalar və şərlər, anadangəlmə qüsurlar, hətta, zəlzələ və vulkanlar, bir sözlə şər problemi aradan qalxacaq, nəticədə isə dinə ehtiyac olmayacaq. (7)

Cavabında deyirik ki: bu insanın özünü aldatmasından başqa bir şey deyil. Bu nisbi bir məsələdir. Lakin, bunun tam gerçəkləşməsi və şərin tamamilə ortadan qalxması mümkün deyil.
Çünki, insan bu dünyada xeyir və şərlə imtahan olunur. Elə bu imtahan olunma Allahın yer üzündəki bir qanunudur (sünnəsidir).
Qurani-Kərim bu həqiqəti belə izah edir: «Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!» (əl-Ənbiyə, 35)

Ona görə də insan bir çox şərləri yox etmıyə çalışsa da, yenə yeni şərlər çıxacaq və çıxmağa davam edəcəkdir. Məntiq və gerçəklik də bunu sübut edir. Texnika və elm inkişaf etdikcə yenə də dünyada problemlər, müsibətlər, xəstəliklər heç də azalmır.

İslam dini heç də müsibət zamanı dərdə səbr etməklə kifayətlənməyi əmr etmir, əksinə çıxış yollarını axtarmağı da əmr edir. Yazımızı uzatmamaq üçün çoxsaylı dəlilləri burada qeyd etmədən işarə etmək istəyirik ki, bəzi qərəzli insanlar İslamdakı səbr anlayışını “yüksək mübarizlik” səviyyəsindən “acizlik və ümidsizlik” səviyyəsinə endirməklə dəyərləndirməyə çalışırlar. Belə insanlar “Sənə fayda verən şeyə yönəl, Allahdan yardım istə və aciz olma!”(8) deyən İslam Peyğəmbərini tanımırlar. Həmçinin, Onun: “Allah elə bir xəstəlik endirməmişdir ki, onun dərmanını da endirmiş olmasın. Sadəcə bunu (dərmanı) bilən bilir, bilməyən isə bilmir.”(9) hədisindən də xəbərsizdirlər.

Deməli, İslam dinində xəstəliklərlə yüksək səviyyədə mübarizənin mümkünlüyü inkar olunmur. Həmçinin, elmi yeniliklər və icadlarla bəzi şərlərin qarşısının alına biləcəyi mümkün hesab olunur. Lakin, bütün şərlərin aradan qalxması mümkünsüzdür. Hətta, bu zənn və xəyaldır – deyərdim.

Bundan öncəki “ateizmdə şər problemi məqaləsində” bunu ətraflı bəyan etmişdik ki, xeyirlə yanaşı şər olmayan bir dünyanın mənası yoxdur. Yalnız xeyir olan, şər olmayan mənalı aləmi, cənnəti Allah yaratmışdır. Lakin, bunu imtahan dünyasında tələb etmək mənasızdır və əsassızdır. Bu dünyanın öz xüsusiyyətləri olduğu kimi, axirətin də öz xüsusiyyətləri var.

Qeydlər və istinadlar:

(1) (Bax: Buxari, Muslim)
(2) (Sahihul-Cami, 2110)
(3) (Sahihul-Cami, 5815)
(4) (Buxari, 5329)
(5) (Sahihul-Cami, 8177)
(6) (Bax: ibn Cəririn təfsiri, Tin surəsi, 4-cü ayə)
(7) (Necə ki, tez-tez “dünya kosmosa uçur, siz isə…..” kimi cümlələr quranların özlərinin kosmosa uçduqlarını heç görmürük.)
(8) (Muslim)
(9) (Sahihul-Cami, 451)

Hazırladı:  Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    03.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar