Uca Allahın “əl-Lətıf” ismi

İslam alimləri “əl-Lətıf” ismini bir çox müxtəlif mənalarla açıqlamışlar

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra:

Uca Allahın əl-Lətıf (اللطيف) ismi Quranda 7 yerdə keçmişdir. Bunlar:

1. “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, əl-Lətıfdir, (hər şeydən) Xəbərdardır.” (əl-Ən`əm 103)

2. “…Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.” (Yusuf 100)

3. “Məgər Allahın göydən yağış yağdırdığını və (onunla )yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.” (əl-Həcc 63)

4. “(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah əl-Lətıfdir, Xəbərdardır.” (Loğman 16)

5. “Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir.” (əş-Şura 19)

6. “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, (hər şeydən) Xəbərdardır.” (əl-Əhzəb 34)

7. “Yaradan (Allah) əl-Lətıf və (hər şeydən) Xəbərdar olduğu halda, ola bilərmi ki, O, (gizlində və aşkarda olanları) bilməsin?” (əl-Mulk 14)

Həmçinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Muslimdə keçən hədisində buyurulur: “Mənə xəbər ver, yoxsa mənə əl-Lətıf və əl-Xabir (Hər şeydən xəbərdar olan) xəbər verəcəkdir.” (Muslim)

Səhabə, tabi`in və onların ardıcıllarından bu adın mənası haqda bir çox qövllər varid olmuşdur.

əl-Xattabi (Allah ona rəhmət etsin) buyurur: “əl-Lətıf – təsəvvür etmədikləri yöndən qullarına lütf və yaxşılıq edən və onlara düşünmədikləri tərəfdən fayda verəndir. Uca Allah buyurur: “Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir.” (əş-Şura 19)

Buna misal olaraq Yusufun (Allahın ona salamı olsun) imtahanını zikr etmək olar. Beləki zahirinə baxdıqda, onun öz atasından ayrı düşməsi, quyuya atılması, kölə olaraq satılması, evində qaldığı qadın tərəfindən sınağa çəkilməsi, qadının Yusufu (Allahın ona salamı olsun) yalanlaması, zindana atılması – bunların hər biri sıxıntı və müsibətdir. Lakin baş verənlərin batininə nəzər saldıqda isə, onların Uca Allahın dünya və axirətdə onun xoşbəxt olması üçün səbəb qıldığı hər cür nemət və lütf olduğunu görürük.

Eləcə də qullarını müsibətlərlə imtahan etməsi, onlara pis şeylərdən çəkinmələrini əmr etməsi və şəhvətdən doğan istək və arzuları onlara qadağan etməsi məhz bu səbəbdəndir. Bunların hər biri insanları dünya və axirət xoşbəxtliyinə çatdıran yollardır. Çünki “Cənnətin ətrafı xoşa gəlməyən, Cəhənnəmin ətrafı isə şəhvətdən doğan istək və arzular və xoşagələn şeylərlə bəzədilmişdir.” (Muslim)

Həmçinin Adəm, İbrahim, Musa, İsa (Allahın onlara salamı olsun) və eləcə də Muhəmmədin (Allahın ona salavat və salamı olsun) başına gələnlər də bu səbəbdəndir. Zahiri yöndən onlar sıxıntı və müsibət, lakin batindən isə ağılların dərk edə bilməyəcəyi xoşbəxtliklərə aparan gizli yollardır.

İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurur: “Eləcə də bu mövzuda Musanın (Allahın ona salamı olsun) qissəsini bir düşünün. Musa fironun doğulan bütün (oğlan) uşaqlarını öldürdüyü bir vaxtda dünyaya gəldi. Lakin O, bundan qurtuldu. Allah onun anasına onu çaya atmasını əmr etdi. Anası əmrə tabe olaraq onu çaya atdı. Allah Öz lütfü və neməti ilə onu, doğulan hər (oğlan) uşağını öldürən və gələcəkdə onu həlak edəcəyi düşməninın sarayına çatdırdı. Beləcə Allah onu bir-başa düşməninin evinə və yatağına buraxdı. Daha sonra bir səbəb təqdir edərək, onu Misirin kənarına çıxardıb fironun hökmü olmadığı bir yerə çatdırdı. Ardıyca daha bir səbəb təqdir edərək onu subaylıqdan və yoxsulluqdan qurtardı. Evlənməsini və zəngilləşməsini təmin etdi və onu geri, düşməninin ölkəsinə göndərdi. Musa fironla mücadilə etdi və özünə verilən bütün möcüzələri ona göstərdi. Lakin firon və onunla olanlar inanmadılar. Musaya və ona inananlara tələ qurdular. Bundan sonra Musa, ona inananlarla birlikdə qaçaq bir şəkildə oradan çıxtı. Bu – onlar üçün bir sonun başlanğıcı idi. Düşmənlərə qarşı Musaya və ona inananlara Allahın yardımı gəlmişdi. Onların ardıyca düşənlər onların gözləri önündə dənizdə boğulub həlak oldular.

Bu hadisə, Allahın dilədiyinə gözəl, dilədiyinə də pis aqibət verməsini və istəyini istədiyi şəkildə həyata keçirməsinin göstəricisidir. İnsanların ağlı Allahın fellərində gizlənmiş mərhəməti və nemətləri anlamaqdan acizdir. İnsanlar bu fellərin hikmətlərini və Allahın isim və sifətlərinin həqiqi mənasını anlamaz və dərk edə bilməzlər. Adəmin (Allahın ona salamı olsun) ona qadağan olunmuş ağacdan yeməsi və bu səbəbdən Cənnətdən çıxarılmasının neçə hikmətləri vardır. Lakin insan ağlı bu hikmətlərin incəliklərini anlaya bilməz. Eləcə də, gizli yollarla gələn və ən gözəl sonuclar hasil edən saysız-hesabsız hikmətlərin sirlərini də bilməz.” (İbnul Qayyim “Şifəul Alil” səh. 80)

Beləliklə bu hadisələr, Allahın nə etdiyini açıqlayır. Çünki Uca Allah geniş rəhmət və bol-bol nemətlər əta etməyi ilə yanaşı varlıqlarının ağıllarının dərk edə bilməyəcəyi gözəl sonluqlar və uca hikmətlər qəsd etməkdədir. Bunları da Uca Allah məhz Özünü qullarına isim və sifətləri ilə tanıtmağı üçün edir.

İbnul Ərabi isə buyurur: “əl-Lətıf, səni ehtiyacına və məqsədinə gözəl şəkildə çatdırandır. “Allah sənə lütf etdi” – “Allah səni gözəl şəkildə məqsədinə çatdırdı.” deməkdir.”

əl-Qurtubi (Allah ona rəhmət etsin) buyurur ki: “İslam alimləri “əl-Lətıf” ismini bir çox müxtəlif mənalarla açıqlamışlar. Sayı 22`yə çatan bu qövllər bunlardır:

1. İbn Abbas (Allah ondan razı olsun) “Allah Öz qullarına qarşı Lütfkardır…” ayəsini “Onlarla xoş və gözəl davranandır” kimi təfsir etmişdir.

2. Onlara yaxşılıq edəndir.

3. Yaxşı insana da pis insana da yaxşılıq edəndir. Asilikləri səbəbiylə onları aclıqdan öldürməyəndir.

4. Qullarına qarşı yumuşaq davranandır.

5. Hüzüründa duracaqları və hesaba çəkiləcəkləri zaman onlarla yumuşaq davranandır.

6. Ruzi verməkdə qullarına qarşı iki yöndən yaxşılıq edəndir. Birincisi, onları gözəl şeylərlə ruziləndirməsi, ikincisi isə, ruzilərini bəzən onlara verməyib onların israf və bədxərclik etmələrinə mane olmasıdır.

7. Özünü tanıtmağı ilə qullarından olan dostlarına və asilikləri səbəbi ilə onlara dərhal cəzalandırmaması ilə düşmənlərinə qarşı çox lütfkardır.

8. İnsanlardan ümidini kəsib Ona sığınan, yönələn və Ona arxalanan qullarına lütf edən, onları qəbul edən və onlara kömək edəndir.

9. Qulunun yaxşılıqlarını insanlar arasında yayan, günahlarını isə gizlədəndir.

10. Azı qəbul edib, çox verəndir.

11. Dünyada ruzisini kəsərək heç kəsdən qisas almayan və axirətdə Onun mərhəmətindən ümid kəsilməyəndir.

12. Ədalətindən qorxulan və yaxşılıqları (ihsanı) umulandır.

13. Quluna çalışdığından daha çoxunu verən və ona gücü çatmayacağını yükləməyəndir. Uca Allah buyurur: Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü?…» (Loğman 20), Allah istər ki, sizdən ağırlığı yüngülləşdirsin…» (ən-Nisə 28)

14. Ona asi olanı cəzalandırmaqda tələsməyən və ümid edənin ümidini boşa çıxartmayandır.

15. Dininə xidmət edənə yardım edən və onu çox tərifləyəndir.

16. İstəyəni geri çevirməyən və umid edəni ümidsiz qoymayandır.

17. Xətaları bağışlayandır.

18. Öz halına acımayana acıyandır.

19. Ariflərin açıqladığı sirrlərlə ətrafı işıqlandıran, düzgün yolu onların mənhəci (metodu, yolu) edən və su stəkandan töküldüyü kimi göydən yağışı yağdırandır.

20. Ağılların dərk edə bilməyəcəyidir.

21. Fellərin ən gizli incəliklərini biləndir. Buna misal olaraq, ana bətnində dölü yaratmasını, ifrazat və qan arasından xalis süd çıxatrmasını da zikr etmək olar.

22. Hər çətinliyi asanlaşdıran və hər qırığı (naqisliyi) bərpa edib gözəlləşdirəndir.”» (Qurtubi 1/333-336)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.05. 2017
    NamazVaxt
    Sübh03:12
    Günəş05:15
    Zöhr12:38
    Əsr16:36
    Məğrib20:02
    İşa21:32
    Namaza yeni başlayıram

Son əlavə olunanlar