Qurban əhkamları ilə bağlı gərəkli bilgilər

Hazırladı: Prf. D. Şeyx Həməd Həciri Tərcümə etdi: Emin Hacıyev

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Allaha yaxınlaşmaq üçün qullarına qurban kəsməyi buyuran və Quranda namazla qurbanı bir yerdə zikr edən Rəbbimizə həmd olsun! Şəhadət verirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur, fəzilət və nemət sahibdir. Yenə də şəhadət verirəm ki, Muhəmməd Onun qulu və elçisidir. O islamın şüarlarını ən gözəl şəkildə yerinə yetirmiş, imanı kamil şəkildə çatdırmışdır. Allahın salavatı və salamı onun, əhli beytinin, səhabələrinin və onlara yaxşı əməllərdə tabe olanların üzərinə olsun.
İslamın şüarlarından biri də müsəlmanın Qurban bayramında qurban kəsməsidir. Buna görə də, müsəlman qurbanla bağlı hökmləri öyrənməlidir ki, etdiyi ibadət də bəsirət üzərində olsun.

Bu qısa məqalədə qurban kəsənin bilməsi zəruri olan məsələlərin bəyanı vardır. Burada qısaca olaraq qurbanla bağlı önəmli məsələləri zikr edəcəm. Onlar aşağıdakılardır:

1 – Bayram günlərində Allaha yaxınlaşmaq üçün bayram səbəbi ilə mal-qaradan (dəvə, inək, keçi və qoyundan) kəsilən heyvanlara qurban deyilir.

2– Qurban kəsmək İbrahim peyğəmbərin (Allahın salamı onun üzərinə olsun) qoyduğu yoldur. Belə ki, ona oğlunu Allaha qurban kəsmək əmr olunduğunda, o Allahın əmrini yerinə yetirmək istəyir və bu əmrə boyun əyir. Lakin Allah, Öz lütfü və mərhəməti ilə bu əməlini bir böyük qoç göndərməklə əvəzləyir.

Eyni zamanda qurban kəsmək Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) də yoludur. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki buynuzlu ala-bula qoç kəsdi. Qoçu yanı üstə uzadaraq ayağını qoçun boynuna qoyaraq “Bismilləh, Allahu Əkbər” deyərək öz əli ilə kəsdi» (Buxari, Muslim).

Zikr olunan hədisə görə alimlərin cumhur (əksəriyyəti) qurban kəsməyin təkid olunmuş sünnət olduğunu deyirlər.

Hənəfilər və hənbəlilərdən bir görüşə görə isə gücü çatanın qurban kəsməsi vacibdir. Bu rəyi Şeyxulislam İbn Teymiyyə və İbn Useymin də güclü saymışlar.

Vacib görüşündə olanların dəlillərindən biri, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözüdür: «Hər kim gücü çatdığı halda qurban kəsməzsə, bizim namazgaha yaxınlaşmasın». (İbn Macə, Albani səhih deyib)

3 – Qoyun və keçidən olan qurban bir nəfərin və onun ailəsinin adına keçərlidir. Həmçinin, müsəlmanlardan istədiyini də niyyətlə bu qurbana ortaq edə bilər. Aişədən (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) qurban kəsərkən belə deyərdi: «Bismilləh, Allahım bunu Muhammədin, Muhammədin ailəsinin və Muhammədin ümməti adına qəbul et» (Muslim).

4 – Qurbanda qayda odur ki, bu dirilər üçün buyurulub. Necə ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun səhabələri özlərinin və ailələrinin adına qurban kəsərdilər.

Ölülərin adına kəsilən qurbana gəldikdə isə, bu üç qismə bölünür:

1) Ölülər dirilərə tabe olunaraq zikr olunur. Belə ki, bir kişi özü və ailəsi adına qurban kəsirsə və niyyətinə ailə üzvlərindən sağ olanları da, vəfat edənləri də daxil edərsə, bu icazəlidir. Çünki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) özünün və ailəsinin adına qurban kəsmişdir. Ailə üzvlərindən bəzisi də ondan əvvəl vəfat etmişdir.

2) Əgər vəfat edən şəxs vəsiyyət edərsə ki, onun adına qurban kəssin, onun vəsiyyətini yerinə yetirmək üçün kəsə bilər. Allah Təalə buyurmuşdur: «Kim (ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!» (əl-Bəqara, 181).

3) Qurbanın savabının vəfat etmiş şəxsə çatması üçün onun adına ayrıca qurban kəsmək. Bu əməl də icazəlidir, çünki, bu vəfat etmiş şəxsin adına sədəqə verməyə qiyas olunur. Lakin, bu əməl icazəli olsa da sünnət deyildir. Çünki, şəriətimiz bu əmələ təşviq etməmişdir.

5 – Qurbanın keçərli olması üçün dörd şərtin cəm olması lazımdır :

1) Qurban davar heyvanlardan olmalıdır; Bunlar da, dəvə, inək, keçi və qoyundur. Allah Təalə buyurmuşdur: «Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi (dördayaqlı) heyvanların üzərində (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin ilahınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver». (əl-Həcc, 34).
Bu sayılan heyvanlardan başqasından (toyuq və.s) qurban kəsilməz. Çünki, bu haqda şəriətdə dəlil yoxdur.

2) Kəsilən heyvan şəriətin təyin etdiyi yaşa çatmalıdır; Bu, dəvədə beş yaş, inəkdə iki yaş, keçidə bir yaş və qoyunda altı aydır. Cabirin (Allah ondan razı olsun) hədisində Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Bir yaşdan kiçik keçi kəsməyin. Kimsə tapmasa, o zaman altı aylıq qoyun kəssin». (Muslim)

3) Kəsilən heyvan qurbana mane olan eyiblərdən salamat olmalıdır; O eyibləri Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edərək buyurmuşdur: «Dörd sinif heyvandan qurban kəsilməz: Gözü kor olub korluğu açıq bilinən heyvan, xəstəliyi bəlli olan heyvan, axsaq olub axsaqlığı bilinən heyvan və arıq olub arıqlığı bilinən heyvan.» ( Əbu Davud, 2802, Albani səhih deyib).

Hədisdə keçən bu dörd eyibə, bunların mislində və bu eyiblərdən daha betər olanlar da aid edilir və həmin heyvanlardan qurban kəsilmir.

Lakin, axtalanmış heyvanları qurban kəsmək olar. Çünki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) axtalanmış heyvanı qurban kəsmişdir.

4) Qurban şəriətin təyin etdiyi vaxtda kəsilməlidir. Bu da onuncu gün bayram namazından sonra başlayaraq on üçüncü gün məğrib əzanına qədər olan vaxtdır. Beləliklə də, qurban günləri dörd gün olur. Cundub ibn Sufyan Bəcəli (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: «Kim qurbanını bayram namazından əvvəl kəsərsə, o həmin qurbanın əvəzinə başqasını kəssin. Kim namaza qədər kəsməyibsə, «bismilləh» deyərək qurbanını kəssin». (Buxari, Muslim).

Qurbanı gecə də gündüz də kəsmək olar. Lakin, gündüz kəsmək daha yaxşıdır.

6 – Qurbanda ən üstün olan növ aşağıdakı kimidir:

• Tək adamın dəvə kəsməsi
• Sonra tək adamın iribuynuzlu mal kəsməsi
• Sonra tək adamın qoyun kəsməsi
• Sonra tək adamın keçi kəsməsi
• Sonra yeddi nəfərin bir dəvəyə ortaq olması
• Sonra yeddi nəfərin bir iribuynuzlu mala ortaq olması
Qurbanda bəyənilən odur ki, kök, əti çox və görünüşü gözəl olsun.

7 – Qurban kəsmək istəyən şəxsə vacibdir ki, zilhiccə ayı daxil olduqdan sonra qurbanını kəsənə qədər saçından və dırnağından götürməsin. Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: «Sizdən biriniz qurban kəsmək istəyirsə, zilhiccə ayı daxil olduqdan sonra qurbanını kəsənə qədər saçından və dırnağından götürməsin». Başqa bir rəvayətdə: «Saçına və dərisinə toxunmasın». (Muslim).

8 – Qurban kəsərkən, heyvanla yaxşı davranmaq, bıçağı itiləmək və heyvanı sol tərəfinə yerə uzatmaq bəyənilən əməllərdəndir.
Sünnə olan odur ki, üçdə birini özü yesin, üçdə birini hədiyyə etsin və üçdə birini sədəqə etsin. Lakin, çoxunu özünə saxlayasa da, bir problem yoxdur. Qurbanı insanın özünün kəsməsi də sünnətdir. Əgər özü kəsmirsə, ən azı kəsilən zaman orda iştirak etsin. Qəssaba əməli qarşılığında qurbandan nə isə (dərisini və. s) vermək olmaz. Mütləq ücrət olaraq pul şəkilində verilməlidir. Bundan sonra istəsə qurban ətindən qəssaba da hədiyyə edə bilər.

Qurban kəsdiyi heyvanın dərisini özü istifadə edə, yaxud istifadə edən birinə hədiyyə edə bilər. Lakin, satmaq olmaz.

Qurban ətini üç gündən də artıq saxlamaq olar, həmçinin o ətdən kafiri də yedirtmək olar.

Hazırladı: Prf. D. Şeyx Həməd Həciri
Küveyt unversitetinin şəriət fakultəsində fiqhul muqaran və şəriət siyasəti qisminin rəisi.
13/8/2018.

Tərcümə etdi:  Beynəlxalq Mədinə İslam Universitetinin doktorantura tələbəsi, Emin Hacıyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.04. 2024
    NamazVaxt
    Sübh03:56
    Günəş05:42
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:34
    İşa21:04
    Namaza yeni başlayıram

Son əlavə olunanlar