Qılınc gücü müsəlmanı nə deməkdir?

İslam sözü sülh sözüylə əlaqəlidir. Qurani-Kərimdə İslam sözü «Sülh» anlamında işlənmişdir. Bunu hər kəs bilməlidir. Belə bir əzəmətli mənası olan bir din necə əks mənada işlədilə bilər?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslam sözü sülh sözüylə əlaqəlidir. Qurani-Kərimdə İslam sözü «Sülh» anlamında işlənmişdir. Bunu hər kəs bilməlidir. Belə bir əzəmətli mənası olan bir din necə əks mənada işlədilə bilər? Əl-Bəqara surəsi 208-ci ayədə Uca Allah buyurmuşdur:

«Ey iman gətirənlər! İslamı bütünlüklə qəbul edin» (əl-Bəqara, 208)

Bu ayədə «sülh» sözü keçsə də, təfsir alimləri eyniköklü «silm və islam» sözlərini bu ayədə eyni mənada izah etmişlər. Çünki, İslam özü elə sülhdür. (İbn Cərir ət-Tabəri, “Cəmiul-Bəyən”, 4/253)

Amma ümumən, «İslam» sözü ərəbcədən dilimizə tərcümədə lüğəvi cəhətdən «tabeçilik, təslimiyyət və itaət»  mənalarını verir. (İbn Fəris, Məqayisul-Luğat, səh 412, dərul-Hədis. Firuzabadi, Qamus Əl-Muhit, səh 1121, Muəssəsətur-Risələ)

Həmçinin, onu da bilmək lazımdır ki, İslam dinində “məcburiyyət” yoxdur. Bu din insanlara İslam etiqadını qəbul etdirməkdə “məcburiyyətin” əleyhinədir. Bu barədə Uca Allah Qurani-Kərimdə belə buyurmuşdur: «Dində məcburiyyət yoxdur» (əl-Bəqara, 256)

İslam dini səmavi dinlərin ən kamili və tamamlayıcısı olduğu üçün insanlara seçim haqqı vermişdir.

İslam dini qəlblərə xitab edir.
Bir canlı səhnəni təsəvvür edin ki, bir azdan döyüş başlamalıdır. Peyğəmbər (salləllahu aleyhi va səlləm) döyüş sancağını Əli ibn Əbu Talibin (radıyəllahu ənhu) əlinə verir və ona demir ki, get onları öldür. Çünki bu, İslamın uca məqsədlərindən deyildir. İslamda döyüş də Allahı, dini təbliğ etmək məqsədilədir. Ona görə də o vaxt ki, Əli ibn Əbu Talib: «Ey Allahın Elçisi! Onlar bizim kimi (müsəlman) oluncaya qədər onlarla döyüşümmü? -dedikdə, Allah Elçisi (Allah Elçisi) deyir: «Onların olduğu yerə çatana kimi gözlə! Sonra onları İslama dəvət et! Onlar üzərində vacib olan (Allahın) haqqını onlara xəbər ver. Allaha and olsun ki, sənin səbəbinlə bir insanı Allah hidayət edərsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir.» (Sahihul-Buxari, 3498; Sahihul-Muslim, 2406)

Hədisdə işlədilən «qırmızı dəvələr» o dövrün bahalı minik vasitələri idi. İndiki dövrdə isə ən bahalı maşınlarla müqayisə oluna bilər.

Bu hadisədən bir fayda (və ya sual) çıxarılır ki, əgər məqsəd insanları öldürmək idisə, onda niyə döyüş meydanında onları İslama dəvət edirdilər və niyə əsirləri qılıncla dini qəbul etməyə məcbur etmirdilər?

Əgər tarixə fikir versəniz İslam fatehləri ölkələri fəth edərkən insanları qılınc gücü ilə məcbur etməyiblər ki, İslamı qəbul etsinlər. Əksinə, İslam dini rəğbətləndirib ki, insanları gözəl şəkildə İslama dəvət etsinlər. Ona görə də, Allahu Təala Qurani-Kərimdə buyurmuşdur: «İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl şəkildə mübahisə et.» (ən-Nəhl, 125)

İnsan başqa dində olanlara belə dini gözəl şəkildə başa salmalıdır. Bir də onu demək istəyirik ki, bu “Qılınc müsəlmanı” şübhəsi müstəşriqlərin (qərb şərqşünaslarının) İslam aləmində yaydıqları şübhələrindəndir. Bəzi misallar çəkməklə də bunun batil şübhə olduğunu isbat etmək mümkündür. Halbuki, bura qədərki yazımız da bunu dərk etməyə bəs edir.

Birinci misal; Elə götürək İndoneziyani. Baxaq görək İndoneziyada İslam necə yayılmışdır? Hansı “qılınc gücünə” yayılmışdır? Tarixdən bir fakt gətirin ki, orada müsəlmanlar qılıncdan istifadə etmişlər. Əksinə, müsəlman tacirlər gözəl əxlaqları ilə, İslamı yaşamaları ilə, islami həyat tərzlərini onlara gözəl şəkildə təqdim etmələri ilə islam dinini orada yaymış və insanlar müsəlmanların tövhid inancından, əqidəsindən və gözəl əxlaqından təsirlənərək İslamı qəbul etmişlər.

İkincisi; Malaziya ölkəsi… Hansı qılınc gücü ilə Malaziyada İslam yayılıb? Və ya hansı ordular oraya gedib? Hamısı Allahın müvəffəqiyyətindən sonra, müsəlmanların gözəl təbliği nəticəsində orada İslamın yayılmasına səbəb olmuşdur.

Üçüncüsü; İndi isə Hindistanın tarixinə nəzər salaq. Müsəlmanlar Hindistana təxminən min il boyunca hökmranlıq etmişlər, dini qəbul etdirmək üçün qılıncdan istifadə etməyiblər. Sən buna görə də dini qınaya bilməzsən.

Bu gün Hindistanın iyirmi faizi müsəlmandırsa, qalan səksən faizi hindus və başqa dinlərə etiqad edənlərdir. Lakin, görürsən ki, müsəlmanlar min il boyunca orada hökmranlıq etsələr də orada güc tətbiq etmədiklərinə, insanları qılıncdan keçirməklə dinə məcbur etmədiklərinə görə bu gün orada müsəlmanların sayı azdır. Əksinə, qlınc gücündən orada yaşayan yerli tayfalar və həmin din sahibləri istifadə edərək öz dinlərini qorumağa çalışmışlar.

Dördüncüsü; Həmçinin, İspaniyanın tarixinə nəzər salaq. 700 ildən çox müddət ərzində müsəlmanlar İspaniyada (Əndəlüs) hakimiyyətdə olmuşlar. Oraların əhli müsəlmanlar və torpaqları müsəlmanların torpaqları olmuşdur. Görün orada müsəlmanlar İslamı elmlə yayıblar, yoxsa, qılınc gücünəmi qəbul etdiriblər? Xeyir. Sadəcə fəthlər olub və fəth zamanı təbii ki, düşmən tərəfi ilə üz-üzə gələndə hər iki tərəf bir-biri ilə mübarizə aparır. Bu isə başqa məsələdir.

Amma, dini qılınc gücünə yaymaq, “insanları qılınc altından keçirmək” belə bir anlayış yoxdur. Bu batil bir iddiadir. Əgər kimsə desə ki, belə bir anlayış var və s. Onlara deyirik ki, onlar yalnız “səfəvilərdən” danışa bilərlər ki, onlar da islamdan uzaq bir tayfa idilər. Onlar qılınc gücünə «Əhli Sünnə» etiqadında olan insanları qətlə yetirib, girdikləri şəhərlərin əhalisini qılınc gücüylə öz məzhəblərinə daxil etməyi qarşılarına məqsəd qoymuşdular. Bu barədə tarixi faktlar çoxdur. Lakin, biz mövzunu uzatmadan şiə tarixçisi İbn Şadqəmin sözləriylə kifayətlənəcəyik:

İbn Şadqəm Bağdadda «Əhli Sünnəyə» qılınc gücüylə necə divan tutulduğunu etiraf edərək deyir: «Bağdad fəth olundu. Oranın inadkar nasibi (əhli Sünnəni nasibi adlandırır) əhlinə başqa əsrlərdə misli görülməmiş ən şiddətli əzab növləri edildi. Hətta, qəbirlərindən ölülərini çıxartdılar.» (Əvdətus-Safəviyyin, Abdul-Aziz ibn Saleh əş-Şafii, Səfəvilərin Bağdada girmələri, səh. 21)

Həmçinin, bəziləri deyə bilər ki, “İŞİD”, “əl-Qaidə”, “ən-Nusra”, “Boko Haram” və başqa bir çox terror qruplaşmalarının törətdiklərinə nə deyirsiz?

Cavab odur ki: Onların etdikləri də “səfəvilərin” (Qızılbaşların) etdiklərindən heç də fərqlənmir. Çünki, bunları ümumilikdə bölsək biri “Rafizi” tayfası, digəri “Xavaric” tayfasıdır ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ümmətindən bir qrup azmış insanların çıxacağını bildirmiş və ümmətinin firqələrə bölünəcəyini xəbər vermişdir. Lakin, haqq yolda bir tayfanın olacağını bildirmişdir ki, onlar da Quran və Sünnə yolu ilə, Peyğəmbərin yolu ilə gedənlərdir.
Burada işarə olunası daha mühüm bir məqam var ki, o da Peyğəmbərimizin ümmətindən 73 firqəyə bölünənləri ümmətindən saysa da, o “bölünənlər” Quran və hədislərdə şiddətlə məzəmmət olunmuşlar. Elə firqələr də vardır ki, onlar heç bu 73 firqəyə belə daxil deyillər. Ona görə də İslam alimləri daim tarix boyu müsəlmanlara “ləkə gətirən xəvaric və rafizi tayfalarını”nın təhlükəsini bəyan etmişlər. Biz də bu məsələdən danışarkən bu nöqtəyə toxunmağı özümüzə borc bildik.

İnsanları qətl edənlərin heç birinin islamla əlaqəsi yoxdur və bu günkü dünyada insanları qorxutmağı (terroru) qarşısına məqsəd qoymaqla bunu özlərinə dəvət üslubu seçənlər və insanlara qarşı vəhşiliklər edənlər heç bir vəchlə rəhmət dini olan islamla əlaqələndirilə bilməzlər. Rəhmət dini olan İslam onların əməlindən çox-çox uzaqdır. Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.» (əl-Ənbiyə, 107)

Beşincisi; Həmçinin, Afrika: Afrikanın şərqində, qərbində və bir çox yerlərində İslam təbliğçiləri vasitəsi ilə İslam dini yayılmışdır. Bəzən bir qəbilə başçısının İslamı qəbul etməsi ilə bütün qəbilə İslamı qəbul etmişdir. Bəzən isə böyük bir dövlətin başçısının İslamı qəbul etməsi ilə o ölkədə İslam yayılmışdır. Bunlar hər biri tarixi faktlardır. Hansı qılınc gücü ilə İslam yayılıb qoy bunu idda edənlər dəlil-sübut gətirib göstərsinlər!

Altıncısı; Başqa bir misal çəkək; Son yüzillikdə dünyada İslamı qəbul edənlərin sayı başqa səmavi dinlərə baxdıqda o dinləri qəbul edənlərdən qat-qat çoxdur. Hətta, İslam mənsublarının sayı xristianlığı və başqa dinləri arxada qoymuşdur. İndi mənə deyin görüm bu hansı qılıncın gücü ilə baş vermişdir ki, “Qılınc gücü” müsəlmanı deyirsiniz?

Bu gün İslam Amerikada, Avropada ən sürətlə yayılmış bir dindir. Mənə deyin görüm bu hansı qılıncın gücünə baş verir? Məgər Allah istədiyini hidayət etmirmi? Ona görə də Uca Allah Qurani-Kərimdə belə buyurmuşdur: «Müşriklərin xoşuna gəlməsə də İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən odur.» (ət-Tövbə, 33)

Bəli, Allah Məhəmməd Peyğəmbəri (salləlahu aleyhi və səlləm) haqq din ilə göndərmişdir. Ona görə də İslam dini bu gün dünyada bütün dinlərdən üstünlüyünü, haqq olduğunu izhar edir və sürətlə yayılmaqdadır. İndi deyin görək bu hansı qılınc gücü ilə baş verir? Əslində bu güc, müsəlmanlara Allahın nazil etdiyi Qurani-Kərim və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yoludur ki, bu da onun Sünnəsidir. Yəni, bu ayədə məqsəd odur ki, Allah özü bu dini yüksəklərə qaldırmaq, bütün dinlərdən seçmək və haqq din olduğunu insanlara izhar etmək istəmişdir. Allahu Təala bu əzəmətli dini bütün bəşəriyyət üçün göndərmişdir. Ona görə də bu şübhəni yayanlar özləri də çox gözəl bilirlər ki, müsəlmanların bu gün nə qılıncları, nə seçilən silahları var. Əksinə, müsəlmanların gücləri yalnız Quran və Sünnədədir. Ona görə də Peyğəmbərimizin sünnəsi ilə, Allahın kitabı ilə mübarizə aparırlar və belə batil şübhələri yayırlar. Əksinə, İslam dini ədalətli dindir. Əvvəldə də, qeyd etdiyimiz kimi İslamda məcburiyyət yoxdur.

Yeddincisi; Bu dinin dəlilləri də sübut edir ki, İslamda etiqadı qəbul etdirmək məcburi deyil, könül xoşluğu ilədir. İslam dini insanların qəlbinə xitab edir. Bu səbəblə də bir insana dini zorla qəbul etdirmək yolverilməzdir. Əksinə, dini insanlara sevdirməli və onlara İslam dininin haqq olduğunu hikmətlə, gözəl öyüd-nəsihətlə başa salmalıyıq. İstəyən qəbul etsin, istəyən etməsin. Allahın da buyurduğu kimi: «De: Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın.» (əl-Kəhf, 29)

«Biz səni onların üstündə gözətçi qoymamışıq.» (əl-Ən`əm, 107)

«Onlar iman gətirmədiklərinə görə az qala özünü həlak edəcəksən.» (əş-Şüəra, 3)

«Dində məcburiyyət yoxdur.» (əl-Bəqara, 256)

Bu ayələr də bir daha sübut edir ki, etiqadı qəbul etdirmək məcburiyyətlə deyil, könül xoşluğu ilə olmalıdır.

Zorla bir dini qəbul edən bir insan çox asanlıqla da o dini tərk edir. Bir baxın İslami fəthlərin yayıldığı bir dövrdə, dünyanın böyük bir hissəsi İslam ərazilərinə qatıldığı bir zamanda belə müsəlman komandirlər Peyğəmbərimizin tövsiyyələrini yerinə yetirir, insanları öldürmür, onları məcbur etmirdilər ki, İslam dinini qəbul etsinlər.

Səkkizincisi; İslamın hərbi fəthləri rəhmət və şəfqət nümunələri ilə doludur. Tarixi oxuyub xəbəri olanlar təkcə elə Azərbaycanın fəthinə baxıb görə bilər ki, İslam xəlifəsi öz ordu komandirinə nə yazır?

Yazır ki, “Heç bir ağacı kəsməyin, qadın və uşaqlara toxunmayın, həmçinin, qocalara toxunmayın, binaları dağıtmayın” və s. (Ətraflı bax: Bəlazuri, 326)

Sadəcə onlara qarşı mübarizə edənlərlə mübarizə aparmaqlarını tövsiyə edir. Lakin, insanları öldürmələrini və məcburi dini qəbul etdirməyi tövsiyə etmir.

Doqquzuncusu; Başqa mühüm bir məsələni də qeyd edək ki, İslam dinini qəbul etməyənlər biz bilirik ki, «cizyə vergisi» ödəyiblər. Dini qəbul etməyənlər öz etiqadlarında azad qalır və cizyə ödəməklə azad olaraq öz torpaqlarında yaşayırdılar. Sadəcə, müsəlmanlar həmin ərazidə hökm sahibinə çevrilirdilər. Bu məsələni anlamaq bu qədər bəsit bir məsələdir. Onları dinə “qılınc gücüylə” məcbur etməyin batil bir iddia olması buradan da görünür. Elə bu «cizyə» anlayışından da açıq aydın görünür ki, bu dindəki döyüş qaydalarındandır ki, Allahu Təala cizyə hökmünü qoymuşdur. (bax: ət-Tövbə, 29)

İnsanlara dini məcburi qəbul etdirməyin qadağan olmasına dəlillərdən biri də elə cizyə hökmüdür. Cizyənin faydalarından biri də odur ki, onlardan cizyə alınması ilə öz etiqadlarında azad qalırdılar. Bəs necə qılınc gücü ilə onlar dinə gətirilirdilər ki, onlara: Dini qəbul etməlisiniz, əks təqdirdə qılıncla boynunuz vurulacaq deyilmirdi?

Onuncusu; Bu ifadə daha çox «Səlib yürüşləri» (xaç yürüşləri) edib dinlərini qəbul etdirməkdən ötrü müsəlmanları qılıncdan keçirən «xristianlara» yaraşır. Bu şübhəni yayanlar nədənsə xristianlıqdan danışa bilmirlər və demirlər ki, Xaç yürüşləri edənlər nə qətliamlar törədiblər? Amma, İslamın ağac kəsməyi belə qadağan edən fəthlərini qınayırlar. Onlar özləri çox gözəl bilirlər ki, səlib yürüşləri (xaç yürüşləri) zamanı müsəlmanlar açıq-aydın qılınc gücü ilə ya öldürülür, ya da xristianlığı qəbul etməklə sağ buraxılırdılar. (1)

Məgər buradan belə anlaşılmırmıki, özləri etdikləri əməli müsəlmanlara nisbət etmişlər. Əslində qılınc gücü müsəlmanı yox, “qılınc gücü xristianı” demək daha doğru anlayış olardı.

On birincisi; Bu gün ərəblərin arasında on beş milyondan çox qipti məsihilər (məsihi təriqətində olan xristianlar) var. Elə qlınc gücü ilə onları yola gətirməyə ehtiyac olsaydı, ərəblər öz aralarında sülh və əminamanlıq içində yaşayan xristian qiptiləri məcbur edərdilər ki, islamı qəbul etsinlər.

On ikincisi; Belə fikirləri yaymaq “islamofobiya”nın (islama qarşı xof yaratmaq) təbliğatıdır. Elə isə müsəlmanlar islam barədə ümumi şübhələr və iftiralar eşitdikdə diqqətli olmalı, İslamın gözəlliklərini, hökmlərini və bu hökmlərin hikmətlərini bilməlidirlər ki, dar düşüncəli insanlara qarşı dini müdafiə edə bilsinlər. Çünki, bir dini əmrin hikmətini və fəzilətini bildikdə insan şübhənin əslini və qaynağını daha yaxşı dərk edir.

Sonda onu qeyd etmək istəyirik ki, İslamın yayılması üçün zəruri olan fəth yürüşləri, buna təhrik edən amillər başqadır, (bu əsas yer üzündə Allahın dininin yayılması, ədalətin bərpa olunması, Allahın dininin bütün dinlərdən üstün olmasıyla əlaqəli amillər idi) bunun nəticələri isə başqadır. Yəni, amil ilə nəticəni fərqləndirmək lazımdır. (2)

Nəticədə müsəlmanlar qənimət götürsələr belə, əsirlərlə gözəl şəkildə davranır, onları yedizdirir, hətta, onlardan müəyyən şərtlərlə elm belə öyrənir, onlarla adil şərtlər ilə davranırdılar. Lakin, onlar yenə də öz dinlərində qalırdılar. Hələ biz İslam ölkəsində rahat gəzib dolaşan zimmilərdən (3), muahidlərdən (4), mustə’minlərdən (5) və s. danışmadıq ki, onlar müsəlman olmadıqları halda İslam diyarında onlara «aman» verilmişdi. Bu məsələni daha geniş təhlil etmək mümkün olsa da bu qədəri ilə kifayətlənirik. Ümid edirik ki, insanlarımız qərb aləminin müsəlmanlar arasında yaydığı şübhələrə asanlıqla aldanmayacaq, məsələlərə şüurlu, ədalətli şəkildə yanaşmağı bacaracaq və bu şübhələri yayanları sevindirməyəcəklər!

Bəzi mühüm faydalar:

1) Xaç yürüşləri müxtəlif mərhələlərdə baş vermişdir:

Birinci mərhələ:1096-1099-cu illər.
İkinci mərhələ: 1147-1149-cu illər.
Üçüncü mərhələ: 1189-1192-ci illər.
Dördüncü mərhələ: 1202-1291.
Ətraflı bax, Əl-Bidayə vən-Nihayə, ibn Kəsir; Hurub əs-Salibiyyə, Əhməd Bəqir Abdullah Mubarək; Harakətus-Salibiyyə, Səid Abdul-Fəttah Aşur.

2) Həmdi Şəhin, Mədinə Beynəlxalq İslam universiteti, dərslik. «Tərixu Xuləfəir-Raşidin», Qahirə çapı. səh 6.

3) Zimmi: Cizyə ödəməklə müsəlmanlarla arasında əhd-peyman olur və islam ölkəsində toxunulmaz olaraq qalır. (“Qovlul-Mufid” kitabı, İbn Useymin)

4) Muahid: Öz ölkəsində qalır. Lakin, onunla müsəlmanlar arasında əhdi peyman olur ki, nə o müsəlmanlara qarşı döyüşəcək, nə də müsəlmanlar ona qarşı döyüşəcəklər. (“Qovlul-Mufid” kitabı, İbn Useymin)

5) Mustə’min (Aman verilmiş kimsə): O kəsdir ki, müsəlmanlar və onun arasında bir əhd-peyman olmur, lakin, ona ticarət və ya İslamı anlamaq və ya başqa məqsədlər üçün aman verilir ki, İslam diyarında qalsın. (Öncəki mənbəyə bax)

İslamın rəhmət dini olmasına aid fayda:

İslam dinində müsəlmanlarla əhd-peyman etmiş kimsələri qətlə yetirmək haramdır. Bu barədə şiddətli hədislər varid olmuşdur. Halbuki, xəvariclər bu hədislərə məhəl qoymurlar. Abdullah ibn Amr (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur:

«Kim özünə aman verilmiş (toxunulmazlığı barədə əhd verilmiş) bir kafiri öldürərsə, Cənnətin qoxusunu duymaz.» (Sahihul-Buxari, 3166)

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.03. 2024
    NamazVaxt
    Sübh04:54
    Günəş06:29
    Zöhr12:45
    Əsr16:18
    Məğrib19:02
    İşa20:32
    Namaza yeni başlayıram

Son əlavə olunanlar