Həccə xərclənən pulların dərdini çəkənlərə cavab!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Sual belədir: ƏsSələmu aleykum və rahmətullah.

Bəziləri kiminsə bir və ya daha çox həccə, yaxud ümrəyə getdiyini görsələr, dərhal etiraz edib deyirlər ki: “həccə, ümrəyə pul verincə və ərəbə pul töküncə, ondansa, uzağa getmə, elə öz ölkəndə nə qədər ehtiyaclı, kasıb var ki, onlara pul xərcləyin, onlara sədəqə verin. Buna nə cavab verərdiniz?

Bu şübhəyə cavabımız budur ki;

Birincisi: Nədənsə bu sözləri danışanlar özləri gedib ərəb ölkələrində pul xərcləyəndə heç də bu sözlər yadlarına düşmür.

Nədənsə, Antalyada və ya Avropanın və ya dünyanın müxtəlif yerlərində istirahətə, kurorta minlərlə manatlarını xərcləyəndə bu sözlər onların yadlarına düşmür.

Nədənsə, bahalı evlərə, bahalı maşınlara, bahalı telefonlara pul xərcləyəndə bu sözlər yadlarına düşmür.

Hər kim xərcləyirsə onun öz işidir, amma nəyə görə həccə gedənlərin işinə qarışırlar? Amma, bu sadaladıqlarımızın işinə niyə qarışmırlar?!

İkincisi: Həcc Allahın əmridir. Allah Quranda buyurmuşdur: «Allah üçün həcc və ümrəni tam yerinə yetirin.» (əl-Bəqərə, 196)
Diqqət edin, İslam dininə görə bir müsəlmana hər il həccə getmək vacib deyildir, əslində bir müsəlmana ömründə bir dəfə həcc etmək vacibdir. Yəni, müsəlman kimsə bir dəfə həcc edib bununla kifayətlənərsə, bu ona bəs edir və bununla da o artıq həcc vacibini yerinə yetirmiş olur. Amma, kim varlı olarsa, imkanı daxilində yenə həcc edə bilər və bu bəyənilən əməllərdən sayılır. Onsuz da hər il təkrarən həcc edənlər ümumi həcilərin heç beş faizini də təşkil etmir. Deməli, bir müqayisə ortaya çıxır ki, müsəlmanların 95 faizi ömründə bir dəfə həcc edir, lakin, bəzi insanlar bunu qınayırlar, amma, hər yay tətilində minlərlə manat pulu ölkədən xaricdə kurort zonalarına aparanlardan kimsə danışmır. Düşünə bilirsinizmi?! Bu necə absurd bir fikirdir?! Lakin, əvvəla, təkrarən həcc edənlərin içində başqalarını da həccə göndərən, sədəqədə, kasıba yardım etməkdə öndə olanları da az deyil. Bir başqa məqam isə odur ki, həcc ayının əvvəlindən başlayaraq Qurban bayramına kimi zatən İslam dininə görə yaxşı əməlləri artırmaq çox bəyənilir, bu əməllərin içərisində kasıb insanlara sədəqə vermək və maddi yardım etmək mühüm yer tutur. Belə olduğu halda o cür insanları tanımadan hamısına belə bir ittiham etmək heç də ədalətdən olmaz. Onu da qeyd edək ki, biz də həmçinin “həci” adı almaq üçün həcc edib özünü islah etməyən insanlara yaxşı baxmırıq.

Üçüncüsü: Guya həcc edəndə kimlərsə, “ərəblərə xeyir verir” deyənlər, unudurlar ki, artıq bir il ərzində ərəblərdən ölkəmizə gələn turistlərin sayı Azərbaycandan həccə gedənlərin sayından qat-qat çoxdur. Hətta, son bir ilin məlumatına görə təkcə bir gündə ölkəmizə 600 ərəb turistin daxil olduğu günlər olurdu. İndi də ölkəmizə ərəb turistlərin axını davam edir. Bu isə il ərzində ölkəmizin büdcəsinə milyonlarla dollar gəlir daxil olması deməkdir. Onda ərəblər də gəlib ölkəmizə xeyir verməsinlər ki, bizi bəyənməyənlərə xeyir vermirik?! Bu necə düşüncədir? Məncə belə söhbətləri ancaq İslama qarşı qərəzli insanlar edə bilər. Çünki, Allah həcci bir insana ömründə bir dəfə vacib edib, amma, nədənsə hər yay kurortlara minlərlə manat pul tökənlərdən danışan yoxdur.

Dördüncüsu: Xüsusən də ilk dəfə həccə gedənlərdən Səudiyyə Ərəbistanının rəsmilərinin açıqlamalarına görə heç bir viza rüsumu alınmır. Nədənsə bu söhbətdə ədalətsiz mövqe tutanlar müxtəlif həcc şirkətlərinin hacılara xidməti əsas göstərərək süni qiymət artımları etmələrindən heç danışmırlar. Nəticə etibarilə həcdən yalnız ərəb deyil, yerli vətəndaşlar da gəlir əldə edir. Bunu “ərəbə xeyir verirsiniz” deyib atmaca atanlara, dinin böyük bir ayininin icrasını şişirdib “fəlakət” hesab edənlərə xatırladırıq.

Beşincisi: Araşdırmalara görə hacı (həcc edən şəxs) xərclərin 36 faizini (təyyarə haqqı, vasitəçilərin haqqı və bəzi rüsumlar) artıq öz ölkəsində ikən ödəyir. Təkrar həccə gedənlərin vizaya ödədikləri pul isə 3000 realdan 8000 reala kimi dəyişir. (Bu isə əsasən 800 dollar civarında olur)

Araşdırmalara görə hacı öz xərcinin 40 faizini otel-yataqxana xidmətinə, 31 faizini minik vasitəsinə, 14 faizini hədiyyələrə və 10 faizini qidaya xərcləyir. Həmçinin, qurban kəsmək, bərbər xidməti və digər xidmətlərə də pul xərcləyir.

(Mənbə: əl-Beyt əl-Xalici araşdırma mərkəzi, Gulf house, Sabah Nuuşun araşdırması. 2018.10 avqust tarixli nəşr)

Beləcə, bu cür bəhanələr və iddialar yayanların əsassız danışıqları bizə aydın olur.

Bu suala cavabdan sonra, yeri gəlmişkən bir çoxumuzun tez-tez eşitdiyimiz daha iki məsələyə münasibət bildirmək istərdik:

1) Əvvəla, guya ki, həcc vaxtı şeytana atılan daşlar pulla satılır. Bu qərəzli, yanlış və yalan məlumatdır. Həm özümüzün, həm də başqa həcc edənlərin müşahidələrinə əsasən deyə bilərik ki, bu xəbərlər əsassızdır.

Birincisi: ona görə ki, yeddi və ya iyirmi bir sayda noxud boyda daşları həmin daşlıq ərazidə tapmaq çətin deyil.

İkincisi: Rəsmi qurumlar tərəfindən xüsusi maşınlarla həmin daşlar yığılaraq o əraziyə səpilir ki, insanlar rahat şəkildə daşları toplaya bilsinlər.

Üçüncüsü: Fərz etsək ki, kimsə gedib o ərazidə kiçik daş yığıb sonra başqalarına satmaq istəsə, bunu görən biri bu şəxsin əməlini oradakı müsəlmanlara şamil edə bilməz.

Ateistlərin belə yalan xəbərləri yayması bizi elə də təəccübləndirmir. Lakin, bizi təəccübləndirən bəzi məzhəb davası salan “dindarların” belə yalan xəbərləri yaymalarıdır.

2) Daha bir çox soruşulan məsələ isə; Qurban bayramında kəsilən minlərlə heyvanların ətinin aqibəti barəsindədir.

Bu sualın cavabı isə dəfələrlə qeyd edilmişdir ki, orada kəsilən heyvanların bir qismi həcilərə, digər ziyarətçilərə, ehtiyaclı kimsələrə, digər qismi isə Asiya və Afrika qitəsinin kasıb ölkələrində ehtiyacı olan müsəlmanlara paylanılması məqsədilə göndərilir. Hətta, o qurban payları Azərbaycana qədər göndərilir. Ətlərin saxlanma şəraitinə gəldikdə isə Ərəbistan ərazisi isti olduğundan bu qurban ətləri xüsusi böyük soyuducularda saxlanılır və lazımi ünvana çatdırılır.

Sauala cavab verdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar