“Heç nəyi çatdıra bilmirəm”

İnsana verilmiş 24 saat sanki 1-2 saata enmişcəsinə, gün sonu bütün işlər natamam şəkildə yığılıb qalır...

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bir insan üçün ən önəmli məsələlərdən biri vaxtına nəzarət etməsidir. İnsan onu nəyə sərf etdiyini daima gözdən keçirərək yaşamalıdır. Lakin təəssüf ki, insanların əksəriyyətində bunun tam əksi müşahidə olunur. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “İki nemət vardır ki, insanların çoxu onlardan qafildır: sağlamlıq və boş vaxt.” (Buxari, Kitabur-Riqaq, 6412)

Bir çox insan vaxtının hədərə getdiyini, boş və faydasız — daha pis halda isə günahlarla — keçdiyini görür. Bunun ən böyük səbəblərindən biri günümüzdə vaxtın bərəkətinin azalmasıdır. İnsana verilmiş 24 saat sanki 1-2 saata enmişcəsinə, gün sonu bütün işlər natamam şəkildə yığılıb qalır.

Şəriət hər məsələdə olduğu kimi, vaxtın bərəkətli olması üçün də müəyyən səbəblər göstərmişdir. Bu səbəblərin ən təsirlisi barəsində sizinlə qısa bir əsər paylaşmaq istəyirik. İnsanların çoxu bu səbəbə çox yaxın olduqları halda, ona qarşı etinasız yanaşırlar.

Belə ki sələflərdən vaxtında bərəkəti itirənlərə nəsihət olaraq varid olub ki, onlardan biri belə buyurur:

Mən gündəlik Qurandan hizbimi (payımı) nə qədər çoxaldırdımsa o gün vaxtımda daha çox bərəkət olurdu. Mən o qədər artırmağa davam etdim ki, sonunda günlük payım 10 cüzə çatdı.

Həmçinin İbrahim bin AbdulVahid əl-Məqdisi, əd-Diyə əl-Məqdisiyə (rahiməhuməllah) elmə yiyələnmək barəsində nəsihət edərək belə buyurmuşdur:

Quran oxumağı artır və onu tərk etmə. Həqiqətən o, sənin üçün sənin tələb etdiyini oxuduğunun miqdarına bərabər olaraq asanlaşdıracaqdır (yəni nə qədər çox oxusan bir o qədər asanlaşacaq).

Və əd-Diyə əl-Məqdisi (rahiməhullah) buyurur:

Mən bunu çox sınadım və təsirini də gördüm. O gün ki, mən çox Quran oxuyurdum, həmin gün də mənə çoxlu hədis dinləmək və çoxlu da hədis yazmaq asanlaşırdı. Nə vaxt ki, oxumurdum o gün mənə asanlaşmırdı.

(İbn Rəcəb “Zeylu Tabəqat əl-Hənəbilə” kitabında, 3-cü cild, səh. 205)

Gördüyün kimi, Quran oxumağın insanın gündəlik həyatına təsiri necə də böyükdür. Bu onu göstərir ki, Qurandan uzaq qalmaq da bir o qədər insanın həyatına, ömrünə və vaxtına mənfi təsir göstərir. Belə ki, vaxtdan bərəkətin getməsi, işlərin natamam qalması, uzun müddət ərzində çox az nəticə əldə edilməsi, bir çox hədəfə hələ də çatılmaması, görülən işlərdə davamlılığın olmaması — bunların səbəbi məhz həyatında Qurana yer verməməyindir. Təbii ki, şeytan bunları başqa səbəblərə bağlayacaq — uğursuzluğuna, ətrafdakı insanlara, seçdiyin yolun səhv olduğuna və s. — lakin bil ki, bütün bunlar sadəcə bir yanıltmacadır.

Çalış hər gün, xüsusən günün əvvəlində, Qurandan az da olsa davamlı bir oxuma miqdarın olsun. Qeyd edək ki, Quran dedikdə məqsədimiz ərəbcə Quran kitabını oxumaqdır, çünki digərləri Quranın yalnız mənalarının tərcüməsidir. Allahın Kəlamı olan Quran isə ərəbcə nazil olmuş Qurandır.

Əgər ərəbcə hələ də oxuya bilmirsənsə, vaxt itirmədən dərhal öyrənməyə başla. Bil ki, bu kitabın insan həyatına və onun xoşbəxtliyinə böyük təsiri vardır. Özünü bundan məhrum etmə…

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    11.05. 2026
    NamazVaxt
    Sübh03:36
    Günəş05:29
    Zöhr12:37
    Əsr16:31
    Məğrib19:46
    İşa21:16
    Namaza yeni başlayıram

Son əlavə olunanlar